12px14px16px18px

“Evrovision” mahnı müsabiqəsi nəyə görə siyasiləşdirilir?

O ZAMAN NƏ ÜÇÜN QARABAĞDAN, ERMƏNİ VƏHŞİLİYİNDƏN, İŞĞALINDAN BƏHS EDİLMİR?

00:50 / 25.05.2012
 “Evrovision-2012” musiqi yarışmasının iştirakçılarından biri İsveç təmsilçisi, əslən mərakeşli Lorin Bakıya oxumağa gəlsə də hələ ki, bu vaxta qədər daha çox siyasi proseslərə verdiyi şərhlərlə yadda qalmaqdadır. Müsabiqənin rəsmi açılış mərasimində təşkilatçılığın zəif olmasından şikayətləndiyi deyilən Mərakeş əsilli xanımın bu sözləri ölkəmizlə bağlı yeganə mənfi fikri olmayıb. Xanım müğənni İsveçin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə verilən ziyafətdə Azərbaycanın ictimai-siyasi şəxsləri ilə görüşlər də keçirib. Məlumata görə, “düşmən dəyirmanına su tökən” müxalifətçilər Lorindən “Evrovision” səhnəsinə çıxarkən Azərbaycanda demokratiyanın vəziyyəti haqqında mesajlar verməsini istəyiblər. Bu məlumatlar müxalifət liderləri tərəfindən təkzib olunsa da, görüşdən sonra jurnalistlərə açıqlama verən Lorin Azərbaycanda demokratiya, insan hüquqları sahəsində vəziyyəti kəskin tənqid edib. Lakin müğənni səhnədə həqiqətən belə bir bəyanat səsləndirib-səsləndirməyəcəyini açıqlamayıb. Məsələyə münasibət bildirən İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikael Eriksson bu ölkənin “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Lorindən müsabiqədə siyasi bəyanatlarla çıxış etməyi istəmədiyini deyib. M.Eriksson mayın 22-də Lorini həqiqətən də qəbul etdiyini bildirib. O, bu qəbulda müxalifət nümayəndələrinin iştirakını də təsdiqləyib. Səfir bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil. Lorinin müxalifətçilər, yerli hüquq müdafiəçilərinin nümayəndələri ilə görüşməsi, Azərbaycanda insan haqlarının durumu, demokratiya və başqa məsələlərlə bağlı müsahibə və bəyanatlar verməsi barədə sualı cavablandıran səfir bildirib ki, müğənninin bu cür görüşlər keçirməsindən xəbərdardır: “Lakin bu, onun şəxsi seçimidir. Mən bu görüşdə iştirak etməmişəm, görüşün təşəbbüskarı da deyiləm. Hesab edirəm ki, “Eurovision” mahnı müsabiqəsindən siyasi bəyanatlar üçün istifadə olunmamalıdır. Lorin Azərbaycana oxumaq üçün gəlib”. İsveçli müğənni Lorinin siyasi proseslərin iştirakçısına çevrilməsi, yarışma keçirilən ölkədə qərəzli siyasi bəyanatlar verməsinin “Eurovision”un nizamnaməsinə və mahiyyətinə nə dərəcədə uyğun olması düşündürücü məqamdır. Əgər bu, məqbuldursa, müsabiqədə Azərbaycan barəsində məlumatların verildiyi videoçarxda nəyə görə Dağlıq Qarabağın görüntülərinin istifadə olunmasına qadağa qoyulub? Bütün bunlarla yanaşı Lorinin hər hansı siyasi çağırışlarının İsveçlə Azərbaycan arasında diplomatik problemlər yarada biləcəyi də mümkündür. Bu narahatçılıq Xarici İşlər Nazirliyi vasitəsi ilə sözügedən ölkənin səfirinin diqqətinə də çatdırılıb. Siyasi şərhçilərin fikrincə, İsveç təmsilçisinin Azərbaycanın daxili işinə müdaxiləsi iki ölkə arasındakı münasibətlərdə ciddi problemlər yarada bilər. Siyasi icmalçılara görə, İsveçin ölkəmizdəki səfiri bu kimi hallara qarşı iştirakçını məlumatlandırmalıdır. İsveçli müğənninin belə bir mövzulu çıxış etməsi heç də birmənalı qarşılana bilməz. Çünki bütün dünyanın musiqi yarışması adı verdiyi bu tədbirdə iştirakçının siyasi çalarlı çıxışlar etməsi heç də qəbul edilən hal deyil. Ona görə ki, bu bir musiqi yarışmasıdır və hər bir ölkə burada öz musiqisini, mədəniyyətini nümayiş etdirir. Avropa musiqisinin nümayişinin ünvanı olduğuna görədir ki, bu yarışma dünyanın istənilən ölkəsində izlənilir. ABŞ-ın işgüzar dairələrinin nüfuzlu qəzeti olan “The Wall Street Journal”nın “Eurovision” müsabiqəsinin populyarlığının, o cümlədən yarışmanın ABŞ-da artan nüfuzundan bəhs edən məqalə dərc etməsi də heç də təsadüfi deyil. Yazıda qeyd olunur ki, bu musiqi şousu online rejimdə nümayiş olunur və bu il ABŞ-da 26 minə yaxın tamaşaçı İnternet vasitəsilə ona baxır. Ötən il bu rəqəm 22 min olduğu bildirilib. Məqalədə bu amil ötən illə müqayisədə bu il ABŞ-da şounun populyarlığının artdığını göstərən məqam kimi əks etdirilib. Əgər siyasi məsələlərin buraya qatılmasına imkan verilsəydi, Azərbaycan təmsilçiləri, indiyədək olan müsabiqələrdə, eləcə də bu mahnı yarışmasında hər birimizin ağrılı yeri olan Dağlıq Qarabağ problemindən, Ermənistanın işğalçı dövlət olmasından gen-bol bəhs edər, yalanları yox, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırardılar. Diqqətçəkici başqa məqam isə Mərakeş əsilli bir müğənninin öz ölkəsindəki insan haqları, demokratiyanın vəziyyətini görməməsi ilə bağlıdır. Məgər Lorin Mərakeşdə demokratiyanı “dirçəltdi”, indi də gəlib Azərbaycana “kömək edəcək”? Başqa sözlə, öz gözündə “tiri görməyən şəxs başqasının gözündə çöp” axtarır. Digər bir məqam isə müxalifət təmsilçilərinin belə bir oyunun alətinə çevirilməsi ilə bağlıdır. Məgər bu şəxslər artıq çıxış yolunu Loirində görürlər? Əgər bu qüvvələr Azərbaycan və ya azərbaycanlılar üçün nəsə etmək istəyirlərsə və belə bir yarışmanı fürsət bilirlərsə, o zaman Azərbaycanın başlıca problemi olan Qarabağdan, orada ermənilər tərəfindən pozulan, tapdanan, xüsusi qəddarlıqla qətlə yetirilən, yurd-yuvalarından didərgin salınan soydaşlarımızın hüquqlarından bəhs etsinlər. Və ya belə bir həssas məqamda digər yönümlü aksiyalara deyil, Qarabağa görə bir mitinq keçirib diqqəti bura cəlb etsinlər. Hər halda bu, İranın, Ermənistanın, digər qüvvələrin məqsədinə xidmət edən addımlardan daha müsbət nəticələrə səbəb ola bilərdi. Üzücü məqam isə artıq “Eurovision” kimi nüfuzlu bir beynəlxalq mahnı müsabiqəsinin siyasiləşdirilməsidir. Hər halda 1956-cı ildə Avropada müharibədən sonrakı dostluq ruhunda yeni transsərhəd əlaqələrin qurulması üsulu kimi yaradılan bu müsabiqəninin siyasiləşdirilərək əlaqələrə zərbə vurmasına cəhdi yarışmanın ruhuna zidd məqamdır. Bu müsabiqənin nizamnaməsindən göründüyü kimi, burada hansısa bir siyasi çağırışların edilməsi, iştirakçıların siyasi addımlar atması yolverilməzdir. Bunu Ermənistanın timsalında görə bilərik. Onlar siyasi məsələlərə görə yarışmadan imtina etdilər. Nəticədə isə təşkilat tərəfindən cərimələndilər. Siyasi çağırışların edilməsi eyni zamanda digər iştirakçı dövlətlərə, tamaşaçıları, Avropa Yayım Birliyinə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir. Ümidvarıq ki, Avropa Yayım Birliyi “Eurovision” mahnı müsabiqəsinin öz nüfuzunu qoruyub-saxlaması üçün yarışmadan sui-istifadə edərək siyasi addımlar atan iştirakçılar, ölkələr barəsində ölçü götürəcək. Heç şübhə yox ki, yarışmanın siyasiləşdirilməsinin kökündə hansı məqamın dayanması hər kəsə bəllidir. Bu arada Rəsmi Bakı da “Eurovision-2012” mahnı müsabiqəsinin siyasiləşdirilməsini pisləyən bəyanatla çıxış edib. “Trend”in məlumatına görə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov müsabiqənin siyasiləşdirildiyini deyib: “Artıq “Eurovision” müsabiqəsini siyasiləşdiriblər. İsveçin Azərbaycandakı səfiri, İsveçin mahnı müsabiqəsindəki nümayəndəsi fəal şəkildə müxalifət dairələri, siyasi qruplar və bəzi mərkəzləşmiş antiazərbaycan fəaliyyətini həyata keçirən Norveç İnsan Hüquqları Evi, Amnesty International ilə birgə burda fəaliyyətə başlayıblar. Bunu qəti şəkildə pisləyirik”. Ə.Həsənov hesab edir ki, bu, ilk növbədə Avropa Yayım Birliyinə hörmətsizlikdir: “Avropa Yayım Birliyi mütləq şəkildə buna müdaxilə etməlidir və bu tipli siyasiləşmə aksiyalarının qarşısını almalıdır. O biri tərəfdən, bu cür çıxışlar Azərbaycanda “Eurovision”a qatılan digər iştirakçılara hörmətsizlikdir. Bu, müsabiqəyə bilet alıb, tədbiri izləyən tamaşaçılara hörmətsizlikdir, Avropa musiqi yarışmasının tərəfdarlarına hörmətsizlikdir. Düşünürəm ki, bu siyasiləşmənin qarşısı tezliklə alınmasa, “Eurovision” yarışmasına qatılanlar, onu təşkil edənlər buna müvafiq münasibət bildirəcəklər”.
Aqil LƏTİFOV




Bu yazı ( 63 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar