525-ci qəzet

Rövnəq Abdullayev: “Bütün qanunsuz tikililər söküləcək”



Neftli ərazilərdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz əməliyyatlarına mane olan bütün qanunsuz tikililər söküləcək. “APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda ARDNŞ-ın elə əraziləri var ki, orada neft quyularına yaxınlaşmaq, onları idarə etmək və hasilata nəzarət etmək mümkün deyil: “Buna görə də hasilata birbaşa mane olan qanunsuz tikililər söküləcək”.
R.Abdullayev əlavə edib ki, söhbət yaşayış olan evlərdən getmir: “Son vaxtlar bütün qadağalara və ciddi tədbirlərə baxmayaraq, həmin ərazilərdə tikinti işləri yenə də davam etdirilir. Bu vəziyyətdə bizim əsas işimiz köhnə tikililərin sökülməsindən çox yeni tikililərə imkan verməməkdir. Bu ərazilərdəki bəzi sakinlər qanunsuz tikililəri hətta gecələr tikir və tikinti başa çatandan sonra bu evlərdə artıq neçə illərdir yaşadıqlarını iddia edirlər. Amma bizi bu məsələdə aldatmaq mümkün deyil. Çünki əlimizdə bu ərazilərin kosmosdan peyk vasitəsilə fasiləsiz çəkilən şəkilləri var. Hansı tikintinin nə vaxt və hansı saatda tikildiyini bilirik”.
Transxəzər layihəsiylə bağlı sualı da cavablandıran R.Abdullayev bildirib ki, Transxəzər qaz boru kəmərinin inşası layihəsi Azərbaycanın layihəsi deyil: “Bu, Türkmənistan və Avropa İttifaqının layihəsidir və Azərbaycan burada tərəfdaş kimi çıxış etmir”. Bunu Rövnəq Abdullayev Transxəzər boru kəmərinin tikintisi ilə bağlı Azərbaycan və Türkmənistan arasında razılıq əldə olunması ilə bağlı xarici mətbuatda yayılan məlumatlara münasibətini bildirərkən deyib.
ARDNŞ rəhbərinin sözlərinə görə, layihənin reallaşdırılması Türkmənistan və Avropa İttifaqının işidir, Azərbaycan burada ən yaxşı halda tranzit ölkə kimi çıxış edə bilər: “Bunlar danışıb, razılığa gələndən sonra biz baxacağıq ki, onlara tranzit ölkə kimi hansı ərazini verəcəyik və s. Biz orada bir tərəfdaş kimi çıxış etmirik. Bizim orada nə qazımız, nə də başqa maraqlarımız var ki, biz bu layihədə iştirak edək”. R.Abdullayev qeyd edib ki, Azərbaycan bu layihəyə bir müşahidəçi kimi baxır və tranzit ölkə kimi öz ərazisini bu layihə üçün verilib-verilməməsinə isə gələcəkdə baxılacaq.
Rövnəq Abdullayev onu da deyib ki, Azərbaycanda hasil olunan təbii qazın Avropaya nəqli ilə bağlı marşrut seçilərkən təkcə “Şahdəniz” qazı deyil, digər qaz yataqlarındakı qazın nəqli imkanları da nəzərə alınacaq. Onun sözlərinə görə, məhz bu səbəbdən ixrac marşrutunun seçimi zamanı Azərbaycanın gələcəkdə qaz istehsalı proqramı əsas yer tutur.





05.04.2012     Çap et  Çap et