525-ci qəzet
“Hədəflərimizdən biri Azərbaycanı tədqiq etməkdir”
Prezident Yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) dünən “Beyin mərkəzləri: İnkişaf naminə əməkdaşlıq” mövzusunda tədbir keçirilib. Mərasimdə Bakıda səfərdə olan ABŞ-ın qeyri-hökumət tədqiqat mərkəzinin – Ceymstaun Fondunun prezidenti Qlen Hovard, Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri, alim və mütəxəssislər iştirak ediblər.
Qonaqlar və Bakıda fəaliyyət göstərən beyin mərkəzlərinin rəhbərləri öz strukturlarının fəaliyyətləri barədə fikir mübadiləsi apararaq, mərkəzlər arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar.
SAM-ın şöbə müdiri Tahirə Allahyarova tədbir iştirakçılarına qurum və onun fəaliyyəti barədə məlumat verib. O, Azərbaycanın əsas beyin mərkəzlərindən hesab olunan SAM-ın ölkədəki ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini qeyd edib.
Azərbaycandakı beyin mərkəzləri barədə kitab nəşr etdirdiklərini deyən şöbə müdiri yaxın zamanlarda sözügedən kitabın təqdimat mərasiminin keçiriləcəyini söyləyib.
T.Allahyarova dünyadakı beyin mərkəzlərinin böyük inkişaf yolu keçdiyini vurğulayaraq, onların dünyada gedən proseslərə təsir etmək imkanına malik olduğunu deyib. Şöbə müdiri artıq dünyada 5-ci nəsil beyin mərkəzlərinin yarandığını bildirib.
Ceymstaun Fondunun prezidenti Qlen Hovard rəhbəri olduğu qurumun fəaliyyəti barədə məlumat verərək, fondun əsas istiqamətlərindən birinin də Qafqaz regionunu, eləcə də Azərbaycanı öyrənmək və tədqiq etmək olduğunu diqqətə çatdırıb.
Əvvəllər Azərbaycanla bağlı məlumatların ABŞ ictimaiyyətinə çatdırılmasında yaranan problemlərdən də danışan Q.Hovard bunları söyləyib: “Müstəqilliyinin ilk illərində Azərbaycan, onun region üçün nə qədər vacib ölkə olması barədə məlumatların ABŞ ictimaiyyətinə çatdırılmasında müəyyən problemlər yaranırdı. Bu da əsasən Azərbaycana dost olmayan etnik lobbilərin fəaliyyətləri ilə bağlı idi. Belə ki, bu etnik lobbilər bir çox hallarda Azərbaycanla bağlı məlumatları ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırırdılar. Lakin bu gün ABŞ ictimaiyyətinə Azərbaycanla bağlı məlumatlar obyektiv şəkildə çatdırılır”.
Hazırda Azərbaycanın yalnız Qafqaz regionu deyil, eyni zamanda ABŞ üçün vacib tərəfdaş ölkə olduğunu deyən Q.Hovardın fikrincə, Azərbaycanın ən böyük üstünlüklərindən biri onun çox mühüm geocoğrafi mövqeyə malik olmasıdır.
Minlərlə ABŞ əsgərinin Azərbaycanın hava məkanından istifadə edərək Əfqanıstana gedib-gəldiyini söyləyən Fond rəhbəri Qafqaz regionundakı mövcud problemlərə də diqqət çəkib: “Azərbaycan regionda mühüm geosiyasi rol oynamaqla bərabər Əfqanıstana yüklərin daşınmasında tranzit ölkə rolunu oynayır. Azərbaycan multivektor siyasət yürüdür, Rusiya, ABŞ və cənub qonşuları ilə əlaqələri inkişaf etdirir. Azərbaycanın əsas problemlərindən biri Dağlıq Qarabağ müharibəsindən sonra münaqişə haqqında reallıqları çatdırması ilə bağlı olub. Azərbaycan bu gün də Qarabağ münaqişəsi ilə bağlı informasiya müharibəsi ilə üzləşib. ABŞ-da rəy formalaşmasına təsirə malik olan çox güclü erməni lobbisi fəaliyyət göstərir. Bu proses asta da olsa, başlayıb, Azərbaycan bu balansı qorumağa və ABŞ-da öz mövqeyini çatdırmağa nail olur”.
O, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığını xüsusi qeyd edərək, bundan narahatlıq keçirdiyini vurğulayıb.
Azərbaycanın uğurla inkişaf etdiyini, o cümlədən ölkədə demoqrafik vəziyyətin yaxşılaşdığını bildirən Fond prezidenti əksinə Ermənistanın demoqrafiya və miqrasiya problemləri ilə əlaqədar əhalinin azalması reallığı ilə üzləşdiyini qeyd edib”.
Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri barədə məlumat verərək, onların fəaliyyətlərinin gücləndirilməsi üçün ayrıca fəaliyyət planının hazırlanmasını, maddi-texniki bazalarının möhkəmləndirilməsini, xarici ölkələrdə fəaliyyət göstərən beyin mərkəzləri ilə təcrübə mübadiləsi aparılmasının intensivləşdirilməsini təklif edib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov beyin mərkəzləri ilə bağlı ayrıca qanunun qəbul edilməsini təklif edib. O, bu fikrini isə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun beyin mərkəzlərinin tələblərinə tam cavab verməməsi ilə əsaslandırıb.
Aqil LƏTİFOV
07.04.2012
Çap et