525-ci qəzet

Prezident şimal-qərb bölgəsinə səfər edib



Azərbaycan Prezidenti İlham Əliyev dünən respublikanın şimal-qərb bölgəsinə səfər edib. Səfər çərçivəsində Qazax rayonuna gələn dövlət başçısı Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov İ.Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Görülmüş işləri yüksək qiymətləndirən prezident tapşırıq və tövsiyələrini verib.
Qazax Gənclər Mərkəzinin açılışında iştirak edən dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezidentə məlumat verilib ki, Gənclər Mərkəzinin tikintisinə bu ilin yanvarında başlanılıb, apreldə sona çatdırılıb. Mərkəzin lazımi avadanlıqla təchiz edilən konfrans zalında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Mərkəzdə yaradılan rəsm qalereyasında gənc rəssamların sərgiləri təşkil olunacaq.
Dövlət başçısı mərkəzin binasının ikinci mərtəbəsində fəaliyyət göstərən elektron kitabxana ilə tanış olub. Bildirilib ki, kitabxananın fondunda Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilən, eləcə də uşaqlar üçün və digər sahələrə dair kitablar yer alıb. Kompyuter otağında sürətli internetə qoşulmuş 9 kompyuter var. Burada kompyuter bilikləri, o cümlədən xalçaçılıq və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır.
Mərkəzin ikinci mərtəbəsində və kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılıb. Buradakı linqafon otağında isə gənclər üçün xarici dil kurslarının təşkili nəzərdə tutulub.
Prezidenti Qazaxda Şahmat Mərkəzinin açılışında da iştirak edib. Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş mərkəzin tikintisinə 2011-ci ilin dekabrında başlanılıb. Mərkəzin foyesində Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, gənclərlə görüşlərini, həmçinin ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğını əks etdirən fotoşəkillərdən ibarət stendlər quraşdırılıb. Dövlət başçısı gənc şahmatçıların oyunlarını izləyib. Qeyd edilib ki, Qazax Şahmat Mərkəzi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır.
İ.Əliyev kənd təsərrüfatı məhsulları emal edən “Azərsun-Holdinq” MMC-nin Qazax Konserv Zavodunun açılışında da iştirak edib. Bildirilib ki, illik məhsul istehsal gücü 21,5 min ton olan zavodun ümumi dəyəri 14 mln. manatdır. Layihənin həyata keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6,8 mln. manat güzəştli kredit verilib.
Prezident dövlətin güzəştli krediti hesabına Gəncə-Qazax iqtisadi rayonu üzrə maliyyələşdirilən və maliyyələşdirilməsi nəzərdə tutulan investisiya layihələrini əks etdirən stendlə də tanış olub. İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Gəncə-Qazax iqtisadi rayonu üzrə ümumilikdə 2 351 sahibkarlıq subyektinə 83,2 mln. manat, o cümlədən yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsinin maliyyələşdirilməsinə 38,7 mln. manat güzəştli kreditin verildiyini, bu kreditlər hesabına 17 mindən çox yeni iş yeri açıldığını bildirib.
İ.Əliyev Qazaxbəyli-Aşağı Salahlı yolunun açılışında da iştirak edib. Prezident inşası davam etdirilən Qazax sement zavodu ilə də tanış olub. Daha sonra Ağstafaya gələn dövlət başçısı burada Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev prezidentə abidənin ətrafında aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verib.
Prezident Ağstafa şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak edib. İ.Əliyevə məlumat verilib ki, ümumi sahəsi 450 kvadratmetr olan mərkəzdə karaoke-diskoteka zalı, kafe, interaktiv və pnevmatik stend atıcılığı salonu yaradılıb.
Bundan başqa, mərkəzdə 3D formatlı sinema klub da fəaliyyət göstərəcək. Klubda ABŞ, Fransa və Yaponiya istehsalı olan ən son avadanlıq quraşdırılıb, 2D və 3D formatlı filmlərin nümayişi üçün şərait yaradılıb. Burada yüksək sürətli internet-kafe də fəaliyyət göstərir.
Mərkəzin yaxınlığında 260 yerlik yay kinoteatrı və diskoteka meydançası tikilib. Prezident Gənclər Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib.
İ.Əliyev yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında da iştirak edib. Dövlət başçısı Səməd Vurğunun abidəsi önünə gül dəstəsi qoyub. Prezidentə parkda görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, parkda simsiz internet şəbəkəsi yaradılıb, “Yazıçılar evi” və “Vurğun kafesi” inşa edilib.
Parkla tanışlıqdan sonra dövlət başçısı “Yazıçılar evi”ndə bölgə ziyalıları ilə görüşüb. Dövlət başçısına Molla Vəli Vidadinin dövründən bu günədək Qazax mahalında yaşayıb-yaradan şairlərin əsərlərinin toplusu olan “Şairlər vətəni – bizim tərəflər” poeziya antologiyası hədiyyə edilib.
İ.Əliyev sonra Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak edib. Prezident adıçəkilən kəndlərin sakinləri ilə görüşüb. Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Daha sonra İ.Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, YAP Ağstafa rayon təşkilatının yeni inzibati binası şəhərin Heydər Əliyev prospektində inşa edilib. Təşkilatın ikimərtəbəli binasının ümumi sahəsi 450 kvadratmetrdir. Binanın fasadı ağlay daşı ilə klassik üslubda üzlənib, milli ornamentli naxışlarla bəzədilib. Binanın birinci mərtəbəsində partiyanın yaradıcısı Heydər Əliyevin və Prezident, YAP-ın sədri İlham Əliyevin fəaliyyətlərini, Ağstafa rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Binanın ikinci mərtəbəsində müxtəlif tədbirlərin keçirilməsi üçün 50 yerlik konfrans zalı yaradılıb. Binanın inzibati bölməsində işçilərin səmərəli fəaliyyəti üçün geniş imkanlar var. Burada İKT-nin ən son nailiyyətlərindən istifadə edilib. YAP Ağstafa rayon təşkilatının yeni inzibati binasında yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
İ.Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində “Ağstafa Aqroservis” MMC-nin açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, “Ağstafa Aqroservis” MMC-nin istifadəyə verilməsi rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradacaq. Dövlət başçısı Almaniyada istehsal edilən “Kompakt-Soliter 9” əkin aqreqatının iş prinsipi ilə tanış olub.
Prezident daha sonra Tovuz rayonuna gəlib. Dövlət başçısı Tovuz şəhərində Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov məlumat verib ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı şəhərin sakinlərinin və qonaqlarının sevimli istirahət mərkəzidir.
Sonra dövlət başçısı rayon ərazisində aparılan tikinti-abadlıq işlərini, Tovuzun xəritəsini, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun layihəsini və tikintisi davam etdirilən obyektləri əks etdirən stendlərlə tanış olub.
İ.Əliyev Tovuz rayonuna səfəri çərçivəsində “Ayan Palace” hotelinin açılışında iştirak edib. Hotellə yaxından tanış olan prezident kollektivə uğurlar arzulayıb.










13.04.2012     Çap et  Çap et