525-ci qəzet

Musa Qasımlı: “Sülh imkanları tükənməyib”



Müsahibimiz millət vəkili, tarix elmləri doktoru Musa Qasımlıdır
–Musa müəllim, təxminən iki-üç həftə bundan qabaq ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən Azərbaycana və regiona səfər etdilər. Qeyd edək ki, hər dəfə də bu səfərləröncəsi müxtəlif bəyanatlar verilir, cəmiyyətlər, xüsusən, Azərbaycan cəmiyyəti nəyəsə kökləndirilir, ümidləndirilir, amma sonucda bu səfərlər və bu bəyanatlar heç bir nəticəsini vermir. Siz necə hesab edirsiniz, münaqişənin bu formatda davam etdirilməsinin bir mənası varmı?
– Ümumiyyətlə, 1992-ci ildən yaradılmış ATƏT-in Minsk qurupu – o vaxt ATƏM idi – özünün fəaliyyəti ilə artıq etimadı, ona olan inamı itirib. Azərbaycan cəmiyyəti ATƏT-in Minsk qrupunun nə isə görəcəyinə inanmır. Mink qrupu da abstrakt bir qurum deyil, o, ayrı-ayrı ölkələrdən ibarətdir
– Rusiya, ABŞ, Fransa və hesab edirəm ki, biz ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini tənqid etməklə bərabər, onların fəaliyyətinin gücləndirilməsi üçün öz işimizi görməliyik. Hətta, bu fəaliyyətdən imtina edilməsi məsələsini gündəliyə gətirmək olar. – Bu gün bunun üçün lazım olan prosedurlar varmı? Yəni, Azərbaycan tutaq ki, bu məsələni ciddi şəkildə gündəmə gətirdi, – hətta, bu Azərbaycanın dövlət rəsmiləri, yetkililəri səviyyəsində də səsləndirib, – o zaman bu formatdan imtina etmənin bir hüquqi proseduru varmı?
 – Təbii ki, bu Minsk qrupu ATƏT-in qərarı ilə yaradılıb. ATƏT də bütün beynəlxalq təşkilatların ana təşkilatı olan BMT-nin nizamnaməsi əsasında qurulub və ATƏT-in Minsk qrupu da ATƏT qarşısında hər il fəaliyyəti barədə təşkilata hesabat verir, eyni zamanda, təşkilat da müntəzəm olaraq lazım gəldikdə bu məsələ gündəliyə çıxanda BMT Baş Katibi qarşısında hesabatlar verə bilir. Mənim fikrimcə, hər hansı bir qurumun fəaliyyətindən imtina etmək ilk baxışdan asan olsa da, müəyyən diplomatik prosedurlardan ibarətdir və digər bir beynəlxalq təşkilata münaqişənin həllinin verilməsi heç də asan məsələ deyil. Bəzən belə fikirlər səslənir ki, münaqişənin danışıqlar yolu ilə həlli mandatı verilsin BMT-yə, onun Təhlükəsizlik Şurasına. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü ATƏT-in Minsk qrupunun üzvüdür. Yaxud da belə təkliflər ki, bu mandat Avropa İttifaqına verilsin. Axı, bu ölkələrdən-həmsədrlərdən biri
– Fransa Avropa İttifaqının üzvüdür. Ona görə mən hesab edirəm ki, hər hansı bir məsələni sıfırdan başlamaq lazım deyil, sadəcə, onu ölü nöqtəsindən tərpətmək lazımdır. Yenidən sıfırdan başlamağın Azərbaycana bir xeyri olmazdı. Amma onlara başa salmaq lazımdır ki, Azərbaycan ictimaiyyəti artıq ATƏT-in Minsk qrupuna heç bir etimad bəsləmir. – Bəs çıxış yolunu nədə görürsünüz? Həm bildirirsiniz ki, bundan imtina olunmalıdır , həm də qeyd edirsiniz ki, bu imtinanın, yəni, sıfır nöqtəsindən başlamanın özü münaqişənin həllini geriyə apara bilər. Bu baxımdan,sizcə, çıxış yolu nədədir?
– Biz mütləq həm ikitərəfli, həm də çoxtərəfli əsasda Minsk qrupu ilə və bütövlükdə Minsk konfransına daxil olan ölkələrlə iş aparmalıyıq ,eyni zamanda, həmin ölkələrlə ikitərəfli münasibətləri də genişləndirməliyik. Amma bu sirr deyil ki, dünyada ikili standartlar var və bu ikili standartların da hesabına bu məsələ indiyə qədər həll olunmayıb. Onu da qeyd edim ki, münaqişənin həllində bütün hallarda danışıqlara, sülh variantına üstünlük vermək lazımdır və neçə illərdir Azərbaycan bunu edir. Yüz gün müharibədənsə, bir gün sülh yaxşıdır. Demək istəyirəm ki, hələ ki, sülh imkanları, sülh limiti tükənməyib və axır-əvvəl bu münaqişə sülh yolu ilə də həllini tapacaq.
KAMİL










04.04.2012     Çap et  Çap et