525-ci qəzet
Nəqliyyat Nazirliyində “Eurovision”la bağlı müşavirə keçirildi
“Eurovision-2012” mahnı müsabiqəsi dövründə Bakıda xüsusi taksi dayanacaqlarının yaradılması, sərnişin daşımalarının tənzimlənməsi məqsədilə dispetçer məntəqələrinin təşkili, eləcə də müsabiqəyədək taksilərə taksometrlərin və POS-terminalların quraşdırılması gözlənilir. “APA-Economics”in xəbərinə görə, bu barədə dünən “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə hazırlıqla bağlı Nəqliyyat Nazirliyində keçirilən müşavirədə məlumat verilib.
Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə keçirilən müşavirədə mahnı müsabiqəsinin keçirilməsinə hazırlıq prosesi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilib. Nəqliyyat-yol kompleksinə daxil olan qurumlar üzrə görülmüş işlərin hesabatı dinlənilib, nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb. Avtomobil yollarının vəziyyəti, yol nişanlarının qoyulması, müvafiq istiqamətlər üzrə xüsusi marşrut sxemlərinin işlənib hazırlanması, Bakıya gələn rəsmi qonaqların və turistlərin avtobus və taksilərlə daşınması ilə bağlı hərəkət sxemləri, 22 yerdə xüsusi taksi dayanacağının yaradılması, sərnişin daşımalarının tənzimlənməsi məqsədilə dispetçer məntəqələrinin təşkili məsələlərindən danışılıb. Bundan başqa, sərnişin avtobuslarını və sərnişin daşıması ilə məşğul olan digər avtonəqliyyat vasitəsini idarə edən sürücülər üçün kursların təşkili, hazırlanması, taksi maşınlarına taksometrlərin və POS-terminalların quraşdırılması və s. kimi məsələlər də müzakirə mövzusu olub.
Müşavirənin sonunda nazir Ziya Məmmədov Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
06.04.2012
Çap et