“Minsk qrupu müharibənin qarşısının alınması adı ilə ermənipərəst siyasət aparır”

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu dünən “Trend” xəbərlər şirkətinin mətbuat mərkəzində mart ayı üçün aylıq hesabatla bağlı tədbir keçirib.
Ötən ayın bir sıra məqamlarla yadda qaldığını deyən politoloq Vladimir Putinin Rusiya prezidenti seçilməsinə maneçilik törədən ABŞ və digər Qərb ölkələri seçkilərin ilkin nəticələri bəlli olduqdan sonra mövqelərini 180 dərəcə dəyişdirdiklərini söyləyib. Rusiya iranpərəst ritorikasını xeyli gücləndiyini qeyd edən M.Əhmədoğlu İrana qarşı belə mövqeyi indiki halda Rusiyanın maraqlarına cavab verdiyini söyləyib: “S.Lavrovun fikrincə, “əgər Liviyada nüvə silahı olsaydı, Qəddafini belə vəziyyətə salmazdılar”, “Şimali Koreyada nüvə və raket silahı olduğu üçün heç kim onu müharibə ilə hədələmir”, “İrana qarşı tətbiq olunan sanksiyalar əhalini boğmaq üçün tətbiq olunan sanksiyalardır”. S.Lavrova görə İranda bunları bilirlər və adekvat nəticə çıxarırlar. Rəsmi Moskva 1940-cı ildə SSRİ ilə İran arasında imzalanmış müqavilənin indi də qüvvədə olduğunu yada saldı. RF yeganə dövlətdir ki, müəyyən şərtlər daxilində İranın daxilinə qoşun yeritməyə beynəlxalq hüquq normalarına uyğun səlahiyyətləri var.
İran rəhbərliyi normal, proqnozlaşdırılan siyasət apara bilmir, öz əhalisindən qorxur, kütləvi dini və milli bayramların keçirilməsini qadağan edir, apardığı siyasət ölkənin sosial-iqtisadi vəziyyətini pisləşdirir, bütün qonşuları ilə pis münasibətdədir. Ən çox əziyyət çəkən isə Tacikistandır. Hazırda Özbəkistanın Tacikistana təzyiqlərinin mahiyyətində İran faktoru durur. Özbəkistan Tacikistana İranın qapısı kimi baxır. Belə vəzyyətdə beynəlxalq aləm 1940-cı ildə SSRİ ilə İran arasında imzalanmış müqaviləyə söykənərək, Rusiyaya İranın daxilində müəyyən işlər görməyə şərait yarada bilər. İndiki Rusiya bunu bacarar.
RF-in bu məsələdə uğur qazanmasında ən mühüm cəhət onun Azərbaycan Respublikası ilə münasibətlərindədir. Lakin o da nəzərə alınmalıdır ki, indinin Rusiya Azərbaycanla münasibətlərində qaneedici inam, etibar potensialı yarada bilməyib”.
O, İrana qarşı tətbiq olunan sanksiyaların Qərbin istədiyi nəticəni verdiyini deyib: “Beynəlxalq Bank Kommunikasiya prosesinə (SWIFT) İrana qadağa qoyulması bu ölkənin vəziyyətini daha da çətinləşdirdi. Eləcə də ABŞ İrandan neft alan dövlətləri hədələdi. İrana tətbiq olunan sanksiyaların təsirini iki nümunə daha yaxşı göstərir: Uruqvay İrana neftini düyü ilə əvəzləməyi təklif etdi; ikinci nümunə ABŞ ilə bağlıdır. Gün axşamadək ABŞ-ı söyməklə məşğul olan, yüksək elmi nailiyyətlərdən danışan İran öz əhalisini taxılla təmin edə bilmir, lazım olan taxılın əksər hissəsini – 400 min tonunu ABŞ-dan alırmış.
Fələstin məsələsində də İrana ciddi zərbə vuruldu. Fələstin İsrail ilə müharibə zamanı İranı müdafiə etməyəcəyini bildirdi. “Həmas” ərəb dövlətlərinin təkidi ilə öz iqamətgahını Suriyadan Qəzza sektoruna köçürdü. İrana qarşı müharibənin təxirə salınmasının yeganə səbəbi tətbiq olunan iqtisadi sanksiyaların effektivliyidir. Zaman keçdikcə Qərbin İranı iqtisadi sanksiyalarla boğa biləcəyinə əminlik artır”.
Ermənistanda Rusiya hərbi bazasının aktivliyi artdıqca Ermənistanın Qərblə əlaqələrinin, xüsusilə hərbi əlaqələrinin daha da genişləndiyini qeyd edən politoloq ABŞ və NATO ilə əlaqələrinin indiki dövründə Ermənistan üçün mühüm əhəmiyyət daşıdığını deyib: “Ermənistanın Qərblə aktivləşən hərbi-siyasi əlaqələrinin iki səbəbini ehtimal etmək olar: birincisi, Ermənistan rəhbərliyi Rusiyanın ona hərbi güc tətbiq etməsindən ehtiyatlanır, çünki S.Sərkisyan Rusiyaya strateji müttəfiq deyə-deyə Qərbə doğru qaçır; ikincisi, Ermənistan İrana qarşı hərbi əməliyyat kampaniyasında iştirak etməyə hazırlaşır. Ehtimal ki, İrana qarşı müharibədə Azərbaycanın adını bu qədər hallandırılmasının əsas səbəbi Qərbin Ermənistanı İranın təzyiqlərindən yayındırmaq istəyidir. Rusiya rəhbərliyinin Serj Sərkisyana münasibəti hədsiz pisdir və bunu nümayiş etdirməkdən çəkinmir. Serj Sərkisyanın sədrlik etdiyi partiyanın qurultayına Rusiyanın daxilində heç bir siyasi çəkisi olmayan, erməni mənşəli populyar elm adamı olan A.Çilinqarov göndərildi. Ermənistanda parlament seçkilərində üç ssenari uğrunda mübarizə gedir: birinci ssenari prezident S.Sərkisyana məxsusdur. O, “demokratik seçki” adı altında şou keçirməklə özünə lazım olan bütün xarakterli adamları parlamentə yığmaq istəyir. 2 milyon 845 min əhalisi olan Ermənistanda 2 milyon 450 min seçici qeydiyyatdan keçmişdir. Bu, absurddur. Seçici siyahılarında, ən azı, 700 min artıq adam var. Heç kim seçici siyahılarını dəqiqləşdirmək istəmir. Fövqəladə vəziyyət rejimi haqqında qanun qəbul etdirməklə, S.Sərkisyan 2008-ci ilin 1 mart hadisəsi tipli hadisədən də çəkinməyəcəyini nümayiş etdirir. Başqa bir misal S.Sərkisyanın seçkidə saxtakarlıq niyyətinin qətiyyətini göstərən ən yaxşı nümunədir: məşhur oliqarx, keçmiş deputat, Qarabağ döyüşlərində iştirak etmiş X.Sukiasyanın 2008-ci ilin 1 mart hadisələrinə görə ölkədə olmadığını əsas götürərək Ermənistan polisi onun beş il ardıcıl Ermənistanda yaşamadığı haqqında arayış verdi. Bununla da X.Sukiasyanın deputatlığının qeydə alınmasına mümkün olmadı. Ermənistan Polisi tərəfindən beş il ərzində axtarışda olan Eduard Mədətyana (“Xuçuç Edo”) isə həmin Ermənistan polisi beş il ərzində onun Ermənistanda, Yerevanda yaşadığı barədə arayış verdi;
İkinci ssenari ABŞ-ın ssenarisidir. ABŞ S.Sərkisyanın partiyasının parlament seçkilərini udmasını arzulayır və bunu mümkün qədər demokratiyaya uyğun şəkildə reallaşdırılmasını istəyir. Müəyyən qisim saxtakarlıqlara göz yummağa hazırlaşır; üçüncü ssenari Rusiyanın ssenarisidir. Rusiya Ermənistandakı parlament seçkilərində S.Sərkisyanın uduzmasının tərəfdarıdır. RF hakim koalisiyasının üzvü, adı eks-prezident R.Köçəryanın partiyasının sədri kimi hallanan, multimilyoner Q.Çarukyan olan “Çiçəklənən Ermənistan” partiyasının udmasında maraqlıdır. Rusiyanın xüsusi xidmət orqanlarına bağlı olan Cavaxetiya erməniləri təşkilatı erməniləri “Çiçəklənən Ermənistan” partiyasına səs verməyə çağırdı”.
