525-ci qəzet

“Onların ittihamları əsassız və gülüncdür”



Məlum olduğu kimi, aprelin 8-də “İctimai Palata”nın təşkilatçılığı ilə Bibiheybət qəsəbəsi, 20-ci sahə adlanan ərazidə müxalifətin uzun müddətdir planlaşdırdığı birgə dinc aksiya həyata keçirilib.
Rəsmi məlumatlara görə, aksiyada 1200 nəfər iştirak edib ki, bunlardan 300-ə yaxını KİV əməkdaşları, qalanları isə müxalifət partiyalarının funksionerləri, fəalları və onların yaxınları olub. Müxalifət mitinqə az adamın qatılmasını öz uğursuzluğu kimi qəbul etməyərək, bunu digər səbəblərlə əlaqələndirərək hakimiyyəti ittiham edib. Ekspertlərin fikrincə, İP-nın aksiyası bir daha onun sosial bazasının olmadığını açıq göstərib. Mitinqin təşkilatçıları aksiya iştirakçılarının sayının azlığını onların fəallığı ilə kompensasiya etməyə cəhd göstəriblər. Həm çıxış edənlər, həm də ön cərgədə duranlar xüsusi fəallıq nümayiş etdiriblər, emosional və aqressiv şəkildə şüarlar səsləndiriblər.
Heç şübhə yox ki, çoxlu sayda xarici dildə şüarlar, transporantların olması, xüsusi geyim formalarının hazırlanması aksiyanın müəyyən xarici dairələr tərəfindən maliyyələşdirildiyini və ya mitinqin başqa məqsədlər üçün keçirildiyini göstərir. Mitinq iştirakçıları özləri də xarici dillərdə şüarların çoxluğunu aksiyaya beynəlxalq təşkilatların diqqətini cəlb etmək məqsədi daşıdığını etiraf ediblər. Ekspertlərin fikrincə, aksiyanın xarici auditoriya üçün keçirildiyi açıq görünüb.
Bütün bunlarla yanaşı aksiya zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat arasında ziddiyyətlər qabarıq şəkildə özünü büruzə verib. Mitinqin aparıcısı İbrahim İbrahimlinin İsa Qəmbəri təbliğ etməsi AXCP üzvlərinin etirazına səbəb olub.
Mitinqdə müsavatçılar daha çox və fəal olublar. Onlarla müqayisədə AXCP nümayəndələri ümumiyyətlə nəzərə çarpmayıblar. Aksiya start veriləndən bir az sonra iştirakçılar mitinqi tərk etməyə başlaması da diqqət çəkib. Onlar Azərbaycanın, aksiyada iştirak edən partiyaların bayraqlarını və şüarları yerə ataraq ərazidən uzaqlaşıblar. Aksiyanın sonunda Azərbaycanın himni fitlərlə və qışqırıqla müşayiət olunub. Bu hal radikal müxalifətin Azərbaycanın dövlət rəmzlərinə, atributlarına münasibətini açıq nümayiş etdirir. “525”in müxbiri ilə söhbətdə millət vəkili Aydın Mirzəzadə aksiyanı dəyərləndirib.

– Müxalifət partiyalarının rəhbərlərinin çıxışlarına nəzər salan zaman bu aksiyada az adamın iştirakını proqnozlaşdırmaq mümkün idi. Müxalifət elə də böyük bazaya malik deyil. Onların çıxışları bunu aşkar şəkildə göstərir. Azərbaycan müxalifətinin sosial bazası çox kiçikdir. Fikrimcə, dövlət başçısının ölkə qarşısında duran problemlərin həlli, eləcə də vətəndaşların problemləri, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün gördüyü tədbirlər planı müxalifətin sosial bazasını azaldır. Müxalifətin ümumilikdə az olan sosial bazasının bu cəbhədə iddia edənlərin sayı daha çoxdur. Məhz bu məqamlar müxalifətin bir qanadının aksiyaya az sayda insan yığacağını labüd etmişdi.Rəsmi məlumata görə 1200 nəfər adam iştirak edib. Bunların 300 nəfərə yaxını kütləvi informasiya vasitələrinin nümayəndələri olduğu bildirilir. Göründüyü kimi elə də böyük kütlə ortaya çıxarıla bilməyib.
– Sizcə aksiyada az insanın qatılmasının səbəbi nədir?
– Burada müxalifət liderlərinin cəmiyyətə vaxtaşırı təqdim etdikləri görüntülərinin böyük rolu olub. Onlar belə bir fəaliyyət nəticəsində ziyalıları, nüfuzlu şəxsləri, demokratik düşüncəli insanları ətraflarına toplaya bilməzdilər. Sanki müxalifətin İctimai Palata qanadı bu həyatdan 20 il geriyə qalıb. Sanki onlar bütün sahələrdə inkişaf edən ölkədə deyil, başdan-ayağa sosial problemlər yaşayan, beynəlxalq aləmdə uğursuzluqlarla üzləşən, vətəndaşlarının güzəranı gündən-günə pisləşən bir ölkədə fəaliyyət göstərirlər.
– Axı İctimai Palata təmsilçiləri bunu hakimiyyətin pozuculuq fəaliyyəti ilə əlaqələndirirlər...
– Məgər müxalifətin mitinqinə insanların gəlişini hakimiyyət təşkil etməlidir? Məgər hakimiyyət rayonlardan, eyni zamanda hakim partiya üzvlərindən minlərlə insanın onların mitinqində iştirakını həyata keçirməlidir? Hakimiyyət üzərinə düşün işi görərək tədbir keçirilməsi üçün müxalifətə yer ayrıldı. Onlar özlərinin media orqanları ilə cəmiyyətə müraciət edə, aksiya ilə bağlı təbliğat apara bilərdilər. Bu bir həqiqətdir ki, mitinqə gəlməyə görə heç bir kəsə təzyiq edilmədi. Həmçinin aksiyadan sonra heç kəsə qarşı təqiblər irəli sürülmədi. Bütün bunları nəzərə alaraq onların ittihamlarının əsassız və gülünc olduğunu düşünürəm. Müxalifətin İctimai Palata qanadı bu aksiya ilə cəmiyyətdə nüfuzunun olmadığını ortaya qoydu. Ən əsası məlum oldu ki, İctimai Platanın ictimai palatası var, amma ictimaiyyəti yoxdur. Əgər onlar bununla dövləti idarə etmək istəyirlərsə, o zaman həmin dövlətdə bu gün 10 milyona yaxın Azərbaycan vətəndaşı yaşamaq istəmir.
– Əvvəlki illərdən fərqli olaraq müxalifət artıq icazəsiz aksiyalar keçirməyə can atmır. Bu amili necə dəyərləndirərdiniz?
– Bu müsbət məqamdır. Prinsipcə onların icazəli aksiyaya getməsi və yerli icra hakimiyyəti orqanının onlara belə bir tədbir keçirməsi üçün yer ayırması özü göstərir ki, müxalifət az da olsa pozuculuq fəaliyyətinin səmərə verməməsini dərk etməyə başlayıb. Odur ki, onlar icazəli aksiyalar keçirməyə çalışırlar.
– Aydın müəllim, belə bir aksiyaların “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində keçirilməsini necə qiymətləndirirsiniz?
– Təbii ki, müxalifətin “Avroviziya” müsabiqəsi ərəfəsində aksiya keçirməsini də nəzərdən qaçırmamalıyıq. Onlar axrıncı dəfə keçirdikləri mitinqlərini 7 il bundan qabaq təşkil ediblər. 7 illik fasilədən sonra bir-birinin ardınca sözügedən müsabiqənin keçiriləcəyi may ayı ərzində kütləvi aksiyaların keçirilməsi əlbəttə ki, onların qarşılarına qoyduğu məqsədə, Azərbaycan haqqında beynəlxalq aləmdə rəy yaratmaq istəyindən irəli gəlir. Bununla belə nə qədər çalışsalar da kiçik meydanı doldura bilməməyi bir daha göstərdi ki, Azərbaycanda müxalifətin radikal qanadının fikirlərini bölüşən insanların sayı həddən artıq azdır.
Aqil LƏTİFOV










10.04.2012     Çap et  Çap et