12px14px16px18px

“Müğənnini siyasətə təhrik etmək məyusluq doğurur”

“BEYNƏLXALQ TƏŞKİLATLARIN ƏSASLI MƏLUMATLARA SÖYKƏNMƏYƏN HESABATLARI ONLARIN ÖZLƏRİNİ NÜFUZDAN SALIR”

00:49 / 25.05.2012
“Eurovision” mahnı müsabiqəsi öncəsi bir sıra qüvvələr tərəfindən Azərbaycana qarşı olan ittihamların ardı-arası kəsilmir. Bütün bunların bir mərkəzdən idarə edildiyi bildirilərək, bu təqiblərin arxasında Ermənistanın və İranın dayandığı qeyd edilir. Bu günlərdə “Amnesty International” və “Human Right Watch” kimi beynəlxalq təşkilatlar da ölkəmizlə bağlı bəyanatla çıxış ediblər. Bir çox şəxslər bu yanaşmanın qərəzli xarakter daşıdığını bildirirlər. İngiltərə KİV-nin yazdığına görə, BBC telekanalının “Panorama” proqramında Böyük Britaniyanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Enqelbert Hamperdinki siyasi bəyanat verməyə təhrik edib. Böyük Britaniyanın “Dailymail” nəşrinin məlumatına görə, “Eurovision”un çirkin sirləri” filminin bir epizodunda E.Hamperdinkin BBC telekanalının “Panorama” verilişinə müsahibəsi nümayiş olunub. Proqramın aparıcısı Kris Kenyon verilişin gedişində Hamperdinkdən nə üçün “Eurovision”da iştirak qərarı verdiyini, müsabiqəyə ev sahibliyi edən Azərbaycanda insan hüquqlarının vəziyyətinə münasibətini soruşub. Daha sonra Kris Kenyon üzərində “Please, release them!” (“Xahiş edirik, onları buraxın”) sözləri yazılmış futbolkanı müğənniyə təqdim edib. Lakin veriliş boyunca müğənni bu futbolkanı geyinməyib. Nəşr daha sonra bunları qeyd edib: “Telekanal bu addımla Azərbaycanda “siyasi məhbusların” mövcudluğuna işarə vurub. Bu, həm də Hamperdinkin məşhur “Please, release me” hitinə işarədir”. “Dailymail” yazır ki, müğənni suallara çox sakitliklə və gülümsəyərək reaksiya verib. Lakin müsahibədən sonra Hamperdinkin prodüseri Kris Hyulet bəyan edib ki, “Panorama” proqramının müğənnini “siyasətə təhrik etməsi və onu reaksiya verməyə məcbur etmək istəyi” onda heyrət və məyusluq doğurub. Rusiyanın “Ekspress” qəzeti isə Britaniya KİV-inə istinadən ingilis jurnalistlərinin müğənnidən Bakıda bəyanat səsləndirməsini, Azərbaycan hökumətini “siyasi məhbusları” azad etməyə çağırmasını istədiklərini yazıb: “Amma Enqelbert əvvəlki sakitliyini pozmayıb. O, siyasətə qarışmaq istəmədiyini, musiqinin siyasətə heç bir aidiyyəti olmadığını vurğulayıb”. Məsələyə münasibət bildirən Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov bunların əsassız ittiham olduğunu deyib. Onun sözlərinə görə, bu addımlarla həmin təşkilatlar özlərinin nüfuzuna zərbə vururlar: “Amnesty International” və “Human Right Watch” kimi beynəlxalq təşkilatlar hər hansı əsaslı məlumatlara söykənmədən, bir neçə nəfərin fikrinə istinad etməklə hazırladıqları hesabatlar həmin təşkilatların özlərini nüfuzdan salan ən böyük amildir. Ölkədəki real vəziyyəti öyrənmək istəyən təşkilat sorğu keçirməli, universitetlərdə görüşlər aparılmalıdır. Yalnız bir neçə nəfərin fikri yayılırsa, bu, reallığı əks etdirmir. Onların nüfuzlu təşkilat olması onda görünər ki, əsaslandırılmış, faktlara söykənən, geniş sorğu keçirilən və ölkənin reallıqlarına əsaslanan məlumatlar yaysınlar”. Ş.İsmayılov həmçinin qeyd edib ki, hazırda Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision” müsabiqəsinə təşkilatçılığın son dərəcə möhtəşəm olduğunu bildirib: “Azərbaycanın cəmi 20 illik müstəqillik tarixi var, lakin biz 20 illərə sığmayan hadisələrə şahidlik edirik. Bu onu göstərir ki, Azərbaycan güclü dövlət kimi inkişaf edir, bir sıra regional layihələri həyata keçirir, beynəlxalq layihələri uğurla icra edir”. ATGTİ sədri bütün bunların fonunda Azərbaycana ləkə yaxmaq istəyənlərin olmasını qeyd edərək söyləyib ki, ölkə gücləndikcə düşmənləri də çoxalır.
AQİL


Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar