525-ci qəzet

ORALARDA KİMLƏR VAR:SƏKSƏNDƏN DOXSANA UZANAN YOLDAKILAR


 
Hər halda bu “Azərbaycan” jurnalı da canlı bir insan kimi olmalı ki,o da 90 yaşına girir və ədəbi camiəmiz bu DOXSAN   yaşı inşallah təntənəli qeyd edəcək.Ən azından Yazarlar Birliyində bir mərasim keçirilməmiş olmaz, amma vallah, bu “Azərbaycan” jurnalı buna tam layiqdi, heç deyilsə bu məmləkətin adını daşıyır və bax e... gör neçə illərdi... 89 il öncə bu jurnal hansı adla çıxıb xəbərim yoxdur, çünki tədqiqatçı-zad deyiləm və əgər mənə demiş olsalar da,unutmuşam bunu... (Ancaq jurnalın indiki baş redaktoru, tənqidçi İntiqam Qasımzadənin keçdimiz günlərdə “525-ci qəzet”ə verdiyi çox məzmunlu və qabaqcadan SOS kimi səslənən sorğudan bildim ki, bu jurnalın ilk adı “Maarif və Mədəniyyət” olub. İlk baş redaktorluq bəxtəvərliyi də Tağı Şahbazi Simurqun bəxtinə düşüb).
Doxsan yaşlı bu jurnalın bütün fəaliyyəti ərzində, mənim də bir o qədər gənc olmadığımı nəzərə alsaq, bu jurnalla bağlılığım sıxı olmayıb və mən bu jurnalda heç zaman cani-dildən və könüldən çap olunmamışam ... Ta ki...
Heç bir gileyim də yox, əvəllər çox cavan olmuşam.Yazarlar Birliyinin qapıları şəxsən mənim üzümə açıq olmayıb. Demək “Azərbaycan” jurnalı da uzun illər bu Birliyin qanadı altında olduğundan, mən bura gəlib getməmişəm və xatirimdədi ki,cəmi bir vəya iki dəfə şeirlərim çap olunub və bu o zamanlar idi ki, məsul katib rəhmətlik Ağacavad Əlizadə idi, mən də ona zarafatla deyirdim: məni Azərbaycan dilindən Azərbaycan dilinə tərcümə eləmisiniz.Yəni şeirimə ağıla gələn misralar yazıb redaktə etmişdilər. Və mən də bu gün xatirə-matirə yazmaq niyyətindən çox uzağam, heç elə bir xatirəm də yox...və daha bir neçə şeyi xatırlaya bilərəm ki,onlar da bir o qədər şirin şeylər deyil,ruhu bu dünyada gəzən yaradıcılarımız üçün.
Sonralar bir dəfə cani dildən və könüldən şeirlərim çox geniş çap olunub və özü də JURNALI MƏNİM ŞEİRLƏRİMLƏ AÇIBLAR ( sən demə bu da önəmli şey imiş) və özü də pis şeirlər olmayıb,mən bilən.Ona görə belə deyirəm ki, o şeirlərin çapına imza atan İntiqam Qasımzadə sağ olsun və həmin şeirləri çox böyük zəhmətlə çapa hazırlayan, jurnalın əməkdaşı, sakit təbiətli və mənim də çox çəkinə-çəkinə tanış olduğum, bir az mənə qaraqabaq gələn Südabə xanım əfəndi Ağabalayeva ( vallah, əvvəllər bu xanım əfəndinin adını elə hey unudurdum və o da son dərəcə nəzakətlə heç bir şey demədən yanlış dediyim o adı qəbul eləyib məni dinləyirdi,indi daha unutmuram. Necə unudum ki,bu xanım əfəndi mənim 70 yaşım münasibətiylə bir yazı yazdı... bir yazı ki, dünya boyda tənqidçilər yığışsa da o yazını yaza bilməz. Həqiqətən elədi,cənab tənqidçilər. Bağışlayın vəzifə aludəçiləri. Tərifçilər dəstəsi. Başda dünya ədəbiyyatı bilicisi və Azərbaycanda bir neçə şairin təkrar-təkrar təqdimçisi,adını yazmayaq,tənqidimizdən ayıbdı.) çox ağır bir iş görməsinə rəğmən, düşünün, məsələn gözəl yazıçı Seyran Səxavətin 500 səhifəlik bir romanını diqqətlə oxuyub səhvlərini düzəldir və belə çox səhifəli romanlar da maşallah bizim ədəbiyyatımızda çox, özü də latın dilində oxuyur, mənim o şeirlərim haqqında lütf dolu o qədər sözlər dedi ki,mən indi də vallah utanıram...
