525-ci qəzet

“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər olunur



Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi reallaşır. Artıq bununla bağlı qanun layihəsi parlamentə daxil olub. Ölkə prezidenti tərəfindən göndərilən “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsində partiyaların maliyyələşdirilməsi üçün 3 kriteriya əsas götürülüb. Bununla bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında məlumat verildi. Qeyd edək ki, iclasda parlamentdə təmsil olunan partiyaların rəhbərləri və ATƏT-in Bakı ofisinin nümayəndələri iştirak edirdi. Eyni zamanda, onu da qeyd edək ki, təklif olunan layihədə partiyalara dövlət büdcəsindən ayrılan vəsaitin 3 yerə bölünərək bölüşdürülməsi nəzərdə tutulur. Vəsaitin 10 faizi parlament seçkilərində iştirak edib 3 faizdən artıq səs toplayan, amma parlamentdə deputatı olmayan siyasi partiyalara veriləcək. Vəsaitin 40 faizi parlamentdə təmsil olunan partiyalar arasında bərabər şəkildə bölünəcək. Qalan 50 faizi isə parlamentdəki partiyalar arasında deputat sayına müvafiq olaraq bölüşdürüləcək.
Ümumilikdə parlamentdəki siyasi partiyaların hamısı müzakirəyə çıxarılan təklifləri dəstəklədilər. Amma qanun layihəsi ilə bağlı müxtəlif təkliflər də səsləndirildi.
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədovun dediyinə görə, bu qanun ölkədə həyata keçirilən siyasi islahatların tərkib hissəsidir: “ Dövlət tərəfindən maliyyələşmə siyasi partiyaların səmərəli fəaliyyətinə təsir göstərəcək”. Ə.Əhmədovun fikrincə, həm parlamentdə təmsil olunan partiyaların, həm də olunmayanların maliyyələşməsinin nəzərdə tutulması kompromis variantdır. Amma təklif olunan bölgü YAP-ın maraqlarını tam təmin etmir. Ə.Əhmədov dedi ki, hazırda Milli Məclisdə 11 siyasi partiyanı təmsil edən 84 deputat var. Bunlardan 71-i YAP-ı, 13 isə digər partiyaları təmsil edir. Milli Məclisin ümumi tərkibinin 56,8 faizi, partiya mənsubiyyətli deputatların isə 84,5 faizi YAP-çılardır. Bu məntiqlə partiyalara ayrılan vəsaitin 80-84 faizi də YAP-a çatmalıdır. Amma təklif olunan layihədə ayrılan vəsaitin cəmi 45,6 faizi hakim partiyaya çatacaq. Belə ki, 10 faizlik hissə parlamentdə təmsil olunmayan partiyalar üçün nəzərdə tutulduğundan bundan YAP-a heç nə çatmayacaq. Vəsaitin 40 faizi 11 partiya arasında bərabər bölünəcək və vəsaitin cəmi 3,6 faizi YAP-a çatacaq. 50 faizin isə 42 faizinin YAP-a çatması nəzərdə tutulur: “Təbii ki, bu, ədalətli bölgü deyil. Biz elə bir variant tapmalıyıq ki, YAP-ın maraqları bu qədər qurban verilməsin”.
Ə.Əhmədov onu da dedi ki, bir sıra ölkələrdə seçkilər keçirilən il büdcədən siyasi partiyalara ayrılan vəsaitin həcmi bir neçə dəfə artırılır. Məsələn, qardaş Türkiyədə seçki ili partiyalara büdcədən ayrılan vəsaitin həcmi adi illərə nisbətən 3 dəfə artırılır. Ə.Əhmədov Azərbaycanda da seçkilərin keçirildiyi illərdə partiyalara ayrılan vəsaitin adi illərlə müqayisədə 2 dəfə artırılmasını təklif etdi.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bu qanunun ölkədəki siyasi münasibətləri yeni müstəviyə daşıyacağını vurğuladı. Millət vəkilinin fikrincə, büdcədən ayrılan vəsaitlərin 40 faizinin parlamentdəki partiyalar arasında bərabər şəkildə bölünməsi ədalətsizlikdir. Çünki bu halda seçkidə cəmi bir namizədlə və 125 namizədlə iştirak edən partiyalar arasında heç bir fərq qoyulmayacaq. Bu isə gələcəkdə neqativ hallara yol açacaq. İ.Ağazadə parlamentdə təmsil olunmayan, amma seçkilərdə 3 faiz səs toplayan partiyalara maliyyə yardımının edilməsini alqışladı. Bununla belə, o, bu 10 faizin seçkidə iştirak edən bütün partiyalara şamil edilməsini təklif etdi.
Sosial Rifah Partiyasının (SRP) sədri, millət vəkili Xanhüseyn Kazımlı dövlət büdcəsindən maliyyələşmənin partiyaların dövlətçilik və azərbaycançılıq ideyalarına bağlılığını artıracağını bildirdi. Partiya sədrinin qənaətincə, maliyyələşmə zamanı parlamentdəki partiyalar arasında fərq qoyulmamalıdır: “ Daha çox YAP-ın deyil, digər partiyaların maraqları nəzərə alınmalıdır. Çünki hakim partiyanın maliyyə problemi yoxdur, sıralarında da yaxşı maliyyə imkanlarına malik şəxslər təmsil olunur. Digər tərəfdən, partiyaların böyüklüyündən asılı olmayaraq saxlanma xərclərinin təxminən eyni olduğu nəzərə alınmalıdır”.
Milli Dirçəliş Hərəkatının (MDH) sədri, millət vəkili Fərəc Quliyev yeni qanunun siyasi sferadakı bir sıra problemləri aradan qaldıracağını vurğuladı.
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə dövlət büdcəsindən maliyyələşmənin siyasi institutların möhkəmlənməsinə, siyasi sitemin isə güclənməsinə təkan verəcəyini vurğuladı. Onun fikrincə, yeni qanunla partiyalara ayrıca institutlar və fondlar yaratmaq icazəsi verilməlidir. Maliyyələşmə prinsiplərinə gəlincə, partiya sədri dedi ki, təklif olunan distur ideal hesab oluna bilər.
Ana Vətən Partiyasının (AVP) sədr müavini, millət vəkili Zahid Oruc çıxışına “Bu qanun məni yeni partiya yaratmağa həvəsləndirir” fikrini söyləməklə başladı. Z.Orucun sözlərinə görə, Avropa Şurası Venesiya Komissiyasının yeni qanunda əcnəbi vətəndaşlara partiya təsis etmək hüququ verilməsini istəməsi absurddur. “Bu, bəzi qüvvələrin Azərbaycanı ələ keçirilməsinə yol açmış olardı. Biz bunu necə qəbul edə bilərdik?” Millət vəkili dedi ki, qanun layihəsində bir sıra məhdudlaşdırıcı məqamlar da yer almalıdır. Məsələn, partiyanın adının 6 sözdən çox olmaması, partiya adında başqa dövlətin adının çəkilməməsi və s.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
KAMİL





11.04.2012     Çap et  Çap et