Politoloq İran və Ermənistan hökumətləri arasında münasibətlərin xeyli irəlilədiyini və bu məqamın Ermənistanın maraqlarına xüsusilə uyğun gəldiyini bildirib: “İran prezidenti regionundakı gərginlikdən narahat olduğunu bildirdi və ölkəsinin Qarabağ münaqişəsini yalnız sülh yolu ilə, dialoq vasitəsilə tənzimlənməsinə razı olduğunu vurğuladı. Hər hansı bir ölkənin prezidenti təsadüfən səhv bəyanat verə bilər və belə sərt bəyanatın ziyanlı təsirini aradan qaldırmağın müxtəlif yolları mövcuddur. Lakin dünyanın heç bir ölkəsində səfir bir sutka ərzində və belə aşkar şəkildə prezidentinin bəyanatının əleyhinə bəyanat verməyib. İranla Ermənistan hökumətlərinin yaxşı olması İran xalqının Ermənistana münasibətinin yaxşı olması anlamına gəlmir. Bu il Novruz günlərində İrandan Ermənistana gələnlərin sayı 2011-ci il ilə müqayisədə 30-35% miqdarında idi. İran xalqı həm öz hökuməti, həm də Ermənistan hökuməti tərəfindən təhqir olunmaq istəmədiyini nümayiş etdirdi. Gürcüstan və Ermənistan prezidentləri isə münasibətlərini konfederativ dövlət quruculuğu istiqamətində inkişaf edirlər. İki ölkə qanunvericiliklərini eyniləşdirir, hərbi əlaqələrini hədsiz intensivləşdirir, siyasi əlaqələr xeyli gücləndirmişlər. İki ölkə arasındakı hərbi-siyasi əlaqələri yeni keyfiyyətinin səbəbkarı Qərbdir”.
ATƏT Minsk qrupunun 20 illik fəaliyyətinin ermənilərin xoşuna gəldiyini dilə gətirən politoloq bu qurumun müharibənin qarşısının alınması adı ilə ermənipərəst siyasət apardığını deyib: “Vasitəçilərin fəaliyyəti nəticəsində balanslaşdırma, təkcə siyasətə deyil, həm də hərbi sahəyə aid edilib. Əvvəllər vasitəçilər işğalçı ilə işğala məruz qalan arasında bərabərlik qoymaqla məşğul idilərsə, indi həm də hərbi güclər arasında balans yaratmağa çalışırlar. 2009-cu ildə Ermənistanın beynəlxalq maliyyə qurumlarından kredit götürməsinin əsas təşkilatçısı Minsk qrpunun həmsədrləri oldu. Həmsədrləri “Fitch” beynəlxalq reytinq təşkilatına Qarabağ münaqişəsi regionunda müharibənin olmayacağı ilə bağlı zəmanət məktubu verdilər. Bu məktuba söykənən “Fitch” Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna Ermənistanın iqtisadiyyatına zəmanət verdi. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu “Fitch” təşkilatının zəmanəti əsasında Ermənistana kredit ayırdılar. Ermənistan Beynəlxalq Valyuta Fondundan aldığı kreditlərin bir qismini birbaşa və dolayısı yollarla silahlanmaya xərclədi. ATƏT Minsk qrupu həmsədrlərinin Qarabağ regionunda müharibənin qarşısını alınmasının əsas mexanizmi hal-hazırda budur. Gələcəkdə Azərbaycanın silaha ayırdığı vəsait artdıqca, görünür, vasitəçilər Ermənistana da silahlanma üçün əlavə vəsait təşkil edəcəklər.
Qarabağ münaqişəsinin həllində dəyişiklikliyə nail olmaq üçün vasitəçilər uzun müddət regionda oturub Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları arasında dialoqun qurulmasının və işğalçı qoşunların Azərbaycan ərazisini tərk etməsinin başlanmasına nail olmalıdırlar”.
Aqil LƏTİFOV