12px14px16px18px

Çində möhtəşəm 10 gün

Hüseynbala MİRƏLƏMOV
02:14 / 24.01.2012
(Çin Xalq Respublikası barədə düşüncələr)

(Əvvəli ötən saylarımızda)

İLK KƏŞF... İLK MƏKTƏB... İLK MÜƏLLİM

Maraqlıdır, bizim xalq nağıllarında mifik varlıq olan əjdaha quraqlığın, açlığın, bir sözlə fəlakətin rəmzi kimi təsvir edilir. Nağıl qəhrəmanları suyun qarşısını kəsən yeddibaşlı əjdahaya qurbanlar verən xalqı xilas etmək üçün qılınca sarılır, bu əcaib varlıqla vuruşurlar.
Lakin Çin mifologiyasına görə əjdaha su ünsürünün hamisidir. O insanlara su verir, onların tarlasını suvarır, kəndliləri saysız-hesabsız fəlakətlərdən qoruyur. Bir sözlə, əjdaha Çin millətinin qədim totemi, onun mədəni inkişafının başlanğıcı hesab edilir.
Beləliklə, təkcə Azərbaycan xalqının deyil, başqa xalqların mifologiyasından fərqli olaraq Çində əjdaha xeyirxahlıq, məhsuldarlıq, rəhmdillik rəmzi kimi qəbul edilir.
Bəlkə elə buna görədir ki, hər il paytaxt Pekində ənənəvi “Əjdaha Qayığı Festivalı” keçirilir. Festivalda əjdaha formalı qayıqların yarışı təşkil edilir. Bu rəngarəng yarışa tamaşa etmək üçüın bütün ölkədən minlərlə adam paytaxta axışıb gəlir. Çinli aktyorlar imperator geyimi və digər ənənəvi qiyafələrində çay və göl kənarında bu möhtəşəm mərasimi keçirirlər. Bununla yanaşı Bahar bayramında Çində “Əjdahalar rəqsi” kimi məhşur olan və kökü yeddinci yüzilliyə gedib çıxan, səsli-küylü kütləvi nümayişi və yarışı xatırladan qədim bir rəqs mövcuddur.
Çinlilər musiqiyə qədim dövrlərdən pərəstiş edirlər. Qədim Çində mühüm ictimai məsələləri musiqinin köməyi ilə həll etməyə çalışarlarmış. Musiqi hökmdarları doğru yola dəvət etməyə, ümummilli vəzifələri yerinə yetirmək üçün adamları bir araya gətirmək, gücünü bir məcraya yönəltməyə qadir olan qüvvə hesab olunarmış...
Çin müasir bəşər sivilizasiyasında qədim mədəniyyəti qoruyub saxlayan unikal ölkə kimi tanınır. Onun qədim tarixi həm çinlilərə, həm də bura dünyanın hər yerindən gələn insanlara çox dəyərli mədəni və təbii gözəllikləri miras qoymuşdur.
Kağız, kitab çapı, kompas və barıtın kəşfi bu ölkəyə aid edilir.
Çində tarixşünaslıq elmi b. e. ə. I əsrdə yaranmışdır.
Eramızdan əvvəl II əsrdə Cində istehsal edilən ipək dəvə karvanları ilə qərb ölkələrinə aparılırdı. Deyilənlərə görə, hətta Roma imperatoru Yuli Sezarın mantiyası da Çin ipəyindən tikilibmiş.
Çini və keramika da Çinin ən qədim kəşflərindən biridir.
Azərbaycan dilində bu qabların adının “çini” adlandırılması faktı isə bu ölkənin adı ilə bağlıdır.
Dünyada ilk dəfə olaraq Çində çay becərilmiş, burada çay yarpağının emal texnologiyası icad olunmuşdur. Səkkizinci yüzillikdə Lu Yuy tərəgindən qələmə alınmış “Çay haqqında traktat” dünyada çay haqqında yazılan ilk mükəmməl əsərdir.
VIII əsrdə Çinin paytaxtında “Paytaxt xəbərləri” ilk gündəlik qəzet çap olunmağa başladı.
Kalliqrafik yazının və tuşla çəkilən rəsm əsərlərinin də ilkin vətəni Çin sayılır. Ölkənin milli ruhunu – “çin ruhu”nun ən qabarıq şəkildə memarlıq, bədii ədəbiyyat və təsviri sənət təcəssüm etdirir.
Çində müxtəlif sahələrə (əkinçilik, ipəkçilik və s) dair dərsliklər çap olunurdu. Hər bir imperatorun dövründə əvvəlki sülalələrin tarixinə dair çoxcildli kitablar çap edilirdi. Çinlilər deyirdilər: “Keçmişi unutma, o, gələcəyin müəllimidir”. Tibb inkişaf etmiş, Xan sülaləsi dövründə ilk “Farmakologiya kitabı” yazılmışdı. VII əsrdə alimlər palatası yaradıldı və sonralar Xan akademiyasına çevrildi.
Qədim çin mənbələrində ilk poeziya nümunələrinin eramızdan əvvəl meydana gəldiyi bildirilir. B. e. ə. XI – VI əsrlərdə “Şitszin” adlı nəğmələr məcmuəsi yaradılımışdır.
Qədim Çin fəlsəfəsinin meydana gəlməsində və çiçəklənməsində beş əsas kitabla yanaşı bu məcmuənin danılmaz rolu olmuşdur.
Qədim Çində fəaliyyət göstərən 6 əsas məktəbdən (konfutsilik, moizm, qanun, daosizm, naturfəlsəfə, adlar məktəbi) ilki Konfutsinin adı ilə bağlıdır. O, həm təhsilin və pedaqoji fikrin inkişafına verdiyi töhfələrin əhəmiyyətinə görə Çinin ilk böyük pedaqoqudur.
Məhz Konfutsinin sayəsində Çin müasir bəşər sivilizasiyasında qədim mədəniyyəti qoruyub saxlayan unikal ölkə kimi tanınır.
Konfutsilik məktəbinin banisi Kun-fu Tszı (e.ə. 551-479) hesab olunur. Kun –fu müəllim Kun deməkdir. Konfutsinin əsl adı Tsyudur. Bu da tərcümədə “təpə” deməkdir.
72 il ömür sürmüş bu filosof adam gəncliyində məmur olmuş, Lu knyazlığında şəhər hakimi vəzifəsində işləmişdir.
Konfutsilik təliminin əsası “qarşılıqlı məhəbbət” və “insana sevgi”dir. Bunlar birlikdə isə “doğru yol”u təşkil edirlər. Bu təlimə görə, hər bir şəxs, insanları sevməli və valideynlərinə hörmət etməlidir. Dövlət başında isə yalnız müdrik adam olmalı və tabelikdə olanları tərbiyə etməlidir.
Rəvayətə görə üç mindən artıq şagirdi olan Konfutsinin diqqət mərkəzində insan, onun ailə və cəmiyyətdəki mövqeyi durur.
2 min ildən çox bir müddət içində Konfutsicilik Çini, yalnız siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində deyil, davranış və düşüncə tərzində də təsir etmişdir. Konfutsiciliyin təsirləri artıq Çin və Asiya xaricinə daşınmışdır.
Konfutsinin 77-ci nəsildən törəməsi, professor Kun Teçen yazır: “Konfutsinin pedaqoji təlimi qədim ənənələrə əsaslanmış və gələcək nəsillər üçün yol açmışdır. O, təkcə Çinin intellektual tarixində deyil, həm də bəşər tarixində, bütövlükdə, dünyada mühüm yer tutur”.
Bu ilin aprelində Bakıda Konfutsi İnstitutu yaradıldı. Bu institut Çin Xalq Respublikasının Anhoy Universiteti və Bakı Dövlət Universiteti arasında imzalanmış saziş əsasında fəaliyyət göstərir.
Konfutsi İnstitutu Çin dilinin xaricdə yayılması üçün mədəni-maarifləndirmə mərkəzidir. Konfutsi institutlarının missiyası bütün dünyada Çinin və Çin mədəniyyətinin daha geniş tanınmasına imkan yaratmaq, Çinin digər ölkələrlə dostluq münasibətlərini inkişaf etdirməkdir. Konfutsinin birinci institutu 2004-cü ildə Koreya Respublikasının paytaxtı Seulda açılıb. Dünyanın 96 ölkə və regionunda 328 Konfutsi İnstitutu fəaliyyət göstərir.
Konfutsiyə görə, ədəbiyyat (ven) yüksək müdrikliyin yüksək ifadəsidir, qədim mütləq həqiqətlər haqqında müasirlərə məlumat verən yaxşı sözdür. Kitab toxunulmaz, müqəddəs bir şeydir.
Din olmasa da, konfutsiçilik sözün əsl mənasında az qala dindən də güclüdür. Konfutsiçilik həm siyasi, həm inzibati sistem, həm də iqtisadi və sosial proseslərin əsas tənzimləyicisi, bir sözlə, Çin həyat tərzinin özülü idi.Dindən çox etik-siyasi təlim olan konfutsizm e.ə. III əsrdən 1912-ci ildə respublika elan olunanadək dövlətin dəstəyindən istifadə edib. Konfutsi fəlsəfəsi özlüyündə ailə və əxlaq kodeksini birləşdirir.
Konfutsi və onun ardıcılları belə hesab edirdilər ki, birinci növbədə, öz qohumlarını sevmək lazımdır. Sonra isə artıq digərlərini. Buna görə də oğulluq ehtiramı (hörməti) və qardaş məhəbbətinə onlar tərəfindən insanpərvərlik anlayışının vacib tərəfləri kimi baxılırdı. Yalnız nümunəvi oğul və qardaş yaxşı təbəə ola bilər. Dostlar arasındakı münasibətlərdə açıqlıq (saflıq) və düzlük vacibdir. Onda dostluq onları nəcibləşdirir, yüksəldir və biliklər əldə etməyə və əxlaqını təkmilləşməyə kömək edir.
İki min il ərzində Çin hökmdarları ildə 2 dəfə Konfutsinin məbədinə gəlib onun heykəli qarşısında diz çökmüşlər. Bu ənənə 1911-ci ilədək davam edib.

PEKINDƏ KONFUTSI MƏBƏDI.

Səfər zamanı biz nümayəndə heyətimizlə Konfutsinin vətənində olduq, onun tər çiçəklərə qərq olmuş məzarını ziyarət etdik. Çinli, koreyalı, yapon zəvvarları üçün sözün əsl mənasında bu ölkədə ən məşur məbədin olduğu Syuyfu şəhəri Məkkə kimi müqəddəs sayılır.
Konfutsi demişdir: “Alicənab adam üçün borc var, alçaq adam üçün isə gəlir”. Onu qeyd edim ki 2010-cu ilin dekabrında təsis olunmuş Kanfusi mükafatını çinlilər Nobel sülh mükafatına alternativ sayırlar. Bu il Çinin bir qrup ictimai xadimi Rusiyanın baş naziri Vladimir Putini “Konfutsi sülh mükafatı” laureatı elan edib. “Konfutsi” mükafatına namizədlər arasında “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts, Almaniya kansleri Angela Merkel, Cənub Afrika prezidenti Yakob Zuma, BMT-nin sabiq baş katibi Kofi Annan da var. Mükafatın məbləği təxminən 160 min dollardır.

PAYTAXT

3 min ildən artıq tarixə malik olan Pekin şəhəri hələ 938-ci ildə – Lyao sülaləsinin dövründə paytaxt olmuşdur. Düzdür, o zaman adını dəyişib Nantsızin (yəni cənub paytaxt) qoymuşdular. Yuan sulaləsinin imperatoru Xubilayın zamanında paytaxt dünya miqyasında ən iri şəhər kimi tanınmağa başladı. Dünyada analoqu olmayan və çox nadir hallarda təsadüf olunan bir faktdır ki, şəhərin 700 əvvəlki planı indiyəcən qalır.

SƏMA MƏBƏDI – PEKININ SIMVOLU

Çinin ən böyük tarixi abidələrindən biri olan Səma Məbədi 500 ildən artıqdır ki, mövcudur. Məbəd Pekinin mərkəzindən cənubda yerləşir və 270 hektar ərazini tuur. Onun əsas binalarının damı səma rəngində, mavi minalı kirəmitlə örtülmüşdür. Səma Məbədi Min sülaləsi dövründə, 1420-ci ildə imperator Yun Le tərəfindən inşa edilmişdir. Bu Pekində dairəvi şəkildə olan yeganə məbəddir; ilk vaxtlar bura Göy və Yer məbədi adlandırılıb. Ona görə də bir hissəsi dairəvi, digər tərəfi isə kvadratşəkilli inşa edilmişdir. Çin inancına görə, dairə göylərin, kvadrat isə Yerin rəmzidir. Səma məbədi Çinin keşmişini; çin təqvimini, ölkənin qədim siyasətini, astronomiyasını, fəlsəfəsini, incəsənətini, rituallarını öyrənmək üçün əhəmiyyətli rol oynayır. Hündür dam örtüyü nəhəng ağac sütunlar və bir-birinə bərkidilən köndələn türlərlə dirəklər üzərində qərar tutub. Burada 28 səma bürcünün rəmzi olan 28 sütunun dördü (orta sütunlar) ilin 4 fəslini, orta sıradakı 12 sütun – 12 ayı, qıraq sıradakı 12 sütun günün 12 saatını bildirir.
Sözün əsl mənasında bu məbəd çin memarlıq tarixinin əsl şedevrlərindən biridir.
Səma Məbədi YUNESKO-nun Dünya mədəni irsi siyahısına daxil edilmişdir.
Pekin dolambac çaylar, gözəl parklar, əzəmətli qədim səcdəgahlar və məbədlərlə doludur. Pekin – həqiqətən də Şərq koloritli möhtəşəm şəhərdir. Bura “böyü Çin kəndi” də adlandırılır. Şəhərin siması demək olar ki, günbə-gün, anbaan dəyişir.
Pekinin füsunkarlığı qədim şəhərin yeni simasındadır. 1949-cu ildə Pekin ÇXR-in paytaxtı olduqdan sonra şəhərin görünüşündə çox böyük dəyişikliklər olmuşdur. Amma qədimdən qorunaraq bu günə qədər gəlib çıxan abidələr Pekini Çinin ən vacib turizm mərkəzi kimi məşhurlaşdırıb. Paytaxt sakinlərinin və qonaqların kütləvi gəzinti və istirahət yerinə çevrilmişdir. Tyananmen meydanında Xalq Nümayəndələri Məclisi Evi, Çinin tarixi Muzeyi, Çin inqilabı Muzeyi, həlak olmuş xalq qəhrəmanları Abidəsi, Sədr Mao Tszdunun xatirə Evi və digər möhtəşəm tikililər vardır. Onu da qeyd edim ki, ötən əsrin yetmişinci illərinin ortalarında tikilən bu movzeleydə Mao Tszedun cənazəsi büllur sərdabədə qoyulub. Tyananmen meydanından şimalda yerləşən Çanantsze prospekti genişləndirildikdən və uzadıldıqdan sonra şərqdən qərbə gedən yeni bir ox kimi qədim şəhərin cənubdan qərbə gedən oxu ilə kəsişir. Bu prospektin hər iki tərəfində bir çox yeni müasir tikililər yerləşir. Ötən əsrin 80-ci illərindən Pekində şəhərsalma son dərəcə sürətlə aparılır, hal-hazırda Pekində 200-dən artıq ulduzlu mehmanxana və çoxlu sayda supermarketlər fəaliyyət göstərir. Bir sıra müasir tikililər – Dövlət kitabxanası, Mərkəzi televiziya Evi, Beynəlxalq ticarət mərkəzi, Çin teatrı, Pekin Qərb vağzalı və s. salınmışdır. Şəhər dairəvi yolları və aeroporta və Badlinə – Böyük Çin səddi sahəsinə aparan sürətli avtostradalar fəaliyyət göstərir.
Yeni idman şəhərciyi – Asiya oyunları kəndi, çin dilində “ Quş yuvası” adlanan olimpiya stadionu, qərb vağzalı və s. bir-birindən əzəmətli tikililər qədim Pekinə yeni gözəllik vermişdir. Bu gün, şəhərin düz mərkəzindəki Tszinşan parkında dağın başına qalxıb qədimi Vançuntin pavilyonunun yanında duraraq ətrafı seyr etdikdə, istər-istəməz Pekinin qədim hissəsinin çoxsaylı hündür binalarla əhatələndiyini, keçmiş arxitektura ansamblının yeni mikrorayonlarla qonşu olduğunu görürsən.
Bura göydələnləri ilə diqqəti cəlb edən son dərəcədə gözəl və möhtəşəm Pekindir.

HÜNDÜRLÜYÜ 234 METR OLAN PEKIN TELEQÜLLƏSINDƏN PAYTAXTIN PANORAMASI

“III Çin Dünya Ticarət Qülləsi” adlanan göydələn Pekinin ən hündür və çoxfunksiyalı binası hesab olunur. 81 mərtəbəli binanın hündürlüyü 330 metrdir. Burada hotel, ofislər, kommersiya meydançaları və yaşayış evləri yerləşir. Seysmik davamlı qüllənin fasadı şüşə və metal təbəqə ilə örtülüb ki, bu da gün işığını tənzimləyir.

ÜÇÜNCÜ GÜN

Noyabrin 10-da isə günün birinci yarısı Ümumçin Xalq qurultayının (Yığıncağının) nümayəndələri və ÇKP MK-nın Beynəlxalq şöbəsinin rəhbəri ilə görüşdük.
Ümumçin Xalq Nümayəndələri Yığıncağının xarici əlaqələr komitəsindəki görüşdə iki ölkə və onun qanunverici orqanları arasında əlaqələrin hazırki vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Söhbət zamanı qeyd olundu ki, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyəti, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin genişlənməsi baxımından faydalıdır.
Xalq Nümayəndələri Yığıncağının dəftərxana müdrinin müavini, hüquq elmləri doktoru Van Qiganq bizi bəzi statistik məlumatlarla tanış etdi.
Yuxarıda qeyd etdiyim kimi Çində ali dövlət hakimiyyəti orqanı umumçin Xalq Nümayəndələri Məclisidir. Səlahiyyət müddəti 5 ildir.
Çin parlamenti 2979 deputatdan ibarətdir. UXNM Çin Xalq Respublikasının sədrini və sədrin müavinini seçir. Sessiyalar arasındakı dövrdə ÜXNM-in Daimi Komitəsi fəaliyyət göstərir. İcra hakimiyyəti Dövlət Şurasına mənsubdur. Şura ÜXNM qarşısında məsuldur və ona hesabat verir. Dövlər Şurasının tərkibinə onun sədri, sədr müavinləri və üzvləri, nazirlik və komitələrin rəhbərləri, baş müfəttiş və məsul katib daxildir. Dövlət Şurası üzvləri iki müddətdən artıq bu vəzifəni tuta bilməzlər.

lll
Çin Kommunist Partiyasının beynəlxalq əlaqələr şöbəsində keçirilmiş görüşdə iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın əhəmiyyətindən bəhs olundu, qeyd olundu ki, hakim partiyalar arasında əlaqələrin genişlənməsi iki ölkə və xalq arasında münasibətlərə müsbət təsir göstərir. Görüşlərdə Əli Əhmədov Azərbaycanın dinamik inkişafı, düzgün iqtisadi siyasət sayəsində əhalinin rifah halının yaxşılaşması, həyata keçirilən modernləşmə xətti barədə ətraflı məlumat verdi.
Saat 12-də ÇKP MK –nın Beynəlxalq şöbəsinin rəhbərliyi adından nümayəndə heyətimizə ziyafət verildi.
Həmin gün – yerli vaxtla saat 15.00 –da Azərbaycan nümayəndə heyətinin Çin Kommunist Partiyası Siyasi Bürosu Daimi Komitəsinin üzvü Xı Quoçyan ilə görüşü oldu. ( Onu da qeyd edim ki, Çinlə bizim aramızda təqribən 4 saat fərq var)
Ötən il Azərbaycana səfərini və ona göstərilmiş qonaqpərvərliyi məmnunluqla xatırlayan Xı Quoçyan böyük imkanlara sahib olan ölkəmizin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atdığını dilə gətirdi.
XI Quoçyan Azərbaycan tərəfini dövlət müstəqilliyin bərpasının 20-ci ildönümü münasibəti ilə də təbrik etdi. O, gələn il Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin yaranmasının 20 ilinin tamam olacağını vurğulayaraq, ötən müddətdə siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə əlaqələrin inkişaf etdiyini bildirdi.
XI Quoçyan bildirdi ki, Çin Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcək. Çinin əsas maraqları – “Vahid Çin” siyasətini dəstəklədiyinə görə Azərbaycan tərəfinə minnətdarlıq edən Xı Quoçyan qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Azərbaycanın iki ölkə arasında əlaqələrə böyük əhəmiyyət verdiyini bildirən Əli Əhmədov dedi ki, əməkdaşlığımızın inkişafı üçün böyük imkanlar vardır. Mövcud münasibətlər tam əsas verir ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldıraq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə verdiyi dəstəyə görə Çin tərəfinə təşəkkür edən Əli Əhmədov bildirdi ki, Azərbaycan Çinin BMT-də irəli sürəcəyi təşəbbüsləri dəstəkləməyə hazırdır. Əli Əhmədov Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini aydın və ardıcıl dəstəklədiyinə görə də Çin tərəfinə təşəkkür edib. Azərbaycan hesab edir ki, müasir dövrdə ölkələrin ərazi bütövlüyü vacib prinsipdir. Azərbaycan həmişə “Vahid Çin” siyasətini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Bəli, bu gün Çin dövləti sülhsevər siyasət yeritməklə beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Bu nüfuzu artıran amillərdən birincisi onun iqtisadi potensialını möhkəmləndirməsi ilə bağlıdır. İqtisadçıların proqnozuna görə yaxın dövrdə Çin istehsal həcminə görə dünyada birinci olacaq. Hazırda adambaşına ümumi daxili məsulun artımı il ərzində orta hesabla 8-9 faiz təşkil edir. Bu göstərici Avropanın və ABŞ –ın göstəricilərini bir neçə dəfə ötüb keçir.
Ötən ilin mlumatına görə Çin büdcəsinin gəlirləri 1 trln. dolları keçib.
Bir faktı qeyd edim ki, ekspertlər (bu fakt akademik Z. Səmədzadənin adı çəkilən kitabında xüsusi vurğulanır) Çin tərəfindən iqtisadi islahatlar sahəsində toplanmış təcrübəni dünya iqtisadi inkişafında yeni hadisə adlandırırlar. Dünya Bankı, Beynalxalq Valyuta Fondu bu ölkədə aparılan islahatlara nə müəlliflik edib, nə də məsləhətçi olub! Beynəlxalq maliyyə qurumlarının bu ölkədə at oynatmasına imkan verilməyib. Təbii ki, hər yerdə olduğu kimi onlar Çinə sərt təkliflərlə “yardım” etmək təşəbbüsündə olublar. Lakin Çin rəhbərliyi onların deyil, öz xalqının mentalitetini, qədim zamanlardan ona xas olan dinclik, zəhmətsevərlik, mütəşəkkillik, vətənpərvərlik kimi xüsusiyyətlərini nəzərə alıb. İqtisadi islahatlara xalq arasında deyildiyi kimi: “təzə gəldi bazardan, köhnə düşdü nəzərdən” prinsipi ilə yanaşılmayıb.
Z. Səmədzadənin qeyd etdiyi kimi, çinlilər qərb təcrübəsini inkar etmir və eyni zamanda fetişləşdirmirlər, həmin təcrübəni milli mənafelərin qorunması baxımından qiymətləndirir, bu incə, lakin tale yüklü məsələyə çox diqqətlə yanaşırlar...
(Ardı var)

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı




Bu yazı ( 200 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar