12px14px16px18px

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü

Telman Orucov
11:38 / 20.08.2011
(Conatan Blekin “Dünyanın gizli tarixi”kitabı barədə qeydlər)

Kitabın yaratdığı təəssüratın epiloqu

Conatan Blekin kitabını oxuyub qurtardıqdan və səthi də olsa təhlilə məruz qoyduqdan sonra dünyanın sirli cəhətləri barədə çox qarışıq, mürəkkəb fikirlər meydana gəlir. Axı gizli cəmiyyətlər barədə biz onlara tənqidi cəhətdən həsr olunmuş, az qala ifşa xarakteri daşıyan əsərlərdən müəyyən məlumatlar almışdıq. Müəllifin iyirmi illik zəhmətinin bəhrəsi olan “Dünyanın gizli tarixi” kitabında isə Kainatın yaranmasının yeni versiyasını, Kabala, frimasonlar, astrologiya, əlkimyaçılar barədə tam başqa ideyaları əhatə edən düşüncələrlə tanış oluruq. Yaxşı cəhət orasındadır ki, müəllif heç də bu cərəyanlara xüsusi məhəbbət hiss etdiyini göstərmir, ona görə də əsərdə şit tərif və sitayiş münasibətindən yaranan mədh nişanələrinə də rast gəlinmir.
Materialist fəlsəfə, onun barışmaz kahinləri daim materiyanın birinciliyi barədə kristallaşdırdıqları fikri əsaslandırmaq üçün şüur, ideyalar dünyasının hər cür təzahürlərinə qarşı aqressiv mübarizəni nümayiş etdirirlər. Şüurun, ideyaların hakim kəsildiyi, aparıcılıq etdiyi aləm onlara görə maddi dünyanın kölgəsində qaldığından, buna elə bir əhəmiyyət də vermirlər, kiçik xatırlanma cəhdinə qarşı isə az qala səlib yürüşü elan edilir. İdeyanın boynunu vurmaq mümkün olmadığından, ona qarşı çıxanlar öz cəbbəxanalarında olan maddi vasitələrdən istifadə etmək imkanından məhrum olurlar, ona görə də əks cəbhəni anafemaya məhkum etmək yolunu tuturlar. Çox hallarda elmi kəşflər də şüurun mühüm rolunun inkar edilməsinə xidmətə cəlb edilir.
Qədim insanlardan bizə ötürülən ağıllı məsləhətlər belə unutqanlıq tiraniyasına tabe edilərək, həyatın izah və tətbiq edilməsi dövrəsindən uzaqlaşdırılır. Axı qədim müdriklər öz müşahidələri və düşüncələri ilə müxtəlif elmlərin təşəkkül tapmasına əvəzsiz köməklik göstərmişdilər. Onlar hansısa hakim ideyanın əsarətində olmadıqlarından, təbiəti, göy cisimlərini, həyatda baş verən qəribə hadisələri seyr etməklə, müəyyən nəticələrə gələrək, onları sistemləşdirməyi bacarmışdılar. Qədim şumerlərin bəşəriyyət üçün böyük ixtiralarından biri Səma Ayı təqvimi idi, onlar əkinçilik üçün lazım olan vaxtın düzgün müəyyən olunmasında Ayın dövr etməsindən istifadə edirdilər. Ay on iki dəfə bu dövrəni başa vurub keçdikdə il qurtarırdı. Beləliklə şumerlərin təqvimi Göy cisimlərinin hərəkətini böyük dəqiqliklə müşahidə etmək hesabına meydana gəldi, sonralar bu kəşf nəinki öz qiymətini itirmədi, əksinə müasir yəhudi və islam təqvimlərində də istifadə edilməsini davam etdirir. İl 12 aya bölündüyü kimi, şumerlərdə gün də hər biri 12 saatdan ibarət olan iki hissəyə bölünürdü.
Köhnə Babilistanda da riyaziyyat Şumer bünövrəsinə əsaslanırdı. Onlar öz arifmetikalarını 12-yə vurmaq əsasında qururdular, o vaxtlar hələ “sıfır” ədədi icad edilməmişdi. Sonralar ingilislər pul vahidlərində 12 rəqəmindən istifadə etmişdilər. 12 penni bir şillinqə bərabər idi.
Qədim misirlilər də həyat və fəaliyyətlərinin Göy cisimlərinin hərəkətindən və mövqeyindən asılı olduğu qənaətinə gəlmişdilər. Sirius ulduzu Nilin daşacağından xəbər verirdi. Bu isə çay ətrafındakı vadilərə, torpaqlara əslində həyat bəxş edirdi. Əhali hər il bu qaydada münbitliyi artmış torpaqdan bol taxıl məhsulu götürürdü. Ona görə də Yuli Sezar vaxtında da Misir Roma üçün taxıl anbarı hesab olunurdu. Nil, təkcə torpağa bərəkət gətirmirdi, əhalini bol qida ilə, ərzaqla təmin edirdi. Ona görə də tarixin atası Herodot Misiri “Nilin hədiyyəsi” adlandırmışdı.
Bürclərin insanların taleyində, xarakterində oynadığı rolu qədim çinlilərdən, yaponlardan əxz edilmiş biliklərə yiyələndikdən sonra, onların necə böyük əhəmiyyətə malik olduğu qənaətinə gəldik. On iki bürc altında doğulan uşaqların müxtəlif talelərə qismət olması, elə bil ki, ulduz topasının müəyyən etdiyi kodlarda əvvəlcədən nişanələnmişdir və heç bir şey onu əsaslı qaydada dəyişdirə bilmir. Yaponlar hər 60 ildən bir təkrar olunan “Odlu at” ilində doğulan uşaqlarının gələcəkdə bədbəxt olmamaları üçün hətta onların anadan olma illərini dəyişdirməklə, bu taleyi azacıq da olsa korrektə etməyə cəhd göstərirlər. Onlar bürcün insan həyatı üçün belə sərt hakimiyyətinə az qala itaət qaydasında yanaşırlar. Əgər ulduzlar, planetlər insan həyatına belə müdaxilə etmək qabiliyyətinə malikdirlərsə, onda görən astrologiyaya niyə belə mənfi münasibət qalmaqda davam edir.
Məgər XXl əsrdə də Yer həyatı hadisələrini göy cisimlərinin tutduğu mövqeyə görə qabaqcadan xəbər verilməsi qaydası tətbiq edilmirmi?
Əgər astrologiya qədim Xaldeyada yaranmışdısa və orta əsrlərdə geniş yayılmışdısa, hökmən o təkzib edilməlidirmi? Axı elmlərin çoxunun vətəni qədim Şərq ölkələri olmuşdur və bu bilik xəzinəsi indi də öz dəyərini itirməməlidir.
Kitabdan görünür ki, dahi şəxsiyyətlərin əksəriyyəti bu və ya digər dərəcədə fövqəltəbii qüvvələrin təsirinə məruz qalmış, onların bələdçilikləri ilə tarixi bəzəyən, naxışlandıran hadisələrin müəllifləri olmuş, əslində tarixi yaradanlara çevrilmişlər. Onların dahiliyi həm də vergi xarakteri daşıyırdı və hələ gənc yaşlarından onlarda olan fövqəladə qabiliyyətlər və istedad üzə çıxmağa başlamışdı. Böyük Aleksandrın şücaəti çox erkən özünü büruzə vermişdi. Ram olmayan Butsifalı çapıb qayıdanda, atası ll Filipp Aleksandra demişdi: “Oğul, özünə başqa çarlıq axtar, Makedoniya sənin üçün çox kiçikdir”. Bu belə də oldu, Aleksandr tarixin ona qədər görmədiyi nəhəng bir imperiya yaratdı, ilk dəfə Avropa ilə Asiyanın vəhdətini bərqərar etməyə uğurlu bir cəhd göstərdi. Bu o dövr üçün dünya inqilabına bərabər bir hadisə idi.
Qalliyadan qayıdan Yuli Sezar b.e.ə. 49-cu ilin ilk günlərində Rubikonu keçməklə qadağanı pozaraq öz ordusu ilə Roma ərazisinə daxil olanda, yəqin ki, onu təkcə öz iradəsi və ağılı idarə etmirdi. Bu hərəkəti ilə o, ölkəsini vətəndaş müharibəsinə cəlb etməklə yanaşı, həm də özünün gələcək faciəli qətli üçün bünövrə daşını qoymuş oldu. Napoleon özü fövqəltəbii qüvvələrin təsiri altında olduğunu etiraf etmişdi. Corc Vaşinqton əsl frimason kimi təkcə onun qaydalarına deyil, həm də göy cismlərinin diktəsinə boyun əyməkdən qaçmırdı.
İudaizm təlimi olan Kabala hər şeyin əsasını rəqəmlərdə və yəhudi əlifbasının hərflərində axtarmağı təlqin etməklə, həm də sehrli hadisələri və ibadətləri izah etməyə qadir idi. Kabalanı mistisizmlə əlaqələndirmək, heç də onu bütünlüklə inkar etmək dərəcəsinə çatmamalıdır, çünki bu ona sidq ürəklə inananların hisslərinə toxunmamış qalmayacaqdır. Tədqiqatlar görkəmli rəssamların əsərlərində təsvir olunanların kodlaşdırılmış mesaj olmasını göstərir. Xristian kilsəsində həyəcanla qarşılanan yazıçı Den Braunun “Da Vinçi kodu” adlı əsəri məşhur intibah rəssamı Leonarda Da Vinçinin Milan monastrında çəkdiyi “Son şam yeməyi” freskasında İisus Xristi əhatə edən apostollardan birinin Mariya Maqdalina olduğunu israr edir və uzağa gedərək bildirir ki, Mariya İisusun arvadı olmuşdu. Den Branunun bu əsəri üçün axırıncı simvolun mənbəyi rolunu çox güman ki, Conatan Blekin haqqında danışdığımız kitabı oynamışdır.
Digər rəssamlar da öz əsərlərində simvollardan, kodlardan istifadə etmişdilər. Vinsent van Qoqun məşhur “Günəbaxanlar” seriyasına daxil olan tablolarda rəssam günəşin enerjisinin təsirini bütünlüklə sarı, çəhrayı rənglərdə əks etdirən və az qala alovlanıb yanan bu çiçəklərdə öz sakit olmayan ruhunu ifadə etməklə, özünün kodlaşdırmış portretini yaratmışdır. Yaxud, impressionizmin görkəmli nümayəndəsi Eduard Manenin “İmperator Maksimilianın güllələnməsi” əsərində Meksika imperatoru edam edildikdə, onun güllələyən yerli əsgərlər arasında rəssam Maksimilianı bu bəlaya düçar etmiş Fransa imperatoru lll Napoleonun da şərti obrazını yaratmışdır.
Mistik vəhylərdən tutmuş ezoterik kodlara qədər olanların hamısı bütövlükdə gizli cəmiyyətlərə inanc üzərində qurulan dünyanın tarixi olmaqla, əslində bəşər mövcudluğunun radikal şəkildə yenidən izah olunmasıdır və dünyaya əvvəllər bizdən gizlədilən baxışdır. Blekin kitabında ifadə olunanlar dünyanın qəribə və sirrli olduğunu göstərir və həm də bildirir ki, bəşəriyyət kosmik müəmmanın ürəyindədir. Böyük alimlərin, nadir dühaların əksəriyyəti məxfiliklərə, sehrli olanlara, kodlara sönməyən maraq göstərmiş, bir çox kəşflər də belə maraq hesabına mümkün olmuşdur. Ancaq sirlərə bələd olanlar heç də daim rəğbət ağuşları ilə qarşılanmırdılar, əksinə çox vaxt bünövrəsini dözümsüzlükdən götürən qəddarlıqla üzləşirdilər. Konernikin heliosentrik kosmologiyasını inkişaf etdirərək kainatın nəhayətsiz və saysız-hesabsız dünyalardan ibarət olduğunu irəli sürdüyünə görə Cordano Bruno inkvizisiya tərəfindən 1600-cü ildə tonqalda yandırılmışdı. Qalileo Qaliley isə dünyanın geosentrik sistemi (dünyanın Ptolomey sistemi) ideyasının əleyhinə çıxaraq, dünyanın heliosentrik (Yerin və digər planetlərin Günəş ətrafında fırlanması) sistemini müdafiə etdiyinə görə mühakimə edilmişdi. İnkvizisiya o vaxt elmi kəşflərə görə alimləri təqib edirdi, indi onu fərqli baxışları nümayiş etdirənlərə qarşı, başqa ad altında yaşadığımız dövrün səhnəsinə gətirmək heç də böyük ağıldan xəbər vermir.
Blekin kitabı bir daha xatırladır ki, idrak məsələsində nəyəsə inhisar qoymaq, düşüncəni tabu girovuna çevirmək əslində dünyanın geniş surətdə dərk edilməsi imkanlarını azaldır, xırda prizma tətbiq etməklə, kainatın seyr və dərk etmə üfüqlərini xeyli daraltmış olur.
Tarix göstərir ki, Misir sivilizasiyasının iki min beş yüz yaşı olanda yunanlar sadəcə yenicə öz sivilizasiyalarını yaradırdılar. Platon Misir kahininin qədim yunan yeddi müdrikindən biri sayılan Solona dediyi sözləri qələmə almışdı: “Siz yunanlar nə qədim dünya barədə heç bir biliyə, və nə də heç bir biliyin qədimliyinə malik olmadığınıza görə həmişə uşaq olaraq qalacaqsınız”.
Müasir insan da qədim dünyanın biliklərinə arxa çevirməklə, əslində misirlilərin tənqid etdikləri qədim yunanlara bənzəmiş olur. Axı vaxtilə təkzib olunanların çoxu sonradan öz təsdiqini tapdı. Ona görə də dünyanın gizli cəhətlərinə aid olan biliklərə də hörmətlə yanaşmağı bacarmalıyıq.
Kitabda xırda da olsa müəyyən səhvlərə və qüsurlara yol verilmişdir. Həcərin Misir faraonunun qızı olması da Bibliyaya uyğun gəlmir, orada onun yalnız misirli qul qız olduğu göstərilir, axı faraonun qızını Abrahamın arvadı Sara öz oğlu doğulduqdan sonra onun oğlu İsmayellə birlikdə qova bilməzdi. Məhəmməd peyğəmbərin Misirə səfər etdiyi qeyd olunur, bu isə tarixi həqiqətə uyğun gəlmir. Böyük Karl heç də Müqəddəs Roma imperiyasının imperatoru olmamışdı, o Qərbin imperatoru idi, kitabda adı çəkilən imperiya isə onun ölümündən əsr yarım sonra meydana gəlmişdi. Qriqori Rasputinin 1914-cü ildə öldürülməsi də səhvdir, o, 1916-cı ildə knyaz Feliks Yusupov tərəfindən qətlə yetirilmişdir. Müəllif isə tarixi səhv salmaqla, həmçinin Avstriya ershersoqu, imperiya taxt-tacının varisi olan Frants Ferdinandın Sarayevoda öldürülməsi ilə birlikdə Birinci dünya müharibəsinin başlanmasında Rasputinin də qətlinin bəhanə rolu oynaması kimi yanlışlığa yol verir. Bütün bunlar kitabın qiymətini və ona olan marağın dərəcəsini azaltmaq gücündə deyildir.
Son
Telman Orucov





Bu yazı ( 406 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar