12px14px16px18px

“İsveçrəni məğlub edəndə 2000 dollar aldıq, indikilər uduzur, amma 5000 alır”

02:10 / 26.05.2012
 
Azərbaycan millisinin sabiq üzvü Vidadi Rzayev Qol.Az-a müsahibə verib.
  
– Millimizin Yaponiyaya qarşı oyununu izlədiniz?
 
– Bəli.
 
– Millimizin oyununu necə dəyərləndirərdin, niyə məğlub olduq?
 
– Hansı oyunu dəyərləndirim, millimiz oyun oynadı? 90 dəqiqə ərzində qapıya bir zərbə vurdular, bunu dəyərləndirməyə ehtiyac var? Hər şey göz önündədir. İlk 45 dəqiqədə rəqib qapısına yaxınlaşa bilmədilər. İkinci hissədə də Mahir Şükürov cərimə zərbəsi yerinə yetirirdi, top getdi dirəkdən döndü, vəssalam.
 
– Bunun səbəbini nədə görürsən, niyə 90 dəqiqə ərzində qapıya bir zərbə endirdik?
 
– Səbəbini millinin məşqçilər korpusu yaxşı bilər, qoy, onlar cavab versinlər.
 
– Maraqlıdır, hər dəfə nə qədər xərc çəkilir, ən yüksək səviyyədə təlim-məşq toplanışları təşkil olunur, nə qədər pullar xərclənir amma, ortaya qoyulan oyun və nəticə dəyişmir. Axı, bu dərəcədə də olmaz...
 
– Bunun düzəlməsi üçün futbolda futbol adamları işləməlidir. Özünüz baxın, Gürcüstana yaxud, digər keçmiş SSRİ ölkələrinin futbol federasiyalarına, hamısında futbol adamları, veteran futbolçular çalışır. Bizdə də bu cür olmalıdır, veteranlar kənarda qalmamalıdır. Əvvəllər şərait yox idi, maddi durum çox pis idi, təlim-məşq toplanışını Zabratda, Buzovnada keçirdik. İndi şərait superdir, yaxşı maliyyə var, Zabratı, Buzovnanı Almaniya, Avstriya əvəz edir, amma nəticə həmin nəticədir. Foqts da deyir ki, AÇ-2016-ya gedəcəyik. Yeri gəlmişkən, Foqts neçə ildir Azərbaycandadır?
 
– Artıq 4 ildən çoxdur.
 
– Deməli, 4 ildir işləyir, hələ bir 4 il də vaxt istəyir. Ondansa Foqtsla ömürlük müqavilə bağlasınlar, qurtarsın, getsin də. Geridə qalan 4 ildə nə iş gördü ki, qarşıdan gələn 4 ildə də nə iş görsün? Məncə, federasiya rəhbərliyi artıq bu məsələ haqqında düşünməlidir. Subaşiçlərdən, Çertoqanovlardan qurtarmaq lazımdır.
 
– Legionerlardan söz düşmüşkən, millidə əcnəbilərin oynamasına necə baxırsan?
 
– Çox pis. Dəfələrlə demişəm, öz gənclərimizə şans vermək lazımdır. Bu gedişlə futbolçu yetişməyəcək. Millidə legionerin oynamasını heç cürə qəbul edə bilmirəm. Qoy, öz gənclərimiz oynasın, lap 0:5 uduzsun. Legionerləri doldurublar milliyə, biri gəlir, biri gedir, nəticə də həmin nəticədir. Ermənistan az qalırdı Avropa çempionatının final mərhələsinə çıxsın. Amma biz 7 xal yığırıq, müqayisə aparırıq ki, bu, Vaqif Sadıqovun vaxtındakından çox yığdı, nə bilim, filankəsdən 1 xal çox topladı. Gör, nəyi uğur sayırıq! Əvvəlki məşqçidən 1 xal çox toplamaq uğur deyil.
 
– Sizin dövrünüzdə böyükhesabla uduzsaq da, oyun var idi. Hətta Fransaya 0:10 məğlub olduğumuz qarşılaşmada millimiz 4-5 real qol imkanı əldə etmişdi. Amma indi bəzən 90 dəqiqəyə heç bir real epizod da əldə edə bilmirik...
 
– Əvvəlki futbolçuların təcrübəsi var idi. Bizim dövrdə Arif Əsədov, Samir Ələkbərov, Yunis Hüseynov, Mahmud Qurbanov, Nazim Süleymanov kimi futbolçular var idi hansı ki, hamımız bir-birimizi gözəl başa düşürdük. Yeganə çatışmayan cəhətimiz fiziki hazırlıq idi. Çıxırdıq fiziki gücümüz imkan verənə qədər oynayırdıq. Sonra artıq yorulurduq və başlayırdıq top buraxmağa. Fiziki hazırlığımızın aşağı olması da normal idi. Çünki o vaxt bizim şəraitimiz yox idi. Bayaq dediyim kimi, Zabratda, Buzovnada təlim-məşq toplanışı keçirdik. Təsəvvür edin, 10 günlük toplanışa görə cəmi 50 dollar “sutoçnı” alırdıq.
 
– Amma indi 22-23 yaşlı futbolçu 200-300 minlik müqaviləyə qol çəkir. Görəsən, niyə oynayıb öz üzərlərində artırmaq istəmirlər?
 
– 200-300 min? Sağlıqlarına qismət, amma elələli var, ondan da çox alır. Onların oynaması üçün bilirsiniz, neyləmək lazımdır? Hamısını qaytarmaq lazımdır bizim dövrə. Biz uduzanda pul almırdıq e, danlaq eşidirdik. Amma indikilər uduzanda da mükafat alırlar. Harada görünüb ki, futbolçuya uduzduğuna görə pul versinlər? Məgər, uduzan futbolçuya mükafat verərlər? Ona qalsa, bizim o qədər yaxşı oyunlarımız olub ki, amma, uduzmuşuq. Əksinə, dediyim kimi danlanmışıq. Düşünürəm ki, düz də ediblər. Bir də futbolçunun özündən də çox şey asılıdır. O gərək uduzduğu oyuna görə təklif olunan puldan imtina etsin. Öz aramızdır, oyuna çıxırlar, qarşılarında siyahı var: qələbəyə bu qədər, heç-heçəyə bu qədər, uduzmağa da bu qədər mükafat. Futbolçu da baxır ki, uduzsam da, mükafat alacağam. İndi özünüz fikirləşin, o futbolçu öz üzərində işləyib meydançada can qoyar?
 
– Sonda maraq üçün bir şeyi də soruşmaq istəyirəm. 1996-cı ildə İsveçrəni məğlub etdiyiniz oyuna görə nə qədər mükafat almışdınız? Əgər sirr deyilsə?
 
– Yox, burada sirr nə var ki? Hər futbolçuya 2000 dollar mükafat verildi. Təsəvvür edin, İsveçrə kimi yığmanı məğlub etdiyimizə görə cəmi 2000 dollar mükafat aldıq. İndikilər uduzur, amma 5000 dollar mükafat alır.
 
Anar XANLAROV
 
 



Bu yazı ( 199 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar