525-ci qəzet

Günay Musayeva:“O qədər də qısqanc deyiləm”


 
Zəriflərin dünyası” İlhamə QASIMLInın təqdimatında

Evlənəndə sənədləşmə vaxtımızı çox aldı. Amma sağ olsun, Qənirə Paşayeva. O mənim sənədlərimin tez bir vaxtda İstanbula göndərilməsinə kömək elədi.
Nəslimiz ölkənin qabaqcıl ziyalıları – professor və akademikləri ilə məşhurdur.
Məncə, qısqanclıq münasibətlərini şübhə altına alan insanların yaşadıqları hissdir.
Siyasət mənlik deyil. Amma diasporun təşkil etdiyi tədbirlərə sevə-sevə qatılıram.
Türk mediasinın şou-biznesdən yazan qələm əhli çox acımasızdı. Bu ölkədə, məsələn, siyasətdən yazan jurnalistlər hansısa siyasi liderin ailəsinə xəyanətilə bağlı xəbərləri şərh edərkən birmənalı şəkildə şəxsi həyatın toxunulmazlığı prinsiplərini rəhbər tutub humanistlik göstərirlər, amma pərdəarxası şou-biznes həyatını gecə-gündüz təqib edən jurnalistlərçün bu qaydalar mövcud deyil. Onlar hədəflərinin sağlıq və ya həssas durumuna belə önəm vermədən xəbər ovunu davam etdirirlər.
Günay Musayeva-Tolqa Karel izdivacı türk şou-biznesində 2011-ci ilin evlilik hadisəsi kimi qiymətləndirilmişdi. Aktyor-musiqiçi Tolqa Karelin Azərbaycan gözəli Günay Musayeva ilə qəfildən evlənməsini və nigah mərasimini aparıcı telekanallar canlı yayınla xəbər vermişdilər. Beş ilə yaxındır Türkiyənin model biznesinə daxil olaraq burada ciddi uğurlar əldə edən Günay Musayeva, türk mətbuatının hər zaman izlədiyi və zarafatla “yaramaz cocuk” adlandırdığı Tolqa Karel üzündən jurnalistlərin ovuna çevrildi. Hazırda hamilə olan Günay Musayevanın həssas durumu belə, jurnalistlərin xəbərlərinə zərrə qədər də humanistlik qatmadı. İşə bax ki, bu acımasız təqibin hədəfi də ixtisasca jurnalistdi – Beynəlxalq Universitetin jurnalistika fakültəsini bitirən Günay Musayevanın bu sahədə böyük stajı olmasa da, Azərbaycanın aparıcı telekanallarında fəaliyyət göstərib, bir müddət teleaparıcılıq edib. Görünür, jurnalistikaya bələd olmasındandır ki, mətbuatla ünsiyyətdə ehtiyatlı və seçicidir. Adətən, verilən suallarla əvvəlcədən tanış olur, onları şəxsi senzurasından keçirib sonra cavablandırır. Bu müsahibədə olduğu kimi... Çıxarılan suallar əsasən, həyat yoldaşı Tolqa Karelin ətrafında baş verən son qalmaqallar, planladıqları Osmanlı üslubunda toyları, çalışdığı model agentliyi ilə bağladığı müqavilə şərtləri və Azərbaycandakı ailəsi ilə bağlı idi. Qalmaqallar onun danışmaq həvəsini azaldıb, küsəyən, duyğusal olub sanki... Bir müddət əvvəl Facebook səhifəsində dedi-qodulardan yorulub mərkəzdən uzaqlaşdığı ilə bağlı status yazmışdı...
İndilik podiumlardakı işinə ara verib serial biznesinə qatılmaqçün özəl dərslər almaqla məşğul olan Günayla müsahibəmiz də Facebook tanışlığından sonra oldu...

– Sizinlə bağlı bioqrafik məlumatlarda jurnalistika fakültəsini bitirməyiniz bəllidir. Özünüzü nə qədər jurnalist hesab edirsiniz? Bu sahədə heç çalışdınızmı?
