12px14px16px18px

Kəsilmiş alma ağacı

ELGÜN MƏNSİMOV
03:08 / 07.01.2010
 
Gecələr narahat, fikirli yatanda çox qəribə yuxular görürəm. Qəribə yuxular! Bəli, bu nə qorxunc, nə də fantastik yuxulardır. Qəribəliyi qədər də reallığa bənzər yuxulardı. Nədənsə hər dəfə belə yuxuları yorğun yatanda görürəm. Hər yuxudan ayılanda bir müddət bu yuxuların təsirində oluram. Belə narahat gecələrin birində gördüyüm bir yuxunu xalqıma, millətimə danışmağı özümə borc bildim. Qəribəliyi qədər də real görünən bir yuxu! Elə bir yuxu ki, onun reallığı bizim üçün çox vacibdir.
Çayın sahili, cənnətməkan bir çəmənlik, tək-tük meyvə ağacları, quşların civiltisi elə bil adama deyirdi ki, yat və bir daha oyanma! Uşaqlarla bu çəmənlikdə oynayırdıq. Bir-birimizi qova-qova taqətdən düşüb dincəlmək qərarına gəldik. Bağda bir ağac vardı, o digərlərinə nisbətən daha gözəl və böyük görünürdü. Qollu-budaqlı bir alma ağacı! Bu ağac cavan olsa da, adama çox yaşlı bir ağac təsiri bağışlayırdı. Yaxınlaşanda bu ağacın ən böyük, ən gözəl, şaxəli budaqlarından birinin sınıq olduğunu gördük. Digər budaqların sanki ona yazığı gəlirdi. Görünür, bu budaq bir neçə il bundan əvvəl kəsilib, lakin, hələ də o yerdən göz yaşına bənzər su damcılayırdı. Qəribəsi isə bu idi ki, bütün meyvələr-almalar yerə tökülmüşdü, almaların ən qırmızı, ən parlaq, ən şirin hissəsinə qurd düşmüşdü, meyvələri içindən yeyirdi.
Bu zaman gördük ki, üç-dörd əlisilahlı əsgər bizə tərəf gəlir. Əlləri ilə bizə nəsə işarə edib ağacın başına fırlandılar, nə etdilər-etmədilər ağacın sınmış budağı yerinə gəldi. Yerdəki bir tərəfi çürümək üzrə olan almalardan beş-altısını bizə verdilər. Nə görsək yaxşıdı?! Almalar sağlamdır! Sonra əsgərlər bu sözləri ərklə dedilər: “Qarabağ düşmən tapdağı altında qalmayacaq!” Və uzaqlaşıb getdilər. Bu vaxt gözlərimi açdım və hər şeyin yuxu olduğunu anladım.
Xeyli düşündüm, bu nə deməkdir deyə?! Nəhayət, bu reallığa bənzər yuxunun mənasını başa düşdüm deyəsən. Həmin o alma ağacı Vətənim-Azərbaycandır, kəsilmiş budaq isə Azərbaycanın ən səfalı, dilbər guşəsi olan Qarabağdır. Digər budaqlarsa Vətənimin başqa bölgələridir, kəsilmiş hissələrin ağrısından, acısından göz yaşı axıdırlar. Yerə düşən bir tərəfi çürümüş, qurd yemiş almalar mənim xalqımdır. Onlar bu dərdi ürəklərində gəzdirdiyindən belə hala düşüblər. O ki, qaldı əsgərlərə...Onlarsa bu torpaqlar uğrunda gedən mübarizədə canlarını qurban vermiş əsgər oğullarımızın narahat ruhlarıdır, bizi-yatmış xalqı oyatmaq istəyirlər. Demək istəyirlər ki, oyan ey millətim, oyan ey xalqım, yatmaq vaxtı deyil. Gəlin vətənimizin yarasını sağaldaq, torpaqlarımızı özümüzə birləşdirək, içimizdəki bizi yeyən qurdlardan xilas olaq. Ehey, azğın düşmən, mənim xalqım mərddir, qorxmazdır, çıx mənim torpağımdan, murdar tapdağınla torpağımı ayaqlama, Biz gəlirik! Xalqımın igid oğulları var, bu oğullar torpaqlarımızı sizlərin çirkabından təmizləyəcək. Hər kəs bilsin ki, QARABAĞ DÜŞMƏN TAPDAĞI ALTINDA QALMAYACAQ...!
 
ELGÜN MƏNSİMOV BDU-nun jurnalistika  fakültəsinin tələbəsi
 
 



Bu yazı ( 1175 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar