525-ci qəzet

Mübariz Qurbanlı: “Almaniyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini qeyri-qənaətbəxş hesab edirəm”



Bu gün Azərbaycan müstəqil dövlət kimi dünyanın 125 ölkəsi ilə diplomatik əlaqələrə malikdir. Bu baxımdan hər hansı bir ölkənin diplomatının, xarici işlər nazirinin Azərbaycanda fəaliyyət göstərən QHT təşkilatlarının təmsilçiləri, müxalifət partiyalarının rəhbərləri ilə görüşündə bir qəbahət görmürəm. Bu fikirləri parlamentin dünən keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı dilə gətirib. Millət vəkilinin bildirdiyinə görə, bu günlərdə Azərbaycanda rəsmi səfərdə olan Almaniyanın xarici işlər nazirinin qeyri-hökumət təşkilatlarının, o cümlədən müxalifət partiyalarının rəhbərləri ilə görüşünə də normal yanaşır: “Amma bununla belə, hesab edirəm ki, bu görüşün qapalı şəkildə keçirilməsi, onunla bağlı heç bir məlumatın verilməməsi müəyyən şübhəli məqamlardan xəbər verir. Bu gün Azərbaycanın inkişafını istəməyən, onu dünya arenasında nüfuzunun artmasından qorxan, əndişələnən qüvvələr var. Bu qüvvələr hər vəchlə Azərbaycanın daxili siyasətinə nüfuz etmək, “beşinci kolonna” yaratmaq istəyirlər. Ancaq bildirmək istəyirəm ki, bu cəhdlər əbəsdir. Bunlar baş tutan cəhdlər deyil. Bu baxımdan da Almaniya xarici işlər nazirinin görüşünün qapalı keçirilməsini normal qiymətləndirmirəm. Eyni zamanda, bu ölkənin Azərbaycandakı səfirliyinin də fəaliyyətini tamamilə qeyri-qənaətbəxş hesab edirəm”. Kamil HƏMZƏOĞLU




19.03.2012     Çap et  Çap et