12px14px16px18px

ORALARDA KİMLƏR VAR:VALERİ MARÇENKO-6

Tofiq ABDİN

KƏDƏRLİ VƏ UNUDULMAYAN BİR HEKAYƏT

02:35 / 18.02.2012
VALERİ MARÇENKO AZƏRBAYCANDA və yaxud ABBAS ABDULLA VƏ VALERİ  MARÇENKO
Ukraynalı gənc dissident,alim , yazıçı,tərcüməçi  və araşdırıcı,Azərbaycan ədəbiyyatının yaxın dostu, 37 yaşında SSRİ lagerlərində yaxalandığı uzun sürən ağır xəstəlikdən sonra vəfat edən Valeri Marçenko haqqında bu KƏDƏRLİ VƏ UNUDULMAYAN HEKAYƏTİN yazılmasına təkan olan  yazar YAŞARA minnətdarlıqla başlamışdım və ona minnətdarlıqla da  bitirmək istərdim. Bu işin bir tərəfi.  İkinci tərəfi isə bu yazı haqqında mənə olan zənglər və fikirlər barədə son açıqlamaları bəlkə də yazdım. Yazar Yaşarla bağlı minnətdarlığa gəldikdə isə...
      
BİRİNCİ YAZIMIN ƏVVƏLLƏRİNƏ QAYIDAQ:
    
Bu hekayətin yazılmasına nədən başlayacağımı bilsəm də, bilməmiş kimiyəm,çünki başlanğıc üçün bir neçə variant var ki, bunların hamısı mənə təkan verir.
Məsələn: belə başlamaq olar,
HEÇ KİM, HEÇ NƏ UNUDULMAYIB.
Bu şüar sovetlərdə ən məhşur və ən yayğın şüarlardan biri  idi. Və həqiqətən də yazacağım yazı mövzusu bu varianta tam cavab verir.
Daha başqa bir başlanış belə ola bilər:
KƏDƏRLİ VƏ UNUDULMAYAN BİR HEKAYƏT.
Daha bir başlanğıc belə ola bilər ki,
məsələn : HƏR ŞEY ONDAN BAŞLADI Kİ... 
Bu başlıq qısa bir giriş kimi də ola bilər.  Çünki həqiqətən bu hekayətin yazılmasına Ana səbəb məhz elə bu başlanğıcdı.
Belədi ki, “525-ci qəzet”in istedadlı və çox məlumatlı yazarı Yaşar bəy bir gün yenə də söhbət ərəfəsində kino sənətinə yaxından və savadlı bələd olduğundan keçənlərdə bir nəfər haqqında  çox yanğıverici bir film seyr etdiyini dedi və o filmin bizə ilk baxışda bəlkə də heç bir aidiyyatı olmasa da, amma şəxsən mənə birbaşa toxunacaq bir havası vardı.
Yaşar bəy  VALERİ MARÇENKO adında bir nəfərin adını çəkdi  və bu adın ona heç bir şey deməməsi çox doğal bir gəlişim ki, bu adın yalnız və yalnız mənə bir çox şeyləri dediyini həmən xatırladım  və bu arada bir mübahisə də düşdü. Yaşar bəy güman ki, mənim onunla heç bir tanışlığım olub-olmadığını bilmədiyi üçün vəya o böyüklükdə insanın mənimlə nə tanışlığı düşündüyündən : xeyr, Tofiq bəy  xeyr, bu adam sənin dediyin adam deyil.  Bu adam hələ gənc ikən dəhşətli dərəcədə böyük işlər görmüş və bu işlərin yalnız acısını  yaşamış və böyük əzablardan sonra çox gənc ikən ölmüş vəya öldürülmüşdür.
Yaşar bəyə çox böyük hörmətim və sayğım var.  Mən onun inadının üstünə getmədim və bu sətirləri  yazdığım anda da, güman edirəm ki, Yaşar bəy adını çəkdiyi adamın milli hərəkat və milli oyanış üçün  şəxsi həyatını və canını  qurban verən bu gəncin mənimlə heç bir əlaqəsi ola biləcəyini içində saxlamaqdadı və mən də daha bunun ardınca getmədim və Yaşar bəydən sonra internetə girib Valeri Marçenko yazıb axtarış verdim.  Təəssüflər olsun ki,mənim də  unutduğum vəya belə deyək bir çox məqamlarda xatırladığım, yəni imkan və söhbət düşəndə ( bu uzun illər öncə ola bilərdi,  amma son illər bu barədə heç söz düşməyib) çox böyük təəssüflə xatırladığım Valeri Marçenkonun bir fotosu çıxdı ki, bu bir filmi xatırlamış kimi yaddaşımın alt qatından boy verdi. Bu yaddaş qənimiliyi məni çox-çox illər əvvələ atdı və mən bir daha Yaşara dedim ki, Yaşar bəy sənin haqqında danışdığın və gördüyün filmin qəhrəmanı (belə deyək də)  əzablardan sonra vəfat etmiş insan haqqında baxdığın filmdəki o adam vallah-billah mənim tanıdığım  Valeri Marçenkodur ki, var.
Nə faydası...  Yaşar bəy  inanmadı və haqqı da var inanmamağa.  Tamam, adam öz işində olsun. İnanmır inanmasın və onun düşüncəsinə görə bir çox Valeri Marçenko ola bilər və bu filmdəki Marçenko məhz mənim dediyim Adam deyil. İnadı  onun içinə elə oturmuşdu ki, daha bu işin ardınca getmədim və burada kiçik bir nüansı bir daha  Yaşar bəyin diqqətinə  çatdırdım ki, onun filmdə gördüyü və həyatı örnək ola biləcək dissilent-inqilabçı Valeri Marçenko mənim dediyim şəxsiyyətdi ki, var və cənab Abbas Abdulla da onu çox gözəl tanıyır.  Nəinki tanıyır və onu da mənimlə məhz o tanış eləmişdi.  O  illərin Ukrayna bilicisi olaraq Valeri Marçenko onun evində qalıb. Üstəlik də mənim yaşadığım evdə də olublar.
Yazıma davam edirəm
“DO POBAÇENİYA –GÖRÜŞƏNƏDƏK”
–Abbas bəy yazımızı izləmisən və yazımın əvvəllərində də Sizin bu adamla bağlılığınız və tanışlığınız diqqətə çatdırılıb. İndi isə bu tarixin daha dəqiq anlarına qayıdaq. Valeri Marçenko ilə ilk tanışlığınız nə zaman və harda olub?
–İlk dəfə Bakıda tanış olmuşuq.  Ukraynadan gəldiyini biləndə onunla Ukrayna dilində danışdım, elə sevindi ki... Dedi borclu qalmaram, lap yaxın vaxtlarda Kiyevdə səninlə azərbaycanca danışaram.  Tanınmış Ukrayna şairi İvan Draçın qələm dostum Eyvaz Borçalı ilə birlikdə tərcümə etdiyim şeirlər və poemalar kitabını ona hədiyyə verəndə də, Azərbaycan mətbuatında Ukrayna ədəbiyyatına həsr olunmuş məqalələri göstərəndə də eyni sözü dedi.
Kiyevli dostlarım arasında ən çox məktublaşdığım, tez-tez ya Bakıda, ya da Kiyevdə görüşdüyüm oydu.  Adı Valeri, familiyası Marçenko.  Məktublarını azərbaycanca başlayar, Ukrayna dilində qurtarardı.  Tez-tez mənə Ukrayna dilində yeni kitablar göndərir və məndən azərbaycanca kitablar istəyirdi.  Sonralar Valeri Marçenko azərbaycanca sərbəst mütaliə etdi.
–Bakıda görüşləriniz sıx-sıx olurdumu?
–Böyük el bayramı – SSRİ-nin 50 illiyi ilə əlaqədar “Literaturna Ukrayna” qəzetinə materiallar hazırlayırdı.  O zaman Bakıya gəlmişdi. Ondan soruşanda ki, Azərbaycan dilini öyrənməyə, bizim ədəbiyyatı tərcümə etməyə səni həvəsləndirən nə olub? Dedi ki, hələ orta məktəbdə oxuyarkən tərcüməçilik qrupunda təhsil almışam.  Bir gün qrupumuzu yığıb dedilər ki, Zaqafqaziya respublikalarına tələbələr göndərilir, kim hansı xalqın dilini öyrənmək istəyir? Hamıdan qabaq Azərbaycan dilini öyrənmək istədiyimi bilirdim.  Elə həmin ildə tələbə yoldaşım Anatoli Çerdakli ilə Bakıya gəlib, Azərbaycan Dövlət Universitetində filoloji elmlər namizədi Aydın Əbilovun rəhbərliyi ilə Azərbaycan dilini öyrənməyə başladım.  Tolya Azərbaycan şeirini; mən isə Azərbaycan nəsrinin tərcüməçisi kimi ixtisaslaşdıq.
–Bizim dildə onun ilk tərcüməsini xatırlayırsınızmı?
– Mən bunu onun özündən soruşmuşdum və demişdi: Azərbaycan dilindən tərcümə etdiyim ilk əsər Nizami poemasının süjeti əsasında uşaqlar üçün işlənmiş “Fitnə” hekayəsidir.  Tərcümə zamanı bir sıra çətinliklərlə qarşılaşdım.  Birinci çətinlik – hələlik Azərbaycan dilinin incəliklərinə yiyələnə bilməməyimdir.  Bu mənada, Gürcüstana və Ermənistana gedən dostlarımın işi daha yaxşıdır.  Məsələ burasındadır ki, gürcü dilini də, erməni dilini də müstəqil öyrənmək üçün rus dilində xüsusi dərslik çap olunub.  Yaxşı olardı ki, belə bir dərslik Azərbaycan dilini öyrənənlər üçün də buraxılaydı. Azərbaycan nəsri ilə daha yaxından tanış olduqca bu ədəbiyyatı daha artıq sevirəm.  Mirzə Cəlil, sözün əsl mənasında, böyük sənətkardır.  S. S. Axundovun “Qorxulu nağılları”ı Azərbaycan uşaq ədəbiyyatının maraqlı səhifələridir.
Ədibin bu hekayələrini tərcümə etmişəm və Ukrayna dilində ayrıca kitabça halında nəşr olunub.  Ədəbi tənqid bu kitabı rəğbətlə qarşılayıb.  Məlumdur ki, S. S. Axundovun “Qorxulu   nağıllar” silsiləsindən həmişə qeyd hekayəsi çap olunurdu.  Bir neçə il bundan qabaq filoloji elmlər namizədi Nadir Vəlixanov həmin silsilədən yazıçının bir hekayəsini də tapıb üzə çıxarmışdır.  Ukrayna dilindəki kitabın maraqlı cəhətlərindən biri də odur ki, S. S. Axundovun beş “Qorxulu nağıl”ı ilk dəfə olaraq bir kitaba toplanmışdır. Bu yaxınlarda isə “Mistestvo” (“İncəsənət”) nəşriyyatı C. Məmmədquluzadənin “Ölülər” komediyasını mənim tərcüməmdə ayrıca kitab halında çap etmişdir.  Görkəmli ədəbiyyatşünas Əziz Şərif həmin kitaba geniş müqəddimə yazmışdır.
–Başqa tərcümələri haqqında da güman ki,bilginiz var?
–Valeri müasir yazıçılarımızın da əsərlərini sevə-sevə tərcümə etmişdi. Məsələn, Mirzə İbrahimovun “Çandranın üsyanı”, Anarın “Molla Nəsrəddin-66”, “Dantenin yubileyi” əsərlərini, Sabir Əhmədovun, Əkrəm Əylislinin, İsi Məlikzadənin, Fərman Kərimzadənin hekayələrini.  Azərbaycan ədəbiyyatından başqa tərcümələr haqqında da ürəkdən danışırdı: Son iki ildə bizim Tıçinanın, Rılskinin məslək dostu, xalq şairi Səməd Vurğunun şeirlər kitabı (“Məktəblinin kitabxanası” seriyasından), H. Mehdinin “Abşeron”, Y. Əzimzadənin “O, qərib deyildi” romanları,  M. İbrahimovun, S. Rəhimovun, Əbülhəsənin hekayələri orijinaldan tərcümə olunub ukrayna dilində çap edilmişdir.  Bu əsərlərin tərcüməsində Anatoli Çerdakli, Valentin Tsılko da xeyli əmək çəkiblər.  Ukraynada Nəsiminin, Vaqifin, Aşıq Ələsgərin əsərləri tez-tez mətbuat səhifələrində görünür.  Biz çalışacağıq ki, qardaş Azərbaycan xalqının qədim və zəngin ədəbiyyatı Ukraynada lazımınca təbliğ olunsun və layiqli qiymətini alsın...
Bu gözəl məqsədində biz cavan dostumuza müvəffəqiyyətlər arzuladım. Həmin işıqlı məqsədə görədir ki, o, tərcüməçiliklə yanaşı,  “Azərbaycan ədəbiyyatının Ukraynada təbliği və tədqiqi tarixi” mövzusunda elmi işi üzərində çalışırdı. O zaman  Valeri Kiyevə həmişə olduğu kimi, yenə də  Azərbaycan yazıçılarının yeni çap olunmuş əsərləri ilə qayıtdı.  Əlvida demədi: “ Hər dəfə Kiyevə qayıdanda ürəyimin yarısı Bakıda qalır. Yanılmıramsa, Azərbaycan dastanlarının qəhrəmanları uzaq səfərə çıxanda “salamat qalın, mən gedər oldum”, – deyiblər.  Nəsə bu sözlərdə qayıtmaq  ümidindən çox, ayrılıq nisgili var.  Mən sevimli Bakıya dönə-dönə qayıdacağam.  Səməd Vurğun demişkən, “hansı səmtə, hansı yana, hey uçsam da...”
Elə buna görə də dastan qəhrəmanlarına bənzəməmək üçün :
– DO SKOROQO POBAÇENİYA! TEZLİKLƏ GÖRÜŞƏNƏDƏK! – deyirəm. (Son) 
Tofiq ABDİN,
tofigabdin.com



Bu yazı ( 501 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar