12px14px16px18px

Məhəmməd Əmin Rəsulzadə

Şirməmməd Hüseynov
11:53 / 07.04.2012
Nəşrin redaktorları:prof. Şamil Vəliyev  və elmi işçi Samir Mirzəyevdir.

Əsərləri Üçüncü cild (1915-1916)

Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

(Əvvəli ötən şənbə saylarımızda)

Dəmavənd ilə Nevadan iki avaz

Fərmanfərmanın bezatə türk düşməni və rus-ingilis tərəfdarı ikən istefa edib də yerinə Sipəhdar təyin olunması məlumumuzdur. Bu ilk nəzərdə bir az lüzumsuz və mövsümsüz görülən dəgişmənin hikmətini keçən məqaləmizdə bir az izah etmək istəmişdik.
Bu kərə İrandan alınan xəbərlər bu sualı daha vazeh bir surətdə izah ediyorlar.
Petroqrad və Moskva qəzetələrinə Tehrandan gələn teleqraflar İran nəğməyi siyasətində yeni avaz oxunmağa başlandığından xəbər veriyor. Bu “avazın” nədən ibarət olduğunu oxucularımız “İran işləri” qismində oxuyacaqlardır.
Anlaşılıyor ki, Fərmanfərma çox da özbaşına degil, “əfkari-ammə”nin tələbi üzərinə mövqeyini Sipəhdara tərk etmişdir. Rus səfarətxanəsində bəstdə əgləşmiş olan nümayişçilər əvvəl “hüquq”
( İranda təqaüdiyyə (pensiya) olaraq xəzineyi-hökumətdən alınana müqərrərə “hüquq” adı verilər. – M.Ə.) istəməkdən başlıyaraq siyasi yeni tələblərə keçmişlər və ilk əvvəl məmləkətdə gözlənilən intizamı paydar etməkdən aciz olan Fərmanfərmanın istefasını tələb etmişlərdir. Sonra da Sipəhdar iş başına gətirilməli, Məhəmmədəli şah məxluə tac və təxti qaytarmalıdır ki, Tehranın köhnə məmurları ilə (bəstə oturanların məmurindən olduğu “hüquq” tələb etməklərindən anlaşılmaqdadır) vərşikəst tacirləri rahət olsunlar.
“Bəst” İran həyati-siyasiyyəsində mühüm rollar oynamış bir amildir. Son sənələrin ixtilalı içində rus səfarəti ilə İngiltərə səfarəti bəstligə yarayan müəssisələrin ən nüfuzlusunu təşkil etmişlərdir. İranilər məşrutiyyət tələb edərkən İngiltərə səfarətinə mütləqiyyət tərəfdarlığı üçün də rus səfarətinə iltica etmiş və bir növ “zabastovka”dan ibarət olan bu üsul ilə arzularına çatmışlardır. Bu kərədə görünüyor ki, rus ordusunun İrandakı parlaq müzəffəriyyətlərindən İran “şah prinsləri” istifadə etmək fikrinə düşmüş və sənələrin paydar elədigi adətdən istifadə ilə yenə “bəstə” girmişlərdir.
Bəstə girənlərin məqsəd və arzuları həqqində hələlik çox az məlumat vardır. Bunlar kəmali-ciddiyyətlə rus dostu imişlər. Ruslarla qədimdən bəri bəslənməkdə olan qonşuluq və məhəbbəti türk və alman fitnə və fəsadına qurban etmək istəmiyorlarmış.
Bunun üçün də ilk tələbləri qüvvətli və bu məqsədə səmimi surətdə xidmət edən bir hökumət təşkilini istəmək imiş. “Bəstnişinlər”in bu tələbi qəbula keçmiş. Sipəhdar hökuməti böylə bir arzunun yetişmiş bir meyvəsidir. Fəqət bu “hüquq”çular bununla qalmayır. Şahi-sabiq Məhəmmədəli Mirzənin dəxi istiyorlar ki, tac və təxti özünə qaytarılsın.
İştə, Dəmavənddən gələn yeni “avaz”! Oxucularımızın yadındadır ki, bundan neçə vəqt əvvəl Bakıdaki iranlılardan bir dəstəsinin Məhəmmədəli şahı təkrar öz təxtinə çıxarmaq niyyətilə kəndisinə müraciət etdikləri həqqində paytaxt qəzetələrində bir xəbər görülmüşdü. O zaman bu xəbər verilərkən, bu xüsusda şahi-məxluin rəyi də elan edilmişdi. Guya şah demişdi ki, o, bu sırada qətiyyən İrana dönmək, İran təxtini təkrar qəbzəyə keçirmək niyyətində degildir.
Şahi-məxlu hər nə qədər İrana getmək niyətində degilsə də, İrandaki tərəfdarları onun İran xaricində qalması keyfiyyəti ilə bir növ razı olamiyorlar. Bəstə oturmaq, zabastovka elan etmək və sair təşəbbüslərdə bulunmaq vasitələri ilə olsa da, mütləqa kəndisini İran təxtində görmək istiyorlar.
Son zamanlar Tehranın vəziyyəti bu kibi niyətlər, xülyalar bəsləməgə görünüyor ki, olduqca müsaiddir. Bunun böylə olmasına Məhəmmədəli şahın ən sadiq yavrularından sabiq hərbiyyə vəziri Əmir Bahadırın Tehrana gəlmiş olduğudur. Əmir Bahadır o məşhur Əmir Bahadır cəngdir ki, məşrutiyyət əleyhinə gördügü İqdamatda Məhəmmədəli şahın “əcinnə”lərindən biri, həm də birincisi idi.
Əmir Bahadır 1909-cu ildə Tehranın məşrutiyyətpərəstlər tərəfindən alınmasından sonrasının yaylağı olan Zərkəndə sarayında bəstdə oturub, sonra inqilab hökuməti tərəfindən İran xaricinə tərd edilmiş idi. Əmir Bahadır son zamanlara qədər Vyanada olub restorançılıq ediyordu. 1911-ci ildə Məhəmmədəli şahın Mazandarana keçib də orada təkrar bir hərəkəti-irticaiyyə başladığı zamanlar, hər kəs Əmir Bahadır cəngində İrana gəlməsinə müntəzir ikən, Əmir “ağır oturub batman gəlmişdi”. Hətta, hər kəscə qaba, siyasətdən anlamaz, idrakdan məhrum, bütün məziyyəti yalnız “Şahnamə”yi əzbər oxumaqdan ibarət bilinmiş ikən, bu “restorançı vəzir”, o zaman böyük bir zəkavati-siyasiyyə göstərmiş, (məşhurdur) şah tərəfindən İrana getmək üçün kəndisinə vaqe olan təklifə “bu səfərdən faidə görməzsən” demişdi.
O səfər də “əldən çıxmış iqtidari qaytarmaq təşəbbüsünü faidəsiz” görən Əmirin bu dəfə “Məhəmmədəli şahı istiyoruz zamanında – birdən-birə Tehran üfüqündə “parlaması” bir az mənidar kibi görünüyor.
lll
İran mürtəceləri məmləkətin asayişini mütləq Məhəmmədəli şah ilə Əmir Bahadırın idarə başına qonmalarında ararkən, “N.Vremya”nın Menşikovu çarəyi başqa şeydə buluyor. O diyor ki, iranilər madam ki, hökumətlərini müstəqil görüyorlar, madam ki, rus ordusunun İranda qalmasını müvəqqəti sanıyorlar, o halda İranın ixtişaşdan, alman və Türkiyə fəsadlarına əqva olmasından əmin olmamalıdır. Çünki müsəlmanlar ancaq özlərini təbəə bildikləri zaman qüvvətli bir hökumətə kəmali-sədaqət və səmimiyyətlə ehtiram edər və onun əmrlərinə baş əgərlər.
İştə, Nevadən digər bir “avaz!”
Menşikov ağzı ilə çağrılan bu avazı özündən dinləyəlim:
“Almaniya ilə Avstriyaya qarşı müharibə etdigimizdə dövlətimizin həyat və məmat məsələsindən və slavyanlığın bəqa və davamından bəhs olunursa, Asiya hökumətləri tərəfindən (Türkiyə və İran) başımıza açılan müharibədə də vücudumuzu zəhərliyən iki müzürr yaranın əməliyyati-cərrahiyyəsindən bəhs etməmək sadəlövlük olurdu. Qətiyyən cənub xəttində icra etməkdə olduğumuz müharibələri son bir müharibə şəklində istifadə etməli və orada öylə bir şərait hazırlamalıdır ki, artıq nə İran, nə də Türkiyə başqa bir nüfuza boyun əgməzlər. Məğlubiyyətdə onlar kəmali bir təbiiyyət görürlər. Çoxdan bəri İran ilə elədigimiz məşrut müharibə yarı vəhşi İran ellərinin müqavimətinə təsadüf ediyor. Onlar buna müqabil cəzalarını buluyorlarsa da, yenə əvvəlki kibi özlərini İran təbəəsi sayırlar. Onlar Rusiyayi degil, İran ilə Türkiyəni özlərinə sahib bilmələrində dəvam edib qalıyorlar. Buna görə də lazımdır ki, həm özümüz inanaq, həm də bütün İran ellərini inandıraq ki, bizim onların topraqlarına girməmiz məşrut və müvəqqəti degildir. Onlar birdəfəlik qabaqki hökumətləri və təbiətlərindən əl üzməlidirlər.
“Bu əvvəlcə vaqe olan müharibələrdə də böylə idi. Bu üsul çox faidəli bir üsuldur. Quran əmr ediyor ki, bir kərə tabe olduğun hökumətə əvvəlüləmr olduğu üçün tabei-əvvəl buna görə də Qafqasiya və Zaqafqasiya tatarları (ki irqcə də, dincə də xalis türkdirlər), öylə də türkmanlar bu müharibədə rus orduları ilə yan-yana vuruşan az qəhrəmanlar çıxarmadılar. Çünki Türkiyə hökuməti ilə İran hökuməti üsulca dünyanın ən fəna bir idarəsi olduqlarından kəndiləri həqqində yaxşı bir xatirə buraxmıyorlar. İştə onları əski biətlərdən xilas etməli, tazə bir qüvvətə biət etdirməlidir. Bu da ancaq Quranın göstərdigi vəchlə, yəni tamamilə kəndimizə tabe etmək surətilə vaqe ola bilər...”.
Böyük müharibə, böyük təcrübə bir çox şeylər ögrətdi. Fəqət görünür ki, Dəmavənd yanındaki “şahpərəstlər”lə Neva kənarındəki “monarxistlər” hələ heç bir şeyi ögrənməmişlərdir.
Müflis məmləkətdən həqsiz surətdə almaqda olduqları “hüquqlar”ı üçün min dürlü fəsada mühəyya olan “dövləüsəltənələr” hala əski “büt”lərinə səcdədən əl çəkmək istəmədikləri kibi, Suvorin tərdidkərdəsi olan mühərrirlər də müsəlmanlar həqqində bəslənilən köhnə və çürük bir nəzəriyyəyə dayanıb Rusiyayı yanlış və qərəzkar duyğular ilə zəhərləməgdə dəvam ediyorlar.
Tehran mürtəceləri bilsinlər bir məmləkətin ümidi-fəlah və nicati ancaq özünə, milli qüvvətinə ola bilər, menşikovlar da qulaqlarına sırğa etsinlər ki, Rusiya müsəlmanları hökumətlərinə sədaqət göstəriyor və rus ordusu səfərində qəhrəmanlıqlar ibraz ediyorlarsa, bunu qorxu və qüvvətə tabiiyyəti-saifəsi ilə degil, vicdanlarının rəva görməsi üzərinə icra ediyorlar.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 23 fevral 1916, №118

Fərmanfərma – hökm edən, hakim
Toxmə – pozğunluq
Təxlu – vəzifədən kənar edilmiş
Vərşikəst – müflislik, iflas
Qəbzə – pəncə
Mənidar – mənalı, dəyərli
İğva – azdırma, yoldan çıxarma
Məşrut – şərtli, bir şərtlə bağlı olan
Əqva – daha qüvvətli, daha möhkəm
Müqərrərə – qərarlaşdırılmış, qərar verilmiş
Tərdid – tərəddüd, qətiyyətsizlik

Bəst

Tehran şahpərəstləri rus səfarətində bəstə oturmuşlar da Məhəmmədəli şahın İrana dönməsini istiyorlar.
Bu münasibətlə “bəst” həqqində bir neçə sətir:
Bəst farsca bəstən-bağlamaq məsdərindən bir ənsəmdir.
Bəst yəni, bağlı-bağlıyız.
İrani-bastanidə (yəni, qədim İranda) atəşgədələr, onların hövlisi müqəddəs idi. Oraya iman gətirmişlər hər bir həqiqi, qısıntıdan (təsirdən) saklı (məhfuz) idilər. Nə kibi bir günahkar olsa da, madam ki özünü atəşi-müqəddəsə sığındırmışdır, artıq ona cəza verilməz.
Bu sığınmaq özü-özlügündə bir tövbə kibi tələqqi olunub da bəndənin izdan-tərəfinə gəldiginə dəlil tutulardı.
Atəşgədələrə sığınmış olanlar amanda idilər. Onları təqib edən fərraşların üzünə atəşgədələrin qapıları bağlanırdı. Onlar “bəst”ə qalırlardı.
Heç bir vəqə və heç bir müəssisə yoxdur ki, ehtiyacdan doğulmasın. Bu “bəst”i doğuran ehtiyac da zəiflərin qüvvətlilərə qarşı hüquqlarını müdafiə edəcək bir pənahgah bulamadıqları idi.
İran müsəlmanlıq qəbul edib, atəşgədələr məqamati-mütərrikə ilə məscidlərə əvəz olduğdan sonra “bəst” ənənəsi (tradisyonu) aradan qalxmadı.
Atəşgədələr oynayan rolu pirlər, məqbərələr, böyük məscidlər ifa etməgə başladılar.
Hökumətin zülmü, xalqların hüquqsuzluğu, mollaların tamahkarlığı artdıqca, ədalət yoxaldıqca “bəst” rövnəq tapıyordu. Xəlqin ümidgahını o təşkil ediyordu.
Çünki başqa bir pənah yeri, bir iman evi yox idi.
Get-gedə zülm idarə pozuqluğuna səbəb olub da xəlqdə ədalət ümidini tamamilə zail edincə “bəst”in rövnəqi daha da artıb, “bəst” yerləri çoxalıyordu. Məqbərələr cüzinə məşhur üləma ilə “müqəddəslər”in evləri dəxi daxil oluyordu.
Məlum a, sistemsiz və həddindən artıq icra olunan zülm ilə idarəsizlik bir hərci-mərc tovlid edər. Öylə də oldu. Yalnız mollaların, müqəddəslərin evləri degil, nüfuzlu ricali-dövlətin evləri də birər-birər “bəst” hökmünü aldı. Poliscə təqib olunan bir müqəssir artıq nüfuzlu bir mülkədar və yaxud ricali-dövlətdən (hökumət-adamlarından) bir etibarlısının evinə iltica etdimi, artıq ona əl dəgilməz və burası məmləkətdən xaric bir qitə kibi İran nizam və qaidələrindən müstəsna (ayrı) tutulurdu.
İran hökuməti xarici dövlətlərlə münasibətə başlayıbda paytaxt və sair vilayət mərkəzlərində səfarətxanə və konsulxanələr təsis edilincə əcnəbi nümayəndələri səfirlər və konsullar dəxi adi bir mülkədarın, yaramaz bir hakimin, şarlatan bir “molla”nın faidələndikləri “bəst” həqqindən özlərini məhrum etmək istəmədilər. Bu məhrumluğu kəndiləri ilə hökumət mətbuələrinin xəlq nəzərindəki nüfuzu üçün rəva görmədilər. İran hökuməti buna etiraz edincə məmləkətin adəti vəchlə rəftar etməkdə olduqlarını iddia ilə evlərini “bəst” qərar verməkdən çəkinmədilər.
Get-gedə İran hökuməti zəif düşüyor, bu zəf artdıqca əcnəbi səfarətlərinin nüfuzu çoxlaşıyordu. Bu nüfuz artdıqca səfarətxanələr də ən əmin bir “bəst” yeri olmağa başlıyorlardı.
Çünki çoxlaşdıqlarından və suyi-istemal edildiklərindən naşı ehtiramlarını saxlamamış olan sair İran “bəst” lərinin “hüquqi-müslimi” İran hakim və fərraşlarınca çox kərə “ayaq altında” alındığı halda, əcnəbi dövlətinin səfarət və ya konsulxanəsindəki “hüquqi-beynəldüvəl”lə möhkəmlənmiş olan “bəst”ə qarşı getmə “nəfəs” belə çəkəmiyordu.
Məşrutiyyət hərəkatı ortaya gəldikdə səfarətlərin “siyasi bəst”ləri artıq geniş və tarixi bir hal aldı.
İlk dəfə olaraq 1906-cı ildə Tehrandakı ingilis səfarəti qapılarını ədalət tələb edən Tehran əhrarına açdı. Minlərlə əhali səfarətin geniş hövlisinə dolub həftələrlə burada qaldılar.
Hökumətə buradan tələbnamələr göndərib əvvəlcə ədalət məclisi, sonra da məclisi-milli açılmasını tələb etdilər.
Bu vəqtə qədər “bəst”lər müdafieyi-hüquq üçün bir növ aman yeri olaraq intixab olunuyor və oraya bağlanıb da o surətlə “bəla”dan qurtarılmaq istənilirdi. İndi isə “bəst”lər bir takım hüquqi-əsası qazanmaq üçün hökumətə qarşı açılan müharibədə bir növ səngər hökmünü alıyorlardı.
İngilis səfarətinin bu surətlə məşrutəçilərə səngər olması bədə İngiltərə dövlətinin vilayətlərdəki konsulatularına da bu imtiyazı bəxş eləmiş və hər tərəfdə ingilis konsulxanələri məşrutəçilər üçün bir amangah, bir “bəst” hökmünü almışdı. (Növbəti abzas senzor tərəfindən çıxarılıb və qəzetdə yer ağ qalıb. Ş.H.).
Xarici müharibələr və daxili ixtilal və inqilablarda bir tərəf o biri tərəfi döyüb də özünə tabe edəməzsə, o ixtilalın tamamilə müsbət bir nəticə ilə bitəcəyi qabil degildir. İran hərci-mərcindən doğulub da, hökumətin zəifi sayəsində böyümüş olan siyasi “bəst”lər İran partiyalarını belə fəlc bir halə qoydular, bir tərəf qalib gəlincə ötəkilər “bəst”ə girdilər. O tərəf faiq gəlincə bərikilər oturdular. Nəticədə hər iki tərəf qaib-məğlub tamamilə məlum olmadan – yoruldu.
İngilis və rus səfarətlərindən sonra xəlqin nümayişkaranə bir surətdə “bəst”lərinə Türkiyə səfarəti ilə konsulxanələri məzhər oldu.
Bu da Türkiyədə elanı-məşrutiyyət edildigi zamanlarda idi ki, o zaman şah məclisi dağıtmış və istibdad müvəqqətən qələbə çalımışdır. Bu dəfə artıq 1907-ci ildən sonra çəkişməyə degil, uyuşmağa qərar vermiş olan rus və ingilis hökuməti şaha qarşı “fəna” vəziyyətdə bulunmaq istəmiyorlardı. Buna görə də məşrutiyyətpərvəran Osmanlı səfərati-kəbirəsinə sığınıyor. İstədiklərini, istiyorlardı. Təbrizdə dəxi Səttarxan ilə Bağır xan ruslara qarşı “müdafieyi-nəfs” üçün adamları ilə bərabər Osmanlı şahbəndərliginə sıxınmışlardı.
Siyasi “bəst”lər bəzən öylə olur ki, aylarla dəvam ediyor. Pənah gətirmiş olan xəlq çadırlar qurub oturuyorlar və bu məqsəd üçün sərf olunan ianələrlə plovlar bişirilib “bəst”ə gəlib iaşə olunuyor. Plov nə qədər çox olursa bittəb “bəst”ə oturanlar da o qədər çox olur. Şübhəsiz ki, ac olaraq kimsə aylarla bir yerə sıxılıb qalmaz.
Görünüyor ki, Tehran mürtəceləri yenə “müftə plov” tapmışlar.....
M.Ə.
“Açıq söz”, 26 fevral 1916, №121

Bəst – pənah yeri
Bastan – keçmiş
Hövl – qorxu

Dumamızın son qərarı

Dövlət degil, şəhər dumamızın

Şəhər duması – axır kinayə və işarə dairəsindən çıxıb da sorğu-sual dairəsinə girmiş olan – Bakı ixtişaşlarından sonra mövqeyini fəna hiss elədi.
Oxucular bilərlər ki, dumanın fevralın 22-də gizli bir iclası olmuşdu. Yenə bilərlər ki, bu iclasda Tiflisə Canişin həzrətləri hüzuruna nümayəndələr göndərib də Martınov cənablarının Bakıda qalması, Bakı ixtişaşları səbəbinin aranıb, müqəssirlərinin axtarılması ilə əhali komitələrinin təşkili həqqində istidaə etməgə qərar verilmişdi.
Gizli məclisdə bu qərarlar alıncaya qədər nə danışılmış, nə kibi etirazlar olunmuş, kim hücum etmiş, kim müdafiədə qalmış, burası qapalı. Fəqət bu qədər açıq ki, bir gün sonra fevralın 23-dəki iclasda qalxan etimad məsələsi ilə yeni intixabat keyfiyyəti o məclisdə olmamış.
Bu xüsus illəti məclisdə meydanə qoyulmuşdur.
Buna da səbəb upravanın dumadan etimad istəməsi olmuşdur.
Qlava demiş ki, uprava əlindən gəldigi qədər iş görmüş. Sair yerlərdə bahalıq Bakıdan daha artıqdır. Fəqət şeylər məhəllində baha olduğu halda, şəhər idarəsi bundan artıq bir iş görə bilməz. Fəqət bununla bərabər uprava həqqində qlasnılardan bəzisi sui-niyyət bəsliyorlar. O halda bu halə bundan artıq təhəmmül olunamaz. Bunun üçün sizdən etimad istəriz, əksəriyyət hasil olmazsa, iş başında durmayız demişlər.
Fəqət duma böylə bir rəyə ehtiyac olmadığını bildirmiş, bu xüsusi rəyə belə qoydurulamamışdır. Uprava bununla razı olmuş yerinin istiliginə qənaət etmiş və Bıç cənabları zənciri boyunlarından çıxarmamışlardır. Fəqət bu surətlə upravaya etimad bəyan eləmiş duma özü etimad istsməgə möhtac olduğunu bildirmiş.
Xəlq bizdən şikayət ediyor.
cəmaət bizə inanmıyor.
Mətbuat diluzunluq ediyor.
Deyə Bakı “məclisi-məbusanı” şikayətə başlamış: “izzəti-nəfs” hissi qabarmışdır.
– Biz iş bacarmıyoruz, gəlsinlər başqaları iş görsünlər...
– Bismillah! Bu meydan, bu da təcrübə!... – deyə qlasnılar yeni seçkilər təyin olunması üçün təşəbbüs etməgə qərar vermişlərdir.
Qoy qapalı məclisdə canişin hüzuruna getmək üçün seçilən qlasnılar açıq məclisdə qəbul olunan bu məsələni Canişin həzrətlərindən iltimas etsinlər.
İş burasındadır ki, bundan doqquz ay əvvəl şəhər duması intixablarının vəqti tamam idi. O zaman duma yeni intixab təyini üçün icazə alıb qlasnılarını şəhər qərardadına görə təzələməli idi.
Fəqət o zaman hissiyati-vətənpərəstanə ilə mütəhəyyic olan qlasnılar “vətən və məmləkətin müdafiəyə lazım müsbət işlər istədigi böylə bir zaman”da bihudə seçki qovğaları ilə məşğul olmayı vəqtə müstəzi görmədilər. “Bizdən yaxşısı” kim seçiləcək məalına görə yenidən intixab etmək degil, müharibə tamam oluncaya təkin intixab etməmək üçün təşəbbüs etdilər. O zaman vaqe olan təşəbbüsə yanvarın son günlərində müvafiqət cavabı alındı.
Fəqət imdi əhval tam başqa bir şəkil alıyor. Məlumat üstündə çıxan ixtişaşlardan və “xəlq ilə mətbuat”ın etimadsızlıq göstərdiklərindən sonra da qlasnılıqda qalmayı şəhər ataları şanlarına rəva görmədilər.
Fəqət seçki dəgişilməklə dumanın mahiyyəti dəgişə biləcəkmi?
Gərək mətbuat, gərək əhali tərəfindən ibraz olunan ədəmi-etimad bu gün dumada qlasnılıq yerini tutanların şəxslərinə qarşımıdır?
İştə məsələ!
Bakı mətbuatına mənsub bir mühərririn dedigi kibi kəmsavad bir mürəttib tərəfindən biri-birinə bənzər hürufları yerbəyer etməklə mənidar bir şeir düzülməz.
Dumanı fəaliyyətsiz, təşəbbüssüz edən hər şeydən əvvəl onun vücuduni təmin edən “qərardad”ıdır.
Məzkur qərardada görə duma seçkilərində xəlqin həqiqi ehtiyacatını bilən, şəhərin əksəriyyətini təşkil edən, hətta, qismi-münəvvərini, fikir və duyğu sahibi olan hissəsini təmsil edən şəxslər iştirak edə bilmiyorlar. Dumaya seçmək və seçilmək imtiyazi məhdud birtaqım dövlətlilərin əlindədir. İstər min dəfə seçkilər dəgişilsin, qlasnılardakıi az bir dəgişikliklə bərabər ruh haman ruh, fəaliyyət haman fəçaliyyət olacaq. O seçkilərdə iştirak edən mümtaz sinfin ruhi, o zübdə adamların ağırlığı.
Bu duma özü məkulat məsələsinin doğru bir surətdə həlli üçün əhali təşkilatına lüzum görüyor. Bu lüzumi dərk ediyor, bu xüsusda istitadə bulunuyor. Demək ki, duma özü etiraf ediyor ki, şəhər işləri yoluna düşmək üçün əlimizdəki qərardadın təyin elədigi cəmaət qüvvətlərindən başqa bir qüvvət işə buraxılmalıdır. Bu qüvvət şübhəsiz ki, demokratiya qüvvətidir.
Dövlət duması sənələrin hasili və bu müharibə günlərinin təsdiq elədigi təcrübələrə dayanaraq Dövlət duması şəhər dumaları qərardadını islah etmək təşəbbüsündədir. Bu islahat şübhəsiz ki, şəhər işlərinə yeni bir həyat verə bilər və bilxassə məkulat xüsusunda bir çox sühulətlər törədər. Fəqət dumadan yaxın bir zamanda seçkilər keçiriləcəginə inanılsa belə, çoxdan bəri lüzumuna böyük bir ehtiyac görülən bu qanun Dövlət Şurası ürəfasından tezliklə keçə biləcəgini kim təmin edər?...
Əsas etibarı ilə bələdiyyə işlərinin ancaq bələdiyyə üsuli-intixablarının müvafiq bir yolda islahı ilə qabil ola biləcəginə qaneiz. Fəqət bununla bərabər əhali gəldi vəzifəsinə ciddiyyətlə baxar və istədiklərini qüvvətli bir əfkari-ammə şəklində nümayiş etlirə bilərsə, bu surətlə az faidə hasil etməz!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 28 fevral 1916, №122

Mütəhəyyic – həyəcan, həvəs
Müqtəzi – lazım, vacib
Müvafiqət – razılıq vermə
Məkulat – yeməli şeylər, ərzaq
Zübdə – seçilmiş hissə
İstida – yalvarıb istəmə
Sühulət – asanlıq, yavaşıq, əlverişlilik

Qurama

Quramaya mövzu arıyordum....
Arkadaşım – dünyanın bu qaynar vəqtində mövzu üçün məəttəlmi qalırsan?! ... dedi.
Etirazı ilk baxışda həqli idi.
Uzaqdan baxana dava şirin görünür – dedim.
Nə var.... İmdi nə yazmaq olmaz ki?, ... ixtarını eşitdim.
Cavab olaraq:
Bakı vaqeələri nə vəqt oldu və nə vəqt yazıldı?.... Sualını verə bildim.
Yoldaşım fikrə gedib də dodağının ucuyla tərənnüm etdi.
– Sən bil ....
– Mən dedim, sən bil.
lll
Doğrusu yadıma düşdü. Qurtuluş iclaslarından daha yaxşı qurama olarmı?
Dil qurama.
Proqram qurama.
Fikir qurama.
Hər şey qurama.
İştə dinləyiniz:
Sədr cənabları heç bir zaman idarəyə gəlməzlər. Əsl iş yoldaşdadır. Bu əvvəlindən böylə quranıb gəlmişdir.
Sədr yoldaşı zəngi basıyor:
Qaspada, zasidaniyanı atkrıvayu.
İdarənin iclasıdır. Başqa qonaqlar da vardır.
Yoldaş davam ediyor:
Bilirsiniz ki, vapervıx bir kamisya seçilmişdi. Bu kamisyanın predsedateli tak ili inaçe işi apara bilmədi.
Kənardan birisi: bir az saf türkcə olmazmı?
– Qaspada, astavte pajalusta şutit. Ya ne moqu qovorit po tatarski. Budte seryoznı.
– Nu, vot, qaspada mnoqouvocayme i... onun yerinə priqlaşat elədik.
Qurtuluş xilasının danışığını eynilə nəql edərsək quramamız tam alabəzək olar. Ama qorxuyoruz derlər ki, bu nədir, qəzetəni tatar dili ilə yazıyorsunuz...
Bəli tatarlara gülüyorduq.
Fəqət tatarlar dörd yüz ildən ziyadədir ki, rus mühiti ortasına atılmışdır. Biz imdidən böylə başlarsaq... çox çəkməz lap “tatar”laşarıq.
Yoldaşım yazdıqlarımı oxuyormuş.
– Tatarlaşarıq nə demək? zatən tatar degilmiyiz?
– Bunu sənə kim dedi?
– Məktəblərimiz həqqində bir layihəni özünüz basmadınızmı!
Əvət, o da bir növ quramadır ... yaxud qondarmadır...
Niş
“Açıq söz”, 2 mart 1916, №125

(Ardı var)
Şirməmməd Hüseynov




Bu yazı ( 191 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar