12px14px16px18px

Elmi diaspora ilə bağlı internet portalın təqdimatı keçirildi

02:49 / 04.03.2010
 
 
Dünən Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) “Azərbaycanda elmin, təhsilin inkişafında diasporun rolu” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib ki, ölkəmizin müstəqillik əldə etdiyi ilk illərdə elm adamları, peşəkar mütəxəssislər xarici ölkələrə yollanıblar. Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində azərbaycanlı alimlər peşəkarlığı ilə seçilə biliblər: “Azərbaycanın qısa vaxt ərzində iqtisadi baxımdan inkişaf etməsi nəticəsində bu gün ölkədə elmə diqqət artmaqdadır. Belə bir məqamda biz xaricdə çalışan elm adamları ilə əlaqələrə üstünlük verməliyik. Amma təəssüflə qeyd etməliyəm ki, bu gün həmin alimlərin bir qismi ilə əlaqələrimiz yoxdur. Fikrimcə, Azərbaycan diasporasının inkişaf etdiyi bir vaxtda elmi diasporanın da yaradılmasının mühüm əhəmiyyəti var. Biz dünyada olan və öz elmi işləri ilə tanınan azərbaycanlı alimləri bu diasporada birləşdirməliyik”.
Tədbirdə Təhsil Nazirliyi, AMEA, Diasporla İş üzrə Dövlət Komitəsi, Texniki Universitet, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Turizm İnstitutu və AKTAM-la birgə həyata keçirilən layihə çərçivəsində internet portalın (www.elmidiaspora.internet.az) təqdimatı da keçirilib.
Portal barədə məlumat verən AKTAM-ın sədri Natiq Əhmədov bildirib ki, layihənin məqsədi xaricdə yaşayan azərbaycanlı alimlərin, tədqiqatçıların, müasir texnika və texnologiya sahəsində qabaqcıl mütəxəssislərin informasiya-analitik məlumat bankının yaradılmasıdır. Onun sözlərinə görə, veb portal vasitəsilə xaricdə yaşayan, elmi-tədqiqat, innovasiya fəaliyyətilə məşğul olan azərbaycanlı alimlərlə respublikamızdakı elm adamları arasında internet şəbəkəsində daima dialoq təşkil olunacaq: “Bu, həm də onların Azərbaycandakı həmkarları ilə elmi-peşəkar əlaqələrin fəallaşmasına, ölkəmizin dünya birliyinə inteqrasiyasının sürətlənməsinə səbəb olacaq”.
Tədbirdə iştirak edən AMEA-nın İnformasiya Texnologiyaları İnstitunun direktoru Rasim Əliquliyev, professor Şahlar Əsgərov bu layihənin Azərbaycan elmində yeni bir başlanğıc olacağını deyiblər.
 
BƏXTİYAR  
 
 



Bu yazı ( 366 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar