12px14px16px18px

“Kəlbəcərin saz qalası”

Cəmilə ÇİÇƏK
07:10 / 13.12.2011
Kəlbəcər! Bu söz dilimə gələndə, bu kəlmə qulağıma çatanda içimdən gizilti keçir, məni soyuq tər basır. Çünki qoynunda dünyaya göz açdığım, Yer üzünün cənnət guşəsi bu ulu torpaq uzun illərdir əsirlikdədir. Mən də bu ulu torpaqda doğulmuşam. Gözündən öpdüyümüz, gecə-gündüz sevə-sevə vəsf etdiyimiz bulaqlarımızın gözündən indi bəd nəfsli nankor ermənilər su içir. Mən Kəlbəcərə rayonmu dedim? Dilim qurusun mənim. Kəlbəcər rayon yox, səmanın ənginliklərinə ucalan, qartalların qıy vurub, yuva qurduğu bir dünyadır. Təbiətin elmə məlum olmayan, hələ öyrənilməyən qartal növləri məhz Kəlbəcər dağlarında yuva qurur, əngin səmalardan aşağıya – dərin dərələrə, sıldırım yarğanlara tamaşa edir. 1936 kvadrat kilometrlik ərazisi olan bu gözəllik səltənəti canlı təbiət muzeyidir. Muzey deyirəm, rəhmətlik Şamil Əsgərovun narahat ruhu şad olsun, uzun illər ərzində onun gərgin əməyi, böyük fədakarlığı hesabına yaradılan, Yer üzündə tayı-bərabəri olmayan unikal tarix muzeyi yadıma düşür. Bu muzeyi görənlər qədim Kəlbəcərindünəninə heyrətlərini gizlədə bilmirdilər. Kəlbəcərin hər qaya parçası bir tarixdir. Burada əlinlə toxunduğun, gözünlə gördüyün hər nə varsa, qiyməti bilinməyən bir sərvətdir. Havası, suyu, çölü-çəməni çiçəkləri can dərmanıdır. Kəlbəcərə gəlmiş bir səyyah bu yeri “əbədi dirilik ocağı” adlandırıb. Amma indi bu dirilik ocağı əsarət altındadır. Rus ordusunun köməyi ilə erməni qəsbkarları 1993-cü il aprel ayının 2-də çoxdan həsrətində olduqları Kəlbəcərə hücum edərək insanların illər uzunu qurub-yaratdıqlarını tar-mar etdilər, bu yerləri viran qoydular, qız-gəlinlərin ismətinə əl uzatdılar, həlak olmuş ər oğulların barmaqlarını kəsərək nişan üzüklərini çıxartdılar. Erməni barbarları tərəfindən Kəlbəcərin təbii sərvətləri talandı, yeri, göyü odlara qalandı.
Yaxşı yadımdadır, bir kəlbəcərli qadın-ana köçkünlük dövrü ah-nalə çəkib deyirdi: “Üç nişanlı qızıma tutduğum cer-cehiz tavana dəyirdi. Bir çöp belə götürmədən Kəlbəcəri tərk etdik, köçkün olduq...”
“Köçkün” – necə də ürəkağrıdan, ürəkdağlayan sözdür bu söz. İnsan da öz ölkəsində köçkün olarmı? Öz vətənində vətənsiz olarmı?
Ayrılığın bu qədər uzun və üzüntülü, bunca cəhənnəm olduğunu kim bilə bilərdi? Ana bətnində köçkün düşən varlıqların, təzəcə ayaq tutub gəzişən fidanların indi artıq 18 yaşı var...
Mənim də yaşımın üstünə yaş gəlir. Bir vaxtlar tər çiçək kimi olsam da, indi düşüncələr qoynunda, fikirlər aləmində, qəm dəryasındayam. İndi qələmimə güc verirəm. Könlümü üşüdən, ürəyimi göynədən yaralı yazılar yazıram, boynubükük xatirələrimi dilsiz, ağ vərəqlərə köçürürəm. Saralmış payız yarpaqlarıdır yazdıqlarım. İstək və arzularım artıq bir çərçivəyə sığmır – hamısı qüssə, kədər... Əsirlikdə qalmış doğma Kəlbəcərim üçün nə isə etmək istəyirəm. Ürəklərin harayını, könüllərin naləsini dünyanın kar olmuş qulaqlarına çatdırmaq istəyirəm. Elə hey bu barədə düşünür, bu haqda yazmaq istəyirəm. Kəlbəcər mənim yuxularımdı. Kəlbəcər mənim gecəm-gündüzümdü, sonu bilinməyən ağrım, acım, həsrətim, hicranım, can yanğımdır!
Bu həsrəti, bu ağrını yazmağa qələmimin gücü çatacaqmı? Bəzən korun-korun alışıb yanan, az qala tüstüsü təpəsindən çıxan bu yazıq qəm yuvası ürəyimlə baş-başa qalanda ağ göyərçinə dönüb Kəlbəcərə uçmaq, o yerləri görüb, hər hansı bir daşına baş qoyub uyumaq istəyirəm. Əllərimi göylərə qaldırıb yalvarıram: ey qadir Allah! Özün kömək et, məni ağ göyərçinə döndər, qoy Kəlbəcərin başı üstündən uçub onun çiçəklərinə, güllərinə, gözüyaşlı qalan bulaqlarına salam verim.
Bu sözləri söyləyərkən özümdə sanki bir yüngüllük hiss edirəm. Ayaqlarım, elə bil, yerdən üzülür. Bu vəziyyətdə gözlərimi açıram. Mənə elə gəlir ki, deyəsən, Tanrı dualarımı eşidibdir. Mən ağappaq bir göyərçinə çevrilmişəm, göylərdə uçuram. Ətrafımda topa-topa buludlar, aşağıda isə gen dərələr, sıldırım qayalıqlardır. Göyərçin olmağıma necə də sevinirəm! Kəlbəcərimin üzərində yerə qonmaq istəyirəm, onun torpağına diqqət kəsilirəm. Hər yer od içindədir. Dağlar isə alovların içində qapqara qaralıbdır... Bircə qanad çalmağımla anam uyuyan qəbiristanlığa çatıram. Gözlərimə inanmıram. Məzarlıqlar dağıdılmış, başdaşları yerlə yeksan olmuşdur. Anamın məzarına yaxınlaşıram. Nə görsəm yaxşıdır? O, başdan-başa ağ geyimdə öz məzar daşının üstündə oturub qəmli-qəmli mənə baxır. Göyərçin cildində olsam da, məni tanıyır anam.
Elə bil yaralı ney kimi sızıldayıram.
Könlümdən Dədə Şəmşirin bu misraları keçir:
Sən öləndə mən ağladım,
De, məni kim ağlar, ana?
Gör yadıma nələr düşdü, –
“Can” dediyin çağlar, ana.
Uşaqlıq çağlarımda mənə söylədiklərini, onun ölümündən sonra başımıza gələnləri danışmağa başlayıram:
“Ruhuna qurban, anacan! Yadındamı şəhər orta məktəbinin I sinfində oxuduğum günlər? Bu, sənə necə də qol-qanad vermişdi. Mehriban, isti əllərinlə uzun şəvə saçlarıma sığal çəkir, məni əzizləyib deyirdin: “Əziz balam, umud qalam, hələ uşaqsan, böyüyəndə görəcəksən ki, bu qoca dünya haqsızlıqla, ədalətsizliklə, yalanlarla doludur. Deyirlər oğlanlar öc olur, çox vaxt söz eşitmir. Odur ki, bütün ümidlərim sənədir, oxu, öyrən, kitabsız günün olmasın. Eh, səninlə bağlı o qədər arzularım var, mənim balam, kaş Allah mənə ömür versin ki, sənin gülən, sevinən gözlərini görüm, arzum yerinə yetsin – hüquqşünas olub, haqqın, ədalətin keşiyində durasan, insanların hayına, harayına çatasan. Ancaq bunu şərt kimi qəbul et ki, heç vaxt heç bir şəraitdə haqqı nahaqa qurban verməyəcəksən, ədalətsizliyə qarşı usanmadan, yorulmadan mübarizə aparacaqsan – bu yolda dönməz olacaqsan...” Bəli, bu, anamın sağlığında mənə söylədikləri idi. İndi ürəyimdən keçənləri ona demək istəyirəm: anacan, elə sənin dediyin kimi etdim, orta məktəbdə səylə oxudum, heç kimdən geri qalmadım. Amma sənin arzu etdiyin kimi hüquqşünas ola bilmədim. Buna görə məni bağışla, ana! Hüquqşünas olmasam da, səndən sonra bir qardaşımın hüquqşünas olmasına nail oldum, arzunu yerinə yetirdim. Mən bütün varlığımla ona dayaq oldum, onun ali savad alıb, bacarıqlı hüquqşünas olması üçün əlimdən gələni əsirgəmədim.
Anacan, dünyadan narahat getdin, ev-eşiyin, bacı-qardaşlarımın ağır yükü zərif çiyinlərimə düşdü. Gecələr yatmayıb, səhərə kimi ay işığında əkin sahəmizi suvarıb, səhər alaqaranlıqda yuxulu-yuxulu bacı-qardaşlarımın yeməyini hazırlayıb, xəmir yoğurub sonra məktəbə gedirdim.
Çox sevdiyim Sürəyya müəllimə bir gün parta arxasında narahat olduğumu, düşüncələrə daldığımı görüb səbəbini soruşanda ona yaxınlaşıb xəlvəti bildirdim ki, səhər tezdən xəmir yoğurmuşam, artıq xəmir gəlmiş olar. Sürəyya müəllimənin tutulduğunu gördüm. Məni dərhal evə göndərdi. Hər gün ocaq qalayıb, sac asıb yuxa (çörək) bişirirdim. Çörəyi gah yandırırdım, gah çiy qalırdı, gah da bacarmayıb əllərimi yandırırdım, bəzən buna dözməyərək hirsimdən oturub hönkür-hönkür ağlayırdım. Dərslərimi hazırlamağa həvəsim olsa da, oxuyub-öyrənməyə gücüm, taqətim qalmırdı.
Müqəddəs ruhun şad olsun deyə min cür əzaba sinə gərdim. Sanki özün bilirsənmiş kimi məni bu vəfasız dünyanın ümidinə qoyub getdin – bizdən əbədilik uzaqlaşdın.
Kaş görəydin ki, o vaxt sənin yoxluğunu hiss edən sonbeşiyin, 3 yaşlı Əli dil qəfəsə qoymayıb, elə hey səni istəyirdi, gözünün yaşını sel kimi axıdırdı. Amma isti qoynunu əvəz edəcək bir yer varmı, anacan? Sənin iyini almadan uyuya bilmirdi zavallı qardaşım. Onu heç cür ovundura bilmirdim mən biçarə. Naəlac qalıb ağlaya-ağlaya sənin paltarlarını onun yastığının üstünə düzürdüm ki, bəlkə, nəfəsini, iyini, ətrini o paltarlardan alıb birtəhər yuxuya getsin. Üzünü paltarlarına söykəyib, sonra yuxuya gedirdi. Ay Allah, bu mənzərə mənim bu yumruq boyda balaca ürəyimə çalın-çarpaz dağ çəkirdi.
Anacan, heç cür yoxluğunla barışa bilmirdim. Axı sən bizi çox erkən, ömrünün gənc yaşlarında tərk etdin. Yolunu çox gözlədim. Qayıdacağına ümid edirdim. Ona görə gecələr evimizin qapısını da açıq qoyurdum ki, bəlkə, sən gələcəksən, axı sən bizsiz dözməzdin. Gözüm yollarda, qulağım səsdə idi. Sonda ümidim heçə endi. Özüm 7 yaşımda ikən bacı-qardaşlarıma ana oldum. Amma gücüm çatmırdı. Kirpiklərimlə od götürürdüm, ana! Axı mənim özümə də ana qayğısı, ana nəvazişi lazım idi – ana qayğısına, ana nəvazişinə möhtac idim. Əllərinin sığalına ehtiyacım vardı. Sən isə bir də geri qayıtmadın. 8 yaşımda ikən ağır yükün altına girib, elə bil ki, 100 yaşlı bir insana çevrildim. Belə acı taleyi Tanrı heç bir bəndəsinə qismət eləməsin, anacan! Necə qıydın bizə, necə?
Anacan, səni itirdikdən sonra başımıza çox müsibətlər, çox bəlalar gəldi. Səndən aldığımız ağır itki yarası sağalmamış (ana itkisinin yarası sağalarmı?) qızıldan qiymətli torpaqlarımız yağı tərəfindən işğal olundu, dərdimizin üstünə ağır dərd yükləndi. Müqəddəs məzarın da əsir düşdü. Bu, qəlbimizə çalın-çarpaz dağ çəkdi, köçkünə çevrildik. Dözülməz əzab-əziyyətlərlə yükləndik. Köçkünlük şəraitinə dözməyən qızın Filyar qəriblikdə ömrünün bahar çağında – 27 yaşında bu vəfasız dünyaya “əlvida” dedi. Şamaxıdakı “qəriblər” qəbiristanlığında torpağa tapşırdıq onu. Qismətimizə “Qəriblər paytaxtı”na sığınmaq düşdü, anacan! Amma burada da üzümüzə cənnət qapısı açılmadı. Kibrit çöpünə də möhtac olduq. Vətəndə vətənsiz, evsiz-eşiksiz vəziyyətinə düşdük. Amma ruhdan düşmədim. Sənin arzularını gerçəkləşdirmək üçün özümdə güc-qüvvə topladım. Həm ali təhsil almağı qarşıma məqsəd qoydum, həm də ailəni dolandırmaq üçün hər işin qulpundan yapışdım. Gecə yatmadım, gündüz dincəlmədim. Sonra da sevildim – qapımızı elçilər döydü. Özü də yaxşı yerlərdən. Di gəl ki, hamısına rədd cavabı verdim. Ruhuna and içib, sənə verdiyim sözə əməl etmək üçün Ulu Tanrıya yalvardım ki, bacı-qardaşlarımın əlini çörəyə çatdırmayınca sevgi qapılarını üzümə bağlasın. Düşünürdüm ki, birdən sevgimi öz ailəmə verərəm, bacı-qardaşlarımı ikinci dəfə ana sevgisindən məhrum edərəm. Söz verib ruhuna bir daha and içdim ki, bu çətin yolda lazım gəlsə, həyatımı da qurban verməkdən çəkinmərəm. Vədimə xilaf çıxmadım. Anacan, fədakarlıq göstərdim, çox çətinlikləri dəf etdim, özüm hüquqşünas olmasam da, qardaşım Qələndərin bu peşəyə sahib olması üçün, necə deyərlər, dəridən-qabıqdan çıxdım, axır ki, istədiyimə çatdım. Mən yalnız iş istəmək üçün müraciət edərkən belə ağır vaxtda dərdlərimin harayını ürək ağrısı ilə qəbul edən Azərbaycanın qeyrətli oğullarından həmyerlim Eldar Həsənov onun təhsil haqqının ödənilməsini öz üzərinə götürdü, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə məni işlə təmin etməyə söz verdi. Qardaşımı yaxşı işə düzəldib, həkim qızla da evləndirdim. Üç yaşında qoyub getdiyin oğlun Əli də ali savad aldı, indi texnik-mühəndisdir, onu da bu yaxınlarda evləndirməyə hazırlaşıram. Ruhun onlara duaçı olsun, anacan!
Özüm də, Allaha şükür, həm əyani ali təhsil aldım, həm də işləyib bacı-qardaşlarıma dayaq durdum. 7 nəfərdən ibarət ailənin firavan yaşamasına çalışdım. Odur ki, bizdən yana narahat olan, sızım-sızım sızlayan, göyür-göyür göynəyən ruhun şad olsun, ana. Səni o dağların qoynunda gözü yolda qoyduğumuz üçün bizi bağışla, bağışla bizi, ana!..
Özümü onun çoxdan həsrət qaldığım qucağına atmaq istəyirəm. O, xəyal kimi məndən uzaqlaşır, uzaqlaşır... Onun qaibanə səsini eşidirəm: “Əziz balam, mən bu yerlərin, bu göylərin ruhuyam. Sən mənim Kəlbəcərə dönəcək arzumsan. Sən yaşamalısan, elinlə-obanla, bacı-qardaşlarınla yurduna – Kəlbəcərə dönməlisən! Bilirəm, səni bura əsir düşən Kəlbəcərimiz, Vətən həsrəti, ana dərdi, saz səsi, Dədə Şəmşir harayı çəkib gətirib. Mən bilirdim ki, sən gələcəksən, ona görə də buradayam. İndi biz Kəlbəcərin əbədi keşikçiləri olan ruhlar kimi Yeddiqardaş dağında “Saz qalası” qurmuşuq. Burada, sənə xəta-bəla toxunmasın deyə gedək ora, axı ora alınmaz qaladır”. Mən başımla razılığımı bildirdikdən sonra o, mələk kimi qanad açıb mənimlə bərabər buludların arası ilə uçur. Qalaya çatar-çatmaz yanıqlı bir saz səsi eşidirik. Soruşuram:
– Ana, saz çalan kimdir?
– Kim olacaq, qızım, – Dədəmizdir. Bu “Saz qalası”nı o ucaltmayıbmı? Qızım, bu yerlər kimsəsiz qalandan sonra o, beləcə, sazını bağrına basıb gecə-gündüz nalə, haray çəkir.
Qalaya çatanda bu əsrarəngiz, sirli məkana nəzər salıram. Ətrafda olan qala divarlarının daşa dönmüş ürəklərdən hörüldüyünü görürəm. Divarın dibindəki güllər-çiçəklər də daşdandır. Amma Dədə Şəmşir sazını çalır, dörd tərəfində olan ruhlar dəniz kimi dalğalanır, doğmalarını itirdiklərinə görə göylərə bülənd olan ağı deyirlər.
Dədə Şəmşirin sazı isə susmaq bilmir, hey çalıb-çağlayır və... ağlayır. Göydəki topa-topa buludlar, əsən meh, dərələrdə qaynayan bulaqlar, şəlalələr də onunla birgə göz yaşları tökürdü. Sanki bu yerlər milyon ildi ki, insan üzü görməmişdi, insan həniri eşitməmişdi...
...Özümə gələndə görürəm ki, otaqda döşəmənin üstündə diz çökmüşəm, əllərim də göydədir. Nə etdiyimi, nə duyduğumu heç özüm də bilməmişəm. Haçandan-haçana görüb-anladıqlarım gözlərim qarşısında canlanmağa başladı. Bədənimdən soyuq bir gizilti keçdi. Öz-özümə düşündüm ki, təkcə Dədə Şəmşirin yox, həm də Kəlbəcərin tanınmış oğul və qızlarının, ata və analarının ruhu da bizi qınayacaq: Ay etibarsızlar, ay... İnsan da anasını darda qoyarmı?
Düşüncələrim məni yordu, deyəsən. Neyləyim, düşünməkdən başqa əlimdən nə gəlir ki? Gücüm qələmə, bir də dilimə çatır. Dilim isə söyləyirdi: darıxma, Dədə Şəmşir, ulu torpaq! Bizim Kəlbəcərə dönəcəyimiz gün çox yaxındadır. Biz Kəlbəcərə qayıdanda daş çiçəklər canlanacaq, qanadlı qayalar nəğmə oxuyacaq, şəlalələr özünü dağdan atacaq, Yeddiqardaş dağında elə bir “Saz qalası” tikiləcək ki, bu yer ziyarətgaha çevriləcək, dünyaya səs salacaq... Elə qələmə aldığım “Dağların” adlı şeirim də Dədə Şəmşirin, sazımızın dağlarda dolaşan ruhlarına əmanətdir.
Şəmşir baba, incimisən, küsmüsən,
Yalqız qaldın qucağında dağların.
Sinə gərib hər ağrıya dözmüsən,
İstisində, sazağında dağların.

El yeridi, qaçan qaçdı, qırıldı,
Qız-gəlinin bağrı yaman yarıldı.
İsti yurd-yuvamız tamam dağıldı,
Külə döndü ocağında dağların.

Bir kimsə demədi: Getməyin, qalın,
Düşmənə layiqli zərbələr çalın!
Gizləndik başaçıq, ayağıyalın,
Qarğısının sucağında dağların.

Sən vətəndə, burda qərib bizik, biz,
Tüstülənib alışmayan közük biz.
O dağlara hey zillənən gözük biz,
Qəribsəyib bu çağında dağların.

Ruhuna baş əyir Cəmilə Çiçək,
Haqqın var inciyib küsməyə gerçək,
Kəlbəcər həsrəti məni üzəcək,
Kaş öləydim bucağında dağların.

Cəmilə ÇİÇƏK





Bu yazı ( 9861 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar