525-ci qəzet

Prayono Atiyanton: “Azərbaycan və İndoneziya xalqlarının bir-birlərini yaxından tanımaları münasibətlərimizin daha da inkişafına gətirəcək”


 
–Cənab səfir, artıq bir neçə aydır Azərbaycanda diplomatik fəaliyyətə başlamısınız. Azərbaycanla bağlı ilkin təəssüratlarınız necədir?
 
–Mən ilk dəfədir ki, Mərkəzi Asiya dövlətinə, Azərbaycana gəlirəm. İlk dəfə Bakıya gələndə bədbəxtlikdən qar yağırdı, hava çox soyuq idi. Amma burda insanların isti münasibəti, qonaqpərvərliyi soyuğu tamamilə yox etdi. Bakıya fevralın 3-də gəldim. Xoşbəxtəm ki, elə gəldiyim gün ofisdə işə başladım, həmin gün xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüm, bir gün sonra isə Prezident İlham Əliyevin qəbulunda olub etimadnamələrimi təqdim etdim. Yəni bu proses tez baş verdi. İndoneziya ilə Azərbaycan arasında sıx əməkdaşlıq qurulub. Artıq 20 ildir ki, ölkələrimiz münasibətlərini əla səviyyədə davam etdirirlər. 
–Qeyd etdiyiniz kimi bu il Azərbaycanla İndoneziya arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü tamam olur. Siz ötən dövrü necə xarakterizə edərdiniz?
–Ölkələrmizin münasibətləri çox yüksək səviyyədədir. İndoneziya ilə Azərbaycan arasında siyasi sahəsində hər hansı problem yoxdur. Biz qarşılıqlı olaraq beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Digər sahələrə gəlincə, əlbəttə ki, mənim vəzifəm iqtisadi, mədəni, sosial və başqa sahələrdə əlaqələri inkişaf və təbliğ etdirməkdir. 
–İqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün nə kimi təşəbbüslər irəli sürmək niyyətindəsiniz?
–Bizim daha çox işləyəcəyimiz sahələr ticarət və sərmayə sahələridir. Xüsusi ilə sərmayə sahəsində işləməyə üstünlük verəcəyik. Çalışacağıq ki, qarşılıqlı gəlirlərin əldə olunması məqsədi ilə bu sahələri inkişaf etdirək.
–Sizcə iş adamlarına qarşılıqlı olaraq nələr təklif oluna bilər? 
–Düşünürəm ki, ilk növbədə iki ölkə arasında əməkdaşlığın necə inkişaf etdirilməsini müəyyənləşdirməliyik. Məsələn, azərbaycanlılar İndoneziyada kiçik sənaye, infrastruktura sahələrində əlaqə qura bilərlər. Eyni zamanda Azərbaycan neft və qazla zəngin ölkədir. Yəni maraq dairəsində olan sahələr çoxdur.Çalışmaq lazımdır ki, bu sahələrdə inkişafa nail olunsun.  Birgə istehsalat sahələri yaratmaq mümkündür. Bilirsiniz ki, İndoneziyada mebel sahəsi çox yüksək inkişaf edib.  Hazırda əsas əməkdaşlıq neft və qazın üzərində qurulub. Gələcəkdə bu əməkdaşlığın başqa sahələr də əhatə edəcəyinə ümid bəsləyirik. İndoneziya Azərbaycandan il ərzində 900 milyon dollar, Azərbaycan isə İndoneziyadan 13.2 milyon dollar həcmində neft və qaz alır.
–İndoneziya neftlə zəngin ölkədir. Azərbaycandan neft alınması zərurəti nədən yaranır? 
– Bəli, İndoneziya neft hasilatçısıdır, lakin bizim resurslar kifayət qədər deyil. Resurslar gec-tez tükənir, buna görə də biz alternativ enerji mənbələrinin inkişafı üzərində çalışırıq. Bu istiqamətdə Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindəyik.  Ola bilsin ki, İndoneziyanın bu sahədəki təcrübəsini  gələcəkdə Azərbaycan öyrənəcək. Əvvəl daha çox neft ixrac edirdik, indi də ixrac edirik. Biz 900 milyon ton neft ixrac edirik, amma bizə 1,2 milyard barell neft lazımdır. Qalan hissəni İndoneziya idxal edir. İndi indoneziya həm idxal, həm də ixrac edən ölkəyə çevrilib. Amma bizim ölkəmizdə neft və qaz mənbələri məhdud olduğu üçün onu tamamilə ixrac etmək yox, ağıllı şəkildə istifadə etmək istəyirik. Hazırda bizim ölkəmiz daha çox enerji sahəsində mərkəzləşib.
–İki ölkə arasında sərmayə yatırımları varmı? 
–Bu sahədə inkişaf üçün ümidlər var. Ötən il sərmayələrin təşfiqi üzrə Azərbaycan və İndoneziya arasında Bakıda görüş olub. Hazırda sərmayə qoyuluşu üzrə razılaşma sazişi üzərində iş aparılır. Bununla bağlı bu il növbəti görüş İndoneziyada olacaq və ümid edirik ki, son nəticə əldə ediləcək.  Digər tərəfdən, hələ ki, xalqlar arasında məlumat azlığı var. Azərbaycanın İndoneziya, İndoneziyanın Azərbaycan xalqını daha yaxından tanıması münasibətlərin daha da inkişafına gətirəcək.
–Sizcə bunun üçün birbaşa reyslərin açılması nə dərəcədə rol oynaya bilər? 
–Azərbaycandan İndioneziyaya üç istiqamətdə, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Qətər Hava Yolları vasitəsiylə reyslər var. Məncə azərbaycanlılar çox rahatlıqla İndoneziyaya uça bilirlər. Problem yüklərin keçirilməsi ilə bağlı ola bilər. Yüklər İran və Türkiyə ərazisindən keçirilməlidir. Yəqin ki, bu, problem gələcəkdə çözüləcək.  –Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziyanın mövqeyi barədə nə deyə bilərsiniz?
–İndoneziyanın bu məsələdəki mövqeyi bəllidir. Biz hər zaman Azərbaycanı müdafiə edirik və dəstəkləyirik. Qarabağ məsələsində də həmçinin. Ölkə üçün ən vacib məsələlərdən biri onun ərazi bütövlüyüdür. Azərbaycan İndoneziyanın ərazi bütövlüyünü tanıyır, biz də Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Bizim dövlətin mövqeyi belədir ki, Qarabağ münaqişəsi danışıqlar və sülh yolu ilə həll olunmalıdır. Mən prosesləri izləyirəm, bilirəm ki, danışıqlar hər iki ölkə tərəfindən davam etdirilir. Eyni zamanda Azərbaycanın bu məsələdə fəallığını görürəm. Ümid edirəm ki, münaqişənin həlli yolu yaxın gələcəkdə baş verəcək.  
–Yaxın zamanlarda iki ölkə arasında hansı yeniliklər gözlənilir? 
– Bu il iqtisadi əməkdaşlıq, ticarət və sərmayə üzrə sazişlərin imzalanması gözlənilir. Qeyd etdiyim kimi biz birbaşa ticarət əlaqələri qurmaq istəyirik.  Eyni zamanda təhsil sahəsində əməkdaşlığa dair layihələr var. İki ölkənin diplomatik akademiyalar arasında əməkdaşlığın qurulmasına dair müzakirələr gedir. 
PƏrvanƏ  




04.04.2012     Çap et  Çap et