12px14px16px18px

Qloballaşma şəraitində milli mədəniyyətimizin dəyərlərinin qorunmasında və inkişaf etdirilməsində Bakı Slavyan Universitetinin rolu

00:27 / 23.09.2011
 
(Akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər:zaman kontekstində baxış” adlı məqaləsinin işığı altında)
 
Qloballaşma müasir tarixi inkişafın zəruri və obyektiv bir mərhələsidir. O, zamanımızın əsas inkişaf xəttini təşkil edir. O, elə bir obyektiv və qanunauyğun prosesdir ki, elm və texnikanın nailiyyətlərinin təsiri altında müxtəlif ölkələrin siyasi, iqtisadi və mədəni inkişafının transmilliləşməsində əks olunaraq dövlətlərin qarşılıqlı asılılığının artmasına və müxtəlif xalqlar arasında qarşılıqlı mübadilənin genişlənməsinə səbəb olur. Qloballaşma bazar münasibətlərinə əsaslanan cəmiyyətin inkişafının təbii nəticəsidir. Ona müqavimət göstərmək və ya qarşı çıxmaq düzgün deyil. Bütün ölkələrin, o cümlədən Azərbaycanın da qloballaşmadan bəhrələnmək üçün real imkanları vardır. Bunun üçün bütün ölkələr qloballaşmaya müqavimət göstərmək haqqında deyil, ondan bəhrələnmək haqqında düşünməlidirlər. Lakin bu, o demək deyil ki, ölkələr, xüsusilə inkişafda olan ölkələr, öz real imkanlarını nəzərə almadan qloballaşma prosesini dövlət nəzarətindən tamamilə çıxarıb bazarın öhdəsinə verməlidirlər.
Qloballaşmanın orbitinə daxil olan ölkələrin iqtisadi, siyasi, hərbi, sosial, mədəni potensialları eyni deyil. Buna görə bazar münasibətləri şəraitində güclü potensiala (xüsusilə hərbi və iqtisadi potensiala) malik olan ölkələr bir qayda olaraq sərbəst ticarət şəraitində səmərəli şəkildə rəqabət edə bilməyən zəif ölkələri özünə tabe edirlər. Bu, özünü digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də göstərir. Daha konkret desək, inkişaf etmiş ölkələr öz mədəni dəyərlərini inkişafda olan ölkələrə yeridirlər.
 
İctimai və humanitar sahələrdə canlanma var!
 
Müstəqilliyinin 20 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Respublikası qloballaşma şəraitində öz milli dəyərlərinin saxlanılması zərurəti ilə üzləşir. Bununla əlaqədar akademik Ramiz Mehdiyev “Elm” qəzetində dərc olunmuş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı proqram məqaləsində haqlı olaraq qeyd edir: “Tariximizi, mədəniyyətimizi və bizi birləşdirən mənəvi dəyərləri qoruyub saxlamaq indi hər birimizin ən ümdə vəzifəsidir”.
Mədəniyyət insanın daxili aləmini – onun adət- ənənələrini, ideallarını- ehtiva edir. Öz mahiyyətinə görə mədəniyyət sabit bir sosial hadisədir. Mədəniyyətə ənənəvi, dini və milli dəyərlər daxildir. Bu dəyərlər hər bir xalqın həyatında aparıcı rol oynayır. Yeri gəlmişkən qeyd edək ki, Samuel Hantinqton, Ronald İnqleqard, Zbiqniev Bjezinski, Fərid Zəkəriyyə kimi tanınmış qərb politoloqları ictimai inkişafda mədəniyyətin rolunu tədqiq edərək onun dəyərlərinin aparıcı rol oynadığını göstərmişlər. Müasir ictimai inkişafda mədəniyyətin aparıcı roluna istinad etməklə ictimai inkişafın, xüsusilə onun inkişafının səbəblərinin və istiqamətinin müəyyən edilməsinə nail olmaq mümkündür.
Beləliklə, qloballaşma şəraitində Azərbaycan xalqının milli mədəniyyətinin dəyərlərinin qorunması və inkişaf etdirilməsi mühüm bir məsələdir. Bu məsələnin həll olunması mədəniyyətimizin assimilyasiyaya uğramasının, ona yad dəyərlərin daxil olmasının qarşısını alacaqdır. İctimai inkişafda mədəniyyətin roluna yüksək önəm verən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Yüksək mədəniyyətə malik olan xalq həmişə qabağa gedəcəkdir, yaşayacaqdır və inkişaf edəcəkdir”.
Bəs müasir qloballaşma şəraitində mədəniyyətimizin, milli dəyərlərimizin qorunmasına və inkişaf etdirilməsinə necə nail ola bilərik?
Akademik Ramiz Mehdiyevin adıçəkilən məqaləsindən sonra ictimai və humanitar elmlər sahəsində ciddi canlanma baş verdi. Hər sahə öz daxilində əyər- əskiyini bir daha gözdən keçirdi və münasib nəticələr çıxardı. İndi əsas məsələ bu sahələrin bir-birilə üzvi, həmahəng əlaqəsinin yaranmasına çalışmaqdır.
Bu məqsədə nail olmağın əsas şərtlərindən biri odur ki, qloballaşma şəraitində müasir qərb sivilizasiyanın dəyərlərini qəbul edərkən dünyada gedən inteqrasiya proseslərinə qoşularaq biz passiv mövqedə durmamalıyıq. Başqa sözlə desək, bizə dünyanın aparıcı dövlətləri tərəfindən təklif olunan və həyatın müxtəlif sahələrinə aid olan inkişaf modellərini, davranış normalarını, dəyərləri necə gəldi qəbul etməməliyik. Biz təklif olunan dəyərlərin bizim mədəniyyətimizə uyğunluğunu nəzərə almalıyıq. Lakin bunu edərkən biz təklif olunan mütərəqqi dəyərlərə nihilist münasibət də bəsləməməliyik, çünki onlar öz üstünlüyünü tarixi inkişafda sübut etmişlər. Bundan başqa, passivlik mövqeyindən əl çəkməyin digər mühüm şərti öz mədəniyyətimizin, sosial- iqtisadi, elmi-texnoloji və digər nailiyyətlərimizin bütün dünyaya, o cümlədən inkişaf etmiş ölkələrə də yaymağı nəzərdə tutur. Bu isə ölkəmizin inkişaf etmiş ölkələrdən asılılığının qarşısını almaqla bərabər, onun dünyada nüfuzunun artmasını təmin edir. Sözsüz ki, obyektiv səbəblərə görə ölkəmiz qeyd olunan şərtə hələlik daha çox mədəniyyət sahəsində nail ola bilir. Yəni torpaqlarımızın 20 faizinin Ermənistan hərbi qoşunları tərəfindən işğal olunması və bunun nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olması səbəbindən biz hələlik siyasi və iqtisadi sahələrdən daha çox mədəniyyət sahəsində öz dəyərlərimizi, nailiyyətlərimizi dünyaya yaymaq iqtidarındayıq. Bu mühüm məsələni ölkəmizin bir çox dövlət və qeyri-dövlət təşkilatları ilə bərabər Bakı Slavyan Universiteti də uğurla həyata keçirir.
 
Ümummilli lider Heydər Əliyevin dahiyanə fərmanı
 
13 iyun 2000-ci il tarixində Ümummilli liderimiz Heydər Əliyevin dahiyanə və uzaqgörən fərmanı ilə yaradılan Bakı Slavyan Universiteti mədəniyyətimizin, milli dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində çox əhəmiyyətli işlər həyata keçirir.
Çoxsaylı layihələrdən aşağıdakıları qeyd etmək olar:
– TEMPUS IV layihəsi. TEMPUS layihəsi bir sıra ölkələrlə bərabər MDB ölkələrində ali təhsil sisteminin modernləşməsini dəstəkləyən proqramdır. Onun əsas məqsədi islahatlar yolu ilə partnyor ölkələrin ali təhsil sistemlərini Avropa İttifaqına üzv olan ölkələrin ali təhsil sistemi ilə yaxınlaşdırmaqdır.
Bakı Slavyan Universiteti 2008-ci ildə Avropa İttifaqı və MDB ölkələri universitetlərindən ibarət konsorsiumun tərkibində TEMPUS IV layihəsində iştirak etmək hüququ qazanmışdır. Layihə belə adlanır “Universitetin beynəlmiləlləşmə keyfiyyətini yüksəltmə vasitələri”;
– Böyük Britaniyanın BBC şirkəti və İrlandiyanın Dublin Texnologiya Universiteti ilə Bakı Slavyan Universitetinin birgə layihəsi. Layihə BBC World Service Trust və Dublin Texnologiya İnstitutunun dəstəyi ilə Bakı Slavyan Universitetində jurnalistikanın tədrisi standartlarını təkmilləşdirmə strategiyasının hazırlanmasını nəzərdə tutur;
– Almaniyanın Yohannes Gutenberg Universiteti və “Osvald fon Volkenştayn” tədqiqat cəmiyyəti ilə “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”- Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı Bakı Slavyan Universitetinin müştərək tədqiqat layihəsi. Layihə iki dastanın Azərbaycan və alman alimləri tərəfindən müqayisəli təhlilini nəzərdə tutur.   
Bu sadalanan layihələrdən birinci və ikinci layihə (TEMPUS, BBC) qabaqcıl Avropa ölkələrinin tədris, təlim metodlarının və standartlarının Azərbaycanda yayılmasını nəzərdə tutursa, üçüncü layihə ilk növbədə mədəniyyətimizin digər ölkələrdə geniş təbliğ olunmasına imkan yaradır. Belə əhəmiyyətli layihələrin həyata keçirilməsinə nail olduğuna və ümumiyyətlə beynəlxalq əlaqələrinin yüksək səviyyədə qurulduğuna görə Bakı Slavyan Universiteti İtalyanın Bolonya şəhərində qərarlaşan və dünyanın qabaqcıl universitetlərini özündə birləşdirən Maqna Charta Universitatum (Azadlıqların Böyük Xartiyası) təşkilatına 2005-ci ildə üzv seçilmişdir. Qeyd edək ki, Bakı Slavyan Universiteti bu mötəbər təşkilata üzv seçilən ilk və hələlik yeganə Azərbaycan ali tədris müəssisədir.
 
Xarici əlaqələrimizin canında – Azərbaycanşünaslıq!
     
Akademik Ramiz Mehdiyevin haqlı olaraq qeyd etdiyi kimi xarici əlaqələrimizin canında “azərbaycançılıq” ideyası durmalıdır. Biz bu ideyanı ən müxtəlif layihələrdən və strateji istiqamətlərdən keçirməliyik. Məsələn, “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”- Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” layihəsi almanların “Nibelunqlar haqqında nəğmə” dastanını Azərbaycan oxucularına təqdim etməklə yanaşı, Azərbaycan xalqının zəngin mədəni abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının ideyalarının Almaniyada yayılması üçün imkan yaradır. Bu, Azərbaycan xalqının milli adət- ənənələrinin Avropada təbliğ olunmasına səbəb olur. Qeyd olunan layihə çərçivəsində “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” dastanlarının germanşünaslar və türkoloqlar tərəfindən birgə tədqiq olunması Hantinqtonun pessimist ruhda səsləndirdiyi “sivilizasiyaların toqquşmasına” deyil, yaxınlaşmasına əlverişli şərait yaradır.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayevin dediyi kimi, bu layihə ilə bağlı ən böyük filoloji uğur ondan ibarətdir ki, “Kitabi-Dədə Qorqud” dastanlarını indiyədək alman şərqşünasları, türkoloqları öyrənirdisə, indi onu alman germanistləri də sevə- sevə tədqiq edir, müqayisələr aparır, ortaq məxrəclər müəyyənləşdirirlər.
Qeyd edək ki, Bakı Slavyan Universiteti gələcəkdə də “Kitabi-Dədə Qorqud” dastanının digər məşhur dünya xalqlarının eposları ilə müqayisəli tədqiqi istiqamətində işlərin görülməsini planlaşdırır. Bu istiqamətdə Rusiya və Fransanın əlaqədar universitetləri ilə danışıqlar aparılır. Kiplinqin “Şərq Şərqdir, Qərb isə Qərbdir və onlar heç vaxt birləşə bilməzlər” düsturu bu dediklərimizin işığında əhəmiyyətini itirmiş sayıla bilər.
Azərbaycanşünaslığın (özünün tərkib hissəsi türkçülüklə bir yerdə) inkişafının elmi əhəmiyyəti ilə bərabər böyük siyasi əhəmiyyəti də vardır. Bu da Azərbaycan və Azərbaycan xalqı haqqında inteqrativ elmi biliyin inkişafını nəzərdə tutur. Müasir dövrün ən fərqləndirici əlamətlərindən biri onun informasiya dövrü kimi xarakterizə olunmasıdır. Müstəqilliyimizin ilk illərində düşmənlərimizin yaratdıqları informasiya blokadası şəraiti ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin itirilməsinin əsas səbəblərindən biri olmuşdur. Bu blokadanın nəticəsində dünya ictimaiyyəti bizim haqlı tələblərimizə biganə qalmış və onları dəstəkləməmişdir. Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti və Azərbaycan dövlətinin bugünkü siyasəti bu buz layını vurub dağıtdı və dağıtmaqdadır. Faydası göz qabağındadır. Bu gün artıq informasiya aspektində bizim üstünlüyümüz danılmazdır. Azərbaycan həqiqəti bu gün hamıya adekvat şəkildə əyandır. Lakin bu sahədə əldə etdiyimiz nailiyyətlərə baxmayaraq azərbaycanşünaslığın inkişafı və təbliği hələ də qarşımızda duran mühüm məsələlərdən biri kimi qalmaqdadır. 
Bakı Slavyan Universitetinin azərbaycanşünaslığın inkişafı və təbliği ilə bağlı olan fəaliyyətini şərti olaraq iki istiqamətə bölmək olar. Birinci istiqamət azərbaycanşünaslığın bir elm sahəsi kimi inkişafı ilə bağlıdır. Akademik Ramiz Mehdiyevin azərbaycanşünaslığın bir elm sahəsi kimi inkişafının qarşısında duran ümdə məsələlər sırasında Azərbaycan xalqının mentaliteti və Azərbaycan cəmiyyətinin öyrənilməsini göstərir. Bu məsələlərin öyrənilməsi ictimai elmlərin öhdəsinə düşür. Ramiz müəllimin fikrincə, ictimai elmlər “millətin düşünən beyninə, insanlarımızın ictimai əxlaqının yüksəldilməsinə, bütünlükdə inkişafın aparıcı amilinə çevrilməlidir”. Ramiz müəllimin qoyduğu bu tələbə real cavab kimi 2009-cu ildə Bakı Slavyan Universitetinin nəzdində yaradılmış (Virtual) İctimai- Siyasi İnstitutu göstərmək olar. Bu institutun fəaliyyətinin sırasında aşağıdakı məsələləri göstərmək olar:
– universitetin ictimai elmlər sahəsində çalışan əməkdaşlarının elmi-tədqiqat işləri mövzularının aktuallığının və tədqiqatların keyfiyyətinin müəyyən olunması;
– onların elmi-tədqiqat işlərinin tədris olunan fənlərə uyğunluğunun təmin edilməsi;
– ictimai elmlər üzrə dissertasiya və magistr işləri, dərslik və dərs vəsaitləri, metodik vəsait və tədris proqramlarının aprobasiyası, müzakirəsi və onlara rəylərin verilməsi;
– ictimai elmlər sahəsində irəli sürülən layihələrin qiymətləndirilməsi və onların həyata keçirilməsinə kömək etmək.
 
Yeni (yeganə) ixtisas və yeni (yeganə) laboratoriya
 
Bununla əlaqədar Bakı Slavyan Universitetində artıq bir neçə ildir ki, azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası təsis olunmuş və fəaliyyət göstərir. Bundan başqa respublikada ilk dəfə olaraq Bakı Slavyan Universitetində azərbaycanşünaslıq ixtisası açılmışdır və bu gün biz dünyanın ilk olaraq bizdən gözlədiyi azərbaycanşünasları hazırlamaqla məşğuluq. Bu ixtisas üzrə bakalavriatura və magistratura səviyyələrində mütəxəssis hazırlığı uğurla aparılır.
Universitetimizin azərbaycanşünaslığın inkişafı və təbliği ilə bağlı olan fəaliyyətinin ikinci istiqaməti Azərbaycan və Azərbaycan xalqı haqqında obyektiv məlumatın dünyaya yayılması ilə bağlıdır. Universitet bu məqsədə nail olmaq üçün bir sıra xarici ölkələrin universitetlərinin nəzdində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılmasına nail olmuşdur. Qeyd edək ki, həmin universitetlərdə azərbaycanşünaslıq ixtisası üzrə mütəxəssis hazırlığı da uğurla həyata keçirilir. Xarici ölkələrin universitetlərinin nəzdində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması və ümumilikdə azərbaycanşünaslığın təbliği Bakı Slavyan Universiteti tərəfindən xaricdə aparılan işlərin əsas hədəfidir. İndiyədək belə mərkəzlər Rusiyanın nüfuzlu universitetlərindən hesab olunan Moskva Dövlət Linqvistik Universitetində (aprel, 2009-cu il), Belarusun Maksim Tank adına Minsk Dövlət Pedaqoji Universitetində (dekabr, 2010-cu il) və Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində (sentyabr, 2011-ci il) açılmışdır. Yaxın gələcəkdə Almaniyanın Qutenberq Universitetində, Ukraynanın Dövlət Dillər Universitetində, Rusiyanın Yekaterinburq Universitetində belə mərkəzlərin açılışı nəzərdə tutulur.
 
Birgə “Elmi əsərlər”
 
Akademik Ramiz Mehdiyev ölkəmizdə ictimai elmlər sahəsində vəziyyətin heç də ürəkaçan olmadığını qeyd edir. O, bu sahədə aparılan tədqiqatları təhlil edərkən onların aşağı səviyyədə olmasını göstərir. Bu, çox dərin müşahidələrin nəticəsində deyilmiş sözlərdir. Yaranmış vəziyyətin əsaslı dəyişməsinin mühüm yollarından biri kimi Ramiz müəllim bir sıra xarici ölkələrin ictimai elmlərin inkişafı sahəsində əldə etdiyi təcrübədən istifadə olunmasının vacibliyini vurğulayır. Bununla əlaqədar akademik Ramiz Mehdiyev qeyd edir: “Mövcud vəziyyət tələb edir ki, adıçəkilən sahələr üzrə mütəxəssislərin hazırlığı dünyanın nüfuzlu universitetlərində, tanınmış elm və təhsil mərkəzlərində aparılmalıdır”. Akademik Ramiz Mehdiyevin bu perspektivə işləyən ideyası ona gətirib çıxardı ki, bu gün Bakı Slavyan Universitetinin alimləri öz əcnəbi həmkarları ilə elmi axtarışlarının nəticələrini bir jurnalda dərc edirlər. Biz Elmi əsərlərimizin müəyyən nömrələrini rusiyalı, belorus, alman həmkarlarımızla bir yerdə hazırlayıb çap edirik. Bu halın elmi mübadilə və əlaqə üçün nə demək olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur.
Azərbaycanşünaslığın bir elm sahəsi kimi inkişafı və təbliği akademik Ramiz Mehdiyevin yuxarıda qeyd olunan məqaləsindən irəli gələn mühüm vəzifələrin – ictimai elmlərin sosial sifarişə çevik reaksiya verməsi, onların sosial – iqtisadi inkişafın mühüm bir amilinə çevrilməsi, Azərbaycanın uğurla həyata keçirdiyi səmərəli daxili və xarici siyasət haqqında məlumatın bütün dünyada yayılması- həll edilməsinə öz töhfəsini verəcəkdir.
Gənc nəslin taleyinə qloballaşma dövründə yaşamaq nəsib olmuşdur. Bu isə sadalanan uğur və potensial imkanların daha da intensivləşməsinə gətirən yeni yolların aranıb tapılmasıdır. Qloballaşma şəraitində Azərbaycan xalqının milli mədəniyyətinin dəyərlərinin qorunması və inkişaf etdirilməsində Bakı Slavyan Universitetinin də rolu var.
 
Etibar NƏcƏfov – Bakı Slavyan
Universitetinin Avropaşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor
 
 
 



Bu yazı ( 157 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar