525-ci qəzet
Prezident Heydər Əliyev Mərkəzindəki inşaat işlərinin gedişi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da paytaxtın Nərimanov rayonunda Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub. APA-nın xəbərinə görə, mərkəzdə həyata keçirilən işlərin hazırkı vəziyyəti barədə dövlətimizin başçısına məlumat verilib, tikinti işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində görülən işlərlə yaxından maraqlanıb, inşaat işlərinin aparıldığı ayrı-ayrı sahələri gəzib, görülən işlərlə yerindəcə tanış olub. İnşaatda istifadə olunan tikinti materialları barədə prezidentə məlumat verilib, dövlət başçısı inşaat materiallarının keyfiyyəti ilə maraqlanıb.
Qeyd edək ki, mərkəzin ərazisində yol-nəqliyyat və digər infrastruktur ən müasir standartlara uyğun şəkildə qurulacaq, ərazidə yaşıllıq zolaqları salınacaq. Buraya gələn qonaqların rahat gediş-gəlişini təmin etmək üçün müasir eskalatorlar quraşdırılıb.
Mərkəz müxtəlif beynəlxalq tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin yüksək səviyyədə təşkil olunmasına imkan verəcək.
Görülən işlərlə yaxından tanış olan Prezident İ. Əliyev ətraf ərazilərin abadlaşdırılması ilə bağlı da müvafiq tapşırıqlarını verib.
11.04.2012
Çap et