Təbii, mən tənqidçi və gözəl bir ziyalı ailəsindən çıxmış amma, bunu heç zaman gözə soxmayan və hətta bundan heç zaman indiki məqamda bir çoxları kimi reklam olaraq istifadə eləməyən İntiqam Qasımzadədən, jurnalın baş redaktorundan başlamalıydım ki,o son dərəcə demokratik bir ab-hava yaratmış və hətta elə bir ab-hava yaratmış ki, bəzən yazı gətirən bir gənc yazar da keçib oturur onun kreslosunda və (nəzərə alsaq ki,mənim yaşıdlarım nəinki uzun illər öncə baş redaktorların otağının qapısından belə baxa bilməzdik, indi düşünün bu necə bir demokratiyadı) hətta bunu bir az sataşma kimi yazanlar da oldu ( müsəlman qılınc müsəlmanıdır, bunu unutmayaq). Yenə də təkrar edirəm:düşünün ki, bir zaman nəinki baş redaktorun kreslosunda oturmaq vardı,heç ona şeir oxumaq belə zor iş idi ( hətta müavinini belə görmək zor idi).Şəxsən mənə heç bir redaktorla üz-üzə gəlmək qismət olmayıb, bu az-maz yazı-pozuyla məşğul olduğum illərdə.Bir az irəlinin ən demokratik baş redaktoru olan hörmətli Əkrəm Əylisli ilə də mən üz-üzə gəlməmişəm. O zaman Əkrəm müəllimin bir neçə kumiri vardı ki,başından əksik olmazdılar.İndi Əkrəm müəllim onların vəfasızlığından yaxınır.Amma Əkrəm müəllim onlara hər şey öyrətsə də görünür VƏFA MƏDƏNİYYƏTİ deyilən bir şeyi öyrədə bilməmiş. Əkrəm müəllim mənim bir mübahisəli şeirimi “SEVMƏK İSTƏYİRƏM ATAMI” şeirini çap eləyən baş redaktordur.
Və İntiqam Qasımzadə əsilzadəlikdən gələn bir davranışla və bir mədəniyyətlə qapıları taybatay açıb və əsilzadəlikdən gələn bir davranışla, unudulmaz yazıçımız və “Azərbaycan” jurnalının özündən öncə baş redaktoru işləmiş Yusif Səmədoğlunun portretini ( diqqət!!! diqqət!!! Başqa yerləri düşünün və hətta, Yazarlar Birliyinə bitişik bir firma var, ora baxın, təbii bu da lazımdır) başının üstündən asıb ki, bəs varislikdə mən bu adamın varisiyəm və bunu həyata keçirir də...amma bir az fərqli yenə də: çox az içki məclislərinə qarışar, çox az mübahisələrdə iştirak eləyər və son dərəcə səliqə ilə işə gələr.Amma əməkdaşlara “gəlin deməz” ( onlar artıq uşaq deyillər) onların da insafına qurban olum : Əməkdaşların çoxu ikinci növbədə işləyir. Bu baxımdan görüşmək üçün burnumun ucu göynəyən... vah... vah... çox istedadlı yazıçımız Məmməd Oruc da eləcə. Amma nəsr şöbəsi həqiqətən gözəl əsərlər çap eləyir eşitdiyimə görə,eşitdiyimə görə deyirəm, çünki onların bir çoxunu oxumaq mənə qismət olmur.Uzun-uzun əsərlərdir, hövsələ də ki yox...
Jurnalın aparıcı əməkdaşlarından Əsəd Cahangir şəxsən özünün tərif olunmasını sevir, amma adı tənqidçidir və bunu da başa düşmək olar, gəncdir, İSTEDADLIDIR,ALİM KİMİDİR LAP,SON DƏRƏCƏ SAVADLIDIR,vaxt var ikən bir yerlərə gedib çıxmaq üçün görünür təriflənməlisən və işinin də çətinliyini başa düşüb ona haqq qazandırıram.O boyda əsərləri oxumaq, onun yaşında müşkül bir işdir.Amma baxın, bu adam bu yaşda o boyda jurnalda tənqid şöbəsinin müdiri və yenə də azdır deyir, gərək mən daha çox şeylər qazanam.Tamam qardaşım,qazan sənin əlini-qolunu bağlayan yox və başladı jurnal buraxmağa “KÖRPÜ” adında və dəhşətli budu ki,özüylə Yazarlar Birliyi arasında olan körpünü də laxlatdı. Adam tənqidçi, şirin söz istəyir və adamın dilində bitən bir-iki ad var ki, onların haqqında yazmaqla ürəyi soyumur və şifahi də onları təbliğ eləməklə məşğuldur...(burda bir parantez açım: çox sayğılı tənqidçi mütləq düşündü : ONUN HAQQINDA YAZMAMIŞAM ONA GÖRƏ DƏ BELƏ DEYİR).
Nə düşünür,düşünsün...Allah köməyi olsun...
Onun bir həmkarı var,tənqid sarıdan deyirəm,baş redaktor müavinidir, həm də tənqidimizin ağır topudur – Vaqif Yusifli və o da bu jurnalda,ən önəmli simalardan biri.Qarıdı bu jurnalda bizim tərəflərdə belə deyirlər vallah, Allah daha çox ömür versin, daha heç yerə gedən deyil.Yaradıcı ömrünün böyük yarısını bu jurnalda keçirib, inşallah indi olmasa da jurnal doxsanına, Vaqif də altımışına gələndə ( ura!!!! Arzum çin oldu) bəlkə bir şey düşündülər onun haqqında.( Düşündülər də: oldu ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ!!!!!!!).
Amma, vallah, onun işi dəhşətdir, çox işləyir, daha doğrusu müsibət işləyir, yəni bu boyda əsərləri oxuyub, şeir heç, şeiri oxumaq olar, bu boyda romanları,povestləri oxuyub və onları redaktə eləmək ( deməyin ki, demokratiyadır, nə redaktə,məhz elə demokratiya vaxtı redaktə vacib imiş sən demə) və ərsəyə gətirmək,necə deyərlər, vallah zor işdir.Hələ üstəlik də, “Ədalət” qəzetində hər həftə sonu bir səhifə yazı yazır. Neyləsin dolana bilmir də. Bu qədər işin altında mən onu hirslənən görməmişəm və bir dəfə acıqlanıb.O da haqlı acıqlanıb: bir müəllif gəlib yanına,adam yaza bilmir və qızara-qızara bu boyda adama və müəllimi yerində bir şəxsə deyir: siz məni qısqanırsınız.
O da tənqidçi olmaq istəyir, cavan adamdır.
Aman Allahım, Vaqif Yusifli hara, kimisə qısqanmaq hara.İndi Vaqif Yusifli həyatının və yaradıcılığının elə bir məqamındadır ki,onu qısqanmaq olar.O öz dəyərini bilir və boş yerə ona TƏNQİDİMİZİN AĞIR TOPU demirlər.
Al gəldi...
İkinci növbədə işləyən bir gənc dostumuz da var: Musa Mərcanlı.O da bu jurnala az zəhmət qoymur və başqa bir gözəl jurnal – “İRS NASLEDİE” adlı jurnalı çıxardığı üçün Moskvaya da gedir, amma ordan yalnız elə öz jurnalını gətirir.
Bir nəfər də var orda “qarıyan” : Tofiq Mahmud. (Sağdımı, yoxsa Vətəni tərk edibmi.... uzun illərdi xəbərim yoxdu).ZƏHMƏTKEŞ bir insan...Çünki yazı yazmaz, romanı yox, şeiri yox, hekayəsi yox və dəhşətdi ki, yazıb çap etdirə bilər, amma eləmir, Allah ona yazmaq bacarığı verməyib.Onu da belə qarğıyıb..Allah bilir kimə nə eləyir. Sadəcə yeni kitabları təqdim etməklə məşğuldur...
Yalnız arada bir davamız düşür: bir çox zaman yazılarına T.M. imzasını qoyur. Və o zaman dilxor oluram, ona görə ki, rəhmətlik Qulam Məmmədlinin “İMZALAR” kitabında mənim imzalarımdan biri də T.M.olaraq göstərilir. Və beləcə məsələ qarışır.( Bu not tarix üçündür.Mənə o tarix qismət olmasa da, Tofiq Mahmuda qismət olar inşallah)...
Sara xanım Nəzirova gözəl yazardı və jurnalın əməkdaşı kimi, vallah heç üz-üzə gəlmədik. Mən nəsr yazmıram, yazsam da jurnala heç verməmişəm ( uzun illər bundan qabaq bir nəsr əsəri verdim ora,sevimli Məmməd Oruc da ona bir tərifli ÖN SÖZ yazmışdı, amma yazını elə redaktə eləmişdi ki,çap olunası sifət qalmamışdı onda. Odu-budu daha üstünü vurmadım.
Daha iki xanım var: sakit,mədəni,son dərəcə nəzakətli xanımlardır. Heç kəsi incitmədən işə gələndə gələrlər və gedərlər. Mehribandılar,istiqanlıdırlar.Qapılarında pərdə. Sakitcə işləyirlər özləri üçün.Birisi Nəzakət xanım.Ədəbi camiənin əski insanlarından.O birisi: vallah onun adını yenə də unutdum hələ soruşdum da a...
Jurnalın ən müəmmalı əməkdaşı Mübariz Cəfərlidir ki, nasirdir və o üçüncü növbədə işləyir: yəni, saat beşdə gəlir işə və son dərəcə simic kimi ad qazanıb.Və bu söz də mənim xətrimə toxunur: çünki yalan-gerçək deyir ki, mən Salyan tərəfdənəm, Neftçaladanam, amma qiyafətindən Şamaxılıya oxşayır,özü də Primbeyli tərəflərin adamlarını xatırladır.
Vay, dədəm vay...Mən Səyavuş Sərxanlı kimi gəzəl bir dostu və şairi necə oldu ki, unutmuşam.Dayan...dayan... Aman Allahım, sən özün məni bağışla.Bağışla ki, çox zaman publisistikadan danışanda, adımın onunla birgə çəkildiyi belə yazarı necə də yaddan çıxarmışam.
Bu illər ərzində məncə yalnız bir dəyişiklik olub: Rəhmətlik Səyavuş Sərxanlının postunda əyləşən şair Qəşəm Nəcəfzadə gəlib ora. Necə gəlib, Allah günahından keçsin. Tanışlığımız uzun deyil, amma o məni yaxşı tanıyır.Yaxşı tanıdığı üçün də bir gün mənə zəng edib dedi: SƏN NƏ ADAM KİMİ ADAMSAN,NƏ DƏ ŞAİR KİMİ ŞAİR. Odu-budu mən ora üz tutmuram.
Bu da bir yazıdır yazdım. Daha nə yazım: yazım ki, “Azərbaycan” jurnalı çox savadlı, çox populyar, günümüzün tələblərinə cavab verən bir nəşrdir və poliqrafik cəhətdən daha çox gözə girən bir jurnaldı və hər zaman uğurlu əsərlər çap eləyir və burada işləyənlərin zövqü çox müasirdir və hətta zamanı qabaqlayırlar, əvəzsiz dost və insanlardırlar... daha nə bilim nələr...nələr... yazmaq da olar.
Bu bir dost sözü.Bunu da belə yola verdik.
Hər biriniz DOXSAN yaşayasınız, dostlar!
Sonrası Allaha əmanət! 
Not:Bəzi əməkdaşların fotosunu tapa bilmədiyimiz üçün onlardan üzr istəyirik.
 
Tofiq ABDİN
[email protected]
tofigabdin.com





Mənbə: Tofiq ABDİN18.03.2012     Çap et  Çap et