525-ci qəzet

Respublika şahmat turniri başa çatıb



Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi respublika şahmat turniri bu günlərdə başa çatıb. Ağcabədi rayon uşaq-gənclər şahmat məktəbində start götürmüş sözügedən turnirə respublikanın 31 şəhər və rayonundan dəvət edilmiş 150 nəfər şahmatçı qatılıb. Yarışların baş hakimi Cavanşir Məmmədovun dediklərinə görə, Beynəlxalq FİDE qaydalarına uyğun olaraq 9 turdan ibarət şahmat yarışması 5 yaş qrupu üzrə təşkil olunub. Gərgin mübarizə şəraitində keçən turnirdə Ağcabədi, Sumqayıt, Mingəçevir, Beyləqan, Masallı, Şəmkir və Bərdə şahmatçıları fərqləniblər. Bu yarışmada Ağcabədi rayon uşaq gənclər şahmat məktəbinin yetirmələri daha yaxşı nəticələr göstərib. Adıçəkilən rayonun Milli qəhrəman S.Hüseynov adına Xocavənd kənd orta məktəbinin II sinif şagirdi Nigar Babayeva 8 yaş qrupunda və Məhəmməd Həsənzadə 6 yaş qrupunda qalib adını qazanıb. Müxtəlif yaş qrupu üzrə yarışan digər 2 nəfər şahmatçı II, 3 nəfər isə III yerə layiq görülüb.
Şahmat turnirinin qalibləri “Təhsil” respublika şahmat mərkəzinin xüsusi diplomları və Ağcabədi rayon təsil şöbəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Yəhya Paşazadə





08.03.2012     Çap et  Çap et