12px14px16px18px

SONUNCU QAZAX XANI KENESARI QASIMOĞLUNUN ŞƏRƏFLİ ÖLÜMÜ

00:40 / 07.12.2011

Rus işğalçılarına qarşı savaşda şəhid olmuş son qazax xanı Kenesarı haqqında çox az yazılıb, yazılanların da böyük bir qismi yanlışlıqlardan ibarətdir. Bunun da əsas səbəbi tarixçilərin böyük qisminin hakim siyasətin – güclünün tərəfini tutub susması, həqiqəti danması olub. Sovetlər zamanında rus çarlarının yeritdiyi siyasət, onların idarəetmə üsulları tənqid edilsə də işğal altına düşmüş xalqların oğullarının qəhrəmanlıq tarixinə kölgə salınıb. Bu səbəbdən də Kenesarı Qasımoğlu lazımınca tanıdılmayıb.
Albay xanın nəslindən olan Qasım xanın 1802-ci ildə doğulan oğluna Kenesarı adı verilib. Lakin sonralar onun adı və soyadı qaynaqlarda Kine Sarı Sultan, Kenesarı Qasımov kimi yazılıb. Kenesarı doğulanda gündən-günə güclənən Rusiya artıq qazaxları öz təsiri altına salmışdı. Rusiya karvan yollarının üzərində tikdiyi qalalar, bu qalalarda saxladığı əsgəri birliklər vasitəsilə ticarətdən əldə edilən gəlirdən xərac toplayırdı.
Lakin Rusiyanın yeni işğal etdiyi əraziləri əldə saxlaya biləcək qədər nə ordusu, nə də o yerləri idarə edə biləcək sayda məmurları vardı. Buna görə də öncə Hindistandan və Çindən gələn karvan yollarını nəzarətdə saxlamaqla kifayətləndi və kiçik yerli xanlara təsir göstərsə də, onların daxili işlərinə qarışmadı.
1715-ci ildən etibarən qazax xalqının ata-baba yurdunda yaşamağına əngəl törədən, yaylaq, qışlaq köçlərinin nizamını pozan Rusiya 1731-ci ildə qazaxların Kiçik juzunun xanı Əbül Xeyrini onlara tabe olmağa məcbur etmişdi.
1750-ci ildən sonra Rusiya qalalarının sayını sürətlə artıraraq təsir dairəsini daha da genişləndirmişdi. Beləliklə, qazaxların Orta və Böyük juzu da Rusiyanın əsarəti altına düşmüşdü. Lakin xalq bununla razılaşmaq istəmirdi. Kiçik dəstələr şəkilində, pərakəndə də olsa, ruslara müqavimət göstərirdi.
Zəifləmiş, mərkəzi hökumətlərini itirmiş xalqlar Rusiyanın getdikcə onların torpaqlarını işğal etməsinə, hərəkətlərinin məhdudlaşdırılmasına etiraz etsələr də, güclü düşmənə qarşı sərt və qəti mübarizə apara bilmirdilər. 1785-1797-ci illərdə Kiçik juzdan Batır Sırım adıyla məşhurlaşan Sırım Datoğlunun öndərliyi ilə Rusiyaya qarşı üsyan baş verir. Üsyan qəddarlıqla yatırılır. Bundan sonra qazaxlar İsatayın rəhbərliyi ilə yenidən ayaqlanırlar. Üsyan dalğası surətlə bölgəni bürüyür. Üç il davam edən bu üsyan rusların İsatayı aldadaraq öldürmələrilə başa çatır. Kenesarı doğulandan 10 il sonra isə Bükey Orda müqavimət hərəkatını başlayır. 1822-ci ildə Rusiya Kiçik və Orta juzda xan hakimiyyətini ləğv edir. 1827-ci ildə Bükey Orda müqavimət hərəkatını, 1836-37-ci illərdə İ.Taymanov və M.Ötemisovun başçılıq etdiyi üsyanlar da Rusiyanın hakim dairələri tərəfindən qan içində boğulur.
Lakin bütün bunlar xalqın iradəsini qıra, azadlıq eşqini söndürə bilmir. Az sonra qazax çöllərində Rusiya əleyhinə yeni bir hərəkat – ayaklanma başlanır. Bu hərəkata son qazax xanı Kenesarı başçılıq edir.
Atası Qasım xan və böyük qardaşı Sarcan xan öldükdən sonra milli mübarizənin başına keçən Kenesarı 1820-1830-cu illərdəki üsyanlardan özünə dərs götürür və yeni taktika seçir. O, Rusiyanın gündən-günə gücləndiyini, qalalarını möhkəmlətdiyini, ordusunu, təchizatını yaxşılaşdırdığını görür. Yaxşı bilirdi ki, nizami ordu, mərkəzləşmiş hakimiyyət olmadan düşmənə qalib gəlmək mümkünsüzdür.
Odur ki, gücünü iki istiqamətə yönəldir. Birincisi, rus əsgəri birliklərinə, qalalarına və karvanlarına qəflətən basqın edərək sonra da gözdən yayınır. İkincisi, qazaxlar arasında mövcud olan Böyük, Orta və Kiçik juzları – tayfaları, eləcə də Türküstandakı kiçik hakimləri bir mərkəzdə birləşməyə məcbur etməyə çalışır.
Kenesarı Qasımoğlu rusların aldadaraq öldürdüyü İsatayın döyüşçülərini də öz tərəfinə çəkir. Onun başladığı hərəkat ilk günlər nə işğalçılara qarşı savaşı, nə də üsyanı xatırladırdı. Kenesarının dəstəsi sanki bir yolkəsən, quldur dəstəsi idi. Onlar rus qalalarının zəiflərini, karvanların az mühafizə olunanını seçərək oraya basqın edirdilər. Basqını uğurla başa vurduqdan sonra qəniməti də götürüb geniş qazax çöllərində “yoxa” çıxırdılar.
Rus əsgəri birlikləri Kenesarının dəstəsini axtara-axtara əldən düşür, sonra da uğursuzcasına geri dönürdülər. Bu döyüş taktikası ilə Kenesarı həm silah və hərbi sursat əldə etmiş olur, həm də rus əsgəri birliklərini bir səksəkə, qorxu içində yaşamağa məcbur edirdi. Bir- birindən min kilometrlərlə uzaq olan qalalara ərzaq, hərbi sursat aparan karvanlara basqın edərək “yoxa çıxan” Kenesarı xan haqqında əfsanələr dolaşmağa, xalq mahnıları yaranmağa başlayır. Qazaxlar onun timsalında müdafiəçilərini, xilaskarlarını görür və ətrafında toplaşmağa başlayırlar.
Beləcə, Kenesarı xanın silahlı dəstəsi gündən- günə böyüdükcə yerli xanlar və hakimlər də onunla hesablaşmalı olurlar. 1841-1845-ci illər Kenesarının Rusiyaya qarşı apardığı mübarizənin ən yüksək mərhələsi olur. Bu illərdə o, cəsur və qorxmaz bir döyüşçü, bacarıqlı sərkərdə, mahir siyasətçi və diplomat olduğunu göstərir.
Kenesarı səriştəli, uzaqgörən bir lider idi və bu məziyyət döyüşlərdə onun qələbə çalmasına köməklik göstərirdi. Hələ 35 yaşında ikən Aktav ətrafında rus qoşunları ilə qarşılaşır və düşməni məğlub edərək xeyli miqdarda silah-sursat əldə edir. Bu qələbə onu yeni açıq döyüşlərə ruhlandırır. 1838-ci il aprelin 26-da Akmola qalasına hücuma keçərək qısa mühasirədən sonra oranı alır.
Kenesarının bu qələbəsi Rusiyanın hakim dairələrini bərk narahat etsə də, onun hücumlarının qarşısını ala bilmirlər. Kenesarının rəhbərlik etdiyi dəstələr Akmoldan Torqaya qədər olan ərazini Rusiya işğalından azad edərək güneyə doğru irəliləyir.
Kenesarı döyüşləri qələbə ilə başa vurmaq üçün daxildə sərt intizam yaratmağa çalışır. Ruslarla işbirliyində olan boy – tayfa bəylərini cəzalandırır, həmçinin qonşuluqdakı kiçik xanlıqlarla möhkəm diplomatik münasibətlər yaradır. Güneydəki Buxara Əmirliyi, Çin ilə diplomatik və dostluq münasibətləri qurur. Orduda da islahatlar aparır. Nizami ordu və kəşfiyyat təşkilatı yaradır.
Orta və Kiçik juzu özünə tabe etdikdən sonra Kenesarı bütün qazaxların xanı elan edilir. Beləcə o, 1841-45-ci illərdə bütün Qazaxısanı idarə edir. Bu səriştəli, uzaqgörən xan ruslarla apardığı bütün döyüşlərdən qələbə ilə çıxır. Xivə xanı və Buxara Əmirləri də ona hərbi yardımlar etməyə başlayırlar.
Ruslar 1844-cü ildə böyük qüvvə toplayaraq Kenesarı xanın üzərinə hücuma hazırlaşırlar. Kenesarı onunla ittifaqa girməyən, ruslara yardım göstərə biləcək Kokand xanını cəzalandırmaq üçün 1845-ci ildə yürüşə başlayır. Bundan xəbər tutan ruslar quzeydən, Baykal gölü tərəfdən qəfil Qazaxıstana hücuma keçir. Ruslarla Kokand xanlığının hərbi qüvvələri arasında mühasirədə qalan Kenesarı qardaş xalqa – qırğızlara müraciət edir.
Lakin istəyinə nail ola bilmir. Çünki ruslar qırğızları öncədən inandıra bilir ki, Çinlə ittifaqa girmiş Kenesarı xan Kokand xanlığını məğlub etdikdən sonra qırğızların üzərinə hücum edəcək. Düşmənin bu hiyləsinə inanan qırğızlar Kenesarıya kömək etməməklə həm qazaxların, həm də özlərinin Rusiya işğalı altına düşməsinə şərait yaratmış olurlar.
Qazaxların milli şüurunun oyanmasına böyük təsir göstərmiş Kenesarı xan 1945-ci ildə rus ordusunun mühasirəsinə düşür. Böyük ümid bəslədiyi dini bir, dili bir qırğızlardan kömək ala bilmir. Məğlubiyyətin qaçılmaz olduğunu görsə də döyüşü davam etdirir. Hər zaman mərdliklə döyüşən sərkərdə bu dəfə də prinsipinə sadiq qalır. Böyük Qazax çöllərini, dağlarını yaxşı tanıyan, mühasirəni yararaq qaçmaq imkanı olan Kenesarı Qasımoğlu sonadək döyüşü davam etdirir. Lakin odlu silahlarla təchiz olmuş, toplardan istifadə edən rus ordusu qəhrəmanlıqla döyüşən qazax əsgəri birliyini darmadağın edir, onun cəsur rəhbəri Kenesarı xan Qasımoğlunu döyüşdə öldürdür. Bununla da Qazaxıstan yenidən rusların əsarətinə düşür.
Kenesarı xan vətən, millət və din uğrunda şəhid olur. Qazax xalqı Rusiyanın əsarətini qəbul etsə də işğalçılara qarşı zaman-zaman üsyanlar, etiraz hərəkatları baş qaldırır. 1918-ci ildə qurmuş olduqları Alaş orda dövlətini bolşeviklər dağıdırlar.
Son ayaqlanma isə 1986-cı ilin dekabrında Almatıda baş verir. Həmin gün yüzlərlə insan şəhid olsa da, onların qanı yerdə qalmadı. Bu ayaqlanma SSRİ deyilən nəhəng imperiyanın yaxınlarda çökəcəyindən xəbər verilir. Nəhayət, azadlıq axtaran xalqlar istəklərinə nail olurlar.
Almaatı ayaqlanmasından sonra SSRİ-nin tərkibindəki respublikalar suverenlik aktlarını imzaladılar. Beləcə, Qazaxıstan da 1991-ci ildə müstəqilliyinə qovuşur, Kenesarı xan Qasımoğlunun arzuları 146 il sonra reallaşır.
Əli ŞAMİL


Bu yazı ( 2510 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar