525-ci qəzet
Evləri sökülən sakinlərlə meriyanın məhkəmə çəkişməsi başladı
Dünən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində paytaxtın Mirzəağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrində sökülən binaların sakinlərinin şəhər icra hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb. Şikayətçilərin hüquqlarını müdafiə edən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin APA-ya verdiyi xəbərə görə, hakim İlham Əhmədovun sədrlik etdiyi prosesdə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) nümayəndəsi iştirak etməyib. Prosesdə çıxış edən İ. Əliyev vəsatət qaldıraraq BŞİH ilə yanaşı Maliyə Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin birgə cavabdeh qismində, Mədəniyyət və Turizm Nazirliyinin isə müstəqil tələb irəli sürməyən şəxs qismində prosesə cəlb olunmasını xahiş edib. Vəsatət onunla əsaslandırılıb ki, BŞİH-nin 76 saylı sərəncamında evləri sökülən mülkiyyətçilərə ödənilən məbləğ Maliyyə Nazirliyi ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi arasında razılaşma əsasında müəyyən edilib. Mülkiyyətçilərə hər kvadrat metr üçün 1500 manat verilməsi nəzərdə tutulub.
İntiqam Əliyev həmçinin Mədəniyyət və Turizm Nazirliyinin şikayətçilərə və məhkəməyə göndərdiyi məktubu da təqdim edib. Məktuba əsasən, Şəmsi Bədəlbəyli küçəsində yerləşən 8 saylı evin və Mirzəağa Əliyev küçəsində yerləşən 231 saylı evin Nazirlər Kabinetinin qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi tanındığı və dövlət tərəfindən qorunduğu bildirilib. Hüquqşünas nazirliyin üçüncü şəxs kimi məhkəməyə cəlb olunmasını xahiş edib. Məhkəmə vəsatəti təmin edib.
Qeyd edək ki, 2008-ci ildən başlayaraq adı çəkilən küçələrdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən evlərin dövlət ehtiyacları üçün alınaraq sökülməsinə başlanılıb. Sökülən mənzilin hər kvadrat metri üçün sakinlərə 1500 manat təklif olunur. Lakin sakinlər bunun az olduğunu bildirirlər. Onlar məhkəməyə təqdim etdikləri iddia ərizəsində mülkiyyət hüquqlarının pozulduğunu göstəriblər. İddiada kompensasiyanın məbləğinin artırılması istənilib.
07.04.2012
Çap et