525-ci qəzet

“2012-ci ildə vergi borcu olmadan” adlı aksiya keçirilib



Vergilər Nazirliyi (VN) vergi ödəyicilərinin vergi qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərinin vaxtında yerinə yetirilməsi üçün məlumatlandırılması, habelə vergi borcu olan vergi ödəyicilərinə borcları barədə məlumatların fərdi qaydada çatdırılması məqsədilə “2012-ci ildə vergi borcu olmadan” adlı aksiyaya start verib. Nazirlikdən verilən məlumata görə, martın 28 və 29-da VN-nin nümayəndələri vergi ödəyicilərinə vergi bəyannamələrinin təqdim edilməsi və ödəmələrin vaxtında həyata keçirilməsi haqqında bildirişlər paylayıb, borclu vergi ödəyicilərinin təsərrüfat obyektlərinə getməklə onlara borcları olması barədə məlumatları çatdırıblar. Eyni zamanda onların nəzərinə çatdırılıb ki, cari ilin aprel ayının 2-i hüquqi şəxslər üçün mənfəət, əmlak, yol vergiləri, fiziki şəxslər üçün isə gəlir vergisi üzrə bəyannamələrin təqdim edilməsinin və vergi ödəmələrinin aparılmasının son müddəti başa çatır, aprel ayının 20-i isə sadələşdirilmiş vergi üzrə bəyannamələrin təqdim edilməsinin son müddətidir.
Vergi ödəyiciləri aksiyadan razı qaldıqlarını ifadə edərək, belə aksiyaların keçirilməsi, borclar barədə onlara vaxtında və fərdi qaydada məlumat verilməsinin gələcəkdə bir çox problemlərin qarşısının alınması üçün ən təsirli vasitələrdən biri olduğunu bildiriblər.
BƏXTİYAR





31.03.2012     Çap et  Çap et