525-ci qəzet

Qazaxıstandakı yol qəzasında dörd Azərbaycan vətəndaşı ölüb



Aprelin 3-də, saat 17:00 radələrində Qazaxıstanın Tayınşinsk rayonundakı magistralda Draqomirovka kəndi yaxınlığında yol qəzası baş verib. “Folksvagen Qolf” avtomobili “Sinatruk” markalı yük maşını ilə toqquşub. “Trend”in məlumatına görə, qəza nəticəsində beş nəfər ölüb ki, onlardan da dördü Azərbaycan, beşincisi isə rus millətindən olan Qazaxıstan vətəndaşıdır.
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov bildirib ki, ölən Azərbaycan vətəndaşları – Quliyev Eldəniz Bahadır oğlu (1972-ci il təvəllüdlü), Musayev Həzi Alxas oğlu (1973), Həsrətov Orxan Söhrab oğlu (1989) və onun atası Həsrətov Söhrab Zəbi oğludur (1968).
“Ölən 4 nəfərin hamısı Azərbaycanın Lənkəran rayonunda anadan olublar və müvəqqəti iş dalınca Qazaxıstana gələrək tikintidə işləyiblər”, – deyə səfir bidlirib.
Səfir qeyd edib ki, ölən Azərbaycan vətəndaşlarının cəsədləri rəsmi sənədləşdirilmədən sonra Bakıya göndəriləcək.





05.04.2012     Çap et  Çap et