12px14px16px18px

Allaha sevgi: könüldə və yazıda

Mina RƏŞİD
10:39 / 20.04.2012
 
 
 
 
Yaradanı – uca Allahı tanımaq, Ona inanmaq üçün, düşünürəm ki, dağa-daşa düşməyə heç bir hacət yoxdur, elə qəlbin səsini dinləmək yetər. Özünə, ətrafına, bir sözlə, bir az düşüncə ilə dünyaya baxsan, böyük Yaradanın qüdrətini anlayarsan. İnsanın Allaha sevgisi onun içindən gələn elə gözəl duyğudur ki, heç vaxt bitib-tükənmir. Əksinə, o əzəmətin qarşısında həmişə heyrət içindəsən. Uca Allaha sevgi elə bir nemətdir bəlkə sözlə də izhar olunmaz. Bu sevgi sadəcə bir küncə çəkilib ibadət etməklə də məhdudlaşmır, həm də sənin dünyaya baxışından, insanlara, həyata münasibətindən və xoş əməllərindən bəlli olar.
 
Bəs bizim yazarlarımızın əsərlərində böyük Yaradana münasibət necədir? Bir dərgi ilə tanışlıqdan sonra bu mövzuda yazı yazmağı qərara aldım. Belə ki, “Allah” kəlməsi əksər müəlliflər üçün sadəcə bir vasitəyə, priyoma çevrilir ki, yazılarında ondan bəhrələnməyə çalışırlar. Elə ona görə də yazdıqları ədəbi nümunəyə çevrilmir. Axı sözün, fikrin də ağac kimi kökü var. Amma buna diqqət yetirmək əvəzinə bəzi şairlər “Səsim və ya sözüm Tanrı harayıdı...” və sair deyib yazdıqlarını sanki müqəddəs mətn imiş kimi təqdim etməkdən də çəkinmirlər. Yəni yazan o qədər özünəvurğun olur ki, özünü ilahiləşdirir. Dəyərli şairimiz Vaqif Bayatlı Odər də “Sevdim, Allaha bənzədim” deyir. Ancaq onun söylədiyini oxucu göydəndüşmə kimi qəbul eləmir, çünki şair elə üçcə bənddə fikrini bütün varlığıyla çatdıra, müqəddəsliyə körpü sala bilir.
 
Əslində bir oxucu kimi heç də pessimist deyiləm. Ondan ki, uca Yaradana sidq ürəkdən, böyük sevgiylə qələmə alınan gözəl yazılar da yazılıb və dünya durduqca da yazılacaq. İnanıram ki, həqiqi istedad və sevgiylə yazılmış belə nümunələri mənim kimi çoxları oxuyanda nə qədər sevinir, öyrənir, təsirlənir, hətta gözləri yaşarır və “kaş bu cür yazılar çox yazılaydı” düşünür...
 
Bir dəfə “Ulduz” jurnalında müəllifi Rahid S.Ulusel olan “Ey qəlbimin qibləsi” adlı bir yazıya rast gəldim, əhvalım duruldu:
 
“Sənin önündə diz çökmək – bu dünyada daha heç kimin qabağında əyilməmək deməkdi. Sənə diz çökmək – Məğrurluğun, Əyilməzliyin zirvəsidi. Sənə möhtac olmaq – Səndən başqa heç kimə möhtac olmamaq deməkdi. Bütün sevgilər Sənin ətəyindədi... Doğmalığından “Sən” deyiləsi yeganə Sevgili Xaqan Sənsən – Ali Mütləq Sənsən!
 
...Ayağım yerini, saçım göyünü öpər... Ey Qəlbimin Qibləsi! Ey ən acı günlərimin, ən inci günlərimin həmdəmi! Ey ümidimin hər yerdən üzüldüyü anlarda Ümidim, Dayağım Allah! Eşqindən aşıb-daşdığım, Mehrindən doymadığım Allah!”
 
 
Yaxud, Hicran Hüseynovanın “Zikr et” şeiri:
 
 
...Bütün səslərin, sözlərin,
 
Var olan, olmayan rənglərin
 
İtdiyi yaz dumanında
 
Bir təsbeh yellənir havada
 
Ətirli, çəhrayı dənələr
 
Çəhrayı günlər kimi
 
Dağılır boşluğa.
 
Dilimdə dua, təsbih,
 
Dənələr pıçıldayır:
 
Zikr et, zikr et!
 
 
...Yazan nəyi dərk edir, nəyi yaşayırsa, o fikri, o mövzunu qələmə alanda əsər daha maraqlı, daha uğurlu olur. Yoxsa elə hey yaşdan, qocalıqdan, ölümdən qorxub Allahdan şikayət edəcəksən. Bir-birinə bənzəyən və elə həmin andaca unudulan sağlıqlara bənzəyir bu cür oxşar şeirlər... Halbuki adamları gül kimi görmək istəyən şairin – Vaqif Bayatlının dilində ölüm də gözəlləşir sevgi kimi. Qanadlı adam yaşın da fərqində olmur, nə ağlayır, nə sızlayır, uçub getməyə hazır gülə-gülə haqq dünyasına...
 
 
 
Ancaq eşqdən bir dünyayçün
 
Ölümü də sevib ötdüm,
 
Ölümüm də döndü gülə
 
Hər iki dünya! Mən getdim
 
Xoşca qalın! Gülə-gülə!
 
 
Yeri gəlmişkən, Vaqif Bayatlı Odər poeziyasının sirri də, yəqin, şairin uca Allaha və onun yaratdığı insana səmimi qəlbdən sevgisi, yaddaşından çirkinlikləri atıb və nəsibi olan heç bir dərdə-azara əyilmədən hər gün körpə kimi doğulub, gün kimi çıxmasıdı... 
 
Mənim aləmimdə, könlü-gözü Allah sevgisiylə dolu insan qaranlıqda belə bir işıqdı fəqət hər kəs onu görə bilməz. Dünya parıltısına, sərvətinə uyub insanlığından çıxan adamlar isə zahirən şən görünsələr də, əslində çox bədbəxtdirlər. Özü də necə bədbəxt olduqlarının fərqində olmayacaq qədər...
 
 
...Yağan yağışın səsini
 
musiqi kimi dinləyib
 
göyüzünün min rənginə boyanıb
 
xoşbəxt olmur hər adam...
 Mina RƏŞİD




Bu yazı ( 117 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar