525-ci qəzet

Jalə Əliyeva: “Xaricdə səslənən mahnılarımızın müəlliflik hüququnun qorunmasına ciddi ehtiyac var”



Müsahibimiz millət vəkili,professor Jalə Əliyevadır

– Jalə xanım , məlumdur ki , üzvü olduğunuz Mədəniyyət komitəsinin yaxından iştirakı ilə hazırlanan “Mədəniyyət haqqında” yeni qanun layihəsi artıq parlamentin birinci oxunuşunun müzakirəsindən keçib. Bir komitə üzvü və millət vəkili olaraq, bəs siz yeni qanun layihəsi barədə nə fikirdəsiniz?
– “Mədəniyyət haqqında” mövcud qanunun qəbul edildiyi tarixdən 15 ilə yaxın müddət keçir. Bu müddət ərzində ölkədə bütün sahələr üzrə gedən böyük və nəhəng dəyişikliklər təbii ki, mədəniyyət sahəsindən də yan keçməyib. Azərbaycan , bütün sahələr üzrə nail olduğu artım tempi , əldə etdiyi uğurlarla, dünyanın diqqət və maraq nöqtəsinə çevrilə bilib. Eyni zamanda, Azərbaycan öz qədim mədəniyyətini, bu mədəniyyətin ayrılmaz parçası olan muğam , əvəzsiz ifaçılıq , nadir xalçaçılıq , rəngkarlıq, rəsm sənətini və sair sənət nümunələrini bütün dünyaya nümayiş etdirərək, altına öz imzasını ata bilib.
Azərbaycanın , sadəcə, son dörd ildən bəri qatılmaqda olduğu “Euroviziya” mahnı yarışmasında ard-arda əhəmiyyətli yerləri tutması , ötən il isə bu yarışmanın qalibi olması ölkəmizin öz milli mədəniyyətini qoruyub inkişaf etdirdiyi kimi, dünya mədəniyyətinə açıq olduğunu və öz milli-mənəvi dəyərlərinə sadiq qalmaqla bərabər, eyni zamanda, dünya mədəniyyətinə də müvəffəqiyyətlə inteqrasiya etdiyini bir daha göstərdi. Və təbii ki, mədəniyyət sahəsində siyasətin əsas prinsiplərini, dövlət mədəniyyət fəaliyyətinin formalarını, onun hüquqi və iqtisadi əsaslarını, mədəniyyət işçilərinin hüquq və vəzifələrini, onların statusunu və sair, müəyyən edən yeni qanunun hazırlanmasına , hazırkı qanunun günün tələbləri doğrultusunda yenidən işlənməsinə ehtiyac yaranmışdı.
İlk növbədə, yeni qanun bir çox müddəaları ilə dövlət mədəniyyət siyasətinin əsas prinsiplərini müəyyənləşdirən və əhatə edən əhəmiyyətli bir sənəd kimi dəyərləndirilməlidir. Çoxdan bəri gözlədiyimiz bu qanunda, qarşıya qoyulan məqsəd demək olar ki, öz həllini tapıb. Yeni qanun, bu sahənin tənzimlənməsi baxımından son dövrlərdə yaranan boşluqları doldurmağa və ortaya çıxan suallara cavab verməyə qismən imkan yaradacaq. Bununla belə, bütün müsbət tərəfləri ilə bərabər düşünürük ki, bu qanunun daha sonrakı oxunuşlara qədər, mədəniyyət sahəsinin müasir yaxşı və pis tendensiyaları , o cümlədən, bu yöndə müxtəlif təkliflər nəzərə alınaraq, daha dərindən təhlil edilməsinə və təkmilləşdirilməsinə ehtiyac var...
–Özünüzün yeni qanun layihəsi ilə bağlı konkret təklifləriniz varmı?
–Mən, artıq birinci oxunuşdan keçən sözügedən qanun layihəsinin hələ komitəmizdə müzakirəsi zamanı səsləndirdiyim bir neçə təklifimin və bir neçə məsələnin üzərində yenidən dayanmaq istəyirəm. Birincisi, dil haqqında danışmaq istəyirəm. Etiraf edək ki, dilin ilkinliyinin qorunması, inkişafı və gələcək nəsillərə saf bir şəkildə ötürülməsi bəlkə də strateji əhəmiyyətli bir məsələdir. Lakin təəssüflər olsun ki, hətta, bir əsrlik rus işğalından da qurtula bilən dilimiz son zamanlarda müxtəlif təsirlərin altında eybəcər çalarlar qazanır.
Xüsusilə, ekran, efir məkanından eşitdiyimiz dil, təqdim edilən reklam çarxlarının dili, küçələrdə rastlaşdığımız lövhəciklərin dili və sair məqamlar illər öncə Azərbaycan dili haqqında qanun qəbul olunsa da, bu məsələ üzərində bir daha düşünməyə əsas verir. Buna görə də mədəniyyətin ayrılmaz bir parçası olan dillə bağlı olaraq, qanuna xüsusi bir fəslin və ya müddəaların daxil edilməsi yaxşı olardı.
İkincisi, mədəniyyət sərvətlərinin mühafizəsi ilə məsələsinə toxunmaq istəyirəm. Doğrudur, qanun layihəsində bununla bağlı xüsusi maddə var, lakin Azərbaycan, torpaqlarında 20 ildən artıqdır haqsız müharibə gedən, bir milyondan çox vətəndaşı öz vətənində qaçqın durumuna düşən bir ölkədir. Və sadəcə, torpaqlarımız deyil , bu torpaqların üzərindəki tarixi mədəniyyət abidələri, azərbaycanlıların bu torpaqların əzəli sakinləri olduqlarını əks etdirən ən qədim sənət nümunələri də ermənilər tərəfindən ya işğal edilərək özününküləşdirilib, ya da yerlə-yeksan edilib. Fikrimcə, bu xüsusi durum, qanunda heç olmasa bir müddəa ilə əksini tapmalıdır.
Üçüncüsü, milli musiqimiz, müəllif mahnılarımız xaricdə anonim adla populyarlıq qazanır və bu parçaları dinləyən heç bir kəs bu nümunələrin Azərbaycana aid olduğunu bilmir. Bir müddət sonra bu musiqi və mahnı nümunələrimizi də “Sarı gəlin”imizin bugünkü taleyi gözləyir. Ölkə sərhədlərindən kənarda səslənən musiqi və mahnılarımızın müəlliflik hüququnun qorunmasına da ciddi ehtiyac var...
–Son illər dəbdə olan şou- bizneslə bağlı nə deyərdiniz ?
–Bilirsiniz, bu söz birləşməsi və ona aid olan nümunələrə münasibət birmənalı deyil. Ümumiyyətlə , şou-biznes nədir, sənət nümunəsidirmi, o, bazar iqtisadiyyatının mədəniyyətə də tətbiq edilən bir parçasıdırmı? Bizə lazımdır, yoxsa, lazım deyil, həmçinin, mənəviyyatımızın, zövqümüzün formalaşması üçün nə dərəcədə vacibdir? Bütün bu suallara çox tez-tez rast gəlirik. Yeni qanun layihəsində isə bu sahəyə ötəri olaraq toxunulub. Qanun layihəsinin dövlət mədəniyyət fəaliyyətinin əsas formalarından söz edilən üçüncü maddəsinin 3.0.3. hissəsində şou-biznes kinematoqrafiya , nəşriyyat, memarlıq və dizayn, multimedia kimi mədəni sənayenin bir forması olaraq nəzərdə tutulur. Bu baxımdan , yaxşı olardı ki, yeni qanun layihəsində bu sahədə mövcud olan çoxsaylı sualları cavablayacaq və ümumiyyətlə, bu sahə ilə bağlı məsələləri qanunvericiliklə tənzimləməyə əsas verəcək, müddəalar da yer alsın.
KAMİL






11.04.2012     Çap et  Çap et