12px14px16px18px

Stalinin bioloji irsinin əlvidası

Telman ORUCOV
01:57 / 03.12.2011
Assoşieyted Press agentliyi bu ilin 29 noyabrında Svetlana Alliluyevanın Birləşmiş Ştatlarda, Viskonsin ştatındakı Riçmond şəhərində, ahıllar evində bir həftə əvvəl ölməsi xəbərini yaydı. 85 yaşında həyatdan köçən bu qadın bütün dünyaya, onun altıda birinə – SSRİ adlanan dövlətə 29 il ərzində rəhbərlik etmiş İosif Stalinin qızı kimi tanış idi. Qərbin gözündə bütünlüklə, vətənində isə qismən diktator kimi qəbul edilən Stalinin çoxtərəfli şəxsiyyətinə və ən başlıcası fəaliyyətinə nifrətin və ya məhəbbətin dərəcəsindən asılı olmayaraq, XX əsrin birinci yarısının üç son illiyi barədə söhbət gedərkən onun adı daim lənət və sədaqət çalarlarında səsləndiyi kimi, kölgəsi daim üstündən əskik olmayan qızının vəfatı ilə yenidən informasiya meydançalarını bəzədi. Çoxları onu anafemaya uğratmağa cəhd etsə də, tarixi məhv etmək mümkün olmadığı kimi, onun şəxsiyyəti də heykəlləri və portretləri kimi heç də bütünlüklə yoxa çıxmaq qismətinə tabe olmadı. Yaxşı deyirlər ki, kiçik tonqalı külək söndürsə də, böyük tonqalı daha böyük şiddətlə yandırır. Ona münasibətin tam əksliyindən asılı olmayaraq, onun böyüklüyünü yalnız piqmeylər inkar edirlər. Onu da unutmayaq ki, böyüklük miqyası həm Xeyirə, həm də Şərə xidmətə aid edilə bilər.
Svetlana Alliluyevanı heç də xoşbəxt adam hesab etmək olmazdı. Atası ölkəyə başçılıq edəndə bu körpə dünyaya gəlsə də, sonralar ona sirdaşı kimi yalnız müdhiş səhnələrə tamaşa etmək və yaş axıtmaq üçün sədaqətlə xidmət edən gözləri qalmışdı. Həyatının müxtəlif dövrlərində o, Dante cəhənnəminin dövrələrini dolaşmalı olmuşdu. Axı atası da tarixə şöhrəti nəqş edilən şəxsiyyət olsa da, şəxsi həyatında amansız sınaqlarla üzləşmişdi. Gəncliyində dəfələrlə sürgün həyatı yaşamış bu adam özündən 22 yaş kiçik olan çox gənc və gözəl bir qızla evlənsə də, onunla nisbətən qısa birgə ömür sürmüşdü. 1932-ci ilin 9 noyabrında sevimli Nadejda Alliluyeva tapançadan atdığı güllə ilə özünə intihar etmişdi. Stalin dəfələrlə təkrar etmişdi ki, bu hərəkəti ilə arvadı ona xəyanət etmişdir. Böyük Vətən müharibəsinin ilk ilində böyük oğlu Yakov almanlar tərəfindən əsir götürülmüş və hərbi əsirlər düşərgəsində qətlə yetirilmişdi. Kiçik oğlu Vasili aviasiya generalı rütbəsinə yiyələnsə də, hələ müharibə vaxtı sərxoşluğa qurşanmış, eyş-işrət aludəsinə çevrilmiş, ağılsız hərəkətlərə yol vermişdi. Atasının ölümündən sonra bir cinayət işinə görə onu azadlıqdan məhrum etdilər, dustaqxanadan çıxdıqdan sonra köhnə xəstəliyinin – alkoqolizmin qurbanı kimi 40 yaşında dünyadan köçmüşdü.
