525-ci qəzet
ARDNŞ 15 min qanunsuz tikilinin sökülməsini tələb edir
Bakı şəhəri üzrə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində tikilmiş qanunsuz evlərlə bağlı 7 minə yaxın iş hazırlanıb məhkəməyə təqdim ediləcək. “APA-Economics”in xəbərinə görə, bu barədə ARDNŞ-ın Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib. Onun sözlərinə görə, təkcə Sulutəpə ərazisi üzrə 3100 iş məhkəməyə təqdim edilib. Ümumilikdə isə bu cür işlərlə bağlı 15 minə yaxın iş hazırlanaraq məhkəmələrə göndərilib.E.Orucov qeyd edib ki, şirkətin ərazisində yerləşən qanunsuz tikililərin sökülməsi haqqında məhkəmənin qərarı olmasına baxmayaraq, onların icrası müvəqqəti olaraq dayandırılıb.
Yeri gəlmişkən, dünən ARDNŞ-in Hüquq İdarəsinin əməkdaşlarının iştirakı ilə şirkətin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrində və neft quyularının mühafizə zonasında aparılan qanunsuz tikililərlə bağlı Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisinə KİV nümayəndələri ilə birlikdə baxış keçirilib.
Reyd zamanı ARDNŞ-ın Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib ki, Sulutəpə ərazisi hasilatın pay bölgüsü haqqında sazişə əsasən “Binəqədi OİL” şirkətinin istifadəsinə verilib və kontrakt sahəsi hüdudlarının daxilində yerləşməsi, yalnız təyinatı üzrə istifadə oluna biləcəyi qeyd olunub. O, çoxdan tikilmiş və məskunlaşmış, hazırda içərisində yaşayış olan evlərin ARDNŞ tərəfindən sökülmədiyini bildirib: “Görülən tədbirlər yeni tikililərin qarşısının alınması istiqamətində aparılır”. Reyd zamanı son dövrlər Sulutəpə ərazisində aparılmış tədbirlərdən danışılıb, foto və videomateriallar, peyk çəkilişləri, digər təsdiqedici sənədlər nümayiş etdirilib və göstərilib ki, aparılmış söküntü işləri yalnız yeni tikililərə aid olub. Görüşdə qanunvericiliyə əsasən neft-qaz sənayesinin təhlükə potensiallı obyektlər kateqoriyasına aid olması, aparılan mübarizənin daha çox baş verə biləcək bədbəxt hadisələrə görə ARDNŞ-ın məsuliyyət və riskləri tənzimləməsi ilə əlaqədar olması reyd iştirakçılarının diqqətinə çatdırılıb.
12.04.2012
Çap et