12px14px16px18px

Məhəmməd Əmin Rəsulzadə

Şirməmməd Hüseynov
13:13 / 05.05.2012
Nəşrin redaktorları:prof. Şamil Vəliyev  və elmi işçi Samir Mirzəyevdir.
Əsərləri Üçüncü cild (1915-1916)


Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

(Əvvəli ötən şənbə saylarımızda)

Zemstvo
II
(Asan müsahibələr)

Zemstvo nədir?
Zemstvo sözü yer sözündən gəlir və yer idarəsi deməkdir. Yerlilərin öz idarəsi, özləri tərəfindən idarə olunmaları mənasına işarədir.
Biz bir istilah olmaq üçün ona idareyi-məhəlliyə – deyə biləriz. Şəhər idarəsinə idareyi-bələdiyyə, yainki, ixtisarla “bələdiyə” – deyə bildigimiz kibi, zemstvoya da idareyi-məhəlliyə deyəriz. Çox işlətməklə “bələdiyyə” kibi, sonra da “məhəlliyə” təbirini işlətmək də qeyri-təbii olmaz?
Bu yer idarəsi haradan gəlmiş və buna neçün ehtiyac görülmüşdür? İnsanlar əvam olduqca özlərindən daha qüvvətli və daha bacarıqlılar tərəfindən idarə olunmuşlardır. Bir vəqt var idi ki, kəndlilər yer sahiblərinin, kənd ağalarının qolubağlı qulu idilər. Yalnız yerləri – yurdları degil, özləri də mülkədarların malı idi. İmdiki halda ağalıq yerdə əkib-biçən kəndçi heç olmasa bir dərəcəyə qədər özü-özünə malikdir. Yeri, toprağı ağanın isə, canı, nəfəsi özününküdür. İstər kənddə qalar, çalışar, istəməzsə, başqa bir kəndə köçər, yaxud şəhərə gəlib əmələlik edər. Fəqət əvvəlləri böylə degildi. Rusiyada “krepostnoye pravo” degilən bir həqq var idi. Bu həqq mülkədarların, ağaların idi. O həqqə görə yalnız kəndlər və kənd yerləri degil, kəndlilər də ağaların malı idi. Ağa kəndlini işlədər, kəndlini idarə edər, kəndlini tutar, basar, həbsə salar, hətta edama da məhkum edərdi. “Krepostnoye pravo” tarixini oxuyanlar bilərlər ki, zavallı kəndçi satlıq mal kibi satılır, qara qul kibi işlədilir, o bir ov itinə əvəz oluyor, nişançılıq etmək istəyən məğrur xanzadanın havayi gülləsinə nişanə oluyor, evlənəndə, ərə gedəndə ağadan icazə alıyor, daha nələr, nələr...
Sonra bu əsarət qalxdı. Kəndlilər azad edildilər, “Krepostnoye pravo” ləğv olundu. Əlbəttə, bu kəndlilərdən ötrü böyük bir nemət idi.
Bu nemət 1861-ci ildə fevralın 19-da ikinci Aleksandr tərəfindən çıxarılan fərman ilə bütün Rusiyaya elan olundu. Fərman xəbəri yetişdigi yerlərdə bayram saxlandı. Bütün kəndistan xəlqi azad edildigini xəbər aldı. Hətta fevralın 19-u imdi də Rusiyada hər il “Kəndlilərin azadlığı” – deyə bayram tutulmaqdadır.
Bəli, kəndlilər mülkədarların “ağa” zülmündən, keyflərinin istədiklərindən qurtarmış oldular. Ancaq bununla tamamilə azad oldular demək də dürüst degildir. Xəlq mülkədarların zülmündən qurtarmış kibi idi. Ancaq əhvalı necə ki lazım idi, yoluna qoyulmamışdı. Doğrudur ki, mülkədarlar artıq onları qul kibi alıb-sata bilmiyorlardı. Fəqət fəqirlik yenə o fəqirlik, cəhalət yenə o cəhalət idi.
1861 fərmanı mövcibilə kəndli başqasına heyvan kibi mal olmaqdan qurtarmışdı. Ancaq özünü özü idarə edən insan kibi daha azad olmamışdı. Cilovu mülkədardan alınıb mülkədarların nüfuz və ixtiyarında olan məmurlara, çinovniklərə verilmişdi.
1861-ci il azadlıq fərmanını vücudə gətirişdirən qüvvət 1863-cü ildə kəndistan həqqində tazə bir nizam dəxi çıxartdırdı. Bu nizam boyunca Daxili Rusiyanın 34 quberniyasına zemstvo həqqi veriliyordu.
Demək ki, Rusiyanın bu 34 quberniyasına həqq verilirdi ki, əhalisi özü-özünü idarə eləsin. İdareyi-məhəlliyə qursun.
İdareyi-məhəlliyə nə deməkdir?
Məlumdur ki, bir dövlətdə olan adamların iki növ ehtiyacları vardır. Biri bu ki, hökumət onları başqalarının hücumundan, çapavülündən saxlasın, qoymasın ki, özgələr gəlib onun rahətini pozsun. Bu qulluq böyük hökumət idarələrilə adamlarının öhdəsindədir.
Həmçinin dəmir yolları, postalar, teleqraf və bu kibi ümumi şeylər var ki, onlar dövlətin borcudur. Çünki faidəsi bütün məmləkətə, dövlətə aiddir. Ancaq bir neçə xırda işlər var ki, onlar əsl məhəllə aiddir. Məsələn, bir kənddə məktəb açılacaq. Kəndistan füqərasına əl tutulacaq, kənd xəlqi arasında tövci paylanacaq, kənd öhdəsinə düşən bikari aparacaq, kəndin yanından bir köprü çəkiləcək, kəndin azarlıyanlarına baxılacaq, yollar çəkiləcək, quraqlıq illəri nəzərə alınıb ehtiyat üçün buğda saxlanacaq, bağların bostanların zavalına çarə görüləcək, məsələn, Sibrə, səyyalə üçün çarə axtarılacaq, meyvələri qurtdan, cücüdən saxlamaq çarəsi görüləcək, tazə cür əkin maşınaları gətiriləcək. Xülasə bu kibi bir çox saysız-hesabsz işlər var ki, bunların hamısı kəndin, uyezdin, quberniyanın özünə aid işlərdir və bu işləri çinovniklər degil, xəlqdən seçilən adamlar daha yaxşı vücudə gətirə bilərlər.
Kəndistan halını bilənlər bilərlər ki, bizim kəndlərdə adını yazıb oxuya bilən adamlar nadirətlə tapılan bir şeydir. Çünki məktəb yoxdur, oxudan yoxdur, avam, cahil xəlq şarlatanların, ilan oynadanların, hiyləgər dərvişlərin, bisavad mollaların əlində bir oyuncaqdır. Azarlasa, dərman bilməz. Həkim anlamaz. Dərman əvəzinə dua içər. Həkim əvəzinə falçıya gedər. Tas qurdurar, cinlərini tutdurar. Buna görə də təmizligini, yiməsini, dolanmasını bilməyən zavallı kəndli cürbəcür naxoşluqlara düçar olar. İçlərində keçəllik kibi cürbəcür yoluxma naxoşluqlar töriyər. Xəlq bəzən olur çəkirgə kibi qırılar. İki il əvvəl Bakıya taun küyü düşdügü zaman, bələdiyyə və quberniya tərəfindən Bakı quberniyasına məxsus adamlar göndərilmişdiki, taunlu siçanları axtarıb – qırsınlar. O zamanda Lənkəran uyezdini gəzmiş olan bir müsəlman tibbiyyəlisi (həkimlik dərsi oxuyan şagird) aşağıdakı əhvalatı söyliyordu: “Bir kənddən keçirdim, gördüm ki, orta yaşlı birisini həyətin içində uzadıblar, kəndistan əhli dövrəsinə yığılmış, kimisi ağlıyor, kimisini böht aparmışdır. Nə var, bunu niyə uzatmışsınız? – dedim. Bu adam ölür – dedilər. Necə ölür? Bəli, ölür. Bax qarnı şişmişdir. Baxdım. Doğrudan da köpü vardı. Qarnı işliyormu? Yox, üç gündür işləmiyor. Demək qəbzdir. Yanımda soldat paraşoku vardı. Bir istəkan istədim. Suya paraşoku qarışdırıb həmkəndliləri tərəfindən diriləcəgindən ümid üzülmüş “ölüyə” içirtdim. Heç fikir eləməyin, ölməz – dedim. Yolumu tutub getdim. İki gün sonra geri qayıdarkən yolum yenə o kənddən idi. Nə gördüm ki, qoçağım “ölü” bütün qüvvəti ilə bostan belləyir. Xəlq başıma yığıldı. Ağa, sən buna nə elədin? Bu doğrudan da dirildi – deyə az qalıyordu ki, ayağımdan öpələr. Əgər o dəmdə kəşf və kərəmət iddiasına düşsəydim, inanız ki, inanardılar. Siz azarliyanda həkimə, çarəyə getməzmisiniz? Yox, hər kəs azarladı, ya ölür, ya da ki, sağalar. Başqa şey bilməyiriz? Bəzən olur ki, obaya falçıdan, molladan gəlir. Onlardan bir çarə, duadan-zaddan alırıq”.
Bu sizə Qafqasiya kəndlərinin avamlıq və həkimsizlik üzündən çəkdikləri məşəqqətə bir nümunə. Zemstvo olmadığı zamanlarda bütün Rusiyanın halı böylə idi. Burada ələlümum cahil kəndistanın vücudinə kibi bəlalara giriftar olduqlarını göstərmək üçün zemstvoda qulluq edən həkimlərdən birisinin yazdığını buraya köçürəlim: “Üç il tamam oldu ki, bən bir kənddə həkimlik ediyoram. cəmaət ilə artıq dərəcədə yavuq olduğumdan onun məaş və zindəganlığı ilə lazımınca tanış olmuşam. Yazıq cəmaətə yaxınlaşdıqca tutulduğu dərdlərlə azarlara dəxi o qədər tanış olur idim. Bunlar arasındaki cürbəcür yoluxma azarlar bəni pərişan ediyordu. Bir kəndə varid olduqda haman “həkim gəlmiş” xəbəri kəndə yayılıb, az bir zamanda 30-40-a qədər azarlı dövrəmə doluşub, kömək istiyorlardı. Dünyada nə qədər pis, murdar azar bilirsiniz, hamısı burada tapılar. Yatalaq, bəvasir, sarılıq, sinə ağrısı, cüzam, kift, qızdırma və sair bir çox yoluxma azarlar. Bu azarların səbəblərini ögrəndim. Məsəla, kəndistan xəlqi üçün bir növ ümumi olan yatalaq, bəvasir və qarayaranı alalım: bu azarların başlıca səbəbləri nədir? Natəmiz hava, bivəqt və az yemək, çirkli paltar geyinmək. Bu azarların hamısı haman qaranlıq, alçaq, rütubətli komalarda, çirkin və natəmiz evlərdə ürüyüb-artıyor. Bu kibi evlərdə yaşamaqdansa, dam üstündə, açıq havada yaşamaq min dəfə məsləhətdir”.
Belukonskinin zemstvo həqqində yazdığı risalədə nəql olunan bu fəqərə kəndistan məişətinin şübhəsiz ki, yüzdə birini təsvir etmiyor, zemstvoda qulluq edən bu doktorun yazdıqlarını yalnız rus kəndləri degil, Qafqasiyadaki müsəlman kəndlərindən hankısı həqqində götürsəniz, doğru çıxar.
Fəqət yalnız bumudur? Kəndxudaların həqsizliyi, pristav ağaların rəftarı, kənd qolçomaqlarının həyasızlığı, mülkədar bəylərin artıq təəmligi üzündən kəndlilərimizin çəkdigi məşəqqətlər qarayaradan çəkdiklərindən azmıdır? Hələ insafsız sələmçilərin, riba yiyən hacıların ən azi ayda mnata bir abbası ilə verdikləri “qərzül-hüsn” zavallı kəndli üçün yoluxma bir azardan daha bədtər degilmidir!
Bir hökumət yalnız onun üçün degildir ki, xəlqdən tövci yığıb getsin işinə. Artıq o yanı ilə işi olmasın. Yox, daha qədim oxumuşlar, o cümlədən də məşhur Sədi xəlqi qoyuna, hökuməti də çobana bənzətmişlərdir. Çoban qoyunlarından çoxlu süd almaq üçün onları yaxşı da otarmalıdır. Ancaq hər zaman və hər yanında görülmüşdür ki, xəlqə qədim filosofların təsəvvür elədikləri kibi bir qoyun sürüsü kibi baxan hökumətlər onları sağmaya baxmışlarsa da, otarmaya əhəmiyyət verməmişlərdir. Bunun nəticəsində dəxi o olmuşdur ki, cəmaət özünün qoyun sürüsü olmadığını isbat eləmişdir, üzə durmuşdur. Süd vermək istəməmişdir. Həqiqətən də xəlqə qoyun sürüsünə baxan kibi baxmaq olmaz. Xəlq nə qədər əvam olsa da, öz mənfəəti ilə zərərini anlamaqdan tamamilə məhrum olamaz. Yetişər ki, onu bu yolda tərbiyə etməgə başlıyasan. Bu tərbiyəni, əlbəttə, çinovniklər verə bilməzlər. Bu tərbiyə ancaq xəlqin özünəməxsus olan idarələrin, idareyi-məhəlliyələrin, yəni zemstvoların işidir.
M.Ə.
“Açıq söz”, 12 aprel 1916, №157
Sib – alma
Səyyalə – axan, axıcı
Böht – heyrət, təəccüb
Risalə – kitabca
Riba – faiz, müamilə
Qərz – borc

Büro qurulmaqdadır

Oxucularımız daxili xəbərlər qismindəki milli diriligimizə aid dərc etdiyimiz fəqərələri oxumuşlarsa, görmüşlərdir ki, fraksiyamız yanında təşkili müqərrər olan “büro” haman qurulmaqdadır.
“Açıq söz”ün “Bizim mətbuat” qismi ilə “fraksiya” həqqində vaqe olan nəşriyyatını görənlər biliyorlar ki, fraksiyaya yardım üçün yanında qurulacaq büro Rusiyanın mühüm müsəlman şəhərlərindən göndəriləcək məxsusi köməkçilər tərəfindən idarə olunacaq ki, bunların məaşı da göndərildikləri şəhər əhalisi tərəfindən təmin olunacaq.
Bu xüsusda Ufa hamısından əvvəl tərpənmiş, məşvərət məclisinə göndərdiyi nümayəndələri cüzində hüquqşünaslardan Şakir Məhəmməd Yarfi məaşını təmin edərək həmişəlik büroda qalmaq üçün göndərmişdi. Bir az sonra moskvalılar da mühərrirlərdən “Söz” qəzetəsi sahibi-imtiyazı Əhməd bəy Salehov cənablarının intixab və məaşını təmin etdilər.
“Vəqt” qəzetəsi dəxi Orenburqdan büroya göndərilmək üzrə cavan hüquqşünaslardan Nəcib əfəndi Qurbanəliyevin təmin olunduğu ilə Petroqrada əzimətini xəbər verdi. Bu üç kişidən əlavə Səlim Gəray Mirzə canturin cənabları dəxi əvvəldən duma fraksiyası yanında işləməkdə idi. Bu surətlə “büro”da duma əzalarından başqa hal-hazırda dörd kişi var deməkdir.
Bir az daha diqqət olunmuşsa, görülmüşdür ki, Tatarstanın kiçik nöqtələri də haman büroya ianə göndərməgə başlamışlardır. Çiləbi kibi yerdən 800 rublə yığılıb teleqrafla göndərilmişdir.
Fəqət Qafqasiya harada, Bakı nə işdədir?
Məşvərətə adam göndərmədik. Əcəba, “büro”ya köməkçi də göndərmiyəcəkmiyiz? Bakının halına, ətvarına baxıldıqda göndərmiyəcəgiz kibi nəzərə gəliyor. Bu xüsusda nə danışan var, nə dinən. Fəqət biz bakılıların bu sükut içində cingildiyən qulağına baxınız, Moskvadan nə kibi əks-sədalar gəliyor. “Söz” qəzetəsi yazdığı bir fəqərəsində Qafqaz, Krım və Qırğızstandan da nümayəndələr gələcəgi bildirildi – diyor.
Allah eləsin ki, bu xəbər doğru çıxsın. Fəqət Allah eləsin ki, bu Bakıya məxsus olan hər zamanki doğrulardan olmasın.
Hər zamanki Bakı doğrusu hankısıdır – deyə nabələdlər maraq edə bilərlər.
cəmaətsiz cəmaət işi görmək – maraq edənlərə cavab verə biləriz.
Məşvərət məclisinə adam göndərmək məsələsini və vaxtı ilə biz hərbzədələrə müavinət işinə mübaşir olalıdan bəri “Altaydan Tunaya qədər” əmrlər verən cəmiyyəti-xeyriyyə işləyənlərinin bir iclasına təklif etdik. Fəqət nədənsə bu təklifi verdikləri vədlərə rəğmən kəmali-məharətlə basdırdılar. Fəqət istəmədiklərini basdırmaq məharətində olan “məhfillər”imizin bunun əksini görməgə dəxi müqtədir olduqlarını bilməz degiliz. Ehtimal ki, hər zaman olduğu kibi bu məsələ də dəxi (Bakı həyati-ictimaiyyəsinin israrına vaqif olanlarca bəlli olan) “Heyəti-mumtaz”ının “Söz”ün fəqərəsinə həqqaniyyət verəcək bir qərar və vədi də var. Fəqət bununla bərabər etiraf etməliyiz – bu günə qədər Bakı məhfillərində bu xüsusa aid bir qərarın mövcud olduğundan məəttəəssüf xəbərimiz yoxdur.
Bizim bildigimiz bir şey var ki, o da bu məsələdə hamıdan artıq müavinət və əlaqədarlığı gözlənməkdə olan Bakının əlaqəsizlik göstərdigidir.
İqtidari-fəzl, kəmal, bilik və bacarıqla degil, mövqei-para və nüfuzla ölçən, mazuta bulaşmış tühəf vicdanlı Qafqasiya Bakısı ilə bu xüsusda Bolqaboyu müsəlmanlarının Bakısı da iştirak etməkdədir. Kazan da bu vəqtə qədər büroya göndərəcəgi adamını təyin edə bilməmişdir.
Moskvadakı “Söz” qəzetəsi vəqtilə milli işlərdə birincilik şərəfini qazanan, imdi isə üçünciligi də itirən Kazanın bu ətalətini aşağıdakı sətirlərlə izah ediyor:
“Onun hər küçəsində bir “böyük” çıxıb öz həlqəsinə münasib olan xəlqi məşğul etməgə girişdi. İşlə, xəlqə faidə etməklə degil, xəlqə faidə etməklə oynamaqla, millətə xidmətlə degil, “millətə xidmət ediyoram” sözü ilə xəlqi başdan çıxardı. Bu məqsədinə yetişmək üçün heç bir vasitədən çəkinmədi. Qara qüvvət, pul qüvvəti, qeybət, intriqa, şəayət, hamısına yol verildi. Buna görə hər hanki bir məsələ olsa – milli olsunmu, dini olsunmu, bir neçə dairənin intriqasına silah olmaqdan qurtara bilmədi. “Büro” məsələsi də böylə oldu”.
Görüyorum ki, təsvirdə şəhərimizi görüyorsunuz. “Həme ca asiman, haman rənkəst” – demək istiyorsunuz?
Doğrudur, Bakıdaki cəmaət və millət işlərini qeyri-təbii, məyub və fəci bir halə salan həmin yuxarıda təsvir olunan halın eyni olmasa da, mislidir.
Kazanın hər küçəsində bir “böyük” varsa bizim Bakının hər cəhətinə hakim bir “böyüklük” vardır. Bu “böyüklük” vəqtilə məhdud fərdlərin həqq və səlahiyyətlərini təşkil ediyordu. İmdi bu səlahiyyət bir az genişlənmiş, fəqət yenə də yaxasını məhdud və mədud pəncələrdən qurtara bilməmişdir.
Bakı məarifpərvərləri səmimi düşünür millət xadimləri, heç şübhəsiz ki, bu təsatdan qurtara bilərdi. Fəqət bunu istəmək, buna sərfi-əzəm etmək lazım. Bu istək yox degildir, fəqət bununla bərabər arada yenə o həyula hökmfərmadır. O həyula ki, dəmir çəngalini atmadığı bir boyun buraxmamış.
Ürəfamızın bu müvəffəqiyyətsizlik səbəbi bəlkə də ayrılığında, “müşkülpəsənd”ligində “Söz”ün təbiri ilə hər küçədə bir “böyük” olmaq amalındadır.
Fəqət hər nə isə “büro” lazımdır. Öylə məsələlər və öylə vəqtlər vardır ki, o zaman bən, sən gözədilməz, ümumi iş üçün köhnə adətlər, mənasız inadlar, faidəsiz ağalıqlar, mütləqa atılmalı, bütün qüvvətlər birləşməlidir.
Bizim üçün də öylə bir zaman gəlmiş. Yuxarıdaki təhlilatımıza rəğmən biz yenə ümid etmək istiyoruz ki, “büro” məsələsi cəmaətimizin ağıllı və idraklı qismi tərəfindən lüzumunca təqdir olunar və bu xüsusda cəmaət işləri ilə az-çox əlaqəsi olanlarımızın iştirakı ilə müəyyən bir qərara gəlinər.
Tarixin ən mühüm bir dövründə, rusiyanın ən ciddi bir tarixində, həyatımızın ən xətərli bir cağındayız. Millətlər kəndi siyasiləri, vəkilləri, işliyənləri ilə birgələşib təqdirlərinin islahına çalışıyorlar. Biz də çalışmalıyız. Bunun rəsmi və siyasi yolu isə müsəlman fraksiyası vasitəsilə dumadan keçiyor. Fraksiya zəifdir. Onu qüvvətləndirmək üçün büro təşkilinə lüzum görülüyor. Bu lüzumi bütün Şimali Rusiya dərk etdi. Müavinətə tələsdi. Fəqət bütün Rusiyaya guruldamaqda olan Qafqasiya, bilxassə Bakı bu vəqtə qədər susdu, susuyor.
Fraksiya tərəfindən bu xüsusda Bakıya tazəliklə bir təklif olunub – olunmadığı bizə məlum degildir.
Fəqət təklif olunmadığını təsəvvür edə bilmiyoruz. Bu xüsusda məşvərət məclisi və ya fraksiya tərəfindən müxatib olan heyət və ya şəxslər varsa, borclarıdır ki, bu məsələni ümumiləşdirib onu cəmaət müəssisələri və xəlq xadimlərimizin məsləhət və məşvərətilə həll etdirsinlər, tainki, biz də öz vəzifəmizi görə bilək.
Çox gecikdik, eybdir!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 13 aprel 1916, №158
Məhfil – məclis, heyət
Məyub – nöqsanlı, eyblənmiş
Fəzl – ləyaqət, məziyyət, dəyər
Mədud – sayılmış, məhdud
Tühəf – töhfələr, gülünc
Həyula – vahimə, xəyal

Qurama

Bura müsəlman “Kaspi”sidir? – deyə birisi idarəmizə daxil olmuşdu.
– Bəli, nə işin var?
Qazet yazdıracağam!
– Neçə aylıq, illikmi?
Yox a... belə yazım var verəcəgəm ki, yazasınız. O it oğlunu bir söyəsiniz. Tari, gəl borcunu apar.
– A də, necə it oğlu, necə sögüş?
– Hə, o mənə çox pislik eləyib, gərək onu “biabır” edəm, qəzetdə sögəm.
– Qəzetdə sögüş olmaz, belə şeylər qəzetəyə yazılmaz – deyə mərami anlatmaq istədik.
– Olmaz, nə deməkdir? Pul verəcəgəm, müftə istəmiyoram ki...
– Olmaz.
– Pul da versəm!
– Olmaz, olmaz...
“Küçə” mühərriri bizi qane etməgə başladı ki:
– Olar!
Əlbəttə, biz qısa kəsdik:
– Olmaz, dedik. Bittəb “bu olmaz”da.
– Rədd ol başımızdan, açıl mənası da var idi.
Zavallı adam, düşmənini sögə bilməyib getdi.
Arzusu ürəgində qaldı.
O gedəndən sonra bu vaqeə bəni götürdü. Fikirləşdim. Qəzetə həqqində böylə bir fikir haradan gəlir: – deyə düşündüm.
Qələm arkadaşlarımdan birisi, burada düşünüləcək nə şey var. Onu bu cəsarətə gətirən mətbuata onu bu gözlə baxmağa vadar edən yenə mətbuat özü, yenə ədəbiyyat özüdür – dedi.
– Nə deyirsən, yoxsa sən də öylə bir fikirdəsən, – dedim.
– Toxta, – dedi. Ona danışmaq fürsəti vermədik? Barı bəni olsa, dinlə.
– Çox əcəb, söylə.
– Əgər o adam, öz nəzəriyyəsini müdafiəyə başlasa, məsəla Qafqasiya məşahiri – üdəbasının həcviyələrini, məsəla ən ustad tanıdığımız Seyid Əzim Şirvaninin qəzəliyyatını, Ləlinin həcviyyatını bilməm kimin nəsini şahid gətirsə, ədəbiyyatda sögüşmək caiz olduğunu iddia eləsə idi, nə deyərdik?...
– Ədəbiyyatın o dövrəsi keçdi. İmdi zaman dəgişdi, – deyərdim.
– O halda o bir az da məlumat sahibi olduğunu biruzə versə, əsrimizdə nəşr olunan mövqut mətbuati nişan versə, cavabın nə olardı?
– Bu kibi şeylər əksərən qeyri-ciddi olan gülgü qəzetlərində oluyor. Şübhəsiz ki, bunlarda da olmamalıdır. Onlar da işi məzəlilikdən məsxərəliyə salmamalı idilər. Fəqət nə isə ciddi qəzetələri o ayaqdan tutmaq olmaz.
– Yaxşı, o sizə ciddi qəzetələrdən də sögüş nümunələri göstərə bilərdi. Ehtimal ki, ən əsaslı məsələlərə bədyələrlə, hərzələrlə müqabilə edən bir qəzetə nömrəsini cibindən çıxardıb nişan da verə bilərdi.
– Bəli, verə bilərdi.
– O haqda para verib də qəzetəyə sögüş yazdırtmaq həvəsi səbəbsizmidir?
– ??!...
Niş
“Açıq söz”, 13 aprel 1916, №158

Zemstvo

III

Zemstvo kəndistan üçün nə kibi işlər görür? Kəndistanın nə kibi ehtiyaclarını nə surətlə rəf edir?
Kəndistanın başına nə gəlirsə, haman cəhalətdən gəlir. Buna görə də zemstvo hər şeydən əvvəl kəndlərdə məktəb açır. Bu məktəblərdə xəlq okumaq, yazmaq ögrənir. Dinindən, tarixindən əz cümlə məlumat alır.
Məktəbin xəlqə lazım olduğunu əlbəttə inkar etməyəcəksiniz. Necə inkar edə bilərsiniz ki, molla olsun, mirzə olsun, məktəb görmüş, dərs oxumuş adamlara həmişə möhtac olduğunuzu görürsünüz. Əlbəttə, zemstvo olmadan da kənddə İrandan gəlmə bir “mollacıq” tapılır. Başına beş-on uşaq yığıb dərs oxutduruyor. Bu da hər yerdə, hər kənddə yoxdur. Sonra onun ögrətdiyi olmazın bir haldadır. Zavallı kəndli balası illərlə bu məktəbə davam edir.
Zirək çıxsa babasına yasin okumaq qədər bir şey hasil edər. Ondan oyanasını bənə bağışla. Halbuki zaman o zaman degil. Aləmdən xəbər tutmaq gərək. Qəzetələr çıxır, kitablar yazılır, bunları oxumaq lazım. Rus idarəsindəyik. Kəndimizə zakonlar, əmrlər, buyuruşlar rusca gəlir, poçtaya bir yazı vermək istəsək üstünü rusca yazmalıyıq. Kəndə pristavdan, stracnikdən gələndə özümüzdən keçirik. Bir adam tanımıyoruq ki, onun dilini bizə tərcümə eləsin. Əlbəttə lazım idi ki, stracnik bizim dilimizi bileydi. Ancaq biz də onun dilini bilmək məcburiyyətindəyik. Bilmək faidəsiz də degildir, lazımdır. Bu bilməməzlik üzündən nə qədər zərərlər çəkirik.
Zemstvo bizə öylə məktəblər açar ki, orada kənd cəmaəti dinini də, dilini də, ruscanı da ögrənər, işıqlanar, əqli, fəhmi, fikri açılar. O zaman artıq kolay-kolay aldanmaz. Bu, o – onu sarımaz.
Rusiyada zemstvo qoyulduğu zaman əvvəlinci iş ki, gördü haman kəndlərə məktəb qoymaqdı. Zemstvo bunu yaxşı bilmişdi ki, cahil xəlqlə, əvam cəmaətlə heç bir iş görmək olmaz. Bundan aşağıda sayacağımız bütün işləri bacarıqla və mətləbə yetişməklə görmək, görə bilmək üçün şübhəsiz ki, xəlqin bir az hazırlığı olmalıdır. Çünki cəmaət işini, kəndistan məişətini, əkinəcəgini, baxçılığını, maldarlığını düzəltmək üçün ağızdan söz deyiləcək, kiçik kitabçalar dağıdılacaq, bunları anlaya bilmək, onlardan faidə görmək üçün, əlbəttə ki, az olsa da oxumaq, yazmaq bilməlidir.
Rusiyanın 34 quberniyasında 40 ilin ərzində zemstvonun açdığı məktəblərin sayı 1903-cü ildə 18.815-ə çatarmış. Bu məktəblərdə bir milyon igirmi beş min üç yüz otuz (1.025.330) oğlan və üç yüz dörd min səkkiz yüz qırx yeddi (3040847) qız oxuyurmuş ki, cümlətən (1.330.177) uşaq deməkdir. Halbuki zemstvodan qabaq 2-ci Yekaterinadan 2-ci Aleksandrın padşahlıqları müddətində zikr etdigimiz 34 quberniyada degil, tamam Rusiyada var-yox 2986 məktəb varmış ki, bu məktəblərdə 146.798 uşaq oxuyur, onlar da nə cür oxuyurmuş və nə oxuyurmuş o da məlum. Bizim “mollaxanə”lərin “fələqqə”si əvəzinə onlarda da kərpic xırdası və noxud işləniyordu. Polun üstə kərpic xırdası və ya noxud töküb dərsini ögrənməyən və yainki nadinclik edən uşağı dizi üstə onların üstünə oturtdururlardı.
1903-cü ilin hesabından görülmüş ki, məzkur 34 quberniyada 26.566 müəllim və 16.898 müəllimə (arvad müəllim) var imiş.
1963-cü ildə bu 34 quberniyada olan zemstvolar xəlqi oxutmaq üçün 15.594.252 manat xərcləmişlərdir. Uyezd zemstvolarından əlavə məarif işinə quberniya zemstvoları da sərf etmişlərdir. Gəmən o ili quberniya zemstvoları məktəb və məarif üçün 1.106.547 manat xərcləmişlərdir (rəqəmlər Belukonskidən alınmışdır...M. Ə.).
Zemstvolar xəlqin balalarını degil, üzlərini də ağartmağa çalışırlar. Xırdalarını məktəblərdə oxutduqları kibi böyüklərini də qiraətxanələrdə, kitabxanələrdə və xəlq evlərində tərbiyə edirlər.
Cəmaətə lazım olan işlər həqqində bilgili adamlar gətirdib onlara moizələr etdirirlər. Məsəla, necə etməli ki, mala azar düşməsin, necə eləməli ki, bağa, bostana zaval gəlməsin, necə eləməli ki, inək südlü olsun, toyuqların cinsi yaxşılaşsın, necə eləməli ki, meyvələr peyvənd olunub yaxşı cins hasil olsun. Bunların hamısının elmi var, yolu var, təcrübəsi var. Əksərən kənd balalarına əlifba ögrədən zemstvo müəllimləri bu kibi və sair bu kibi kəndlinin məişətinə, diriliginə aid olan şeyləri də ehsan məclisində, toy yığınında, məhəllə qabağında, məscid həyətində deyib ögrədirlər. Yalnız deməklə degil, təcrübə ilə göstərməklə ögrədirlər (bu xüsusda sonra).
Əlbəttə, kəndistanın ehtiyaci çoxdur. Onun ruhu da, bədəni də azarlıdı. Ruh azarlığını salağtmaq üçün zemstvolar məktəb açıyorlar. Fəqət bədən azarlarını gözdən qoymayırlar. Çünki bir millətin, bir cəmaətin əsl kökü kənddədir. Kənd azarlı olursa, kəndistanda lazım olduğu qədər həkim, dava-dərman və azarxanə olmazsa, vücudda sağlam fikir də olmaz. Bizim kəndlərin təbib və həkim köməgindən nə qədər məhrum olduqlarını ikinci məqaləmizdə bir münasibətlə bəyan eləmişdik. Ona görə də burada onu təkrar etmiyəcəyiz. Ancaq bu qədər deyəcəgiz ki, kəndistanımızda azarlıyarkən həkimə getmək istəyənləri belə xərab yollar, narahat arabalarla saətlərlə, bəlkə də günlərlə yol getməlidirlər ki, şəhərə və yainki, həkimi olan böyük bir kənd və ya qəsəbəyə çatsınlar. Məlumdur ki, bu hal ilə azarlı sağala bilməz və məlumdur ki, bu surətlə hər kəs həkimə gələ bilməz. Biz kəndlilərimizi məzəmmətliyoruk ki, onlar azarlıyarkən həkim əvəzinə falçıya gedirlər. Ancaq nə eləsinlər, həkim yoxdur. Falçı isə əl altındadır. Əlbəttə, biçarə azarlı çəkdiyi ağrıları, düçar olduğu sızıları bir şeylə yüngüllətmək istər. Həkim olmadığı yerdə bir falçının tilsimi, bir mollanın inək boyun bağısı onun üçün bir təsəlli, bir şəfadır.
Zemstvolar ikinci dərəcədə də xəlq üçün davaxanə açmaq, həkim gətirtmək, azarxanələr tikməgə əhəmiyyət verirlər. Rusiyada da öylə etmişlərdir. Məsəla, zemstvosu olan 34 İçəri Rusiya quberniyalarında zemstvo qurulduqdan 8 il sonra ancaq azarlı xanələr, tikilməktə həkimlərə 8 milyon manat xərc olunmuşdu. 7 ildən sonra (1890) bu məxaric 13 milyona çatmış idi. O il hesabına görə 1818 zemstvo həkimi və 1197 zemstvo azarlıxanəsi vardı. İndi isə bundan qat-qat artıqdır.
Məlumdur ki, sağlam bədən, sağlam ruh tərbiyə edə bilmək üçün insanın məaşı, qazanc yolu, kəsbü ticarət işi, əkinçinin əkinəcəgi, maldarlığı da gərək yolunda olsun. Zemstvolar bu xüsusda da cəmaətə artıq kömək ediyorlar. Bu köməklərin nədən ibarət olduğu həqqində də sonra.
M.Ə.
“Açıq söz”, 14 aprel 1916, №159
Movizə – moizə, nəsihət
(Ardı var)
Şirməmməd Hüseynov




Bu yazı ( 275 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar