525-ci qəzet

Valentina Matviyenko: “Qarabağ məsələsini qısa zamanda həll etmək mümkün deyil”



Dünən Rusiya Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun Bakıya səfəri başlayıb. O, Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Xanım Matviyenko məzarların üzərinə əklil qoyub. Qonaq Fəxri Xiyabanda dəfn olunmuş görkəmli bəstəkar Müslüm Maqomayev və onun nəvəsi, SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin məzarlarını da ziyarət edib. Daha sonra Şəhidlər Xiyabanına gələn Valentina Matviyenko şəhid məzarlarını ziyarət edib, “Əbədi məşəl” kompleksi qarşısına əklil qoyub. Ziyarət mərasimlərində Valentina Matviyenkonu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu müşayiət ediblər.
Sonra Matviyenko Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Görüşdən sonra O.Əsədov və V.Matviyenko brifinq keçiriblər. Dağlıq Qarabağ məsələsiylə bağlı fikirlərini açıqlayan Federasiya Şurasının sədri bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll yolunun tapılması üçün bütün lazımi səyləri göstərir: “Prezident Dmitri Medvedyevin təşəbbüsü ilə artıq Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bir neçə üçtərəfli görüşü keçirilib və bütün tərəfləri qane edəcək həll yolunun tapılmasına formatları müzakirə olunub”.
O bildirib ki, problemin həll yolunu qısa zamanda tapmaq mümkün deyil: “Çünki Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir. Lakin biz bu məsələdə BMT qətnamələri çərçivəsində hərəkət edir, beynəlxalq hüquq normalarını əsas tuturuq. Prezidentlərin son Soçi görüşü çox səmərəli keçib. Üçtərəfli bəyanat imzalanıb, fikrimcə, bu bəyanat həll formatının axtarışını sürətləndirəcək”.
Valentina Matviyenko bildirib ki, parlamentin bu işdə rolu başqa istiqamətdir: “Bu, parlament diplomatiyasıdır.
Düşünürəm ki, biz diqqətimizi ziyalılarımızın, mədəniyyət xadimlərimizin üçtərəfli görüşü üzərində cəmləşdirməliyik. Etimad mühiti formalaşmadan bu problemin həll yolunu tapmaq çətindir. Mənə elə gəlir ki, bu məsələdə parlamentlərin rolu bundan ibarət olmalıdır. Biz mədəniyyət, elm xadimlərinə dəstək verməli, etimad mühiti formalaşdırmağa çalışmalıyıq”.
Federasiya Şurasının sədri bildirib ki, ATƏT-in Minsk Qrupunun potensialı tükənməyib: “Rusiya bütün tərəfləri qane edəcək qərarların axtarılıb tapılmasında bir vasitəçi kimi aktiv mövqe tutub və tutmaqda davam edəcək. Hər iki tərəf xoş məram nümayiş etdirməli və sülh yolu ilə həll variantları tapmalıdır. Biz bu məsələdə beynəlxalq hüquqa, BMT qətnamələrinə, dövlətlərin ərazi bütövlüyü və güc tətbiq etməmək prinsiplərinə əsaslanırıq. Düşünürəm ki, bu prinsipdən çıxış etsək, istənilən halda həll yolu tapacağıq, çünki bu məsələ təkcə iki ölkə qarşısında deyil, bütün regionun qarşısında sərt şəkildə durur”.
Qəbələ RLS-lə bağlı sualı cavablandıran V.Matviyenko bildirib ki, bununla bağlı fikir ayrılıqlarının əksəriyyəti aradan qaldırılıb. O bildirib ki, hazırda normal danışıqlar prosesi gedir: “Bir neçə məsələ qalıb ki, onlar üzərində işləmək və birgə razılıq əsasında qərar qəbul etmək lazımdır.
Mən əminəm ki, Qəbələ RLS-lə bağlı razılıq əldə olunacaq. İki ölkə xarici işlər və müdafiə nazirlikləri arasında bir neçə raund danışıqlar keçirilib. Rusiya da, Azərbaycan da bunda maraqlıdır”.
Valentina Matviyenko iki ölkə arasındakı iqtisadi əməkdaşlıqla bağlı fikirlərini də açıqlayıb: “Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq uğurla davam edir. Ötən ilin yekunlarına görə, biz son illərin ən böyük ticarət dövriyyəsi həcminə nail olmuşuq. Bu rəqəm 2 milyard 800 milyon dollar təşkil edir. Bu il də ticarət dövriyyəsinin artım tempi pozitiv sayıla bilər. Ümidvarıq ki, 2012-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dolları keçəcək”.
O Rusiya və Azərbaycanın mədəniyyət sahəsində də əməkdaşlıq etdiyini deyib: “Ötən il prezidentlərimizin patronajlığı ilə ilk dəfə keçirilmiş Beynəlxalq Humanitar Forum ənənəyə çevriləcək. Biz hər il belə forumlar keçirəcəyik, bu cür tədbirlər əlaqələrimizi və əməkdaşlığı dərinləşdirməyə imkan verir. Bu gün Bakı Slavyan Universitetində olacağam, qeyd etmək istəyirəm ki, təhsil sahəsində əməkdaşlıq sürətlə inkişaf edir. Hər iki ölkə arasında duran əsas məsələlərdən biri iqtisadiyyatı innovativ inkişafa, elmi texnologiyalara keçirməkdir, burada universitetlər mühüm rol oynayır. Moskva Dövlət Universitetinin Bakı filialı da çox böyük populyarlığa malikdir. Rusiyanın ali təhsil müəssisələrində çoxlu sayda azərbaycanlı tələbə təhsil alır. Bu, ölkələrimiz arasında canlı, real körpüdür. Çünki bu gün hər iki ölkənin rəhbərliyinin gördüyü işləri gənclərimiz davam etdirəcək. Buna görə də belə əlaqələri inkişaf etdirmək vacibdir”.






10.04.2012     Çap et  Çap et