– Bəli, universitetinin jurnalistika faklütəsini fərqlənmə diplomu ilə bitirmişəm. Fəaliyyətə gəlincə, hələ ali məktəbdə oxuduğum zamanlarda müxtəlif qəzet və jurnallarda təcrübə keçmişəm. Bakıda AzTV və “Azad Azərbaycan” kanallarında uzun müddət aparıcılıq etmişəm.
– Niyə məhz jurnalistikaya maraq göstərmişdiniz – qəbul imtahanlarında daha aşağı bal tələb olunduğu üçün, yoxsa bir yaradıcılıq istəyinizmi vardı?
– Yox, imtahanlarda aşağı bal toplamağın bununla əlaqəsi yoxdur. Mən universitetə yüksək keçid balı ilə daxil olan tələbələrdən idim. Uşaqlıqdan bu sahəyə olan marağım və istəyim jurnalistika fakültəsində təhsil almağımla nəticələndi. Seçimimə görə peşman deyiləm.
– Məlumatlardan birində sizin model biznesinə əyalətdən – Tovuz rayonundan gəlməyiniz vurğulanıb. Ümumiyyətlə, özünüz haqda bir qədər geniş məlumat verərdiniz...
– Yox, bu məlumat düzgün deyil. Modellikdən əvvəl mən aparıcı kimi tanınırdım. 1987-ci il fevralın 28-də ziyalı ailəsində anadan olmuşam. Nəslimiz ölkənin qabaqcıl ziyalıları – professor və akademiklərilə məşhurdur. Bəlkə də elə bu səbəbdən təhsilə önəm vermək məktəb vaxtından bu yana tək məqsədim olub. Məktəbi əla, universiteti isə fərqlənmə diplomuyla bitirməyim bunun sübutudur.
– Gözəlliyinizdə ana, yoxsa ata tərəfə çəkmisiniz?
– Təvazökarlıqdan uzaq olsa da, məncə, həm atamın, həm də anamın ən yaxşı tərəflərini özümdə birləşdirmişəm. Genlərin uşaqlarda öz əksini tapmasınınsa dəfələrlə şahidi olmuşam.
– Model yarışmasına qatılmaq qərarını necə verdiniz?
– Boyumun hündür olduğunu, parametrlərimin uyğunluğunu nəzərə alıb özümü bu sahədə sınamaq qərarına gəldim. Mənə elə gəlir ki, seçimimdə heç də yanılmamışam. İlk iştirak etdiyim yarışma Maltada keçirilən Beynəlxalq “Miss Bikini of the World” müsabiqəsi olub. Orada “Miss Bikini Sexsy look 2008” nominasiyasında qalib elan olunmuşam. 2009-cu ildə isə “Miss Bikini of the World 2009” nominasiyasında qalib gəldim. 2010-cu ildə gücümü “Best Model of Azerbaijan” model yarışmasında sınadım və münsiflərin rəyi ilə ölkənin ən yaxşı manikeni adını qazandım. Məhz bundan sonra mənə Türkiyədən iş təklifi gəldi. Erkan Özermanın təşkil etdiyi “Best Model of the World” yarışmasında isə First Runner Up seçildim. Hazırda Türkiyənin ən tanınmış modellərinin çalışdığı Selin Boronkayın Model Agetliyinin modeliyəm. Hamiləliyimlə bağlı işimə ara versəm də, inşallah may ayından sonra fəaliyyətimi yenidən bərpa edəcəm. Bu aralarda boş oturmuram. Hazırda peşəkar türk dili və aktyorluq kurslarına gedirəm. Növbəti mövsümdə məni sevənləri fərqli ampulada sevindirəcəm.
– Ailənizdə bu qərarınıza necə yanaşdılar?
– Ailəm hər zaman məni dəstəkləyir, bütün qərarlarıma müsbət yanaşır.
– Sizcə, modeldə hansı keyfiyyətlər, bədən və üz cizgiləri olmalıdır?
– Söhbət fotomodeldən gedirsə, üz cizgilərinin çəkici olması əsas şərtlərdəndir. Burada boyun uca olması o qədər də önəmli deyil. Əgər söhbət manikenlikdən gedirsə, təbii ki uca boy, uzun ayaqların olması, hər zaman baxımlı və formalı bədən quruluşu əsas sayılır. Keyfiyyətlərə gəlincə, önəmli olan manikenin podiumda nümayiş etdirdiyi paltarları düzgün təqdim etməsidir.
– İndiyə qədər Türkiyəyə bir çox Azərbaycan modeli və müğənnisi gəlib. Amma sizin kimi tanınanı olmamışdı. Türkiyədə bir yabançı kimi uğur qazanmaq yolunda çətinlikləriniz çoxmu olur?
– Düzdür, Türkiyədə bu sahəyə bu günədək bir çox modellər qatılmağa cəhd göstəriblər. Məncə, onların burda tanınmamasının əsas səbəbi modellərin professionallarla işbiriyi qurmaması ilə bağlıdır. Məncə, hər ucaboylu xanım özünü model adlandırmamalıdır. Hər sahədə çətinliklər var. Əgər işinin professionalı olmaq istəyirsənsə, təbii ki, buna əmək sərf etməlisən. Hər zaman axtarışda olub yeniliklər etməyə çalışmalısan. Öyrənməlisən və hər gün inkişafa doğru irəliləməlisən. Diqqət mərkəzində olmağın əsas şərti, məncə, işi düzgün qurmaqdır.
– Bu yaxınlarda Saba Tümerlə “Bu gün” proqramında bir şou-biznes müxbiri olan köşə yazarı dedi ki, mətbuat Tolqa Karelin evliliyinin ilk dövrlərdə bir layihə olduğunu və gerçək evlilik münasibətlərinə dayanmadığını ehtimal edirmiş. Bu kimi şübhəli münasibət və ümumiyyətlə, ögeylik münasibətləri olurmu heç?
– Belə məlumatları oxuyub gülürəm. Bunu mənə qarşı ögeylik kimi qəbul etmirəm. Çünki məni Türkiyədə sevən və dəstəkləyən dostlarım, həyat yoldaşım və heyranlarım var. Evləndiyimiz vaxtdan hamı bir aya ayrılacağımızı deyirdi. Amma nəticə göz qabağındadır. Məncə, ailə müqəddəsdir – nə olursa-olsun, onunla reklam xatirinə gündəmə gəlmək məsələlərinə qəti olaraq pis baxıram. Tolqayla tanışlığıma gəlincə, onunla Bolqarıstanda keçirilən “Best model of the world 2010” yarışmasında tanış olduq. Mən bu müsabiqədə ölkəmi təmsil edirdim. Tolqa da münsiflər heyətinin üzvü idi. Hər kəsin ona baxması, şəkil çəkdirməsi bir az mənə maraqsız gəlirdi. O vaxt yarışmada yüksək nəticə göstərməkçün çalışırdım. O ərəfədə Bakıda bəzi insanların səyi nəticəsində mənim “Best model of the world”dan uzaqlaşdırıldığım barədə şayiələr dolaşırdı. Evlilik barədə düşünmədiyim bir vaxtda gözlənilməz təklif aldım. Evlilik təklifini Tolqadan SMS vasitəsiylə aldım. Düzdür, bunu ciddi qəbul etmədim. Amma Tolqanın fikrinin qəti olduğunu görüncə, ona “hə” cavabı verdim. Tanışlığımızdan bir həftə qabaq ailə qurmaq barədə düşünməsəm də, bir SMS planlarımı alt-üst elədi. Bir maraqlı məqamı da deyim ki, Tolqa mənə “Best model of the world”da münsif olaraq heç bir qiymət verməmişdi. Onu deyə bilərəm ki, evlilik həyatıma pozitivlik qatdı. İndi səhərlər qəhvəaltımı hazırlayan, günə gülərüzlə başlamağıma səbəb olan, axşam dərdləşə biləcəyim bir həyat yoldaşım var. İstəmirəm evliliyimi reklam kimi qələmə versinlər. Belə fikirlərin yayılmasına da normal baxıram. Ən azından zəhməti bahasına məşhur olan Tolqa Karellə ailə həyatı qurmuşam.
– Sizin fəaliyyətinizi izləyərkən adamda belə təəssürat yaranır ki, qısqanclıq sizə görə deyil. Çünki Tolqa istədiyini edir, demək olar ki, əvvəlki müstəqilliyini əldən verməyib...
– Mən o qədər də qısqanc deyiləm. Çünki həyat yoldaşıma inanıram. Məncə, qısqanclıq münasibətlərini şübhə altına alan insanların yaşadıqları hissdir.
– Heç məişət həyatı yaşaya bilirsinizmi, yoxsa vaxtınızı əsasən işgüzar həyata həsr edirsiniz?
– Hazırda yeddi ay yarımlıq hamiləlik dönəmindəyəm. Əsasən evdə oluram. Dincəlirəm, bütün diqqətimi bətnimdəki uşağa yönəldirəm. Hərdən milli mətbəximizin ləziz xörəklərini də bişirirəm. Ev işlərində yardımçılarım var, amma bu o demək deyil ki, evdə heç bir iş görmürəm.
– Hamiləliklə bağlı həkim təqibiniz varmı? Bunu bilirsinizmi nəyə görə soruşuram – Türkiyədə bu prosesi yaxından izləyən və yaşayan biri kimi Azərbaycanla çox böyük fərqlərin olduğunu görmüşəm..
– Hamiləliyimin ilk aylarından həkim nəzarətindəyəm. Həkimim Türkiyənin tanınmış ginekoloqlarından olan Bilnur xanımdır. Hər ayın ilk həftəsi kontrol üçün xəstəxanaya gedirəm. Ultrasəs müayinəsindən keçirəm. Hətta bu yaxınlarda rəngli ultrasəs müayinəsində oldum. Oğlumun urək döyüntüsünü eşitdim, orqanlarının inkişafının şahidi oldum. Şükürlər olsun, uşağın inkişafında heç bir problem yoxdur. Məqsədim dünyaya sağlam övlad gətirməkdir.
– Tolqanın qohumları ilə münasibətləriniz necədir?
– Tolqanı hamı “Yarpaq tökümü” serialından tanıyır. Düzü, anam onunla evləndiyimi eşidəndə inanmadı. Hər şey o qədər tez baş verdi ki... Nigahıma yaxınlarımı çağırmağa belə imkanım olmadı. Heç Tolqanın valideynləri də gələ bilmədilər. Onun İzmitdə serial çəkilişləri olduğundan, elə nigahımız da İzmitdə kəsildi. Sənədləşmə vaxtımızı çox aldı. Amma sağ olsun, Qənirə Paşayeva. O mənim sənədlərimin tez bir vaxtda İstanbula göndərilməsinə kömək elədi. Nigahdan sonra Tolqanın valideynləriylə tanış oldum. Çox səmimi və mehriban anası var. Qayınatam isə çox diqqətcildir. Bəzən Tolqa çəkilişdə olanda evdə tək qalıram. Bu müddətdə qayınanam və qayınatamla gün ərzində ən azı on-on beş dəfə telefonla danışıram. Həftəsonları isə vaxtımın çox hissəsini onlarla keçirirəm. Qiyabi olsa da, mənim ailəm də Tolqayla tanışdır. Ailələrimiz tez-tez telefonla əlaqə saxlayırlar.
– Türkiyə və Azərbaycan hər nə qədər “bir millət-iki dövlət” desək də, fərqli mentalitet, fərqli adət-ənənələrimiz var. Hansı fərqliliklərimiz sizə maraqlı və təəccüblü görünüb?
– Mən ölkələrimiz arasında heç bir fərq görmürəm. Burda heç özümü yad ölkədəki kimi hiss etmirəm.
– Türkiyənin model biznesinə qatılandan sonra Azərbaycandakı model biznesi sizə maraqsız görünmurmü?
– Türkiyənin moda sektorunda çalışan maniken kimi tutduğum yerdən razıyam. Azərbaycana gəlincə, ölkəmizdə bu sektorun inkişaf etməməsiylə bağlı və iki ölkənin model biznesini müqayisə etmək barədə fikir bildirmək istəmirəm.
– Geyim stilinizi kim müəyyənləsdirir?
– Təbii ki, özüm.
– Paltarlarınızı hazır alırsınız, yoxsa modelyerlerə hazırlatdırırsınız?
– Baxır hansı geyimlərimi. Gündəlik geyimlərimi butiklərdən alıram. Həyatda əsasən rahat geyimlərə üstünlük verirəm. Qarderobumda bir çox dünya brendlərinin məhsulları var. Gecə əlbisələrinə gəlincə, onların çoxu hazır alınır. Amma Türkiyənin tanınmış modelyeri Erol Albayrakla da əməkdaşlıq edirəm. Gecə geyimlərimin əksəriyyətini isə Alexander McQueen, DG, Roberto Cavalli, Dior, Versace, Luis Vinton, Fendi, Kenzo, Viktor and Rolf, Alexander Wang və bir çox dünya brendləri təşkil edir.
– Doğumdan sonra formanızı itirməkdən qorxmursunuz ki?
– Hamiləlik dövründə çəkim təxminən 9 kilo artıb. Amma bu məni qorxutmur. Doğuşdan sonra tez bir zamanda formaya düşəcəyimi düşünürəm. Bunun da yeganə və əvəzolunmaz vasitəsi təbii yolla arıqlamaqdır. Məncə, dietoloqum tərəfindən tərtib olunacaq düzgün və sağlam pəhriz, gündəlik idman hərəkətləri vasitəsilə tez bir zamanda arzuladığım bədən quruluşuna nail ola biləcəm.
– Türkiyədə diaspor tədbirlərinə də qatılırsınızmı?
– Siyasət mənlik deyil. Amma diasporun təşkil etdiyi tədbirlərə sevə-sevə qatılıram. Ölkəsini sevən hər bir gəncin öz vətəni adına xeyirli işlər görməsinin tərəfdarıyam.
– Türk kanalları sizin Tolqa ilə birlikdə Çanaqqaladakı Azərbaycan şəhidlərinin məzarını ziyarət etmənizdən reportaj hazirlamışdı. Tolqa bu səfəri məhz sizin istəyinizlə reallaşdırdığını dedi və səbəbini Çanaqqalada Azərbaycan şəhidlərinin məzarının olması ilə izah elədi. Sizin vətənpərvər təşəbbüsünüz çox təsirli idi...
– Vətənini sevən gənc kimi Çanakkalada Azərbaycan şəhidlərinin məzarlarını ziyarət etməyim də vətən adına xeyirli işlər görmək istəyimin davamı idi. Mən Azərbaycanımı çox sevirəm. Ölkəmdə gedən uğurlu inkişaf hər bir vətənpərvər kimi məni də qürurlandırır.
– Tolqa Azərbaycan tarixinə, ümumiyyətlə, Azərbaycana maraq göstərirmi, yoxsa onun marağı sizinlə məhdudlaşıb?
– Deməzdim... Tolqa da Azərbaycana maraq göstərir. Tariximizlə maraqlanır. Mətbəximizi bəyənir. Musiqilərimizi sevə-sevə dinləyir. Onun ən böyük arzusu Azərbaycana getməkdir. İnşallah, yaxınlarda onun bu istəyini yerinə yetirəcəm.
Ankara
 
 
 
 
 





19.03.2012     Çap et  Çap et