12px14px16px18px

Azadlıqsevər uyğurlar üçün şəhid şair Lutpulla Mütəllip nümunəsi

Əli ŞAMİL
02:58 / 14.09.2011
Əsasən uyğurlar yaşayan Sintszyan-Uyğur Muxtar Rayonunu (Şincan Uyğur Aptonom Rayonluk) Azərbaycandan təxminən dörd min kilometrlik bir məsafə ayırır. Bölgə keçmişdə Doğu Türküstan adlandırılırdı. Çin buranı işğal etdikdən sonra imperator 1884-ci il noyabrın 18-də verdiyi əmrlə bölgəni Çinin 19-cu vilayəti –Sincianq, Şincanq və ya Xinjianq adlandırdı. Bu da hakim çinlilərin dilində “yeni sərhəd”, “yeni xətt”, “yeni qazanılan yer” anlamındadır. Qəribəsi budur ki, Çin imperatorluğu Avropalıların təsir dairəsində olmasına, ölkənin ayrı-ayrı bölgələri xaricilərə “icarəyə verilməsi”nə, Yaponiyanın Çinin bir çox ərazilərinə işğal etməsinə baxmayaraq, məğlub Çin işğalçılıq siyasətindən əl götürmürdü.
Doğu Türküstanda uyğurlarla yanaşı qazaxlar, qırğızlar, tatarlar, altaylılar, və b. türk xalqları da yaşayır. Eyni soydan olduğumuza görəmi, yoxsa tarixin gedişindənmi oxşar taleyi yaşayırıq. Əlaqələrimiz zamanın sürəti ilə ayaqlaşmasa da, qan yaddaşı sayəsində hələ də ədəbi əsərlərimizin adlarında, mövzularında bir oxşarlıq var. Toponim və şəxs adlarımızın da böyük bir hissəsi eynidir.
Bu gün Çində yaşayan soydaşlarımız Uyğur, biz isə Azərbaycanlı adlanırıq. Hər birimizin də ayrıca (az qala bir-birindən tədric olunmuş) tarixi, ədəbiyyat tarixi, dil tarixi və s. yaradılıb.
1819-1826-cı illərdə Doğu Türküstanda Cahangir xanın başçılığı ilə xalq mancur mənşəli Çinq sülaləsinin hakimiyyətinə qarşı üsyan qaldıranda Qarabağda, İrəvanda, Gəncədə Abbas Mirzənin başçılıq etdiyi hərbi hissələr də rus ordusuna qarşı vuruşurdu. 1830, 1831-ci ildə Car-Balakəni, 1831-ci ildə Lənkəranı, 1837-1838-ci illərdə Şəki və Qubanı, 1829-1861-ci illərdə Şeyx Şamilin başçılığı ilə Qafqazı bürümüş üsyanlar ilə Doğu Türküstanda 1830-cu ildə Yusup Xocanın, 1846-cı ildə Muhəmmətimin Xocanın, 1855-ci ildə Vəli Xan Törənin başçılıq etdiyi üsyanlar bir-birlərinə çox bənzəyir.
1931-ci ilin fevral ayında Qumul vilayətində Xoca Niyaz Hacı və Salih Dorğanın öndərliyi ilə xalq Çin-Şu-Jenin (1928-1933) hakimiyyətinə qarşı üsyan qaldırdılar. Üsyan dalğası sürətlə ölkəni bürüdü. 1933-cü ilin noyabrın 12-də Kaşqarda Doğu Türküstan İslam Cümhuriyyəti elan edilir. Lakin qurulan bu dövlətin ömrü uzun olmur. 1934–1944-cü illər arasında SSRİ Doğu Türküstanı öz təsir dairəsində saxlamaq, ondan Yaponiyaya və Çinin bəzi dairələrinə təsir vasitəsi kimi istifadə etmək üçün diplomatik vasitələrdən və silahlı qüvvələrdən yararlanır.
1937-ci ildə SSRİ ilə Çin arasında bağlanmış andlaşma Doğu Türküstan İslam Cümhuriyyətinin ləğv edilməsi ilə nəticələnir. Xalq kütlələri isə bu müqavilənin şərtləri ilə razılaşmır. Ölkənin müxtəlif bölgələrində itaətsizlik, silahlı üsyanlar davam edir.
1938-ci ilin sonlarında müqavimət hərəkatı daha da güclənir. Xalqın iradəsini qırmaq üçün olmazın qəddarlığa əl atıldı. Kaşqarda polis idarəsinə rəhbərlik edən sovet vətəndaşı Mavlanovun bir gündə 6.000 nəfəri güllələtməsi, 300.000-dən çox insanı həbs etdirməsi və 10.000-dən çox ailənin malını müsadirə etməsi Azərbaycanda 1936-1938-ci ildəki kütləvi həbslər və sürgünləri yada salmırmı?!
1944-cü ilin iyulunda İli bölgəsində-Qulcada Əli xan Törənin başçılığı ilə çinlilərə qarşı yenidən üsyan baş qaldırdı və qələbə ilə başa çatdı. 1944-ci ilin avqustun 7-də “Doğu Türküstan Cümhuriyyəti”nin qurulduğu elan edildi və hökumət başçısı Əli xan Törə seçildi. Lakin beynəlxalq güclər yeni hökuməti tanımaq istəmədilər.
1946-ci ilin dekabrında şah orduları Güney Azərbaycanda qurulmuş dövlətin varlığına son qoyur və rəhbərləri, fəalları Sovetlər Birliyinə gətirilir. Güney Azərbaycanda qurulmuş, milli hökumətin rəhbəri S.C.Pişəvəri 1947-ci ildə Quzey Azərbaycanda avtomobil qəzası adı ilə öldürüldüyü kimi, Stalin ilə Mao-Ze-Dong gizli razılaşma əsasında Doğu Türküstan Cümhuriyyətinin prezidenti Ahmetcan Kasimi, Milli Azadlıq Ordusunun Komandiri general İshak bəy, onun müavini general Delil Kan, Ordunun Siyasi Komissarı Abdukərim Abbas və b. təyyarə qəzasına salınaraq məhv edildilər. Təşkil olunmuş bu təyyarə qəzasının ardından işğalçı ordu 1949-cu ilin oktyabrında Doğu Türküstanı tutdu.
Ölkələrimizin taleyi kimi insanlarımızın taleyi də oxşardır. Uyğur inqilabçısı, şair və dramçı Lutpulla Mütəllipin gənc yaşlarında qəddarlıqla öldürülməsi Mikayıl Müşfiqin, sonradan onun sümüklərinin tapılaraq təntənə ilə dəfn edilməsi Hüseyn Cavidin taleyini yada salır.
Bu yazıda xalqımızın yaxından tanımadığı, lakin tanımasına və sayğı göstərməsinə ehtiyac olan Lutpulla Mütəllipin ömür yolundan söz açacağıq.
Lutpulla Həzim Axund oğlu Mütəllip 1922-ci ilin oktyabrın 16-da Qazaxıstan Respublikasında, Almatı yaxınlığındakı Uyğur rayonu kimi tanınan Nilki qəsəbəsinin Çunçi kəndinin Sayboyu məhəlləsində anadan olub.
Millətini azad və xoşbəxt görmək arzusuyla yaşayan və bu yolda həyatını qurban verən Lutpulla Mütəllip haqqında çox yazılsa da, doğum və ölüm tarixləri fərqli-fərqli göstərilib. Uzun illər Şincanın Qulca şəhərində doğulduğu fikri üzərində durulub. Uyğur araşdırıcısı Tursun Erşidin 1998-ci ildə Urumçidə çap etdirdiyi “Lutpulla Mütəllip və unin keçürmişləri” kitabı şairin doğum ili, yeri və ölüm günü ilə bağlı yanlışlıqlara son qoydu. O, şairin atası Həzim Axund “Min bir hədis” adlı kitabının qapağına oğlunun doğumunu hicri tarixi ilə yazıb. Həmin tarixi miladiyə çevirdikdə 1922-ci ilin oktyabrın 16-na uyğun gəlir. Ailədəki müqəddəs kitabların qapağına mühüm tarixi hadisələr və uşaqların doğum günlərinin yazılmasının az qala bir ənənəyə çevrildiyi məlumdur. Həzim Axund da kitabın qapağına oğlunun doğulduğu günü yazıbsa, demək, ən doğru sənəd bu hesablanmalıdır.
Kiçik yaşlarından fitri istedadıyla ətrafındakıların diqqətini cəlb edən, ilk təhsilini evdə atasından alan Lutbullanı Qulca şəhrindəki tatar ibtidai məktəbinə oxumağa göndərirlər. Üsuli-cədid məktəbi kimi tanınan bu məktəbdə 1936-ci ilədək oxuyaraq tatar və rus dillərini öyrənir. Sonra təhsilini rus gimnaziyasında davam etdirir. İki il də burada oxuyur. 15 yaşında ikən “Mənim xalqım” adlı şeirini “İli qəzeti”ndə çap etdirir.
Yeniyetməlik və gənclik illərində yazdığı üsyankar şeirlərinə görə onu “od yürəkli şair” adlandırırlar.
Lutpulla imtahan verərək Urumçi şəhərindəki Darülmuəlliminə qəbul olunsa da, maddi sıxıntı üzündən təhsilini davam etdirə bilmir. 1941-ci ildə sovet mühəndislərinin tərcüməçisi kimi Güney Sincana gedir. Faşist Almaniyasının SSRİ-yə hücumundan sonra sovet mühəndisləri axtarış-kəşfiyyat işlərini yarıda buraxıb geri döndükləri üçün Lutpulla Mütəllip işsiz qalır və yenidən Urumçiyə geri dönür.Təhsilini davam etdirməklə yanaşı, Sincan qəzetində işləyir və qəzetdə “Ədəbiyyat gülzarı” adlı səhifə hazırlayır.
İstedadlı şair, publisist və dramçı Lutpulla Mütəllipin 1942-ci ildə, yəni 20 yaşında yazdığı, elə həmin il də səhnələşdirilən “Gerçək moden” pyesi Çin valisi Şenq-Şi-Şey tərəfindən yasaqlanmış və ona qarşı təqiblər başlanmışdır. Təqib və təzyiqlərə baxmayaraq, o, bədii yaradıcılığını və siyasi mübarizəsini dayandırmır. Rus dilində təhsil alması, bu dilin vasitəsilə inqilabi ədəbiyyatla tanışlığı, Marksın, Engelsin, Leninin, Stalinin əsərlərini oxuması təsirsiz qalmır. Lutpulla yeniyetməliyindən Avropada kabus kimi dolaşan, oradan da dünyada yayılan kommunizm ideologiyasının təsiri altına düşür. O, bu ideologiya vasitəsilə xalqının azad və firavan yaşayacağına inanır.
O, ənənəvi əruz və heca vəznində şeirlər yazmaqla yanaşı, sərbəst vəzndə də qələmini sınayır, bu janrın çılğın təbliğatçısına çevrilir. Həm də “Borandan sonrakı aydınlıq”, “Samsaq ağa hirsləndi” kimi pyeslər yazmaqla oxuma və yazma bilməyən insanlara səhnədən müraciət etməyə, xalqını cəhalətdən qurtarmağa çalışır. Pyeslər yazarkən və onları səhnələşdirərkən rus rejissor və aktyorlarının təcrübəsindən bəhrələnir.
1943-cü ildə Sincanın siyasi həyatında dəyişmələr baş verir. Liberal, demokratik görünməyə can atan vali Şenq Şi-Şey Qomindan Çin Milli Partiyasına daxil olur. Bu, bölgədə tarazlığın pozulmasından, çinlilərin müstəmləkəçilik siyasətinin getdikcə şiddətlənəcəyindən xəbər verirdi. Sincanda yanvar ayında partiyasının vilayət şöbəsi təşkil edilir və iyun ayında partiyasının ən mühafizəkar üzvlərindən Fen Qun-Bini “Şincan” qəzetinə redaktor təyin edilir.Qomindan Çin Milli Partiyasının hakimiyyətə gəlməsi Sincanda Lutpulla Mütəllip və onun kimi inqilabi əhval-ruhiyyəli, yenilik tərəfdarı vətənsevərlərin vəziyyətini ağırlaşdırır. Bir çox kitablar yığışdırılır, inqilabi ruhlu, vətənsevər kitablar çap edən nəşriyyatlar bağlanılır. Həbs edilmək və ya sürgünə göndərilməklə üzləşən Lutpulla Mütəllip 1943-cü ilin sonunda işdən çıxarılır. Onu Aksudakı Sincan qəzetinə redaktor müavini göndərirlər.
Lutpullanın gəlişi Aksu şəhrində vətənsevərlər tərəfindən sevinclə qarşılanır. Qəzetdə “Cənub şamili” adlı səhifə hazırlayır və buraya şair Nimşehit, Bilal Əzizi kimi gəncləri cəlb edir. Gənc şair elm öyrənməklə, bədii yaradıcılıqla yanaşı ictimai-siyasi işlərdə fəal iştirak etdir.
Aksu Vilayətlik Uyğur Mədəniy Akartiş Uyuşmisi (Aksu Vilayət Uyğur Mədəniyyətinin İnkişafı Birliyi) ilə “Aksu Şincan” qəzetinin birgə çıxartdığı “Cənubtin avaz” (Cənubdan səs) jurnalına məsul katiblik edən Lutpulla Mütəllip “Təsiratım” (Duyğularım), “Hoş” (Əlvida),” “Yillarka cavap”(İllərə cavab), “Pəryat” (Fəryad), “Hiyalçan tilək” (Xəyallı diləklər), “Küreş ilhami” (Mübarizə ilhamı), “Şair toğrusida Muveşşeh” (Şair hakkında müvəşşəh), “Muhəbbət həm neprət” (Məhəbbət və nifrət), “Oğlum hekkidə mərsiyə” (Oğlum haqqında mərsiyə), “Vətən ala, xəlik ala (Vətən ala, xalq ala), “Büyük mayak” (Böyük mayak) və b. şeirlərini, eləcə də “Əcəl hudukuşida” (Əcəl anında), “Padişah samuraylari ağir halsiraydu” (Padşah samurayları böyük yorğunluq içində), “Uniz kəlgüsi zor həm parlak” (Onun gələcəyi güclü və aydın) satirik məqalələrini və “Samsak akan kaynaydı” (Sarımsaq ağa əsəbiləşir), “Küreş kizi” (Mübarizə qızı), “Borandin keyinki aptap” (Borandan sonrakı günəş), “Çin moden”, “Çiməngül” adlı səhnə əsərlərinin, “Ədəbiyyat nəzəriyyəsi”, “Sənətkə muhəbbət” (Sənətə məhəbbət), “Tiyatirmız kelip çikişi və ravaclaniş tarihi” (Teatrımızın yaranması və inkişafı tarixi) adlı məqalələrini yazır.
Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının Doğu Türküstanda uğurla səhnələşdirilməsi və böyük tamaşaçı marağı qazanması bir çox səhnə əsərlərinə rejissorluq edən, özü baş rolları oynayan gənc Lutpulla Mutallipi “Tahir ilə Zöhrə” və “Qərip ilə Sənəm” operalarının librettosunu yazmağa ruhlandırır.
1945-ci ildə İli, Altay, Tarbaqatay bölgələrində yaşayan uyğurların Çin hökumətinə qarşı başladıqları etiraz hərəkatı tarixə “Üç vilayət inqilabı” kimi daxil oldu. “Üç vilayət inqilabı” təşkilatının liderlərinin Aksu şəhrinə göndərdiyi nümayəndələrlə görüşən, onların istəklərini öyrənən Lutpulla Mütəllip onlarla birgə bölgədə hakimiyyəti devirmək uğrunda mübarizə aparacağını vəd edir. Bundan sonra böyük bir eşq və ilhamla “Uçkunlar ittipakı” (Qığılcımlar ittifaqı) təşkilatını qurur. Tam adı “Şərqiy Türkistan Uçkunlar İttipaki” (Şərqi Türküstan Qığılcımlar Ittifaqı) olan təşkilata millətini sevən Nimşehit, Bilal Əzizi, Muniridin Hoca, Abdulla Davutop, Yusupcan kimi vətənsevərlər daxil olur. Təşkilatın parolu “Biz cümə namaziga teret elip koyduk. Cümə namazini sizlər bilən billə okumakçimiz” (Biz cümə namazını qılmaq üçün abdəst aldıq. Cümə namazını sizinlə bərabər qılmak istəyirik) olur.
“Üç vilayət inkilabi” ordusu Çin hökumət qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır. Lutpulla Mütəllip qurmuş olduğu “Uçkunlar ittipaki”nın üzvləri də döyüşə hazırlıq işlərini sürətləndirir, Qomindan partiyasının tabeliyində olan əsgəri birliyin silah anbarına girmək, oradakı silahları alaraq öz döyüşçülərinə paylamaq üçün anbar qapılarının gizlicə açarlarını hazırladırlar. Satın aldığı xainlərin yardımı ilə Qomindan Partiyasının məmurları Lutpulla Mütəllipi və silahdaşları Bilal Əzizi, Müniridin Xocanı, Abla Mevlancan, Rozi Turdiyof və 30 yaxın məsləkdaşını həbs edirlər. Xalqının azadlığı və xoşbəxtliyi uğrunda Qomindan ordularına qarşı cəsarətlə vuruşan “Üç vilayət inqilabı” əsgəri birlikləri 1945-ci ilin payızında qarlı dağları aşaraq Güney Şincana keçib Aksu şəhərinə doğru irəliləyir. Qomindançılar həbsdə olanların üsyan qaldıracağından, xalqın da onlara qoşulacağından qorxuya düşərək 1945-ci ilin sentyabrın 18-də Lutpulla Mütəllipi və məsləkdaşlarını güllələyirlər. “Uçkunlar ittipaki”nın (Qığılcımlar ittifaqı) üzvlərinin güllələndiyini eşidən xalq kütlələri həbsxanaya hücum edib oranı dağıdırlar. Aksu şəhəri qomindançılardan azad olur. Həbsxanada Lutpulla Mütəllipin divara qanıyla aşağıdakı misraları yazdığını görürlər:
Bu kən dunya mən üçün boldi duzəx – Bu geniş dünya mənim üçün oldu cəhənnəm,
Yaş gülümni şazaz kildi kanhor əbləh... – Gənc gülümü xəzan etdi qaniçən əbləh...
Lutpulla vətənin azadlığı uğrunda mübarizədə şəhid olsa da, onun ideyaları reallaşır. Doğu Türküstan hökuməti qurulur. Sovetlərin yardımı ilə Çində kommunistlər hakimiyyətə gətirilir. Lakin onlar vədlərini tez unudaraq, dünənki silahdaşlarına və əməkdaşlıq etdikləri insanlara divan tuturlar. Xalqlara azadlıq vəd etsələr də, müstəmləkəçilik siyasətini davam etdirirlər. İki imperialist dövlət, Çin və SSRİ gizli plan quraraq 1947-ci ildə Doğu Türküstanlıların liderlərini təyyarə qəzasında öldürür, hökumətin fəallarını və müstəmləkəçilərə müqavimət göstərənləri də məhv edirlər.
Lutpulla Mütəllip və dostlarının vəhşicəsinə edam edilməsindən beş il sonra xalq ayağa qalxaraq, yenidən həbsxanaya basqın edir. Həmin vaxt həbsxanada işləmiş nəzarətçilərə təzyiq göstərərək Mütəllip və məsləkdaşlarının cənazələrinin harada gizlədildiyini tələb edirlər. Həbsxana işçiləri canlarının qorxusundan həqiqəti deyirlər. Məlum olur ki, vətənpərvərlər həbsxana ərazisindəki donuz damında güllələnmiş, sonra da ora ayaqyoluna çevrilmişdir.
Həmin yeri qazaraq şairin və əqidə yoldaşlarının param-parça edilmiş cəsədlərinin qalıqlarını tapırlar. Aksu və ətrafından gələn xalq kütlələri bu vətən övladlarının param-parça edilmiş cəsədlərini islam qaydaları və uyğur adət-ənənəsi ilə dəfn edirlər.
Çin cəlladları Lutpulla Mütəllipin 18 yaşlı xanımı Sopiyam Baiz qızını təqib edir, nəticədə Lutpullanın yeganə övladı aclıqdan ölür.
Son illərdə Urumçidə baş verənlər onu göstərir ki, Lutpulla Mütəllipin ideyaları yaşayır, bu ideya uğrunda ölümə gedən uyğur gəncliyi var.
Əli ŞAMİL



Bu yazı ( 1887 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar