525-ci qəzet

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirib. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, mart ayının birinci ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının 3-cü ongünlüyünə nisbətən 3 m/san azalaraq 137 m/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq oluB. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 3, mis birləşmələri 4, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-dən çox olub. Monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,82-6,7 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
BƏXTİYAR




13.03.2012     Çap et  Çap et