12px14px16px18px

Ailə mədəniyyəti, yaxud mədəni ailə anlayışı

Mina RƏŞİD
12:13 / 16.05.2012
 
 
 
...Kəndimizdə bir qız vardı, qarayanız, suyuşirin. O qədər gözəl olmasa da, ağıllı-kamallıydı. Əksər qızlarımız kimi onu da ali məktəbdə təhsil almağa icazə verməmişdilər. Amma işlədiyi sovxozda biliyi, bacarığına görə briqadir təyin etmişdilər. Bu ağır təbiətli, ədəb-ərkanlı qız el-obanın da sevimlisi idi. Elə bil böyük bir ailənin qız yox, oğul övladıydı. Çünki oğuldan çox canı yanırdı ailəyə, ata-anaya dayaq olurdu. Bu qız həmişə bir söz söyləyərdi, deyərdi ki, mən elə oğlana ərə gedəcəm ki, oxumuş olsun və bunu belə məzəli şəkildə ifadə edirdi, elə oğlan ki, qoltuğunda papkası, başında kepkası olsun. Onu sevənlərin arasında oxumuşları da vardı. Amma deyirlər, meşədə meyvələrin ən yaxşısı çox vaxt ayıya qismət olur. Bu qız da böyük arzularla düz 24 yaşına gəlib çatdı. Kənddə də bu yaş qız üçün çox sayılırdı. Daha ailə qurmaq zamanı idi. Elə bu məqamda iki elçi birdən haqladı qapılarını. Biri tanımadıqları uzaq adam olduğundan yaxına buraxmadılar. O biri isə uzaq qohum və yaxın qonşu sayıldığından hörmətlə qarşılandı. Qarlı günlərdə oğlanın anası qapıdan əl çəkmədi. Əri ona vəsiyyət eləmişdi ki, filankəsin qızlarından birini oğluna alsın. Odur ki, evdəki böyük qız bu oğlana daha münasib sayılırdı. Oğlan nə oğlan, qara qaş, qara göz, zil qara kostyum. Amma nəinki başında kepkası, qoltuğunda papkası vardı, heç adını da yazmağı bacarmırdı. Hələ də məəttələm ki, oğlanın bu dərəcədə savadsızlığından qızın xəbəri yoxydumu? Axı onlar bir sovxozda çalışırdılar. Həm də necə məhəbbət idisə oğlan qıza heç nə deməmiş anası gəlmişdi. Qız özü də şokdaydı. Bununla belə axırda razılaşdı. Ən çox da atası evinə yaxın olduğu üçün, çünki həmişə bunu istəmişdi. Beləcə qar kimi ağappaq gəlinlik paltarında o zil qara kostyumlu oğlanın qolundan tutub ürəkdən bağlı olduğu ata ocağını tərk elədi...
 
Kənddə sən həyətinin mer-meyvəsi, bostanı ilə dolana bilirdin. Amma əgər əlində sənətin, bir işin yoxdursa görüm bu bağça-bağsız necə dolanırsan. Tale bunu da bizə göstərdi. Evindən-eşiyindən didərgin olub çöllərə düşəndə olmazın müsibətini çəkdik. Bu qızın o savadsız əri ilə birgə vəziyyəti lap çətin oldu. Əri adi bir marşrutun hansı istiqamətə gedəcəyini aydınlaşdıra bilmirdi, çünki oxuya bilmirdi. Həmin o qız da ərinin qolundan tutub nə qədər yer dəyişdi, min bir əzab-əziyyətə qatlaşdı, mütiləşdi, adiləşdi... Dünyagörüşü nə qədər çox olsa da əlində bir sənəti yox idi. Əri də ancaq kolxozda çalışa bilərdi. Kolxozçuya da o qədər “hörmət” vardı ki, heç zəhmət haqqını da vermirdilər. Yeri gəlmişkən, “kasıb” obraz kimi nə qədər oxucuya cəlbedici görünsə də həyatda o kasıba adi bir salam verməyə də çox vaxt dilimiz gəlmir. İnsanın xisləti belədi, harda parıltı gördü ora qaçır, gərək nə qədər ziyalı, böyük ürəkli olasan ki, o safı, sadəni, kasıbı görə biləsən...
 
Əslində məqsədim bu qızın həyat hekayətini yazmaq deyil, bu qızın taleyindən də betər minlərlə belə ömrü zindana dönən qızlarımızın elə bu gün də çəkdikləridi. Bir də görürsən 13-15 yaşında qız ərə verilir. Aradan 1-2 il keçməmiş ailələr arasında “müharibə” başlayır, ya da oğlan qızı atır. Qız qalır arada, nə ata evi qəbul eləmir, nə də güclə ərə verilmiş oğlan evi. Hələ uşaq da bu başısoyuqluğun qurbanı olur. Qızın yaşı düşdü-düşmədi, əksər vaxtlarda da nikaha daxil edilmir və buna görə də başı bəlalar çəkir. Düşünürəm ki, ata-ana necə övladını sevməyə bilər? Əgər sevirsə necə onu belə kor qoyur axı. Yəni, heç olmasa ona bir peşəyə yiyələnməyə, bir işin qulpundan yapışmağa vaxtında dəstək olmur. Xüsusilə bizdə qız uşaqlarına ögey münasibət bəslənir. Onların haqqında ancaq bir şey düşünülür, ərə vermək. İstəyir nə qədər bilikli, bacarıqlı olsun, tamam fərqli olsun xeyri yoxdu. Ancaq ərə getməlidi. Və bu ərə getməyi onun gözündə o qədər ucuz, o qədər adiləşdirirlər ki, bəzən o qız ümumiyyətlə ailə qurmağa nifrət edir. Bu nifrət onun həyatında elə bir uçurum yaradır ki, sonra çox gec özünə gəlir və vaxtında ailə qura bilmir. Elə mən də belə oldum. Universitetdə bir tələbə yoldaşım da bir dəfə auditoriyada müəllimə bu həqiqəti söylədi. Və bu gün ali təhsil aldığına görə az qala didərgin olduğuna sevinirdi o qız. Bu mənim heç yadımdan çıxmaz...
 
 İnsan həyatdan – başına gələnlərdən, gördüklərindən dərs götürmürsə onda aləmə kor işığa baxan kimi baxar. Əfsus ki, dünya işığından məhrum olsa da gözəl işlərlə məşğul olan, hətta alimlik dərəcəsi belə almış, mədəni, ziyalı insanlar da çoxdur. Demək söhbət mənəvi korluqdan gedir. Ondan ki, bu gün böyük çətinliklərdən sonra ayaq üstə duran adam savadlı, ağıllı qızını heç də uzaqda olmayan yaxınlıqdakı adi bir texnikuma buraxmır. Halbuki ömrü boyu övlada dəstək ola bilməyəcək, sabah o qızın həyat yoldaşının başına bir iş gələndə onun körpələrinə həyan ola bilməyəcək. Həm də təkcə çörək pulu qazanmaqdan söhbət getmir axı. İnsanın bir mənəvi dünyası da var. O dünyanı hələ erkən yaşlarında valideyn bəzən elə qaraldır ki, insan ömrü boyu özünə gələ bilmir...
 
Yerin behiştlik Mirzə Ələkbər Sabir! Deyəsən sən söylədiklərinlə dünya durduqca var olacaqsan!
 
 
“Oğul mənimdir əgər oxutmuram
 
əl çəkin...”
 
 
Bəzi valideynlər elə bilir ki, övlad onun şəxsi malıdı, əşyasıdı, hara qoysa orda durmalıdı. Amma onun İNSAN olduğunu inudur. ANLAMAQ nə yaman çətin olur bu adamlara. Elə bu anlaşılmazlıqdan da görürsən oğul anasını təhqir edib döydüyünə görə atasını öldürür, qız anasını bayıra atır, qardaş doğma bacısının, xalasının evindən oğurluq edir, qonşu qonşunun qanını tökür, övlad evdən qaçır və başqa nə qədər acınacaqlı fakt hər an xəbər şəklində bizə çatır. Çox az istisnalar olmaqla bir atalar sözü yerinə düşür, nəyi əkərsən onu biçərsən və ya nə tökərsən aşına o da çıxar qaşığına... Əgər valideynləri həmişə evdə qonşunu pisləyirsə, uşaq yola çıxanda o qonşuya kinli nəzərlərlə baxacaq. Təəssüf ki, ata-ana çox vaxt özü də bilmədən övladın gözünə qaranlıq bir pərdə çəkir, nifrət pərdəsi. Bu nifrət nə vaxtsa onların özünə də çevrilə bilər və çevrilir də. Son vaxtlar hətta doğma övladını öldürən ata-anaların say artımı da yəqin ki, çox şey deyir...
 
Uca Yaradanın buyurduğu kimi düşünürəm ki, valideynin övlada qoyub getdiyi ən böyük miras onun təhsil və tərbiyəsidi. Amma bu o demək deyil ki, hər kəs mütləq ali təhsil almalıdı. Əsla, insanın mənəvi dünyasını zənginləşdirən, onun vaxtını gözzəlləşdirən və dəyərli edən saysız-hesabsız o qədər incə sənətlər var ki... Amma sanki dünyanın o üzündə yaşayan, qızlarını necə, kimə gəldi ərə verməyə hazır olan valideyn heç oğlunu da fikirləşmir. Hərbi xidmətini başa vurub evə qayıdan oğul yaşadığı bölgədə, kənddə özünə bir iş tapa bilmir və üz tutur ya doğma, ya da uzaq şəhərlərə. Valideyn gözü görə-görə övladının yaşının bu gənc çağında başına nələr gələcəyini düşünmürsə, bundan həyəcan keçirmirsə onda vay bizim halımıza... Son vaxtlar ucqar bölgələrdən şəhərə kortəbii şəkildə üz tutan gənc oğlanların hansı tələyə necə düşdüklərinin də şahidi olmuşam. Elə buna görə də bilmirəm kim necə münasibət bəsləyər, amma düşünürəm ki, ailələrin özünə bir nəzarət sisteminin olması bu gün çox vacibdi.
 
Yazını yazıb bitirmişdim ki, təsadüfən eşitdim, bu gün Ailələr günü imiş. Bayramımız mübarək!
 
Mina RƏŞİD



Bu yazı ( 85 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar