525-ci qəzet

Elsəvər Ağayev: “Heç bir güzəşt olmayacaq”



İçlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının Azərbaycana idxalı ilə məşğul olan şirkətlər bunun səbəblərini açıqlayıblar. APA-nın məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Elsəvər Ağayev jurnalistlərə bildirib. Onun sözlərinə görə, dərman şirkətlərinin Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərindən içliklərin nə üçün bu vaxtadək Azərbaycan dilində olmadığının səbəblərini izah edən məktublar alınıb: “Onlar bunun səbəbini Azərbaycan bazarının kiçik olması ilə izah ediblər. Dünya miqyasında götürdükdə, Azərbaycanın əczaçılıq bazarı o qədər də böyük deyil. İçlik vərəqələri isə istehsal olunduğu yerdə dərman qutularının içinə qoyulmalıdır. Əsas səbəb bundan ibarətdir. Amma sözsüz ki, biz qanunların tələblərinə riayət etməliyik. Bu bizim qanunumuzun tələbidir”.
E. Ağayevin sözlərinə görə, əhalisinin sayı 2-3 milyon olan Avropa ölkələri də içlik vərəqələrini öz dillərində tələb edir: “Məsələn, Serbiyada, Makedoniyada bütün dərmanların içliyinin öz dillərində yazılmasına nail olunub. Azərbaycanda da artıq bununla bağlı heç bir güzəştə gedilməyəcək. İyunun 1-dən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının idxalı dayandırılacaq”.
Nazir müavini onu da deyib ki, Azərbaycanın əczaçılıq bazarının 50-60 faizini Avropanın inkişaf etmiş ölkələrinin dərman preparatları təşkil edir: “Onlar isə istehsal xətlərini dayandırıb, bir çox halda içlik vərəqələrini Azərbaycan dilində qoymaq istəmirlər”.
E. Ağayev Azərbaycana Hindistandan idxal olunan dərmanların qeydiyyatına yenidən baxılacağı ilə bağlı məsələyə də münasibət bildirib. O deyib ki, Hindistanda 1000-dən artıq istehsalçı var: “Onların əksəriyyəti müasir standartlara, Ümumdünya Səhiyyə Təşkilatının qarşıya qoyduğu standartlara cavab verməyən dərman fabrikləridir. Lakin Hindistanda elə müasir əczaçılıq fabrikləri var ki, onların preparatları dünyanın hər yerində satılır. Belə dərmanlar Azərbaycan bazarına da yol tapa bilir. Bu gün Azərbaycanda dövlət qeydiyyatından keçən dərmanların 6 faizi Hindistanda istehsal olunur”.
O həmçinin bildirib ki, səhiyyə nazirinin əmrinə əsasən, bütün reseptlər Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş vahid blanka yazılmalıdır: “İstər dövlət, istərsə də özəl tibb müəssisələrinə nazirlik tərəfindən çap etdirilən blanklar paylanılır. Ancaq yenə də bəzi özəl müəssisələrdə Səhiyyə Nazirliyinin standartlarına cavab verməyən blanklara rast gəlinir”. Onun sözlərinə görə, artıq Azərbaycanda bu problemi 80-90 faiz həll edilib: “Düşünürük ki, yaxın zamanlarda bu problem də öz həllini tapacaq”.







12.04.2012     Çap et  Çap et