525-ci qəzet

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü qeyd edilib



Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 4 Aprel- Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Tərtər şəhərindəki 6 saylı orta və rayonun Şıxarx kənd orta məktəblərində toplantılar keçirib. Tədbirlərdə yerli hakimiyyət özünüidarəetmə orqanlarının, rayon təhsil şöbəsinin nümayəndələri, məktəblərin pedaqoji kollektivləri, şagirdlər, yerli əhali və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının Tərtər rayon şöbəsinin üzvləri iştirak ediblər.
BAMF-ın İcma Mina Aksiyası Komandasının mina təhlükəsinə dair maarifləndirici mütəxəssisi Siyab Məmmədov Azərbaycanda mina probleminin yaranması tarixindən, bu problemin aradan qaldırılması istiqamətində dövlətin və beynəlxalq humanitar təşkilatların, o cümlədən Beynəlxalq Avrasiya Mətbuat Fondunun gördüyü işlərdən danışıb. O qeyd edib ki, BAMF ölkədə mina təhlükəsi ilə mübarizə proqramına 2000-ci ildən qoşulub və indiyədək bu sahədə bir sıra uğurlu layihələr həyata keçirib. Təşkilatın 2002-ci ildə formalaşdırdığı İcma Mina Aksiyası Komandası Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi prioritetlər əsasında ölkənin minalarla və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərində təmizləmə əməliyyatları aparır. Həmçinin əhalinin mina təhlükəsi üzrə maarifləndirilməsi məsələsi də mühüm bir vəzifə olaraq diqqət mərkəzində saxlanılır. Tədbirlərin iştirakçıları Tərtər rayonunun təmas xəttinə yaxın ərazidə yerləşməsi ilə əlaqədar əhalinin mina təhlükəsinə qarşı mübarizə işində daim fəallıq nümayiş etdirməsinin, əhalinin maarifləndirilməsi işinin düzgün qurulmasının zəruriliyindən danışıblar. 4 aprel aksiyalarında Tərtər Rayon İcra Hakimiyyətinin məsul işçisi İlqar Musayev, BAMF-ın İcma Mina Aksiyası Komandasının mina təhlükəsinə dair maarifləndirici mütəxəssisi Rey Kərimoğlu və komandanın digər əməkdaşları da iştirak ediblər. Tədbirlərin sonunda rayon mərkəzindən əraziləri mina və partlamamış hərbi sursatlarla daha çox çirklənmiş Şıxarx və Həsənqaya kəndlərinə gedən yolun kənarında ANAMA-nın hazırladığı mina təhlükəsinə dair maarifləndirici dəmir lövhə basdırılıb.






05.04.2012     Çap et  Çap et