525-ci qəzet

Cəbhədə atışma, ermənilər itki verdi



Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 18 yaşlı Ayxan Nizami oğlu Mustafayev döyüş postunda olarkən düşmən gülləsinə tuş gəlib. Nəticədə ağır güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu APA-ya açıqlamasında faktı təsdiqləyib. E. Sabiroğlu bildirib ki, atəşkəsin pozulması nəticəsində atışma olub: “Nəticədə bizim bir əsgərimiz yaralanıb, qarşı tərəfdən isə bir nəfərin öldüyü və bir neçə nəfərin yaralanması barədə məlumatlar var”. Qeyd edək ki, A. Mustafayev bu ilin yanvarında Goranboy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Yeri gəlmişkən, Ermənistan cəbhənin digər istiqamətlərində də atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-da saat 19.35-dən 19.45-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndlərində yerləşən mövqelərimizi, saat 22.00-dan 22.05-dək İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi, aprelin 11-də saat 04.50-dən 05.00-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.10-dan 16.15-dək Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino və Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.







12.04.2012     Çap et  Çap et