12px14px16px18px

Şəhidlər Xiyabanında ömrünün baharında solan bir cavan şair: Ülvi Bünyadzadə

İmdat AVŞAR
02:56 / 20.01.2012




























Qələm qardaşım Rəşad Məcid!


Bu günlərdə Türkiyədə dərc olunan nüfuzlu “Kardeş kalemler” dərgisinin məsul əməkdaşı, istedadlı şair İmdat Avşardan bir məktub aldım.Ülvinin Şəhidlər Xiyabanındakı qəbrinin fotosunu istəyirdi. “Yeni çıxacaq kitabımda Ülvi ilə bağlı yazım var, həmən səhifəyə qoyacam” – deyə yazmışdı. Məktubu mən açıb oxuyunca 10 gün zaman ötmüşdü. İstədiyi şəkilləri göndərdim. Amma...
II məktubu aldım: “Fotoşəkilləri üçün gecikdik, kitab indi yayımlanma üzrədir, amma kitabın ikinci nəşrində bu şəkillərdən birini qoyacağam: “Evliya Çelebinin izində Azərbaycan” adlı kitabımda Ülvi ilə əlaqədar bölümü sizlərə də göndərirəm. ...
İmdat Avşar”.
Hörmətli Rəşad bəy, mümkünsə, əziz dostumuz İmdat Avşarın həmin yazısını qəzetinizin növbəti sayında Azərbaycan oxucuları üçün də dərc edəsiniz.
Səmimiyyətlə: Almaz ÜLVİ
filologiya elmləri doktoru


Azərbaycanlı dost şair və “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu 2009-ci ildə mənə bir məktub göndərmişdi. Məktubunda “20 Yanvar” hadisələrində şəhid olan, ömrünün baharında quru torpağa yar olan bir cavan şairdən bəhs edirdi. Həmin məktubun məzmunu belə idi:
“Salam İmdat Bəy; “20 Yanvarda şəhid olan cavan şairimiz ülvi Bünyadzadənin “Ömür yolu” adlı poemasını Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, gürcü, rus və ingilis dillərində eyni kitabda yayımlamaq istəyirik. İndi sizə bir əməkdaşlıq təklif edirəm, bu poemanı Türkiyə türkcəsinə sizin uyğunlaşdırmanızda xahiş edirəm. Bu mövzuda bizə köməkçi olmanızı xahiş edirəm.
Not: Kitab 20 Yanvar hadisələrinin 18-ci ildönümündə nümayiş olunacaq, ona görə vaxtımız az, sizdən təcili cavab gözləyirəm. İmza: Səlim Babullaoğlu ...
Səlim bəyin məktubunu oxuyan kimi, məktuba əlavə olunan şeiri açmış və bütün işlərimi bir kənara qoyub şeiri Türkcəyə uyğunlaşdırmaya başlamışdım. Səlim bəyin məktubuna cavab əvəzi olaraq şeirin Türkiyə türkcəsinə çevrilmiş halını göndərmək istəyirdim. Bu gənc şairin, 1979-ci ildə başlayan Rusiyanın Əfqanıstan işğalına, Qırmızı Orduda iştirak edən və heç bir şey uğrunda Heratta, Qəndaharda torpağa düşən azərbaycanlı oğulların əziz xatirələrinə ithafən yazdığı o möhtəşəm dastanı, o gecə Türkiyə türkcəsinə uygunlaşdırıb Səlim bəyə göndərmişdim.

Əcəl sizi qılıqlayıb,
Yuvanızdan hara saldı?
Adlarınız hansı daşda,
Hansı yurdda batıb qaldı?

Hansı yurdda batıb qaldı? – deyə gənc şair Əfqanıstanda həlak olan Azərbaycan oğullarına səslənirdi. Bəlkə də ona səslənirdi üzərindən keçəcək tank palitralarında bilmədən, sinəsini deşəcək güllələri görmədən. İndi Ülvi Bünyadzadənin qəbrinin başında, o şeirin misralarını xatırlamağa çalışıram:

Adınızı oxuyuram ...
Əli, Səməd, Vaqif, Məhər ...
Özünüzü görməsəm də,
Ruhunuzu axtaracam,
Səhər-axşam, axşam-səhər.

Mən də indi Şəhidlər Xiyabanında, yas tutan, qaralar bağlayan məzar daşlarından bu adları oxuyuram. O məzar daşlarından biri də bu gənc şairə aiddir. Başdaşındakı kitab, bir anda sona çatan qısacıq ömrü yekunlaşdırır:
Ülvi Bünyadzadə.
Doğumu: ... 23 sentyabr 1969.
Ölümü: 20 Yanvar 1990.
Bir qeyd də: O illərdə Dövlət Xarici Dillər İnstitutunda təhsil alırdı ... .
Təhsil həyatı da ömrü kimi yarım qalmış bir şairin məzarı başında ruhuna bir Fatihə göndərib onun şeirindən, anasına səsləndiyi hissəni oxuyuram. Ülvi Bünyadzadə, az əvvəl məzar daşında onun adını oxuduğumu bilir sanki. Bu şeiri oxuyan əslində onun ruhu ... və mənə səslənir:

Sən
mənim adıma
rast gəlməyibsən.
Adsız uyuyuram bu qərib yerdə.
Sənə deməyəcəyəm
heç adımı da.
Məni diri bilib,
Gözləyir anam.
Demə!
Qoy gözləsin,
dözməz bu dərdə.
Görürəm
qəbrimin içi yaş olur.
Deyəsən ağlayır anam xəlvətcə.
Girmir heç olmasa yuxuma –
deyəm, ağlama, ay ana,
mən çox yaxşıyam.
Səndən narahatam,
Niyə hər gecə çıxıb
qaranlıqda yola baxırsan?!
Niyə vaxtsız yatıb,
vaxtsız qalxırsan?!
lll
Qardaş da yoxdur ki, ona tapşırım.
Bəlkə ... sən olasan ...
Mənim qardaşım.
İndi ki,
Razısan,
Onda get bizə
Ovut anamızı, sən mənim başım.

O an, bu şəhid şairin, 20 Yanvardan bəri qaralar bağlayan anasının yanına getmək keçir içimdən, çatıb oğlunu bu torpaqlar üçün torpağa tapşıran o mübarək ananın əllərini öpmək, ətəyinə bağlanmaq və sinəsinə baş qoyub ona bərabər olub ağlamaq ... Birdən bir şübhə oyanır içimdə. Kim bilər bu şairin anası, bu dərdə dözə bilməyib çoxdan haqqa getmişdir. Yanımdakı dostlardan soruşa bilmirəm, o ananın sağ olduğunu bəlkə bir gün yanına çatıb əllərindən öpəcəyimə, onu təsəlli edib ovudacağıma ümid edirəm. O ana görəsən indi hardadır? – deyə öz-özümə soruşuram. Ülvi Bünyadzadə səslənir o an, duyuram:
Onun ünvanını bilmək istəsən,
Gəz Azərbaycanı.
O yazıq ananı,
Tap özün tanı.
Başında yaylığı
gecə tək qara,
Kədərli gözləri
baxır yollara.
Hələ
üzməyibdir ümidini o.
Bəlkə də onunçün
hələ də əyməyib
düz qəddini o.
Sən elə bilirsən
o ana təkdir?!
Yox,
Ülvi qardaşım!
Sənin səhvin var.
Sayını bilmirəm,
Amma
bu dərddə
Yenə də ən azı yüz ana olar.
Oğulsan söz axtar,
təsəlli üçün;
Yalandan söylə ki,
oğlun sapsağdır.
Axı o,
anadır, ana ürəyi
yeddi ağaclıqdan duyur ki,
gələn
ona nə deyəcək,
Bu nə qonaq!
Bir şəhidin anasının yanına varsan, onu təsəlli etmək üçün nələr deyərdim? Mən də sizin kimiyəm bu an, söyləyəcək söz tapa bilmirəm. Və yenə o şeirin misraları tökülür dilimdən.
İndi
Siz söyləyin, gedim-getməyim?
Bir igid ruhuna
Söz verdim axı.
Mənə namərd deyin,
Lap qorxaq deyin, gedib deməyəcəyəm,
Deməyəcəyəm!!!
Görmək istəmirəm mən ana dağı.
“Balam mənim gülümdür,
Gülümdür, bülbülümdür.
Ölsə analar ölsün,
Bala ölmək zülümdür”.

Bu torpaqlarda bir daha balalar ölməsin, bu bayraq əbədi göylərdə dalğalansın! – deyə dualar edib adı kimi ülvi bir mövqeyə çatan Ülvi Bünyadzadənin məzarı başından, hüznlə və içim qan ağlayaraq ayrılıram.
Şəhidlər Xiyabanında, şəhid məzarları arasında gəzərkən, bir az irəlidə, bir məzar daşı diqqətimi çəkir. İlahi! Bu məzarda bir qəriblik var. Başdaşında nə doğum tarixi yazılı, nə ana, ata adı. Ürək yaxan bir şəxsiyyəti var bu şəhidin, o qara daşda adı yerinə bir söz yazılıb: “Naməlum!”
Bu adsız Şəhiddən geriyə qalan tək bir məlumat mövcuddur:
Ölümü: 20 Yanvar 1990 ...
Burda yatan oğul kimdir? Ya anası, atası, qardaşları?
Bu MƏZARDAKI “yox hökmündə” bir şəhid. Özündən yadigar bir tək məzarı var. Bəlkə də bu məzarda yatan oğul, 1918-ci ildə Qafqaz İslam Ordusunun bir nəfəriydi. İllər əvvəl şəhid olmuş və Xiyabanda bir məzarda yatırdı. 20 Yanvarda rus tanklarının Bakı küçələrinə hücum etməsini görüncə, ruhu səmadan enib bir bədənə girərək yenidən döyüşməyə başlamış və bir tankın qabağına igidcə dikilmişdi. Bəlkə minlərlə güllə keçmiş bədənindən, polad tank paletlerinin altında xırım-xırda olmuşdu sümükləri, buna görə kimsə onun şəxsiyyətini müəyyən edə bilməmişdi. O ikinci dəfə şəhid olmuşdu, ikinci dəfə basdırılmışdı Şəhidlər Xiyabanında ...
Məzarın nur ilə dolsun ey “Naməlum” şəhid, sizlərin alovlandırdığı müstəqillik Məşəliylə dalğalanan azad bayraqlar, bu torpaqların hər yanında, sizin qanınızla yuyunduğu üçün işıq saçır ...

İmdat AVŞAR
şair



Bu yazı ( 362 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar