525-ci qəzet

Sarkozi Fransa telekanallarını hədələdi



Fransa prezidenti Nikola Sarkozi Tuluza şəhərində Məhəmməd Merah tərəfindən həyata keçirilən cinayətlərin görüntülərinin ortaya çıxması barədə xəbərlərə sərt reaksiya verib.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Nikola Sarkozi Fransa telekanallarının görüntüləri yayımlanmasına yol verməyəcəklərini vurğulayıb.
Fransa prezidenti bildirib ki, əgər özəl telekanallar, yaxud terrorçu qruplara yaxın media orqanları həmin görüntüləri yayımlasa, bunun qarşısını almaq üçün hökumət əlindən gələn hər şeyi edəcək. O deyib ki, görüntüləri əldə edən bütün telekanallar heç bir şəraitdə bu görüntüləri nümayiş etdirməməlidir.
Qeyd edək ki, Məhəmməd Merah 11 və 19 mart tarixlərində Tuluza şəhərində 7 nəfəri qətlə yetirib. Məhəmməd Merah daha sonra öz kamerası ilə çəkdiyi görüntüləri Qətərin “Əl-Cəzirə” telekanalına yollayıb. Görüntülərin “Əl-Cəzirə” telekanalı tərəfindən əldə edildiyindən xəbər tutan qurbanların yaxınları görüntülərin yayımlanmaması üçün telekanala müraciət ediblər. Nikola Sarkozi də bu müraciətə qoşulub. “Əl-Cəzirə” də bu görüntüləri yayımlamayacağını açıqlayıb.





28.03.2012     Çap et  Çap et