12px14px16px18px

Salam, Elçin Hüseynbəyli!

Vaqif YUSİFLİ
15:07 / 16.12.2011
Onun ədəbiyyata gəlişi səksəninci illərin sonlarına-doxsanıncı illərin əvvəllərinə təsadüf edir. Qapılarını onun üzünə açan ilk dərgi “Gənclik” oldu. Sonra “Ulduz”, “Azərbaycan” jurnalları onun hekayələrini dərc etməyə başladı. Təbiətən çox qaynar, işgüzar təsir bağışlayan Elçin doxsanıncı illərdə həm də bir publisist kimi diqqəti cəlb etdi. Ədəbi prosesdə seçilmək, fərqlənmək iddiası çox tez bir zamanda onun imzasını oxuculara tanıtdı.
Ədəbiyyatda istedad başlıca amildir, ancaq istedadlı olduğunu sübut eləmək üçün bir az da cəsarətli olmaq lazımdır və Elçin Hüseynbəylidə bu cəsarət dozası qədərincədir. Bu cəsarət ona imkan verib ki, layiq olduğu yeri tutsun və yazılarında da daxili azadlığını, sərbəst söz demək missiyasını qoruyub saxlasın. İlk yazılarını vaxtilə cavanların üz tutduğu “Gənclik” jurnalında dərc etdirən Elçin Hüseynbəyli indi gəncliyin sevimli dərgisi olan “Ulduz”un baş redaktorudur. O, bir baş redaktor kimi “Ulduz”un ənənənəsini qoruyub saxlayır, bu jurnalın gənc ədəbi qüvvələrin ilk uçuş meydanına çevrilməsi üçün qayğısını əsirgəmir. Bir sözlə, cavanların ağsaqqalı olmaq kimi şərəfli bir vəzifəni yerinə yetirməyə çalışır.
Elçin Hüseynbəyli əlli yaşına nə gətirib, hansı ədəbi uğurları ilə diqqəti cəlb edib-ilk növbədə, bu suallara statistikanın gözüylə baxaq. İrili-xırdalı xeyli hekayə, bir neçə povest, beş müasir, iki tarixi mövzuda yazılmış yeddi roman, publisistik və tənqidi yazılarından ibarət sanballı bir kitab, on beş pyes... Bu əsərlərin müəyyən qismi rus və başqa dillərdə də çap olunub. Qibtə edilməli yaradıcılıq ömrüdür..
Elçin Hüseynbəyli ədəbiyyata, belə demək mümkünsə, uşaqlıq illərinin qanadlarında gəldi. 2001-ci ildə onun “Rəqs edən oğlan” hekayələr kitabı çapdan çıxdı. Elçinin təsvir etdiyi “qəhrəman” romantik xəyallarla yaşayan, amma bu xəyalları gerçək həyatın reallıqları qarşısında duman kimi yox olan bir uşaqdır. “13 yaşlı romantik müqəssir” hekayəsini oxumaq kifayətdir ki, daim möcüzələr gözləyən, özü haqda əfsanələr quraşdıran, nağıllara inanan uşağın qəfil bir hadisədən sonra hansı ədalətsizliklə üzləşdiyinin şahidi olasan. Elçinin nağılvari kontekstə üz tutması onun “Rəqs edən oğlan” kitabındakı digər hekayələrdə də açıqca görünür və bu cəhəti təkcə uşaqlıq illərinin yaddaşa həkk olunan sehrindən, cazibəsindən uzaqlaşa bilməməsi ilə izah etmək doğru olmazdı. İllər keçəcək, Elçinin “Tut ağacı boyunca”, “Balıq adam”, “Yovşan qağayılar”, “Metro vadisi” kimi sırf psixoloci, “Don Juan”, “Şah Abbas” tarixi və hələlik sonuncu- “Yol ayrıcında qaçış” kimi romanlarında da həmin üsluba, təhkiyə tərzinə sadiqliyini hiss edəcəyik.
“Rəqs edən oğlan” kitabında Elçin Hüseynbəylinin “Şimallı gəlin”, “Eşşək haqqında ballada”, “Qarabağ şikəstəsi”, “Keçid dövrünün toyuğu”, “Oyun” kimi hekayələr də var ki, bunlar artıq keçid dövrünün –doxsanıncı illərin hadisələrindən söz açır.
Heç bir yazıçı özünü ictimai-siyasi hadisələrdən kənara çəkə bilməz və doxsanıncı illər bu mənada Azərbaycan yazıçıları üçün sözünü deməyə, bilavasitə içində olduğu yaxud müşahidə etdiyi hadisələrə, olaylara münasibətini bildirməyə imkan verdi. Ancaq şairlərdən fərqli olaraq nasirlər ictimai-siyasi hadisələrə bir qədər gec reaksiya verirlər. Bunun səbəbi odur ki, hekayədə yaxud romanda və povestdə müşahidə, baş verən hadisələrin tədqiqi bir qədər vaxt aparır. Şair üçün tutalım, Xocalıda baş verən qırğına şeir həsr eləmək bir günün işidirsə, nasir bu hadisənin təfərrüatını öyrənmək və sonra bunları bədii reallığa çevirmək o qədər də asan görünmür. Elçin Hüseynbəyli Qarabağ hadisələrinə həsr etdiyi “Əsirlər” povestini də yalnız sonralar qələmə aldı. Bu povestdə Qarabağ müharibəsinin bir kiçik anı təsvir olunur. Ancaq bu kiçik anda, iki əsir düşmüş soydaşın xilas olmaq üçün yollar aradığı zaman müddətində yazıçı müharibə həqiqətlərini açıqlaya bilir və belə bir fikirlə qarşılaşırıq ki, müharibə təkcə ölüm-dirim savaşı, yaxud böyük dövlətlərin əli ilə quraşdırılan bir oyun deyil, həm də adi insanların şüurunda, psixologiyasında baş verən dəyişiliklər, ələlxüsus, düşünüb-daşınmağa, bu böyük bəlanın hardan gəldiyini anlamağa fürsət verən məqamdır. Elçin Hüseynbəylinin son illərdə yazdığı “Gözünə gün düşür” hekayəsi isə mən deyərdim, Qarabağ mövzusunda yazılmış ən gözəl nəsr əsərlərindən biridir.
“Tut ağacı boyunca”, “Balıq adam”, “Yovşan qağayılar”, “Metro vadisi” romanları ilə Elçin Hüseynbəyli yaradıcılığında yeni bir mərhələ başlandı. Bu mərhələni səciyyələndirməli olsaq, bədii düşüncənin artıq bir çevrədə qalmadığını, sintezə meyl etdiyini görərik. Onun romanlarından söz açan əksər müəlliflər bu əsərlərdə komizmlə tragizmin, gerçəkliklə fantaziyanın, realizmlə romantikanın, şairanəliklə vulqarizmin, estetizmlə antiestetizmin bir-birinə qaynayıb qovuşduğunu qeyd edirlər. Bu əsərlərdə sırf realist səhnələr də var, romantika ilə süslənən təsvirlər, sürrealist boyalar da. Xüsusilə, bu romanları simvollar, rəmz və eyhamlar olmadan təsəvvür etmək mümkün deyil. Və bütün bu romanlarda fərd və cəmiyyət, insan və zaman, şəxsiyyət və gerçəklik kimi problemlər öz əksini tapır. Təbii ki, Elçin Hüseynbəyli bu problemləri yalnız bir romanında həll edə bilməzdi, hətta deyə bilərik ki, heç dörd romanında da tamamilə həll etmək mümkün deyildi. Buna hətta bir yazıçı ömrü də yetməz. Amma ayrı-ayrı, özü də müxtəlif taleli insanların faciəsini əks etdirmək baxımından hər bir roman orijinallığı ilə seçilir.
Əgər “Tut ağacı boyunca” romanında müəllifi cəmiyyətin dəyişən meyarları deyil, fərdlərin şəxsi taleləri düşündürürsə, “Balıq-adam” fərdlərin taleyini cəmiyyətin prizmasından izləyir.
Elçin Hüseynbəylinin ən sanballı romanı “Yovşan qağayılar”dır desəm, bəlkə də mübahisə doğurar. Ancaq mən bunun fərqinə varmıram. Roman Mahmud bəyin timsalında igidliyi, mərdliyi, kişiliyi vəsf edir və belə bir həqiqəti ortaya qoyur ki, babaların keçdiyi yol haçansa, tarixin hansı dönəmindəsə bir də təkrarlanacaq. Əsərdə bu mənada YADDAŞ böyük rol oynayır və deyərdim ki, romanın sosial mahiyyəti və bədii-estetik dəyəri də elə bununla bağlıdır. Yaddaşsızlıq başlanan yerdə insanın, millətin, xalqın mənəvi ölümü baş verir. Amma nə yaxşı ki, Yaddaş diridir, ölmür.
Elçin Hüseynbəylinin birincisini roman-ekskurs, digərini isə roman-xronika adlandırdığı iki romanı da var: “On üçüncü həvari-141-ci Don Juan” və “Şah Abbas”. Müasir həyatdan, gerçəklikdən uzaq tarixi keçmişə adlamaq bizim bir çox yazıçılarımıza xas olan bir cəhətdir ki, bu artıq bir ənənəyə çevrilmişdir. Yaxın tarixi keçmişin sovet yazıçısı, özü də bir çox tarixi romanların müəllifi S.Zlobinin bu gün üçün də əhəmiyyətini itirməyən bir fikrini xatırlatmaq istəyirəm: “Tez-tez bizim ədəbiyyatçılar, tənqidçilər “müasir” və “tarixi” roman anlayışlarını qarşı-qarşıya qoyurlar. Mən tarixi romandan söz açanda onu heç də müasir mövzuda yazılan romana qarşı qoymuram. Çünki “tarixi” məfhumunun özü “müasir” məfhumuna qarşı qoyula bilməz. İndi və keçmiş-bunlar bir-birinə zidd anlayışlar deyil. Tarix bu gün yenidən başlamaq üçün dünən qurtarmır. Bu, vahid prosesdir”.
Fikrimcə, Elçin Hüseynbəylinin “Don Juan” və “Şah Abbas” romanlarında da “tarixi” və “müasir” məfhumlarının qovuşduğu danılmaz bir həqiqətdir. “Don Cuan”da müəllif özü də romanın personaclarından birinə çevrilir, Azərbaycan Don Juanının keçdiyi yolları sanki addım-addım izləyir, həm tarixi yeni gözlə “oxuyur”, həm də ulu babasının hərəkət və əməllərini, yanlışmı, doğrumu düşündüyünü maraqlı, cəzbedici bir sücet daxilində oxucuya təqdim edir. “Şah Abbas” romanı isə doğrudan da tarixi xronikadır və bizim bu tipli tarixi romanlar içərisində növbəti bir cəhddir ki, tarixi mənbələr və qaynaqlara istinad edib daha bir şəxsiyyətin ömür yolunu gözlərimiz qarşısında canlandırır. Burada ənənədən gələn bədii priyom və üsullarla qarşılaşsaq da, Elçin Hüseynbəylinin özünəməxsus bədii təsvir ustalığı, obrazları məhz canlı, koloritli boyalarla, həm də bütün mürəkkəbliyi ilə əks etdirmək məharəti diqqətdən yayınmır.
Elçin Hüseynbəylinin nəsr yaradıcılığı haqqında bu ümumi fikir və mülahizələrimi yazıda nəzərinizə çatdırmaqda bir məqsədim oldu. O da bundan ibarətdir ki, onun yaradıcılığındakı bu “çevrilmələr” –həm mövzularının rəngərəngliyi, həm qaldırdığı problemlərin gərəkliliyi,həm də bunları özünəməxsus bir şəkildə bədii materiala çevirməsi, bu yolda dünya və milli ədəbiyyatda məlum və həm də yeni bədii priyomlarla oxucuya çatdırması onun oricinal yazıçı olmağını təsdiq edir
...Bu yazını mən Elçin Hüseynbəylinin 50 yaşı münasibətilə qələmə aldım. Onun yaradıcılığında nəsr irəlici və aparıcı olduğu üçün diqqətimi daha çox bu səmtə yönəltdim. Elçin Hüseynbəylinin doxsanıncı illərdən başlayaraq mətbuatda bir publisist kimi məhsuldar fəaliyyəti təkcə kəmiyyət göstəricisi olub qalmadı və etiraf etmək lazımdır ki, o, artıq bu sahədə öz dəst-xəttini qoymuşdur. Dramaturgiyasına gəldikdə isə, o, öncə qeyd etdiyimiz kimi artıq on beş irili-xırdalı pyesin müəllifidir və bu əsərlərin bir çoxu müxtəlif teatrlarda tamaşaya da qoyulub. Bu pyeslər barədə bizim tanınmış bir dramaturqumuz Əli Əmirlinin bir fikrini xatırlatmaq istəyirəm. Əli Əmirli deyir ki, dramaturgiyada Elçin Hüseynbəylinin sözü yenidir.
Elçin Hüseynbəylinin “Cənab XXI əsr” adlı bir kitabı var və o kitabda publisistik əsərləri toplanıb. Bu da fikrimcə, rəmzi məna daşıyır. Yaradıcılığa keçən əsrin sonlarında başlasa da, Elçin, əslində, yeni – XXI ƏSRİN yazıçısıdır. Ona görə də əllinci qışını (o, 23 dekabr 1961-ci ildə dünyaya göz açıb) alqışlayır və deyirik; SALAM, ELÇİN HÜSEYNBƏYLİ!

Vaqif YUSİFLİ



Bu yazı ( 425 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar