525-ci qəzet

Hətəm Quliyev: “Sevgi məktublarımızı Seyran yazırdı”


 
“Yaxşı ki, Seyran Səxavət poeziyada qalmadı, yoxsa biz nə yazardıq” – bu fikri onun dostlarından biri – Ramiz Rövşən deyib. 
Daha bir dostu Adil Hacıyev deyir ki, onun əsərlərini heç vaxt sona qədər oxumuram, çünki o qədər həyatı yazır ki, hadisələr mənə tanış gəldiyindən sonu da yadıma düşür. 
Yaxın dostu, xalq artisti Fuad Poladov: “Seyran Səxavət mənim üçün yazıçıdır, dostdur, ya sevən, ya da sevməyən, orta vəziyyəti qəbul etməyən insandır. Bütöv insandır”. Bu adamların adlarını dostları cərgəsində Seyran müəllim özü çəkdi. Mən də müxtəlif sahələrdə çalışan bu adamların hərəsinin bir fikrini verdim, sonda biri, akademik Hətəm Quliyevlə daha ətraflı “qeybətləşdik”, hərçənd Seyran müəllim onun haqqında sadə dostlarından birinin danışmağını istəyirdi, məsələn, Adil Hacıyevin. Deyir ki, Hətəm müəllim akademik kimi danışacaq. Hətəm müəllim özü də belə hesab edirdi, amma məmnuniyyətlə razılıq verdi. Adil Hacıyev isə Hətəm müəllimin Seyran Səxavət yaradıcılığını əzbərdən bildiyini, onun danışmağının münasib olduğunu dedi. Bir sözlə, az qala Seyran Səxavətə ilin-günün bu vaxtında, mizan-tərəzinin özünün belə karıxdığı vəziyyətdə bu cür dostları olduğuna görə qibtə etdim. İndi dostluğu, dostları qoruyub-saxlamaq da hər adama qismət olmur. 
Keçək Hətəm Quliyevlə söhbətə. 
Seyranın boks
çempionunu döyməsi
Seyran, Adil və mən – üçümüzün uşaqlığımız bir yerdə keçib. Seyran çox dəcəl uşaq idi. O, kənddə yaşayırdı, biz rayon mərkəzində. Hardasa 6-cı sinifdən Seyran rayon mərkəzinə tədbirlərə, kitabxanaya tez-tez gəlib-gedirdi. O vaxt da elə bir ənənə vardı ki, kənddən gələn uşaqları rayon mərkəzində sıralarına qəbul etməzdilər, gürgəyirdilər, döyürdülər. Seyran da orda davada, burda davada, axır sıramıza yaxşı daxil oldu, özünü döydürən olmadı, yerini də tutdu. Zeynal adlı bir dostumuz vardı, Seyran rayon mərkəzinə gələndə Zeynal bunu yaxşıca əzişdirmişdi. Seyranı yıxıb özü də çıxıb üstünə onu döyür, Seyran da altdan yuxarı hədə-qorxu gəlir ki, burax məni, dursam səni əzəcəm. Sonralar bu hadisəni yada salıb çox gülərdik. Seyran evə gedəndə bacısı lağa qoymuşdu ki, Zeynal səni döyüb, gücün çatmayıb ona. Seyran danışır ki, gecə-gündüz düşünürdüm ki, bu töhmətin altından necə çıxım. Artıq Zeynalla dostlaşmışdılar, amma Seyran o dərdlə yaşaya bilmirdi ki, Zeynal onu döyüb. Bir gün cavan vaxtı gediblər İstisuya yeyib-içiblər, daha doğrusu Zeynalı içirdir, özü içmir. Zeynal tamam süstləşəndən sonra Seyran salır onu yumruğun altına. Zeynal özünə gələndə görür ki, üz-göz gömgöydür, deyir bu nədir belə? Seyran deyir ki, indi fəxrlə gedib bacıma deyəcəm ki, Zeynal məni döyəndə heç boksçu deyildi, indi boksçu Zeynalı döymüşəm. Həmin Zeynal boks üzrə çempion oldu. İndi rəhmətə gedib... 
Gördüyü gözəldən göz
kirəsi istəyirdi
Uşaqlıqdan hiss olunurdu ki, bu adamda qeyri-adi nə isə var, çox həssasdır. Dostları elə yaxşı seçmək qabiliyyəti vardı ki, onun oturub-durduğu uşaqlar arasında avaraya rast gəlməzdin. Yaxşı ailəsi vardı – sakit, sadə. Anası yaxşı ana idi, Seyrana da, bizə də, o qədər qaynayıb-qarışmışdıq ki, analarımız da bizi seçib ayırmırdılar. 
Seyran əldə olunmuş nailiyyətlə kifayətlənib oturan deyil, yalnız özü üçün deyil, dostları üçün də belədir. Onların kəndində məktəbə Murad adlı gənc riyaziyyat müəllimi gəlmişdi. Mən də uşaqlıqdan riyaziyyatı çox yaxşı bilirdim. Seyran ona mənim haqqımda danışıb, sonra da bizi tanış elədi. Nəticədə o müəllim mənim riyaziyyatdan potensialımı görüb dostlaşdı mənimlə və üstümdə əməyi oldu, riyaziyyatdan onunla çox şey öyrəndim. Seyran fəxr edirdi ki, dostunun qabiliyyəti, istedadı var və onu inkişaf etdirmək lazımdır. Seyranın həyatında iki məqam dəyişməzdir – biri yaradıcılığıdır, ikincisi dostları. 
İlk şeirlərini bizə oxuyurdu. Hamımızın sevgi şeirlərini Seyran yazırdı, amma ilk dəfə onun şeir yazdığının bir tədbirdə şahidi olduq. Təzə-təzə kənddən rayona ayaq açan vaxtları idi, bir dəfə Bakıdan elm və mədəniyyət adamları gəlmişdilər, Füzuli zəhmətkeşləri ilə onların görüşü keçirilirdi. Rayon ziyalıları, söz adamları da bu tədbirdə çıxış edirdilər. Seyrana da söz verildi, orta məktəb şagirdidir, çıxdı öz şeirlərini oxudu. Onda biz də Seyranı artıq ciddi adam kimi qəbul etdik ki, şeir yazır, rayonu təmsil edir ədəbi dairələrdə. Şeirlərinin rayon qəzetində çap olunduğunun da o zaman fərqinə vardıq, sən demə, bunun rayon mərkəzinə tez-tez gəlib-getməyinin əsl səbəbi bu imiş. Bizdən bir sinif yuxarı oxuyurdu, orta məktəbi qurtarandan sonra birinci il qəbul oluna bilmədi, şərqşünaslıq fakültəsinə növbəti il qəbul olunmaq üçün gərək iş stajın olaydı. Seyran da bizim rayon məktəbində direktorun təlim-tərbiyə üzrə müavini işlədi. Bu minvalla daha da yaxından dostlaşdıq. O vaxt hələ nəsr yazmırdı. İlk kitabı da tələbə vaxtı şeir kitabı kimi çıxdı. Tələbə vaxtı da dostluğumuz davam elədi. Futbola, teatra gedərdik bir yerdə, vaxtımızı bir yerdə keçirirdik. Yenə sevgi şeirləri yazırdı. Tələbəlik, gözəllər çox, Seyran da gördüyündən göz kirəsi istəyirdi. Elə indi də elədir. Yoldaşı bu baxımdan ona yaxşı dözür. Onların arasında çox gözəl səmimiyyət, inam, demokratiya var, dözmək də bundan irəli gəlir. Xanımı bilir ki, bu şairdir, gözəl gördü, biganə qala bilməz, ona bir şeir yazmalıdır. 
Seyranın ilk evliliyi yadıma gəlmir, çünki mən həmin dövrdə Kiyevdə yaşamışam. Bilirəm ki, üç uşaqla ailəsindən ayrılıb, ikinci dəfə evlənib. Seyran müəllim həyat yoldaşı olaraq çətin adamdır. Onun üçün yaradıcılıq, dostlar ailədən öndə durur. Uşaqlarını çox sevir, diqqət ayırır, onlarla daha çox vaxt keçirir, amma bununla belə onlar yaradıcılıqdan sonradır. Yaxşı da babadır, nəvələrini çox sevir. Nəvələrinə uşaqlarından daha çox diqqətlidir. Görünür, yaşlaşdıqca bu keyfiyyət onda yaranmağa başlayıb. Spesifik adamdır. Bir dəfə oğlundan soruşublar ki, Seyran Səxavəti oxuyursan? Cavab verib ki, mən heç Füzulini oxumuram, Seyran Səxavət kimdir? Bax, bu cavabı yalnız Seyran Səxavət kimi insandan tərbiyə alan adam deyər.
Sözün başına Seyran kimi oyun açan ikinci yazar
tanımıram
Bu saat Seyran həyatının çətin dönəmini yaşayır. Heç yerdə işləmir, bir yerdən bir qəpik gəliri yoxdur. İldə-əyyamda kitabı çap olunarsa, satışından nə isə gələr, ya yox, bununla necə dolanmaq olar. Xanımı orta məktəbdə müəllimə işləyir, vəziyyətdən çıxa bilirlər. 
Dostlarına haqlı ərk edir, onlardan haqlı olaraq inciyə də bilər. Yad adamdan heç vaxt nə heç nə ummaz, nə də inciməz. Dostdan inciyər, çünki dostlarını çox sevir. 
Seyran müəllim haqqın, ədalətin tərəfindədir. Situasiyadan, cəmiyyətin vəziyyətindən asılı olmayaraq o mövqedədir. Haqqın, ədalətin yanında olmaq asan iş deyil. Ona görə də onu bütün Azərbaycan tanısa da dostları azdır. Xalq onu çox sevir, yaşlılar da, gənclər də. 
Onun bütün əsərlərini oxumuşam. İyirmi il Kiyevdə yaşayanda Azərbaycan ədəbiyyatı ilə nəfəs alırdım. Dünya ədəbiyyatını da oxuyub Azərbaycana, onun ədəbiyyatına kənardan baxırdım. Azərbaycan jurnallarına abunə idim, hamısını son nöqtəsinə qədər oxuyurdum. Bu barədə Seyrana da təsirim keçirdi, deyirdim ki, sənin potensialın var ki, Azərbaycan ədəbiyyatını ənənəvilikdən çıxarasan. Seyranın imkanları bu baxımdan daha genişdir. Belə söhbətlərimizdən sonra “Nekroloq”, “Yəhudi əlifbası” əsərləri yarandı. Bir dostumuz deyir ki, Seyran, bu “Yəhudi əlifbası” elmi əsərdir, elə yaz ki, biz dincələrək zövq alaq. Mənim nəzərimdə “Yəhudi əlifbası” əsərinin bədiiliyi, sözdən istifadə baxımından Azərbaycan ədəbiyyatında təkrarı yoxdur, ikinci onun kimi dəyərli əsər hələ yazılmayıb. 
Üç möhtəşəm hekayəsi çox xoşuma gəlir – “Boynu əyri kişi”, “Cəhənnəm”, bir də “İt intervüsü”. İndi tənqid yoxdur, yoxsa çox böyük araşdırma mövzusu olan əsərləri var Seyranın. Azərbaycan ədəbiyyatında sözü Seyran qədər oynadan, ondan qədərincə istifadə edən başqa yazar tanımıram. Sözün başına oyun açır.
Seyran dostlarının hər kiçik uğuruna çox sevinir. Birinin ad günü olsun, hansımızsa ev alaq, uşaqlar ali məktəbə girsin, hamısında Seyran çox sevinir. 
Ən çox onu narahat edən uşaqların yerbəyer ola bilməməsi, iş yeri tapa bilməməsidir. Uşaqları hamısı təhsil alıblar, amma heç bir yaxşı iş yeri tapmayıblar. İndi elə övladlar çoxdur, bilikləri var, amma yerləri yoxdur. Seyranın uşaqları elm, mədəniyyət, ədəbiyyat adamlarının əhatəsində böyüyüblər. O ətrafda yetişən uşaqlar gedib göy sata bilməzlər, kiminsə maşınını yuya bilməzlər. Mənəvi baryer var, o uşaqlar keçə bilmir. Elmi dərəcəsi olan adam da ən aşağı səviyyəli işi görə bilər, əgər bu səviyyəyə o mühitdən gəlibsə. Ziyalı ailələrdə çox çətindir.
Yaxşı musiqidən Seyranın tüklərinin biz-biz durduğunu görmüşəm. Çox həssas, kövrək adamdır. Emosional təsirlərə çox açıqdır. Dostlarla yaxşı yeyib-içməyi var. Əsas birgə vaxtlarımızı yeyib-içməklə, ədəbiyyatdan fikir mübadiləsi etməklə keçiririk. İndiki nəsrdə yeni bir yazar olmadığından danışırıq, Seyran deyir bu saat nəsrdə qatır nəsli var, düz deyir. Şeirdə yaxşı imzalara rast gəlinir, yeni fikir deyənlər var gənc şairlər arasında, nəsrdə yoxdur. Hər bir halda onların özündən əvvəlkiləri tənqid etməyə haqları çatmır. Qoy, gənc yazarlardan biri “Nekroloq”un elə təkcə birinci cümləsi kimi tutarlı bir cümlə desin, sonra Seyranla bəlkə üz-üzə oturmaq imkanı qazana. Seyranı hələ min il bundan sonra oxuyacaqlar, elə yazardır. Hayıf ki, bizdə hələ elə bir məktəb formalaşmayıb ki, yazar sərhədlərimizdən kənarda tanınsın. Bu nə Seyranın, nə Ramizin, nə də Musa Yaqubun işi deyil. Onları tanıtdırmaqla xüsusi adamlar məşğul olmalıdır, o da gələcəkdə olacaq. Necə ki, şouda, elə də ədəbiyyatın prodüserləri yaranacaq. 
Seyranın əsərləri tamaşaya qoyulub və çox böyük uğurla, təntənə ilə premyeraları keçib. 
Əsərləri hamısı həyatdan götürülüb, real hadisələrdir. Seyran çox ciddi yazıçıdır, hayıf ki, siyasi konyunkturaya tuş gəldi. Qarabağlı ziyalı olub başqa cür yaşamaq mümkün deyildi. Qarabağın işğalı Seyranın bütün həyatının altını üstünə çevirib. O, qeyri-adi, həssas adamdır. Onun baxış-bucağı çox genişdir, amma hər kəs o əhatəni görə bilmir. 
Sonda Hətəm müəllimdən uşaqlıq dostlarının uşaqlıq şəklini xahiş etdim. Dedi ki, uşaqlıq şəkillərimiz də uşaqlığımız kimi Füzulidə qalıb...
Ramilə QURBANLI
LENT.AZ
 
 





18.03.2012     Çap et  Çap et