Stalinin yeganə qızı olan Svetlana da olduqca mürəkkəb və əslində çox hallarda sevincdən xali olan bir həyat yaşamışdır. Altı yaşlı kiçik qızcığaz anasının timsalında onu ağuşuna alan məhəbbət mənbəyini itirmişdi. 27 yaşında isə ikinci valideynini itirmək faciəsi ilə üzləşmişdi. Uzun dövr ərzində ilk sosialist dövlətinə başçılıq etmiş və dünya sosializm sisteminin beşiyi başında dayanmış bir insan həyatdan getmişdi. Həmin şəxs hər cür sərtliyindən və münasibətinin ayrı-ayrı vaxtlarda şaxta soyuqluğundan asılı olmayaraq onun doğma atası idi. Şaxta isə şiddətli olanda, hətta bədən orqanlarını yandırmağa başlayır.
Svetlana Alliluyeva şöhrət nöqteyi-nəzərindən olduqca zəngin atanın kasıb övladına bənzəyirdi. Axı bu şöhrət çələngindən zahiri əlamətlərdən başqa ona heç bir pay düşmürdü, atanın sərt rahib həyat tərzi, asket insana xas olan məziyyətləri də buna imkan vermirdi. Özünün, onu xeyli məşhurlaşdıran “Dostuma 20 məktub” xatirələrində yazdığı kimi, insan vulkanını, ehtirasların közərən enerjisini andıran paytaxt həyatında da o, çox vaxt özünü tənha hiss edirdi, bir-birinə əvəz edən təlatüm dalğalarından kənarda qalırdı. Nə qədər bundan azad olmağa cəhdlər etsə də, atasının adının kölgəsi altında yaşamaqda davam edirdi, bu dəmir qəfəsi andıran divarları yıxmağa cəsarəti çatmırdı. Ona görə də sonralar özünü atasının adının “siyasi dustağı” adlandırmışdı.
Məhz bu səbəbdən onun həyata qəribə, bir ağılsız qaydada ikiyə bölünmüş mövcudluq idi, bu gənc qız zahirdə bir cür, daxildə isə tam başqa cür yaşayırdı. Yəqin buna görədir ki, yeniyetmə yaşlarından öz gücünə arxalanmaq yolunu seçmişdi. Orta məktəbi fərqlənmə ilə bitirmiş, Moskva Dövlət Universitetinə daxil olmuş, bir il filologiya üzrə təhsil aldıqdan sonra, tarix fakültəsinə keçmiş, yeni və ən yeni tarix sahəsini seçmiş, elmlər namizədi adını almış, ingilis dilindən bir neçə kitab tərcümə etmişdi. Bu dilə hələ orta məktəbdə oxuyarkən maraq göstərmişdi. Özünün yazdığına görə, 1942-ci ildə Moskvaya səfər edən Böyük Britaniya baş naziri Uinston Çörçill atasının Kremldəki mənzilində qonaq olarkən, qız ona təqdim edildikdə, onunla ingiliscə danışmaq istəsə də, utandığından bu fikrindən vaz keçməli olmuşdu.
Gənc qızın şəxsi taleyi də uğurlu alınmırdı. 1942-ci ildə orta məktəb şagirdi olanda məşhur kinossenarist Aleksey Kaplerlə (onu Lyusya Kapler çağırırdılar) tanış olur və ona vurulur. Özündən 22 yaş böyük olan Lyusyanın ədəbiyyata, teatra, kinoya olan professional münasibəti və cilalanmış zövqü Svetlananı valeh etmişdi. Onlar birlikdə teatrlara gedirdilər. Bir dəfə Aleksandr Korneyçukun “Cəbhə” pyesinə teatrda baxdıqdan sonra o, sevdiyi qıza tamaşa haqqında rəyini ikrah qaydasında “orada incəsənət heç gecələməmişdir də” sözlərilə ifadə etmişdi.
Ata qızının bu ilk məhəbbət romanına da qənim kəsildi. Kapler isə “Pravda” qəzetində dərc edilən Stalinqrad cəbhəsindən bədii priyom kimi sevgilisinə yazdığı məktub şəklindəki məqaləni bu sözlərlə bitirmişdi: “Bu saat Moskvada yəqin ki, qar yağır. Sənin pəncərəndən Kremlin dişli divarları görünür”.
Əslində o, bu sözlərlə başqaları üçün sirr olan məsələnin üstünü açmaq cəhdi kimi bağışlanmaz ehtiyatsızlığa yol vermişdi. Belə açış-saçıq alluziya nəticəsiz qalmadı. Kapler həbs edildi, ömrünün on ilə qədər olan bir dövrünü əmək və həbs düşərgələrində keçirdi. Kapler Moskvanı tərk etmək barədəki əvvəlki xəbərdarlıqlara məhəl qoymamışdı. Görunür, öz ad-sanına arxayın olmuşdu. Axı o, birinci dərəcəli Stalin mükafatı laureatı idi, Lenin ordeni ilə təltif olunmuşdu, inqilab mövzusundakı məşhur filmlərin ssenarisini yazmışdı. O, tutulduqda casusluqda şübhələnən əcnəbilərlə yaxın əlaqəsinə görə ittiham edilmişdi, Svetlana ilə yaxınlıq isə dilə gətirilməmişdi.
Məhəbbət cücərtisi daşa dəyən və artıq tələbə olan qız 1944-cü ildə 18 yaşında Qriqori Morozov adlı yəhudi bir tələbəyə ərə getdi. Atası əlacsız qalıb, nikaha icazə versə də, təkid qaydasında bəyan etdi ki, kürəkəni onun evinə ayaq basmayacaqdır. Gənc ər-arvadın oğlu olduqda, onu babanın şərəfinə İosif adlandırdılar. Müharibə milyonlarla insana ölüm və çox sayda faciələr gətirdiyi kimi, bu ata ilə qız arasındakı münasibətlərə də öz acı korrektivlərini etmişdi. Stalin qızından daha böyük məsafədə uzaqlaşmışdı, onunla yalnız Potsdam konfransı başa çatdıqdan sonra, 1945-ci ilin avqustunda görüşəndə, hələ üzünü görmədiyi nəvəsi üç aylıq bir uşaq idi. Bu vaxt amerikanların Hirosimaya atom bombası atması xəbəri yayılmışdı və belə ciddi bir məsələ Stalinin rahatlıq tapmayan ruhunu həyəcanlandırmamış qala bilməzdi. Doğulan uşaq da ailəni möhkəmləndirə bilmədi və üç il keçməmiş körpənin valideynləri bir-birindən ayrıldılar.
1949-cu ildə Svetlana yeni ailə qurmalı oldu, atasının razılığı, bəlkə də istəyi ilə Yuri Jdanova ərə getdi. Onun atası Andrey Jdanov artıq ölmüşdü, lakin uzun müddət Siyasi Büroda Stalinin yaxın silahdaşı olmuş, ədəbiyyat aləmində hay-küyə səbəb olmuş bədnam ifşa tədbirlərinin təşəbbüsçüsü kimi çıxış etmişdi. Lakin “xalqların atasının” öz inkvizitor “cəngavərinə” və onun oğluna xoş münasibəti olduğu kimi qalırdı.
Svetlananın övladları da analarının taleyinə müəyyən ölçüdə şərik oldular. Birinci ərindən olan oğlu tibb elmləri doktoru dərəcəsi almış, kardioloq kimi fəaliyyət göstərmiş, anasından üç il əvvəl dünyasını dəyişmişdi. İkinci ərindən olan qızı Yekaterina elmi işçi işləmiş, hərbçi zabit əri ilə yaşayır.
Svetlana Alliluyeva 1967-ci ildə üçüncü əri olan hindli Braceh Sinqhi vətənində dəfn etmək bəhanəsi ilə Hindistana getmiş, ora çatan kimi Nyu-Dehlidəki ABŞ səfirliyinə müraciət edərək siyasi sığınacaq istəmişdi. Onun ölkədən getməsinə o vaxtlar SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıgin razılıq vermişdi və ona görə də “qayıtmayana” çevrilən bu qadının ünvanına həmin hadisədən sonra “mənəvi cəhətdən qeyri-stabil” və “xəstə adam” kimi acı sözlər işlətmişdi.
Svetlana bir müddət İsveçrədə yaşadı. Sonra isə Birləşmiş Ştatlarda məskunlaşdı.
Qərbə üz tutmuş Svetlana Alliluyeva elə həmin il çap etdirdiyi “Dostuma 20 məktub”da öz atası və Kreml həyatı barədəki xatirələri ilə dünya sensasiyası meydana gətirməklə, həm də ABŞ-ın 1962-ci ildəki Kuba raket böhranından sonra yeni bir piar qələbəsinə şərait yaratdı. Gur və dolaşıq tərcümeyi-hala malik olan bu qadın ümumiyyətlə ədəbi qabiliyyətlərdən məhrum deyildi. Keçirdiyi ağır sınaqlar, taleyin zərbələri olmasaydı, o, bəlkə də daha qiymətli əsərlərə imza atmış olardı. Əlavə üç əsər də yazmışdı, 1969-cu ildə isə onun avtobioqrafik əsəri olan “Yalnız bir il” çap edilmişdi.
Onun gəncliyini atası öz xarakteri, həm də qüdrəti hesabına məhv etmişdi, daim bu qızın həyatına müdaxilə, daha dəqiq deyilsə, rəhbərlik etmişdi. Xaricdə xoşbəxtlik aramaq yoluna düşsə də, Qərbi özü üçün Bibliyadakı Vəd edilən torpaq kimi hesab etsə də, burada da o, azacıq müvəqqəti məşhurlaşmaq dövrünü yaşamaqdan savayı heç nəyə nail ola bilmədi. Həyat çox hallarda onu əzdiyinə görə, o,özlüyündə ikili mövcudluqla barışmağa məcbur olmuşdu. Onun tale yolu kimi mövqeyi və hadisələrə münasibəti dolanbaclı, enişli-yoxuşlu idi. Xarakteri etibarilə mürəkkəb və ziddiyyətli adam olan Svetlana Alliluyeva müsahibələrində də çox vaxt özü-özünə zidd çıxırdı, əvvəllər ifadə etdiklərini sonralar təkzib edirdi. Gəncliyindən avantüralara meylli olan bu qadın həyatın ümumən mövcud olan çərçivələrinə məhəl qoymaq istəmirdi, ona görə də bu qadını uzun sürən ömrünə baxmayaraq, yaşayış tərzinə görə çox erkən həyatdan getmiş Vinsent van Qoqa bənzətmək olardı. Həmin böyük rəssam kimi, elə bil ki, o da daim bədbəxtliklər axtarışında idi. Ona görə də onun qarışıq yaxmalardan ibarət olan tabloya bənzəyən həyatını da kədər haləsinə bürünmüş avantüralarla dolu psixoloji roman adlandırmaq olardı. Vətənini tərk edib, məskunlaşdığı ABŞ-ı nəzərdə tutaraq bəyan etmişdi ki, “Mən buraya özümü realizə etmək üçün gəlmişəm, Rusiyada isə mənə uzun müddət buna imkan verməmişdilər”. Ahıllar evindəki tənha sonluğu onun bu axtarışının nə qədər uğurlu olub-olmadığını aşkar şəkildə göstərir.
Qərb də onun həyəcanla çuğlanmış könlünü rahat edə bilmirdi. Burada da onu əhatə edənlərin münasibətinə heç cür dözə bilmirdi. Adamlar ona “Stalinin qızı, Stalinin qızı” dedikdə, özünün yazdığı kimi, bunu nəzərdə tuturdular ki, o, çiynindən tüfəng asıb, amerikalıları güllələməlidir. Yaxud da deyirdilər ki, “yox o bura gəlibsə, amerikan vətəndaşıdır”. Yazırdı ki, “bu o deməkdir ki, mən başqaları üçün bombayam. Yox, mən heç kəsin tərəfində deyiləm. Mən aralıqdayam. Ancaq bu “aralığı” onlar başa düşə bilmirlər”.
Buradan belə bir nəticəyə gəlmək olur ki, atasının dünya şöhrəti daim onun üçün ağır bir yükə çevrilmişdi, atanın yoxa çıxa bilməyən irsi onu bütün həyatı boyu təqib etdi. Hətta atasının kölgəsindən kənarda yaşamağa yönələn hər bir cəhd belə, əbəs canfəşanlıqdan artıq bir şey olmurdu.
Onun maliyyə işləri də o qədər uğurlu getmirdi. Xatirələrinin ilk jurnal variantını Hamburqda nəşr edilən “Şpigel”ə 122 min dollara satmışdı. Onun qohumu olan Nadejda adlı qadının dediyinə görə, SSRİ-də yaşayan vaxt ölən atası qızına vur-tut 30 min manat pul (bu, 1947-ci il məzənnəli pul idi) qoyub getmişdi. Vətənini tərk etdikdən sonra o, yazıçı zəhməti hesabına qazandıqları pul ilə, həmçinin vətəndaşlardan və təşkilatlardan daxil olan ianələr hesabına dolanmışdı. Bir vaxtlar dünyanın ən qüdrətli adamı sayılan şəxsin qızı artıq adamların göstərdiyi mərhəmət payına möhtac qalmışdı. Obyektivlik xatirinə onu da əlavə etməliyik ki, belə bədbəxtliklər seriyasında ata adlanan kabusun da rolu az olmamışdı. Hamlet mərhum atasının kölgəsi ilə intiqama səsləndiyi kimi, Svetlana da öz atasına məxsus olan kabusun diqtəsi ilə əzablar uçurumuna sürüklənmişdi.
Şəxsi ailə həyatını qurmaq hesabına tənhalıqdan uzaqlaşmaq cəhdləri də bir fayda vermirdi. Amerikada yenidən, dördüncü dəfə ərə getmiş, ondan ikinci qızını doğmuş, nikahdan iki il sonra, 1972-ci ildə boşansa da, ərinin soyadını saxlamaqla Lana Piters adı ilə tanınmışdı. Həm də onu heç cür yaxşı ana adlandırmaq olmazdı. O, Qərbə üz tutarkən iki uşağını Rusiyada qoyub getmişdi. Övladları onun gedişinə heç də yaxşı baxmırdılar. Buna görə də ana ilə övladları arasında heç vaxt yaxınlaşma baş vermədi.
1984-cü ildə oğlunun xahişi ilə o, ikinci qızı ilə birlikdə Moskvaya qayıtmışdı. Qürbət həyatı onun ümidlərini doğrultmayanda, yəqin ki, Vətən həsrəti də öz işini görmüşdü, axı doğma məkanı özü ilə harasa aparmaq mümkül deyildir. Böyük Fransa İnqilabının yakobinçi liderlərindən biri olan Jorj Dantonun 1794-cü ildə İnqilabi Tribunanın hökmü ilə edam edilməsindən bir az əvvəl dediyi “Vətəni çəkmənin altlığında özünlə aparmaq olmaz” sözləri Vətəndən qaçanlara daha tutarlı cavabdır. Öz silahdaşı Maksimilian Robespyerin münasibəti hesabına ölüm təhlükəsi ilə üzləşən Dantona dostları Fransanı tərk etməyi məsləhət gördükdə, o, bu sərt sözləri söyləmişdi. Alliluyevanı isə elə bir təhlükə izləmirdi, vəzifəsində möhkəmlənmək üçün özünün də çox fəal iştirak etdiyi repressiyalar dalğasına görə Stalini ifşa etmək yolunu seçən Xruşşov da, bu qadın vətəndən qaçandan xeyli əvvəl ölkə rəhbərliyindən uzaqlaşdırılmışdı. Azadlıq aramaq etirafına gəldikdə isə, burada da qərar vermək anında yəqin ki, onun könlü xəyal quşunun qanadlarında uçmuşdu. Böyük filosof Mark Avreli isə göstərirdi ki, həqiqətən yalnız elə adam azaddır ki, o, arzu və ehtirasları deyil, yalnız ağılı rəhbər tutsun.
Vətənə qayıdışı sevinclə qarşılanmış, ləngliyə yol verilmədən onun sovet vətəndaşlığı bərpa edilmişdi. Az qala iyirmi ilə yaxın olan ayrılıq ananın yaşlı övladları ilə münasibətlərini korlamamış deyildi və onları yoluna qoymaq heç də asan məsələ ola bilməzdi. Nə oğlu, nə də qızı Yekaterina ilə ümumi dil tapa bilmirdi. Ona görə də atasının vətəni olan Gürcüstana yollanmağı qərara aldı və Tbilisidə Moskvanın göstərişi ilə ona hər cür şərait yaradıldı. Rahat mənzil verildi, pul təminatı ilə, xüsusi təchizat şəraiti ilə əhatə edildi. Ona Nazirlər Sovetinin minik maşını təhkim edilmişdi. Qoridə Stalin muzeyinin binasında bu qadının 60 illik yubileyi qeyd edildi. Lakin Gürcüstanda da hakimiyyət orqanları və köhnə dostları ilə bəzi problemlər baş verirdi. SSRİ-də iki ildən az olan bir müddət yaşadıqdan sonra o, yenidən xaricə getmək barədə müraciət etdikdə, buna müqavimət göstərilmədi və ona ABŞ-a qayıtmağa icazə verildi. Vətəni yenidən tərk etsə də, SSRİ və ABŞ-ın ikili vətəndaşlığını saxlaya bildi.
Svetlana Alliluyeva kitabında atası haqqında, ölkəsində baş verən müdhiş hadisələr haqqında bəzi məşalələrə özünəməxsus qaydada aydınlıq gətirsə də, bütün incikliklərinə baxmayaraq obyektivlikdən uzaşlaşmaq istəmir. Atası barədə: “O, çox sadə insan idi. Çox güclü idi. Çox qəddar idi” demişdi. Bu sözləri o, 2010-cu ildə söyləmişdi. Həm də atasına bəraət verirmiş kimi qeyd edirdi ki, “onda mürəkkəb olan heç nə yox idi. O, özünü bizimlə çox sadə aparırdı. Məni çox sevirdi, istəyirdi ki, mən onunla olum, savadlı marksistə çevrilim”.
Lakin bu qız atasının hamıya, ən yaxın adamlarına da şübhə ilə yanaşdığını sezməmiş deyildi. Ona görə də atası haqqında ən ağır hökmə bərabər olan qaydada yazır ki, hər yerdə o, düşmənlərini görürdü: “Bu artıq patologiya idi, düşkünləşmədən, təklikdən əmələ gələn təqibolunma maniyası idi. O, bütün dünyaya qarşı son dərəcə amansızlaşmışdı”.
Atasının ölüm səhnəsində isə sadə adamların səmimiyyətlə yoğrulmuş münasibəti bu qızı çox mütəəssir etmişdi. Bağ evinin xidmətçilərinin hüznlü hisslər keçirdiyini gördükdə bu qənaətə gəlmişdi ki, atasının istedadlı təbiətinə valeh olma adamların bilavasitə könüllərinə nüfuz etmişdir. Etiraf şəklində onu da əlavə edir ki, hamı bilirdi ki, mən atama pis qız olmuşam, atam da mənə pis ata olmuşdu. Sadə adamların sünilikdən uzaq olan kədərinə gəldikdə, qeyd edir ki, onlar atamın nə dahiliyinə, nə fövqəlbəşər olduğuna görə deyil, yalnız sadə insani keyfiyyətlərinə görə onu sevir və ona belə səmimi qəlbdən ehtiram bəsləyirdilər. Atasının az qala guşənişin həyatı yaşadığını nümayiş etdirmək üçün bağ evinin olduqca sadə, əslində kasıb, rahatlıq üçün ən adi şeylərdən belə kasad olduğunu təsvir edir və əlavə edir ki, atası əşyaları sevmirdi, onun məişəti puritan qaydalarını xatırladırdı.
Keşməkeşlərlə dolu olan həyatında S.Alliluyeva acı mənzərələri andıran hadisələrdən kənar qaça bilmirdi. 1992-ci ildə müxbirlər onu İngiltərənin ahıllar evində tapmışdılar. Sonralar o, bir müddət İsveçrədəki Müqəddəs İoann monastısında yaşamışdı. Uzun müddət ərzində jurnalistlərlə ünsiyyətə girməkdən imtina etsə də, 2008-ci ildə “Svetlana haqqında” adlanan 45 dəqiqəlik filmdə çəkilməyə razılıq vermişdi. Son dövrlərdə isə, bu dəfə Amerika Birləşmiş Ştatlarına məxsus olan ahıllar evində yaşayırdı.
Svetlana Alliluyeva özünün kitabının sonunda günahsız qurbanlara münasibətini bildirmək və təskinlik xatirinə yazır ki, Xeyir axırda qalib gəlir, təəssüf ki, çox hallarda bu, çox gec baş verir. Yer üzünü bəzəməli olan çox sayda insanlar haqsız olaraq, mənasızcasına, həm də bunun nəyə görə baş verdiyi bilinmədən həlak olurlar. İnqilabın bu erkən cəngavərləri neçə-neçə romantik idealizmi qəbirə apardılar, onlar inqilabın trubadurları, kor olmuş mücahidləri, şəhidləri idilər. Milyonlarla mənasız qurbanlar, həyatdan vaxtsız getmiş minlərlə istedadlar, söndürülmüş zəka çıraqları əvəzi ödənilməyən itkilərdir. Yaxşı olardı ki, onlar həyatdan vaxtsız getməyəydilər, yer üzərində yaşayaydılar ki, insanlara xidmət etsinlər. Onu da qeyd etməyi lazım bilir ki, tarixin məhkəməsi sərtdir və qoy heç kəs unutmasın ki, Xeyir əbədidir. Diktatorların axıtdıqları qan çayları yaddaşlardan silinmir. Başqa mayelərdən fərqli olaraq qan yoxa çıxmır, hökmən öz izini saxlayır. L.N.Tolstoy yazırdı ki, əlahəzrət xalq fatalistdir, itaətkardır, dözümlüdür. Lakin qismətə boyun əymək heç də əbədi davam etmir. Repressiya qurbanlarının nalə çəkən ruhu, səssiz harayı bunu daim yada salır.
Svetlana Alliluyeva qandallardan xilas olmaq sorağında Qərbə üz tutmuşdu, buna nail olub-olmadığını özü daha yaxşı bilirdi. Lakin çox şeylərin şahidi ola bildi. Atasının qurduğu nəhəng dövlət də iflasa uğradı, məhv oldu. Dünyanın ikinci fövqəldövləti bir müddət aqoniyasını yaşadıqdan sonra, tarixin mənsubluğuna yollandı. Stalinin qızı da öz həyatının qürub illərinin başlandığını hiss etməmiş deyildi və son nəfəsi ilə bu ağrılı dövrə yekun vurdu. İnsanlar üçün isə Günəşin çıxması, bəşər övladının xoşbəxtliyə can atmaq sahəsindəki sönməz eşqi əvvəlki tək davam edəcəkdir. Qoy, sevinc hissi yaradan və qəlbləri oxşayan qövsi-qüzeh rəngarəngliyi xəyalən də olsa adamları ovundursun, özünü realizə etmək istəyi isə heç kəs üçün bütün arzuların gömüldüyü, uğurlu gələcəyi udmaq təhlükəsi yaradan dəhşətli uçurumun yaranmasına gətirib çıxarmasın.
İndi bu qadının cəsədi naməlum bir qəbirdə uyuyacaqdır, burada ömrü boyu axtardığı sakitliyi yəqin ki, onun ruhu tapacaqdır. Epitafiyada nə yazışmasından asılı olmayaraq, qəbir daşı üzərində “Stalin” sözünün olmaması daha yaxşı olardı. Axı hələ cavanlığında o, bu doğma addan imtina etmişdi, indi isə hətta tövbəyə də vaxt qalmamışdır. Valideyni seçmək mümkün olmadığı həqiqətinə bələd olan bir insan həyatında sığınmaq üçün çox imkanlar axtarmışdı, amma daim “sınıq təknə” yanında qaldığının şahidi olmuşdu. Sərgərdanın odisseyası səfil həyatını andırır və müvafiq sonluqla başa çatır. Beləsini qınamağa da ehtiyac yoxdur. Qartal balası böyüdükdən sonra mutasiyanın nəticəsi kimi uça bilmirsə, öz növünə bənzəmir, sürünənlər kimi hərəkət edir, bu vaxt özünü qorumaqda ona heç mimikriya da kömək edə bilmir.

Telman ORUCOV


Bu yazı ( 458 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar