12px14px16px18px

“İBRAHİM BƏY HEYDƏROĞLU TÜRK OĞLU TÜRKDÜR!”

Ədalət TahirzadƏ
03:14 / 23.07.2011
 
BİR NEÇƏ SÖZ
“525-ci qəzet”in builki 18, 25 iyun, 2 iyul tarixli 108, 113 və 117-ci saylarında mənim və oğlum Oğuztoğrul Tahirlinin birgə yazdığımız “Heydərov (Heydəroğlu) İbrahim bəy İsa bəy oğlu” adlı məqaləni İnternetdə oxuyan Moskvadakı dostum, görkəmli diplomat və ictimai-siyasi xadim, sonsuz hörmət bəslədiyim Ramiz bəy Abutalıbov mənə məktub yazaraq Oğuztoğrul Tahirli adlı bir gəncin həmin yazıda İbrahim bəyi Türk kimi təqdim etməsinə münasibət bildirməyimi xahiş etmişdi. İş burasındadır ki, qəzetin İnternet saytında texniki imkansızlıq üzündən, yazının müəllifi kimi yalnız Oğuztoğrulun adı verilib. Mən Ramiz bəyə məsələni aydınladaraq İbrahim bəyin Türklüyü haqqında düşüncəyə ortaq olduğumu və bu fikrin inkaredilməzliyini bildirdim.
Bugünlərdə Bakıya Dünya azərbaycanlılarının qurultayına gələn Ramiz bəy bu məsələnin üzərinə yenidən qayıtdı, Rusiyada İ.b.Heydərovun ləzgi kimi tanındığını və bir sıra sənədlərdə onun milliyyətinin ləzgi göstərildiyini xatırlatdı, bu məsələnin gələcəkdə də mübahisə doğurmaması üçün onu indidən qəti şəkildə çözməyi tövsiyə etdi. Çox hörmətli Ramiz bəyin bu xeyirxah məsləhətinə əməl edərək İbrahim bəy Heydərovun (Heydəroğlunun) Ankarada yaşayan nəvəsi, həmin məqalənin yazılmasında böyük əməyi olmuş tanınmış qəzetəçi-yazıçı dostum, uzun illər TRT sistemində çalışmış, “İstanbulla gizlənpaç” adlı məşhur uşaq romanıyla ad qazanmış Mina xanım Tansel’ə məktub yazaraq bu məsələ ilə bağlı İbrahim bəyin qızı olan anası Fatma xanım Alpengin’in və özünün fikirlərini bildirməsini xahiş etdim. (Fatma xanımın gözləri son zamanlar zəiflədiyi üçün ona zəhmət verməyərək düşüncələrini həmişə qızı Mina xanım vasitəsilə öyrənmişəm). Mina xanım sağ olsun, elə həmin gün mənə dəlil-sübutlarla dolu geniş bir cavab yazdı. Burada mən həm onun verdiyi bilgilərə, həm də özümdəki bəlgələrə dayanaraq “İbrahim bəyin Türklüyü danılmazdır” fikrini əsaslandırmağa çalışacağam.

“MÜSƏLMAN” İBRAHİM BƏY

Gürcüstan Dövlət Tarix Arxivindən (GDTA) gətirdiyimiz bəlgələr arasında Zaqafqaziya Seymi üzvlərinin milli mənsubluğunu göstərən siyahı da var. Həmin siyahıda 26-31-ci sıralarda verilmiş 6 deputatın milliyyəti belə göstərilib: Hacınski Məhəmmədhəsən, Hacıbababəyov Mehdi – TÜRK, Hacınski Mehdi, Heydərov İbrahim, Hacınski Camo – MÜSƏLMAN, Qəniyev Sultanməcid – MÜSƏLMAN-TÜRK (GDTA, fond 1819, siyahı 1, iş 23, vərəq 25). Buradakı 5 kişinin, o sıradan “müsəlman” Mehdi bəy və Camo bəy Hacınskilərin Türk olduğuna Azərbaycanda kiminsə şübhələnməsi mümkün deyil. Elə isə “müsəlman” İbrahim bəy Heydərovun Türklüyü niyə şübhə doğurmalıdır?!

YADLARIN YAZDIQLARI

Kimsəyə sirr deyil ki, sovet dönəmində “Türk” sözü işlətmək yasaqlanmışdı və hər yerdə bu söz “azərbaycanlı” termini ilə əvəzlənirdi; başqa sözlə, sovet dönəmində “azərbaycanlı” sözü “Türk” etnonimi yerinə işlədilirdi. İndi görək İ.b.Heydərovun milli kimliyi haqqında Türk olmayanlar nə yazıb?
1900-cü ildə Dərbəndə gəlmiş məşhur fransız səyyahı və arxeoloqu baron dö Bay İbrahim bəy Heydərovun əmisi, Dərbənd şəhərinin başçısı Qasım bəy Heydərov haqqında yazıb: “Dərbəndin meri azərbaycanlıdır” [S.Sultanov. Dərbənd. Məşhur ailələrin şəcərəsi (rusca). Bakı, 2005, s. 72]. Bəllidir ki, 1900-də hələ “azərbaycanlı” termini işlədilmədiyinə görə fransız birisi bu sözü işlədə bilməzdi. Deməli, orijinaldakı “Türk” sözünü “azərbaycanlı”ya tərcüməçi dəyişdirib. İbrahim bəyin əmisinin Türklüyü onun özünün də Türk olması demək deyilmi?!
İbrahim bəyin Dağıstana komissar (vali) təyin edilməsindən söz açan Nina Petrovna Taxo-Qodi (Semyonova) öz xatirələrində yazır: “1917-nin başlanğıcında azərbaycanlı İbrahim Heydərov Dağıstana Müvəqqəti hökumətin vilayət komissarı kimi göndərilmişdi” [bax: “Nauçnıy mir” (“Elm aləmi”), Dağıstan elmi ictimaiyyətinin dərgisi, 2011, №1, s. 34]. Burada İbrahim bəyin Türk olduğu birmənalı şəkildə bildirilir.

İBRAHİM BƏYİN QIZI FATMA XANIM NƏ DEYİR?

Mina xanım Tansel, anası – İbrahim bəyin qızı Fatma xanım Alpengin’in dediklərini mənə sözbəsöz göndərib, arada öz şəxsi fikirlərini də bildirib. Gəlin Fatma xanımı dinləyək:
– İbrahim bəy Heydəroğlunun Türklüyünün indi kimlərdəsə şübhə oyatması mənə çox qəribə görünür, çünki həyatım boyunca atamın başqa millətdən ola biləcəyini ağlıma belə gətirməmişəm, istər onun özündən, istər Ömər əmimdən, istərsə də başqa birisindən belə bir söz eşitməmişəm. MƏNİM ATAM İBRAHİM BƏY HEYDƏROĞLU TÜRK OĞLU TÜRKDÜR VƏ HEÇ KƏS BUNU ŞÜBHƏ ALTINA SALA BİLMƏZ!
XX yüzilin başlanğıcında, hələ millətləşmə prosesinin gəlişmə dönəmində hətta nəinki başqaları, hətta İbrahim bəyin özü onun milli kimliyini fərqli terminlərlə bildirə bilərdi. Konkret “ləzgi” termininə gəlincə, Dağıstanda yaşayanların çoxuna el arasında belə deyildiyinə və İbrahim bəy də Rusiya Dumasında bu əhalinin vəkili olduğuna görə ona da kimlərinsə “ləzgi” deməsində qeyri-təbii bir şey görmürəm. Ancaq İbrahim bəy Quzey Qafqazın görkəmli siyasilərindən söz açarkən Çermoy’un çeçen, Bammat’ın qumuq, Kotsev’in çərkəz olduğunu söylərkən özünün Türklüyünü həmişə qürurla qabardardı. Sanıram ki, İbrahim bəy’in ruhu onun Türkdən başqa bir millətə mənsub olaraq anılmasından hüzursuz olur, inciyir.
Quzey Qafqaz (Dağlılar) Cümhuriyyətinin rəsmi dili Türkcə idi. Doğrudur, İbrahim bəy ərəb, fars, rus, fransız, alman, ləzgi... dillərini yaxşı bilirdi, ancaq o, ana dili olan Türkcəni ayrıca bir məhəbbətlə sevir və Quzey Qafqazda təhsil dilinin Türkcə olması üçün əlindən gələni edirdi.
Mən atamın Türk olduğuna şübhə yeri qoymayan iki olayı qeyd etmək istəyirəm.
Birinci olay İbrahim bəyin Quzey Qafqaz Seymində çalışdığı dönəmlə bağlıdır. İbrahim bəy Osmanlı hərbçisi Rauf bəylə görüşərək ona Qafqazla bağlı, ancaq Türkiyəyə verilməsi yasaq olan gizli bilgiləri ötürür. Rauf bəy ondan soruşur: “Bizə bu gizli bilgiləri verdiniz! Bəs bunu öyrənərlərsə başınıza gələcəkləri düşünmürsünüzmü?”. İbrahim bəyin cavabı açıqdır: “MƏN TÜRKƏM! TÜRKLÜK UĞRUNDA ÖLMƏYƏ HAZIRAM!”. Ancaq bu görüşün haçan, harada və hansı ortamda gerçəkləşdiyini bilmirəm.
Yazarın qeydi. Hörmətli Fatma xanımın dediklərini tarixi qaynaqlar bütünlüklə doğrulayır. İbrahim bəy Rauf bəylə iki gizli görüş keçirib. Onların birincisi 13 mart 1918-də axşam üstü Trabzonda olub. Bu görüşdə Trabzon konfransına qatılan Osmanlı nümayəndə heyətinin başçısı, Bəhriyyə Nəzarəti ərkani-hərbiyyə rəisi, miralay (polkovnik) Hüseyn Rauf bəy, heyət üzvləri: 3-cü Türk Ordusunun Səhiyyə rəisi, miralay Tofiq Səlim bəy və 3-cü Türk Ordusu Hərəkət Şöbəsi müdiri, ərkani-hərb minbaşısı (mayor) Xosrov bəy, Zaqafqaziya nümayəndə heyətindən isə İbrahim bəy Heydərov və Miryaqub Mirmehdiyev iştirak ediblər. Həmin görüş Zaqafqaziya nümayəndə heyətinin Türkiyəyə düşmən olan erməni və gürcü nümayəndələrindən tam gizli şəkildə gerçəkləşib. İbrahim bəygilin verdiyi bilgi Trabzon danışıqlarında Osmanlı tərəfinin tam üstünlüyünü təmin edib. (Bax: Enis Şahin. Trabzon ve Batum konferansları ve antlaşmaları (1917-1918). Türk Tarih Kurumu basımevi. Ankara, 2002, ss. 310-311).
İbrahim bəylə Türk heyəti arasındakı ikinci “xüsusi və məhrəmanə” görüş 30 mart 1918-də olub. Burada da İ.b.Heydərov Rauf bəyə gizli bilgilər verib və Rauf bəy onları Xariciyyə Nəzarətinə ötürüb (Bax: Enis Şahin, həmin əsər, ss. 381-382). Azərbaycan oxucusuna xatırladım ki, Hüseyn Rauf (Orbay) Qurtuluş Savaşı sırasında Mustafa Kamal paşa və Fevzi Çakmak paşa’dan sonra Türkiyənin 3-cü Baş naziri olub (1922-1923).  
İkinci olayı İbrahim bəy Paris sülh konfransından dönüşdə işğal altındakı İstanbula uğrayarkən yaşayıb. Bu şəhərdəki “Cercle d’Orient” binasından (bura bir yabançılar klubuydu; işğal öncəsində də oraya müsəlman və Türklər girə bilməzdi) musiqi və əyləncə səsləri duyunca içəri girir. Orkestr marşlar çalmaqdadır. Yanında duran yabançı yaşlı bir kişidən fransızca soruşur: “Bu, hansı ölkənin marşıdır?”. Adam da bir-bir “bu, filan ölkənin, bu da falan ölkənindir” deyə açıqlayır, sonra ondan soruşur: “Siz haralısınız?”. İbrahim bəy “dağıstanlıyam” deyir. Qalib ölkələrin marşları çalınmaqda davam edir. Onları bir qədər də dinlədikdən sonra İbrahim bəy az öncə verdiyi cavabdan narazı qalaraq adama yanaşıb deyir: “Siz bayaq məndən nə soruşdunuz, mən sizə nə cavab verdim?.. Xeyr, mən sizə yanlış söylədim: mən Türkəm!”. İllər sonra o günü oğlu Minnətullaha anladarkən “o axşam Türklüyümü çox güclü və dərindən hiss etdim” demişdi.

İBRAHİM BƏYİN NƏVƏSİ MİNA TANSEL NƏ DEYİR?

Mina Tansel Fatma xanımın qızı, İbrahim bəyin nəvəsidir. O, əsasən, anasının dediklərini yazsa da özünün bəzi düşüncələrini də bildirib. Mina xanım babasını görməsə də onun haqqında anasından, dayısı Minnətullah’dan, başqa qohumlarından çox şey eşidib. O da babasının Türklüyünə qətiyyən şübhə etmir.
Mina xanımın fikrincə, Dumaya seçildiyi bölgənin insanları daha çox ləzgi adlandığından, İbrahim bəy də onların təmsilçisi olduğu üçün elə bir söz söyləmiş ola bilirdi. Başqa yandan, 1907 ilə 1917 arasında çox şey dəyişir. Dünyada və Qafqazda Türklük şüuru daha da gəlişir. Duma üzvü olaraq Peterburqa getdiyində İbrahim bəy müsəlman bir xalqın təmsilçisi olduğunun şüurunu daşıyırdı, bu üzdən onda Türklük şüuru bəlkə hələ tam yerləşməmiş ola bilirdi.
Mənə anladıldığına görə, İbrahim bəyin bir ayağının Bakıda olması, burada özünü hər yerdəkindən daha güclü hiss etməsi onun Türklüyündən qaynaqlanırdı. Dağıstanda işlər qarışınca özünü həmən Azərbaycana yetirərək burada Türklərin arasında rahat nəfəs alırdı. O, özünü Türk bilib. İbrahim bəyin başqa bir millətə mənsubluğunu mən indiyədək kimsədən eşitmədim, oxumadım. Dayım Minnətullah da həmişə “o, Türk olduğu üçün...” deyə anladırdı.
9.7.2011.

Ədalət TahirzadƏ
Tel.: [+99450] 612-68-13 (mob.)
  



Bu yazı ( 418 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar