12px14px16px18px

ORALARDA KİMLƏR VAR:SƏHİFƏNİN QONAĞI RAMİZ ORSƏR

Tofiq ABDİN
07:06 / 28.04.2012
“AYDIN” HAQQINDA BƏZİ AYDINLIQLAR –1

Aprel ayının 19-da unudulmaz tənqidçi,siyasi xadim və türkoloq Aydın Məmmədovun ölümünün ildönümü idi. Bu nədənlə Azərbaycan Tərcümə Mərkəzində onun anılması saatları yaşandı. Mərkəzin sədri, yazar Afaq Məsud, mərkəzin əməkdaşları şair Zakir Fəxri,yazar Saday Budaqlı, bu sətirlərin müəllifi, “525-ci qəzet”in əməkdaşları yazar Yaşar,baş redaktor müavini yazar Yusif Rzayev və Mərkəzin əməkdaşlarından İlham Feyzullayev olmaqla bir anma mərasimi keçirildi. Təbii ki, hər kəs öz xatirələrini danışdı və Aydının bütün həyatının türk dünyasına həsr edildiyi və məmləkətimizdə türkoloq kimi tanınan ilk yaradıcılardan biri olduğu vurğulandı. Söhbət əsnasında İlham bəy bu gözəl və unudulmaz ədəbiyyatçı haqqında şəkili bir şairin, hamımızın tanıdığı gözəl qələmi sahibi Vaqif Aslanın poeması olduğunu dedi və həmin poeama haqqında yazar Ramiz Orsərin bir yazısının bu vaxta qədər çap olunmadığını da söylədi. Məni maraq götürdü və həmin poema haqqında olan o yazını İlham bəydən aldım, onu öz səhifəmdə şair Ramiz Orsərin icazəsiylə çap etməyi düşündüm.Əlavə olaraq bunu da deyim ki,qəzetin baş redaktoru Rəşad Məcidə bu təşəbbüsə etiraz etmədiyi üçün təşəkkür edirəm. Tofiq Abdin
1991-ci ildə qələmə alınmış, iki il sonra isə işıq üzü görmüş Vaqif Aslanın “Aydın” poeması təkcə şairin yaradıcılıq məharətinin bələdləyicisi deyil, eyni zamanda 90-cı illər Azərbaycan poeziyasında sayılıb-seçilən əsərlərdəndir, ədəbi hadisədir. Poema bir sıra özəllikləri ilə seçilən, istər ədəbi, istərsə də ictimai aləmi “yaxasından tutub silkələyən” və düşündürən poemadır. Poemanın baş qəhrəmanı ölümü ilə ölməzliyə ucalan türkoloq-alim, millət vəkili, milli azadlıq mücadiləsi dövründə xalqın liderinə, onun görən gözü, düşünən beyni və döyünən ürəyinə çevrilən Aydın Məmmədov əslində, sözündə və əməlində düz, şəxsiyyətində bütöv və böyük bir türkün obrazıdır. Həm də poemada Aydın Məmmədovu baş qəhrəman səviyyəsinə qaldıran Vaqif Aslanın yaratdığı azad vətən, türkçülük, tarixi dövr – zaman və mərkəz obrazlarıdır. Bu obrazlar Aydın Məmmədov obrazının açılmasına, Aydın Məmmədov surəti isə tarixi dövr – zamanın, azad vətən, azadlıq və türkçülük obrazlarının açılmasına və dərkinə xidmət edir. Əslində, elə Aydın Məmmədovun bütün həyatı, ictimai-siyasi fəaliyyəti tarixi dövrün – zamanın özüdür. Həmçinin zaman-zaman əlləri bağlı, ayaqları çidarlanmış, yarımcan azadlığın özünüdərk yolunda uyqudan oyanmış türkün – türkçülüyün özüdür.
Kamera yoldaşların deyib:
“Xoş gəldin, ey türk!
Günahın nə oldu ki, bizə tuş gəldin,
ey türk?”
Ləngər vurub bu anda,
dayanmısan şəst ilə,
Qırğız, türkmən, qazağı
Prokuror sayağı dindirmisən qəsd ilə.
“Bəs siz kimsiniz belə?”
Qırğız deyib: “Qırğızam,
Qazax ilə özbəyin arasında yalqızam”.
Türkmən deyib ki, mən də
Qaçıram türk görəndə
Qazax deyib: “Qazağam,
Kiş, kiş!.. Türkdən uzağam”.
Onda əsib əllərin, titrəyib dodaqların,
Yaşarıbdı gözlərin....
...Türklüyü böğazında kəndir
olan türk mənəm!
Dərdi yüz boy özündən
hündür olan türk mənəm!
Türk oğlu, nə qədər ki,
birlik ruhu səndə yox,
Bəndə içində məndən aşağı
bir bəndə yox.
Tatar dəstəmaz alır,
qaqauz xaç gəzdirir.
Nə dəxli var? Qardaşıq....
Dil bir, din ayrı qardaş.
Bilmirəm özbək niyə əlində daş gəzdirir,
Kimə dəyəcək o daş?
Türk qövmünü bu hala salan kimdir? Türkü türkə qarşı qoyan, bir-birinə düşmən edən kimdir? Türkün atdığı daş türkün başına dəyirsə, günahkar kimdir? Türkün özünü yox, türkə kimliyini unutduran “Xalqlar həbsxanası” – Sovetlər Birliyi və onun çürük ideologiyası – sovet ideologiyasıdır. Yalanlar və talanlar üzərində qurulmuş, silah gücünə, fitnə və fellə öz varlığını qorumağa çalışan hakimiyyət baqqalları və naqqalları, “velikorus” şovinizmidir.
“Aydın”ın aydınlığından danışarkən XX əsrin əvvəllərində C.Məmmədquluzadə dühasının işığında bədirlənən “Ölülər” əsərini xatırlamamaq mümkün deyil. Bu iki əsər və əsərlərin baş qəhrəmanları və onların ədəbi və əbədi taleləri arasında milli-mənəvi oxşarlıqla yanaşı bir-birinə məlhəm olan fərqli cəhətlər də var. Aşağıdakı məsələlərə diqqət yetirək:
“Ölülər” XX əsrin əvvəllərində yazılıbsa, “Aydın” XX əsrin sonlarında yazılıb. “Ölülər” tragikomediya janrındadırsa, “Aydın” lirik-epik poema janrındadır. “Ölülər”in baş qəhrəmanı Kefli İsgəndər ədəbi obrazdırsa, “Aydın”ın baş qəhrəmanı Aydın isə həyatın özündən bədii ədəbiyyata gələn ədəbi obrazdır – tarixi şəxsiyyətdir. Ancaq hər ikisi əbədiyaşar obrazlardır. Kefli İsgəndərin içində bulunduğu ölülər mühiti ilə Aydının içində yaşadığı sovet cəmiyyətinin və kommunist stixiyasının fərqimi çoxdur, ya oxşarlıqlarımı? Əlbəttə, oxşar cəhətləri daha çoxdur və bir çox məqamlarda bu iki ədəbi obraz bir-birini tamamlayır.
Hər ikisinin taleyinə mənsub olduğu xalqın acı taleyindən yanmaq, yaxılmaq, ətrafına öz içinin nurundan pay vermək düşüb. Ancaq onların doğmaları da, yaxınları da, “başbilənləri” də onları dərk etməyib, heç buna təşəbbüs də etməyiblər. Hər kəlməbaşında onların ağzını yummağa, sözlərini kəsməyə və ona “qulp” qoymağa çalışıblar. İsgəndər də eyni aqibətlə üz-üzə gəlib, Aydın da həmişə qaragüruhla üz-üzə dayanıb:
Ürəyindən axardı
O vaxt Araz lil ilən,
Axıb-axıb daşardı.
Onda vəcdə gələrdin
Şirin-şirin dil ilən. Dərdi elə deyərdin,
Dərd də doğmalaşardı.
Kürkü bitli kişilər,
Partbiletli kişilər
Səni görüb qaçardı,
Camaat da çaşardı.
“Xoruzun quyruğu” görünür. İsgəndərin mühitində avamlıq, nadanlıq, cəhalət at oynadırdısa, Aydının yaşadığı mühitdə kosmopolit kommunist ideologiyası “partbiletli ziyalılıq” sağa və sola, eninə və dərininə tüğyan edirdi. İsgəndərin sözünü deməsi üçün C.Məmmədquluzadə onu “içirdir”, sonra isə həqiqəti ona dedirirdi. Aydın isə özü real həyatda doyana qədər (hələ ondan da artıq) içib, ayılıb (bir il məhbəsdə yatıb), həyatın özünü görüb, onu bütün parametrləri və əkslikləri ilə dərk edib, ictimai həyata, oradan da bədii ədəbiyyata gəlib. Kefli İsgəndərin işi bir qat çətin idisə, Aydının mübarizəsi üçqat çətindir. Aydın bəlkə də dünyanın yarısına öz ideologiyasını təlqin edən, onun keşiyində bütün arsenalları ilə “ayıq-sayıq” dayanan kommunist ideologiyasına, sosialist imperializminə, onun yerlərdəki milli olsa da, get-gedə manqurtlaşan dayanıqlarına və avamlıqdan formalaşan nadanlığa qarşı dayanırdı.
Verib gözaydınlığı o gün bütün
kənd ona,
“Həmişə azadlıqda”, – deyirdilər
Aydına.
“Qaranlıqdan seçmirik,
– deyə – biz aydınlığı”
Aydın başladı sözə:
“Azadlıq deyirsiniz, o nə veribdir sizə?”
“Olumla ölüm” arasında olanların cavabları tarixin və zamanın diktəsindən gəlsə də, nə qədər miskin və qorxuncdur.
Fəhlə dedi – “Min şükür, hər axşam evdəyəm mən,
And olsun kefdəyəm mən”.
Müdir dedi: “Bir kərə
Çevrilib baxmamışam qəpik gəlməyən yerə”.
Elə burada Vaqif Aslanın müşahidəsinə və cəsarətinə də səd əhsən!
Kolxozçu dedi:
“Dolub medallar ilə sinəm,
Hamıdan xoşbəxt mənəm”.
Müəllim də aldı söz:
“Beynəlmiləlçiyik biz,
Biz azad olaq deyə 261 can gedib,
Leninin silahdaşı
Şaumyan qurban gedib”.
Sahə müvəkkili də tərif etdi özünü:
“Deyim sözün düzünü,
Üzümə bağlı qapı, inan,
bu kənddə yoxdur.
Azadlıq kimdə çoxdur?
Kənd soveti sədri də kəsə etdi sözünü:
“Kim sözümə baxmasa,
çıxardaram gözünü”.
Boylanıb sola-sağa,
Biri çıxdı qabağa:
“Tibb qardaşıyam mən də,
Minnətçi düşür mənə
hamı xəstə düşəndə.
Aydın dinamik surətdir. O daim hərəkətdə, hərəkətdədir. Aydın məhbəsdə də sözünü şax deyib, Milli Məclisdə xitabətdə də, ekran-efirdə də, kütlə qarşısında, izdiham önündə çıxış edəndə də, ona ünvanlanan müraciətə cavab verəndə də o, həmişə səmimi olub, xalqı üçün ağlayıb, özü üçün düşmən qazanıb.
Bizlərdən fərqlidir Aydının yolu,
Deyir: – Türkün özü, dili ən ulu.
Ən qədim dövlətsə, “Şumer” dövləti1,
Türklə bağlı olub mədəniyyəti.
Tutalqa olubdur o vaxtdan bəri
Aydının “Türk-şumer paralelləri”2
Aydının parlamentdəki çıxışları da məntiqə, fəhmin və iti ağılın gücünə əsaslanır, kimsəyə xoş gəlməyə, yarınmağa yox, öz kökünə bağlılığını təsdiqləyir və haqqa sarı hayqırırdı:
Aydınsa ötkəm –ötkəm
Ayağa qalxdı bu dəm:
“Nədən ötrü çəkirsiz
bu xalqı bataqlığa?
Biz türkük, türk dilinin
sait sistemi zəngin,
Siz deyən əlifbanın bunlara gücü çatmaz.
Bizim dilimizdəki səs düzümü, ahəngin
İfadəsindən ötrü onlar bizi yarıtmaz.
Dili əlifbayamı, əlifbanı diləmi
Uyğunlaşdırmaq gərək?
Mollayla kommunistin məqsədi
nədir görək?
Türk deyəndə qaçırlar,
Gah farsa, gah ərəbə,
gah rusa yol açırlar.
Anadolu türkləri çoxdan qəbul eyləyib
Latın əlifbasını,
Əlifba təşkil edir birliyin əsasını.
Asiya türkləri də, biz də keçsək latına
Layiqli bir iş olar ulu türkün adına.
Bir-birimizdən qaçıb daha özcələşmərik”.
Ali Sovetin sessiyalarında kiməsə yarınmaq üçün “quyruqbulayanların”, “qazan dibi yalayanların” çıxışlarına və özlərinə də Aydının münasibəti kimi cavabları da sərt idi, həm də tarixi gerçəkliyi özündə ehtiva edirdi:
“Nə Qarabağ harayı salmısınız buraya?
Vətənimi, xalqımı qoymusunuz araya?
15 min qaçqın düşüb
Qarabağın özündən,
Xalqına lay-lay çalan
ağsaqqallar üzündən.
Ağdamdan boylanırıq Şuşaya həsrət ilə,
Gedəndə də gedirik vizayla, rüsxət ilə.
O vaxt o bayraqların sığallı saplarından
İkiəlli yapışan siz,
Birinci olmaq üçün tutaşıb çarpışan siz,
Sizi o bayraqların sapıyla göyən gərək.
...”Qarabağ bizimkidir”,
–deyə bağırırsınız,
Vertolyotla minməyə xalqı çağırırsınız.
Xarici ölkəyəmi səyahətə çıxırıq?
Bu ifada üç ildir tamaşaya baxırıq.
Bədbəxtlər! Yaxşı bilin, bilin,
düz yetmiş ildir.
Azərbaycanın özü heç bizimki deyildir!”

(Davam edəcək)

Tofiq ABDİN,
[email protected]
tofigabdin.com



Bu yazı ( 225 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar