525-ci qəzet
“Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğvi” ilə bağlı layihə təqdim olunub
Dünən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAD) maliyyə dəstəyilə “Counterpart İnternational” təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsində “Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadə” adlı layihənin təqdimat mərasimi keçirilib. Tədbir “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasından ibarət Qeyri-Hökumət Təşkilatları (QHT) Koalisiyasının təşkilatçılığı ilə reallaşıb.
“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, layihə çərçivəsində qadınlar üçün bütün sahələrdə bərabər hüquqların təbliği, cəmiyyətdə qadınların rolunun artırılması, məişət zorakılığının qarşısının alınması nəzərdə tutulur: “Həmçinin layihənin həyata keçiriləcəyi müddətdə 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun icra mexanizmlərinə dair təkliflərin hazırlanması, polis orqanlarında çalışan qadınların sayının artırılmasına dair təkliflərin verilməsi, qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğvi üzrə BMT Komitəsinə kölgə hesabatının hazırlanmasına dair sənədin hazırlanması da nəzərdə tutulur. Layihə çərçivəsində “Məişət zorakılığının qarşısının alınması haqqında qanun”un icrasında qadın polislərinin artırılması ilə bağlı tok-şoular keçiriləcək, dəyirmi masalar təşkil ediləcək və sosial çarxlar çəkiləcək”.
Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov da qadın polislərin artırılmasına xüsusilə diqqət ayıraraq söyləyib ki, Azərbaycanda mentalitetdən doğan bəzi streotiplər var, ona görə qadınlar kişi polislərlə ünsiyyətdə olmaqdan, zorakılığa məruz qaldıqlarını deməkdən çəkinirlər və məişət zəminində baş verən problemlərdə evə kişi polisin çağırılması da əlavə problemdir. “Əgər qadın polislərin sayı artırılarsa, qadınlar özləri də məişət zorakılığına məruz qalmamaq üçün daha ciddi mübarizə apararlar”.
M.Zeynalova “525”ə açıqlamasında bildirib ki, layihə18 ay davam edəcək və burada həm hökumət, həm də qeyri-hökumət təşkilatları birgə fəaliyyət göstərəcək. “Çünki dövlət nümayəndələri olmadan bu layihənin icrası çətindir. Həm də hökumət strukturlarında qadınların iştirakının aktivləşdirilməsindən də söhbət gedir. Eyni zamanda, ümumiyyətlə, qadınların bizim görməyə alışmadığımız iş yerlərində də işləməsi nəzərdə tutulur. Başa düşürük ki, qadınların başqa sahələrdə, polisdə daha çox təmsil olunması təklifinə qarşı çıxanlar olacaq, hətta bəzi qadınlar da iradlarını bildirəcəklər. Amma qanunda da ayrıseçkilik yoxdur, istənilən peşədə cinsindən asılı olmayaraq hər kəs işləyə bilər. Əsas məsələlərdən biri də iki siyasi sənədin hazırlanması, şikayətlərin düşgün araşdırılmasıdır. Çox zaman QHT-lər şikayətləri düzgün araşdırmağı bacarmır və bu səbəbdən də BMT-də Azərbaycanda zorakılığın həddinin nə dərəcədə olması, ümumiyyətlə olub-olmaması haqqında düzgün təsəvvür yaranmır. Layihə bitdikdən sonra nəticələr, problemlər və təkliflər Ailə, Uşaq və Qadın problemləri üzrə Dövlət Komitəsi və eyni zamanda BMT qarşısında qaldırılacaq. Layihənin gedişatında mətbuatla sıx əməkdaşlıq nəzərdə tutulub və bunun üçün əlavə olaraq müsabiqələr də keçiriləcək”.
Pərviz SADIQOV
05.04.2012
Çap et