12px14px16px18px

Qəbulzadə Abdulla əfəndi İbrahim (Hacıbaba) əfəndi oğlu (1853, Qax-1943, Qax)

Ədalət TAHİRZADƏ
02:41 / 20.03.2010


XX yüzil Azərbaycan aydınlarının öncül nümayəndəsi. Maarifsevər din alimi. Zaqatala Dairəsi Qax bölgəsinin qazısı. Qaxda maarif yayan müəllimlərdən biri. Görkəmli ictimai-siyasi xadim. “Əhrar” partiyasının üzvü. Azərbaycanın qurtuluşu və bağımsızlığı uğrunda fəal mücahid. 16.1.1919-dan 16.10.1919-adək Azərbaycan Cümhuriyyəti Parlamanının üzvü.

YAZARDAN BİR NEÇƏ SÖZ

Azərbaycan Cümhuriyyəti (1918-1920) Parlamanının deputatlarını araşdırarkən ən gec tapdıqlarımın içərisində ata-oğul Abdulla əfəndi və Baba əfəndi Qəbulzadələr də var. Uzun illər onların izinə düşə, onlardan kiçicik bir soraq ala bilmədim. Heç bir kitabda, mətbuat yazısında onların adıyla üzləşmədim. Qəbulzadələri az-çox tanıyanlar da Abdulla əfəndi və Baba əfəndi haqqında bir söz söyləyə bilmirdilər. Nəhayət, Qaxda yaşayan köhnə dostum, rayonun hörmətli aydınlarından Qabil Əfəndiyev’in yardımıyla Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi Əbdürrəhman bəy Hüseyn bəy oğlu Qəbulzadə’ylə (1936) tanış oldum və bundan sonra artıq bütün məlumat qapıları üzümə taybatay açıldı. Sən demə, Abdulla əfəndinin nəvəsi olan Əbdürrəhman bəy çoxdan öz məşhur soyları haqqında bilgi toplayırmış. O, bildiklərini böyük alicənablıqla mənimlə paylaşdı, bununla kifayətlənməyib bu ata-oğul haqqında daha geniş məlumat toplamağıma, vacib ipuclarını ələ keçirməyimə ən yaxın yardımçım oldu. 21 oktyabr 2007-də onun evində böyük qardaşı Həsən bəy (1932), Abdulla əfəndinin nəvələri: oğlu Baba əfəndinin qızları Naimə xanım (1930) və Minirə xanım’la (1932), yaxın qohumları Həqiqət xanım Əhməd qızı (1941) ilə olan görüşümüzdə Abdulla əfəndi və Baba əfəndi haqqında geniş söhbət apardıq. Daha sonra Əbdürrəhman bəylə əl-ələ verərək Azərbaycanın bu olduqca şərəfli kübar nəsli haqqında çox maraqlı sənədlər üzə çıxardıq.

QƏBULZADƏ SOYUNUN KÖKÜ

Dövlət İdarəçiliyi Akademiyasının professoru, Şirvan tarixinin dərin bilicisi, sözün gerçək anlamında canlı ensiklopediya olan Eybali Mehrəliyev’in (1930) mənə söylədiyinə görə, Qəbulzadələr kökcə Şirvandandır. Onlar Şirvan (Şamaxı) xanının sarayına daxil olan kübar nəsildir. Sarayda onlar xanın qəbul məsələlərinə baxıblar. Sonradan hansı iş üstündəsə xanın onlara acığı tutub və köklü-köməcli Şirvandan sürgün edib.
Abdulla əfəndi Qəbulzadənin öz əliylə yazdığı, Əbdürrəhman müəllimin bizə verdiyi qeyd bu deyiləni qismən təsdiqləyir. Həmin yazıda oxuyuruq: “Şirvandan – Qobustandan gəlibdir Qaxa Şeyx Bünyadın oğlu Məhəmməd. Onun oğludur Pirməhəmməd. Onun oğludur Molla Qabil. Onun oğludur Molla Xəlil. Onun oğlanları: Qabil, Hacı Musa”.
Dəyərli aydınımız Əbdürrəhman Qəbulzadənin, böyük bacısı Zinyət xanım’la birlikdə çoxillik əməyin sonucunda ortaya qoyduqları dəyərli soykötüyündə (şəcərədə) Qabil və Hacı Musanın bütün törəmələri öz yerini tutub. Bu soykötüyündə Azərbaycan xalqının maddi-mənəvi inkişafında mühüm xidmətlərdə bulunmuş Həmzət bəy Həbibullah bəy oğlu Qəbulov-Şirvanlı, İslam bəy Hacı Pirməhəmməd bəy oğlu Qəbulzadə, Abdulla əfəndi Qəbulzadə, Baba əfəndi Qəbulzadə, yazıçı Xalidə xanım Hasilova, Tələt bəy Həsən bəy oğlu Qəbulov (Azərbaycan musiqi alətlərinin mahir yaradıcısı), Həşim bəy Əhməd bəy oğlu Qəbulov, Həsən bəy Hüseyn bəy oğlu Qəbulov... ilə yanaşı, bir çox başqa görkəmli dövlət işçilərinin, elm və mədəniyyət xadimlərinin də adlarını görürük. Oxuculara da maraqlı olacağını düşünərək həmin soykötüyünün ana xətlərini ən ümumi şəkildə gözdən keçirməyi gərəkli sayıram.
Beləliklə, Qabil’in 3 oğlu olub: Rəşid bəy, İbrahim (Hacıbaba) əfəndi və Hacı Pirməhəmməd bəy. Rəşid bəyin övladları: Süleyman bəy, Həşim bəy, Məhəmmədağa bəy. İbrahim (Hacıbaba) əfəndinin övladları: Abdurrahman əfəndi, Abdulla əfəndi (Parlaman üzvü). Hacı Pirməhəmməd bəyin övladları: Sultan bəy (yazıçı Xalidə Hasilova onun qız nəvəsidir), İslam bəy, Hacı bəy, Hacı Mahmud bəy.
Hacı Musa’nın isə 7 oğlu olub: Bünyad bəy, Abakər bəy, Həbibullah bəy (Həmzət bəy bunun oğludur), Mustafa bəy, Rəsul bəy, İsgəndər bəy, Hacı Abbas bəy.
Ötən ilin noyabrında Gürcüstan Mərkəzi Tarix Arxivindən üzə çıxardığımız bir sənəd Qəbulzadələrdən, daha doğrusu, onların bəy nəslindən olmasından danışır. 24 avqust 1877-də Bakı Xəzinə Odasından (Palatasından) Tiflisə – Qafqaz Canişininin Baş İdarəsinə göndərilmiş 8596 saylı rəsmi məktubda göstərilir: “Zaqatala Dairəsinin rəisi bu ilin 8 iyununda Xəzinə Odasına Qax-Muxax kəndinin sakinləri Həbibullah bəy Hacı Qədir bəy oğlu və onun qardaşı Yusif bəy Qəbulovların bəyliklərinin təsdiqlənməsi haqqında Zaqatala Silki-Torpaq Komissiyasının 7 dekabr 1876 tarixli 299 saylı təliqəsinin surətini təqdim edərək sözügedən şəxsləri Qax-Muxax kəndinin vergi ödəyən sakinlərinin siyahısından çıxarmaq haqqında sərəncam verməyi Odadan xahiş edir. Həmin surətdən görünür ki: 1) Qax kəndində yaşayan Qəbulovlar soyadı Zaqatala Silki-Torpaq Komissiyasının 4 iyun 1874 tarixli 4 saylı jurnal qərarıyla bəy kimi tanınıb, ancaq Həbibullah bəyin və onun qardaşı Yusif bəyin adları tərcüməçinin yanlışlığı nəticəsində ailə siyahısının əslinə düşməyib...”.
Qəbulzadə/Qəbulov bəyləri Azərbaycanın ictimai-siyasi-mədəni həyatında həmişə fəallıq göstəriblər. Onlardan yalnız ikisinin həyatına ötəricə göz yetirməklə buna inana bilərik.
Həmzət bəy Qəbulov-Şirvanlı (1884, Qax-1912, Tiflis). Stavropol gimnaziyasında, sonra Kiyev hərbi məktəbində oxuyub. Bir müddət Tiflisdə dövlət qulluğunda işlədikdən sonra 1908-dən bu şəhərdəki “Zakavkazye” qəzetində “müsəlman şöbəsi”nin müdiri işləyib. Məhz onun təəssübkeşliyi sayəsində bu qəzetdə Azərbaycan ədəbiyyatı haqqında çoxlu dəyərli yazılar çıxıb. Təkcə bunu desək yetər ki, M.F.Axundzadənin rusca ilk tərcümeyi-halı məhz Həmzət bəyin əliylə bu qəzetdə dərc edilib.
Həmzət bəyin “Zakavkazye”dəki çoxlu məqalələri millətimizin ozamankı ən vacib problemlərinə həsr edilib. Nə yazıqlar ki, bu böyük şəxsiyyət Tiflisdə hədsiz yoxsulluq və xəstəlik içərisində yaşayaraq çox gənckən dünyasını dəyişib.
İslam bəy Qəbulzadə (3.5.1879, Qax-1920, Bakı). Azərbaycanın ən qabaqcıl maarif işçilərindən və ictimai-siyasi xadimlərindən biridir. Tərcümeyi-halıyla bağlı müxtəlif əfsanələr dolaşmaqdadır. Biz onun Azərbaycan Tarix Arxivindəki (ARTA) şəxsi işində saxlanan, 15 dekabr 1913-də tərtib edilmiş qulluq siyahısına əsasən ömür yolu haqqında qısa, ancaq ən düzgün bilgini veririk.
(Ardı gələn şənbə sayımızda) Ədalət TAHİRZADƏ Tel.: +994506126813 (mob.) E-mail: [email protected]




Bu yazı ( 821 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar