12px14px16px18px

Ali Evsenin BDU-ya bəxş etdiyi sevinc

12:04 / 01.07.2011
Azərbaycan bu gün təkcə Cənubi Qafqazın yox, dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində qısa zaman kəsiyində demək olar bütün fəaliyyət sahələrində nəzərəçarpacaq dəyişikliklər əldə olunub. Tikinti-quruculuq işləri geniş vüsət alıb, artıq Azərbaycanın elə bölgəsi tapılmaz ki, orada nəsə bir abadlıq işi aparılmasın. Müstəqilliyinin 20 illiyini qeyd etdiyimiz respublikamız bu uğurları heç də asanlıqla əldə etməyib. Ötən əsrin 90-cı illərin əvvəllərində yenicə müstəqillik qazanan Azərbaycan taleyüklü problemlərlə üz–üzə qalmışdı. Ölkəmizin zorla cəlb edildiyi Qarabağ müharibəsi, beynəlxalq səviyyədə təzyiq və təxribatlar respublikamızı olum və ya ölüm dilemması ilə qarşı-qarşıya qoymuşdu. Belə bir vaxtda iqtisadiyyatda baş verən geriləmələr ümumilikdə digər sahələrə də təsir edir, əhalinin güzəranı pisləşirdi. “Yaxşı dost dar gündə tanınar deyiblər”. Bu günə qədər qardaş Türkiyə Respublikası həmişə Azərbaycanın yanında olub, daim ona arxa və dayaq durub. Türkiyə-Azərbaycan münasibətlərini qardaşlıq, dostluq prinsipləri birləşdirir, hazırda siyasi və mədəni sahələrdə münasibətlər ən yüksək zirvədədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin dünyada ikinci bir analoqu yoxdur. Təsadüfi deyil ki, Türkiyə Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkə olaraq qalmaqdadır. Türk işadamları tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna qoyulmuş investisiyaların həcmi artıq 2 milyard ABŞ dollarını ötüb və bu tendensiya getdikcə artır. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna qoyulan sərmayələrin həcminə görə də birinci yeri tutur. Bu gün mindən artıq türk şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb, halbuki 2005-ci ildə bu göstərici 800 milyon dollar səviyyəsində idi. Azərbaycan iqtisadiyyatında türk sərmayələrinin ümumi həcmi isə altı milyard dollar təşkil edir. Ölkəmizdə iqtisadi artımın əldə edilməsində Azərbaycanda fəaliyyət göstərən türk işadamlarının da böyük rolu olub. Azərbaycanın ən çətin dövrlərində bu ölkəyə gələn türk işadamları ötən müddət ərzində Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində önəmli nailiyyətlərə imza atıblar. Belə şirkətlərdən biri də bizim yaxşı tanıdığımı “Evsen” Şirkətlər Qrupudur. Bu şirkət yarandığı gündən müasir xidmət sahələri, ticarət obyektləri açıb, bir neçə nəhəng sənaye müəssisəsi tikib. Həmin müəssisələrdə minlərlə azərbaycanlı daimi iş yeri ilə təmin olunub. Şirkətin rəhbəri, türk işadamı Ali Evsen Azərbaycan xalqının çətin anlarında həmişə onlarla birlikdə olub, imkansızlara, qaçqın və məcburi köçkünlərə, həmçinin şəhid ailələrinə maddi kömək göstərib. Çoxlarının bilmədiyi bir faktı xatırlatmaq istəyirəm. Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycan özünün ən çətin günlərini yaşayırdı. Bir yandan ermənilərin torpaqlarımıza təcavüzü, digər tərəfdən iqtisadiyyatda baş alıb gedən geriləmələr əhalinin vəziyyətini günü-gündən pisləşdirirdi. Əməkhaqları vaxtında verilmir, alınan pullar isə sürətli inflyasiyanın nəticəsində dəyərdən düşürdü. Belə çətin vaxtlarda çalışdığım Bakı Dövlət Universitetinin bir qrup müəllim və tələbəsi xoş xəbər aldı. Türk işadamı Ali Evsen müəllim və imkansız tələbələrdən bir qrupuna aylıq təqaüd verəcək. Çox keçmədi ki, Ali bəy verdiyi sözünü tutub təqaüdləri hər ay vaxtlı-vaxtında bizə çatdırırdı. Çoxumuz onun heç üzünü də görməmişdik ki, “sağ ol” deyək. Demək istəyirəm ki, Ali Evsen Azərbaycanın dar günlərində heç vaxt bizi tərk edib buradan getmək haqqında fikirləşməyib. Biz müəllim və tələbələr isə uzun müddət onun xeyirxahlığında bəhrələnmişik. Əlbəttə mənim qeyd etdiyim Ali bəyin xeyirxah əməllərinin mində biridir. O heç vaxt elədiyi yaxşılıqları dilə gətirməyi sevməz, “əl tutmaq Əlidən qalıb ” prinsipini özünün ali vəzifəsi hesab etmişdi. Bu gün də minlərlə insan “Evsen” Şirkətlər Qrupunun müəssisələrində çalışır. Bundan əlavə, Ali bəyin göstərişilə hazırda yüzlərlə imkansız ailəyə yardım edilir.
Abdulla MUXTAROV, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, BDU-nun fizika fakültəsinin konsultantı, prezident təqaüdçüsü, professor



Bu yazı ( 315 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar